Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2310/2019 15.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, X7 oğlunun katibliyi, İddiaçı, vəkili Rəhimov Mirzəmməd İsmayıl oğlunun, Cavabdeh və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 04.10.2018-ci il tarixli 2(103)-9270/2018 nömrəli qətnaməsindən Cavabdeh və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaç ı) Cavabdeh (bundan sonra, cavabdeh) qarşı «evə köçürülmə» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, onun ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (hakim Fikrət Mirzəyev) 24 oktyabr 2017-ci il tarixli, 2(007)-4701/2017 saylı qətnaməsi ilə iddia ərizəsi təmin olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin (sədrlik edən və məruzəçi Vüqar Həsənov, hakimlər Namiq Cəfərov, Elşən Kazımov) 27 fevral 2018-ci il tarixli, 2(103)-1142/2018 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilərək, qətnamə ləğv edilmiş, iddia təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin (sədrlik edən və məruzəçi Gündüz Quliyev, hakimlər Əsəd Mirzəliyev, Tatyna Qold man) 21 iyun 2018-ci il tarixli, 2(102)-4467/2018-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin (sədrlik edən və məruzəçi Rafael Eyvazov, hakimlər Sənan Hacıyev, Fuad Talışinski) 04 oktyabr 2018-ci il tarixli, 2(103)-9270/2018 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 24 oktyabr 2017-ci il tarixli, 2(007)-4701/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh və vəkili Vəkil kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin 04.10.2018-ci il tarixli 2(103)-9270/2018 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən tam və hər tərəfli araşdırma aparılmayaraq qanunsuz və ədalətsiz qətnamə qəbul edilmişdir. Apellyasiya məhkəməsi mübahisəli evin özbaşına tikili olmasını, iddiaçının onun oğlu ilə nikahda olmasını, birgə təsərrüfat apardıqlarını, evə qeydiyyata düşməsini və iddiaçının başqa yaşayış yeri olmadığını əsas gətirərək iddianı təmin etmişdir. Əslində iş materiallarında iddiaçının cavabdehin ailəsi ilə birlikdə mübahisəli evdə yaşamasını və birlikdə təsərrüfat aparmasını təsdiq edən heç bir sübut yoxdur. Dəfələrlə iddiaçıdan bununla bağlı sübut tələb olunsa da o, sübutları təqdim edə bilməmişdir. İş materiallarında idd iaçının mübahisəli evdə yaşamaması barədə sübutlar vardır. İddiaçı evdə heç vaxt yaşamadığından müvafiq sübyektiv hüquqa, yəni özbaşına tikiliyə köçürülməsini tələb etmək hüququna malik deyildir. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticələrə səbəb olur. Digər tərəfdən mübahisəli ev üç kiçik otaqlardan ibarət olan təmirsiz yaşayış sahəsidir. Hazırda mənzildə 7 nəfərdən ibarət ailəsi yaşayır. Bu şəraitdə yaşamaq çox böyük çətinliklər törədir. İddiaçı evə köçürüldüyü təqdirdə isə həmin evdə yaşamaq qeyrimümkün olacaqdır. PROSESSUAL MƏSƏLƏLƏR Cavabdeh və vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdilər. İddiaçı və vəkili X kassasiya şika yətini qəbul etməyərək, onun təmin edilməməsini xahiş etdilər. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, İddiaçı Cavabdeh oğlu X3 ilə 04.11.2011-ci ildə rəsmi nikaha daxil olmuş, onların birgə nikahından 13 avqust 2013-cü il təvəllüdlü X4 anadan olmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 yanvar 2017-ci il tarixli qətnaməsi ilə tərəflər arasındakı nikahın pozulması, birgə nikahdan olan 13 avqust 2013-cü il təvəllüdlü X1 ananın yanında saxlanılması qət edilmişdir. İddiaçı cavabdehin oğlu ilə ailə həyatı qurduqdan sonra cavabdehin mülkiyyətində olan mübahisəli ünvana( özbaşına tikiliyə) gəlin köçmüşdür. Mülkiyyətçinin heç bir etirazı olmadan onlarla birlikdə uzun müddət, yəni 2017-ci ilin yanvar ayınadək həmin mənzildə yaşamışdır. İddiaçı 07 oktyabr 2013-cü il tarixdən mənzilə qeydiyyata alınmışdır. Aralarında olan münasibət pozulduqdan sonra cavabdeh mübahisəli evin açarlarını dəyişərək onu evə buraxmamışdır. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, mübahisəli evin mülkiyyətdə olmaması (özbaşına tikili olması) faktı iddianın rədd olunması üçün əsas deyildir. Çünki, tərəflər qeyd edildiyi kimi həmin evdən faktiki yaşayış sahəsi kimi istifadə etmiş, orada ailə kimi yaşayaraq, birgə təsərrüfat idarə etmişlər. Yaşayış sahəsi xüsusi mülkiyyətdə olmadan da, şəxslərin faktiki istifadəsində və sahibliyində ola bilər. Məhkəmə kollegiyası məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-9270/2018 nömrəli iş üzrə 18 sentyabr 2018-ci il tarixli qətnaməsidəyişdirilmədən saxlanılmaldır. Belə ki,Mülki Məcəllənin özbaşına tikinti və onun nəticələrini müəyyən edən 180-ci maddəsinə görə özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Lakin qeyd edilən normada şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma da yoxdur. M übahisəli ev dövlət reyestrində qeydə alınmamış tikili olmaqla, cavabdeh və onun ailə üzvləri ilə bərabər iddiaçının da yaşayış yeri sayılır və cavabdehin iddiaçıya həmin evdə yaşamağa maneçilik törətməsi səbəbindən iddiaçı öz yaşayış yerini tərk etmiş, bununla da yaşayış yerindən məhrum olmuşdur. Halbuki Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.3-cü maddəsinə əsasən, əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Bundan başqa, hazırki iş üzrə iddianın rədd edilməsi barədə əvvəlki apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edərkən Azərbaycan Respublikası Ali Məhkəməsi 21 iyun 2018-ci i l tarixli qərarında göstərmişdir ki, mübahisəli evin özbaşına tikili olması işin mübahisəsiz halı olmaqla, həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi də hər hansı şəxsin adına dövlət qeydiyyatına alınmamışdır. Bununla bərabər Nizami Rayon Məhkəməsinin 29 noyabr 2005-ci il tarixli qətnaməsi əsasında hazırki mübahisə üzrə cavabdeh ünvan 2 ünvanda yerləşən evə məhz yaşayış yeri kimi qeydiyyata alınmışdır. Eyni zamanda həmin ünvanda cavabdehlə bərabər onun oğlu və iddiaçının keçmiş əri olan Elçin Süleymanov, iddiaçı və azyaşlı uşağı da daxil olmaqla 6 nəfər də qeydiyyatdadır. Mübahisə predmeti olan özbaşına tikili cavabdehin sahibliyində olmaqla onun həmin əmlakı satmaq, bağışlamaq, icarəyə vermək və digər əqdlər bağlamaq hüquqları olmasa da, həmin evdə ailəsi və digər şəxslərlə yaşam aq, istədiyi şəxsi həmin evə köçürmək hüquqları qadağan edilmir. Digər tərəfdən iddiaçının hazırda tələbi mübahisəli evə hüququnun tanınması olmamaqla, onun tələbi məhrum edildiyi yaşayış yerinə köçürülməsindən ibarətdir. İddiaçı cavabdehin oğlu ilə birgə nikah dövründə olduğu dövrdə cavabdeh tərəfindən həmin evə qeydiyyata alınmaqla köçürüldüyünü, sonradan ailə münasibətləri pozulduqdan sonra azyaşlı uşağı ilə həmin yaşayış yerindən məhrum edildiyini göstərmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsi vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması əsasları müəyyən edilmişdir. Göründüyü kimi həmin norma ilə yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün tələb edilən sənədlər sadalanmışdır. Bu halda cavabdehin mübahisəli evin özba şına tikili olduğundan həmin ünvan üzrə qeydiyyata alınarkən onun razılığı və icazəsinin tələb olunmadığı və bu barədə onun ümumiyyətlə məlumatının olmaması barədə dəlilləri əsassızdır. Eyni zamanda iddiaçı da məhz cavabdeh kimi həmin evə yaşayış yeri kimi qeydiyyata alınmışdır. Məhkəmə kollegiyası yuxarıda göstərilən iş üçün mühüm əhəmiyyəti olan halları tədqiq edərək, yekun olaraq belə nəticəyə gəlir ki, apellyasiya instansiya məhkəməsinin tələbin əsaslı olması barədə gəldiyi nəticə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmaqla, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına, həmçinin kassasiya instansiya məhkəməsinin verdiyi göstərişlərə uyğun olmaqla, qanuni və əsaslıdır. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsi barədə dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Buna görə də, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin 04.10.2018-ci il tarixli 2(103)-9270/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2310/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2310/2019
15.04.2019 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver