Məhkəmə qərarları › İş №2(102)-2344/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2344/2025

06.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sai
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2344/2025 06.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: təhsil müqaviləsi, öhdəliyin icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlundan və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)2211/2025 nömrəli 15 aprel 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya ş ikayətinə 6 avqust 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında Ali Təhsil Sisteminin Beynəlxalq Rəqabətliliyinin Artırılması üzrə Dövlət Proqramı”nın İdarəetmə Qrupunun xx.xx.2024-cü il tarixli, 3-29-64/2-152/2024 nömrəli məktubundan müəyyən olunur ki, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində Azərbaycan Respublikası Elm və Təhsil nazirinin xx.xx.2022-ci il tarixli F-473 nömrəli əmri ilə Belçika Krallığının “KU Leuven” xarici ali təhsil müəssisəsində cavabbeh Cavabdeh bakalavr təhsilinin maliyyələşdirilməsi nəzərdə tut ulmuşdur. Onunla bağlanmış ikitərəfli müqaviləyə əsasən təhsil müddətinin 2022-ci il sentyabr ayından 2025-ci il sentyabr ayınadək olan dövrü əhatə edir. Müqavilənin 3.3.12-ci yarımbəndinə əsasən təhsil aldığı ixtisas istiqamətini dəyişdirdiyinə görə Nazirlik tərəfindən onun təhsilinə çəkilən xərcləri 2 aydan gec olmayaraq qaytarmağı tələb olunur.

2. Azərbaycan Respublikası Elm və Təhsil nazirinin xx.xx.2022-ci il tarixli F-473 nömrəli əmrində dəyişikliyin edilməsi ilə bağlı X3 Qrupu, Hüquq şöbəsi, Beynəlxalq əməkdaşlıq şöbəsi və Maliyyə şöbəsi İ.Abaszadə, A.Əhməd, Ə.Əliyev, Cavabdeh, Z.Hacıyeva, L.Lətifova, H.Səfərlinin təhsillərinin maliyyələşdirilməsi üçün istifadə edilmiş vəsaitin geri qaytarılması məqsədilə onlarla Elm və Təhsil Nazirliyi arasında bağlanmış ikitərəfli müvafiq müqavilə nin 6-ci bəndinə uyğun olaraq tədbirlər görülməsi əmr edilmişdir.

3. Azərbaycan Respublikasının Elm və Təhsil nazirinin xx.xx.2022-ci il tarixli F473 №- li əmri ilə təsdiq edilmiş Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində nüfuzlu xarici ali təhsil müəssisəsində bakalavriat və magistratura səviyyəsində təhsil almaq hüququ əldə etmiş Azərbaycan Respublikası vətəndaşı Cavabdeh arasında xx.xx.2022-ci il tarixli 13 nömrəli müqaviləyə əsasən Proqram iştirakçısının Belçika Krallığının “KU Leuven” ali təhsil müəssisəsində “Mühəndislik texnologiyası” ixtisası üzrə sentyabr 2022-ci ildən sentyabr 2025-ci ilə kimi Bakalavr təhsil səviyyəsi üzrə 3 il müdd ətinə təhsilin maliyyələşdirilməsinə dair tərəflərin öhdəlikləri müəyyən edilmişdir.

4. Həmin Müqavilənin 3.2.2-ci yarımbəndinə əsasən proqram iştirakçısı tərəfindən bu Müqavilənin şərtləri pozulduqda Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq çəkilmiş xərclərin məbləğinin geri qayrarılmasını ondan tələb etmək Nazirliyin hüquqlarından biridir.

5. Həmin Müqavilənin 6.2-ci yarımbəndinə əsasən proqram iştirakçısı bu Müqavilə üzrə öhdəliklərini icra etmədikdə, İdarəetmə qrupu tərəfindən 1 ay ərzində xəbərdarlıq edilir və bu barədə ona bildiriş göndərilir. Proqram iştirakçısı idarəetmə qrupunun təqdim etdiyi bildiriş əsasında təhsilini səbəbindən asılı olmayaraq xaricdə davam etdirə bilmədikdə bu hal baş verdiyi tarixdən 2 ay müddətində geri qaytarmalıdır. 6. “2019 -2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın İdarəetmə Qrupu tərəfindən vəsait alanların plastik kartlarına vəsaitlərin "xxxx" ASC-nin Mərkəzi filialı tərəfindən mədaxil edilməsi barədə xx.xx.2022-ci il tarixli, 02 nömrəli reyestrə əsasən müəyyən olunur ki, Cavabdeh üçün 4116 avro məbləğində pul ödənilmişdir. 7. “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın İdarəetmə Qrupu tərəfindən vəsait alanların plastik kartlarına vəsaitlərin "xxxx" ASC-nin Mərkəzi filialı tərəfindən mədaxil edilməsi barədə xx.xx.2022-ci il tarixli, 05 nömrəli reyestrə əsasən müəyyən olunur ki, Cavabdeh üçün 11440 avro məbləğində pul ödəni lmişdir. 8. 22.12.2022-ci il tarixli 04 nömrəli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə təhsil alanların xərclərindən Cavabdeh şəxsi bank hesabına 11711,69 manat məbləğində pul köçürülmüşdür. 9. 2022-ci ilin dekabr ayında 08 nömrəli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə təhsil alanların xərclərindən Cavabdeh şəxsi bank hesabına 900,33 manat məbləğində pul köçürülmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin xeyrinə 15556 (on beş min beş yüz əlli altı) Avro və 12665,17 (on iki min altı yüz altmış beş manat, on yeddi qəpik ) manat vəsaitin tutularaq Elm və Təhsil Nazirliyinin müvafiq bