Məhkəmə qərarları › İş №2(102)-2315/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2315/2020

24.09.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2315/2020 24.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, Dəmirov İlqar Kamal oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı vəkili Vəkil2, Cavabdeh cavabdeh oğlunun iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 noyabr 2019-cu il tarixli, 2(103)12199/2019 saylı qətnaməsindən İddiaçı və Cavabdeh cavabdeh oğlunun ayrı-ayrılıqda verdikləri kasasiya şikayətləri üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 iyun 2019-cu il tarixli, 2(006)-2719/2019 saylı qə tnaməsi ilə (sədrlik edən, hakim C.Ə.Tağıyev) İddiaçı Cavabdeh cavabdeh oğluna qarşı “əmlak və pul tələbinə dair” iddiası qismən təmin edilərək, cavabdehdən 90 adda cehiz əşyasının, 2.500 manat dəyərində yataq, 350 manat dəyərində divan, 500 manat dəyərində qonaq otağı mebeli (qorka), 290 manat dəyərində dəhliz mebelinin, 140 manat dəyərində mətbəx mebeli, ümumilikdə dəyəri 2.500 manat təşkil edən qızıl-zinət əşyalarının (1 boyunbağı, 1 qızıl üzük, 1 bilərzik, 1 cüt sırğa) alınaraq iddiaçıya verilməsi və qalan hissədə iddianın rədd olunması qət edilib. Tərəflər ayrı-ayrılıqda qətnamədən apelyasiya şikayətləri veriblər. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 noyabr 2019-cu il tarixli, 2(103)12199/2019 saylı qətnaməsi ilə (hakimlər Z.Ə.Əliyev sədrlik edən, məruzəçi, F.Ş.Talışinski və R.Ə.Eyvazov) apelyasiya şikayətləri təmin edilmədən, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 iyun 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılıb. Tərəflər ayrı-ayrılıqda qətnamədən kasasiya şikayətləri veriblər. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdehə qarşı iddia qaldıraraq, sonuncudan Abşeron rayonu, Masazır kəndi, Şıxəli Qurbanov küçəsi, 68 “F” saylı fərdi yaşayış evində yerləşən və iddia ərizəsində adları qeyd olunan cehiz əmlaklarının geri qaytarılması, evdə aparılmış təmir xərclərinə görə 11.400 ABŞ dolları, qızıl-zinət əşyalarına görə 2.500 manat pulun tutulması, həmçinin xarici pasportun alınıb ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ İddiaçı kasasiya şikayətini onunla əsaslandırıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. İddiaçının kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia ərizəsinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunub. Cavabdeh kasasiya şikayətini onunla əsaslandırıb ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Cavabdehin kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunub. Kasasiya şikayətlərinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında İddiaçı vəkili Vəkil2 öz kasasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. Cavabdeh məhkəmə iclasında iştirak etsə də vəkillə birgə təmsil olunmadığı üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərini izah etməklə onu məhkəmə iclasında dinləmədi. İddiaçı və Cavabdeh vəkili Vəkil1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab et di. HÜQUQİ MƏSƏLƏLƏR Kasasiya instansiyası məhkəməsi məruzəçini, İddiaçı vəkili Vəkil2 izahatını dinləyib, kasasiya şikayətlərinin dəlillərini müzakirə edib, apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kasasiya şikayətləri təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apelyasiya şikayətlərini təmin edilmədən saxlayarkən, mübahisəli əmlakların nikaha daxil olanadək və nikah dövründə iddiaçıya hədiyyə şəklində verilməsinə, iddianı qismən təmin etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad edib və hüquqi mövqeyini Mülki Məcəllənin 157.2, 225.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməyib və işdə, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, tərəflər rəsmi nikah əsasında 16 oktyabr 2014-cü il tarixdə ailə qurublar və onların birgə nikahından 21 sentyabr 2015-ci il tarixdə Fərid adlı uşaqları doğulub. Sonradan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 noyabr 2016-cı il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikahın pozulması, 21 sentyabr 2015-ci il tarixdə doğulmuş Fəridin anası Gülçin Abbasovanın yanında saxlanılması və 16 iyun 2016-cı il tarixdən başlayaraq azyaşlı Fəridin yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 117 manat alimentin tutulub Gülçin Abbasovaya verilməsi qət edilib. Hazırda iddiaçı, iddia ərizəsində sadaladığı əşyal arın, habelə evdə aparılmış təmir işlərinə görə sərf olunan 11.400 ABŞ dollarının və xarici pasportun cavabdehdən alınıb ona verilməsini iddia edir. Cavabdeh isə, cehiz əşyalarının böyük hissəsinin və qızıl-zinət əşyalarının mövcudluğunu mübahisələndirmədən, apelyasiya şikayətində qiyməti 1.200 manat olduğu bildirilən soyuducu və “LG” markalı və qiyməti 1.250 manat olduğu bildirilən televizorun ümumiyyətdə mövcud olmadığını və evdən gedərkən qızıl-zinət əşyalarını iddiaçının özü ilə apardığını bildirir, həmçinin evdə təmir işləri üçün sərf edildiyi iddia olunan 11.400 ABŞ dolları tələbinə etiraz edir. Birinci instansiya məhkəməsi iddiaçının təmir xərclərinə dair tələbini rədd edərkən mövqeyini belə əsaslandırıb ki, qeyd olunan məsələyə tərəflər arasındakı əvvəlki mübahisəyə baxan məhkəmə t ərəfindən qiymət verilib. Belə ki, işə əlavə edilmiş Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 iyun 2018-ci il tarixli qətnaməsi ilə qeyd olunan məsələ müfəssəl şəkildə araşdırılaraq, həmin mübahisəli məsələyə düzgün hüquqi qiymət verilib. Sonradan sözügedən qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 20 dekabr 2018-ci il tarixli qərarı ilə qüvvədə saxlanılıb. Göründüyü kimi sözügedən qətnamə ilə müəyyən edilmiş faktlar hazırki mülki iş üzrə preyudisial əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Qeyd olunan məsələyə dair (təmir xərci kimi tə ləb edilən pulla bağlı) hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Digər tərəfdən, şahidlər ifadələrində pulu iddiaçıdan deyil, iddiaçının atasından aldıqlarını bildirmişlər. İddiaçının həmin pul məbləğini tələb etmək üçün subyektiv hüququ yoxdur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq, iddiaçının apelyasiya şikayətinin dəlillərini düzgün olaraq əsaslı saymamışdır. İddiaçının tələb etdiyi xarici pasport isə ona məxsus olmaqla, iqtisadi dəyəri olan əşya sayılmadığı üçün, habelə həmin sənədin yenisinin alınması müvafiq qanunvericiliklə tənzimləndiyinə görə tələbin həmin hissədə təmin edilməməsi əsaslı olub. Bu baxımdan apelyasiya instansiyası məhkəməsi, cavabdehin apelyasiya şikayətinin dəlilləri ilə bağlı haqlı olaraq bildirmişdir ki, iddiaçı Mülki Məcəllənin 157.2-ci maddəsinə görə, cehiz və qızılzinət əşyalarının cavabdehdən alınaraq ona verilməsini tələb etməkdə haqlı olmuşdur. Həmin maddənin mənasına görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Normanın mənasına görə iddiaçının hazırki iddia tələbləri ilə çıxış edə bilməsi üçün üç şərtin gerçəkləşməsi zəruridir: iddiaçının əşyanın mülkiyyətçisi olması, cavabdehin əşyanın sahibi olması və cavabdehin əşyaya sahiblik hüququnun olmaması. Apelyasiya instansiyası məhkəməsi kasasiya şikayətləri ilə eyni məzmunlu olan apelyasiya şikayətlərinin dəlillərini araşdırıb, işə əlavə edilmiş sübutları tədqiq edib müəyyən etmişdir ki, cavabdehdən alınması qət edilən cehiz və qızıl ə şyalarının toy ərəfəsində iddiaçıya hədiyyə şəklində verilməsi və həmin əmlakların onun ayrıca mülkiyyətində olması işin mübahisə olunmayan halıdır. Belə ki, Mülki Məcəllənin 225.2-ci maddəsinə görə nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Göründüyü kimi sözügedən əmlakların cavabdehin sahibliyində olması mülki iş materialları ilə tam sübuta yetirilir. Belə ki, cavabdeh, birinc i instansiya məhkəməsində və apelyasiya baxışında verdiyi izahatında cehiz əşyalarının böyük hissəsinin (qiyməti 1.200 manat olduğu bildirilən soyuducu və “LG” markalı, qiymətinin 1.250 manat olduğu bildirilən televizor istisna olmaqla) onun evində olduğunu etiraf edib və iddiaçının həmin əşyaları istədiyi vaxt götürə biləcəyini bildirib. Başqa sözlə, iddiaçının evdən gedərkən əşyalarını götürmədiyi təsdiqlənir və cavadeh özü də dolayısı ilə bu faktı inkar etmir. Bundan əlavə, cavabdehin mübahisələndirdiyi qiyməti 1.200 manat olduğu bildirilən soyuducu və “LG” markalı, eləcə də qiyməti 1.250 manat olduğu bildirilən televizorun isə cavabdehin evində aşkar olunması faktı mülki iş materiallarına əlavə edilmiş Bakı şəhəri, Nəsimi rayon İcra və Probasiya şöbəsinin 14 may 2019-cu il tarixli ak tı ilə təsdiq olunur və tərəflər bu aktı imzalamaqla mübahisələndirməyiblər. Cavabdehin kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətinin qızıl-zinət əşyaları ilə bağlı hissəsinə münasibətdə apelyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, tərəflərin birlikdə yaşadıqları dövrdə həmin əşyaların mövcudluğu və həmin əşyaların cavabdehin sahiblik etdiyi evdə qalması işin mübahisə olunmayan hallarıdır. Belə olan halda, iddiaçının evi tərk edərkən qızıl-zinət əşyalarını özü ilə apardığını cavabdeh iddia etdiyi üçün sübutetmə yükü baxımından həmin halı sübuta yetirmək vəzifəsi də onun üzərinə düşür. Hazırki işdə isə cavabdeh, qızıl-zinət əşyalarını iddiaçının apardığını təsdiqləyən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq norma larının məzmunu nəzərə alınmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilmişdir. Oxşar hüquqi mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyrimüəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu baxımdan kasasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının mülkiyyətin də olan və tələb etdiyi əşyalar üzərində cavabdehin sahibliyi hər hansı qanuni əsasa söykənmədiyi üçün həmin əşyaların cavabdehdən alınaraq iddiaçıya verilməsini qət etmiş birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla apelyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlib və sadalanan maddi, prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Kasasiya instansiyası məhkəməsi kasasiya şikayətlərinin dəlillərini müzakirə edib hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara sadalanan maddi və prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verib və gəldiyi nəticə üçün mühü m əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırıb. Ona görə də kasasiya instansiyası məhkəməsi kasatorların kasasiya şikayətlərində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdikləri dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kasasiya şikayətləri təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kasasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı və Cavabdeh cavabdeh oğlunun ayrı-ayrılıqda verdikləri kasasiya şikayətləri təmin edilməsin. İş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kol legiyasının 20 noyabr 2019-cu il tarixli, 2(103)12199/2019 saylı qətnaməsi kasasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar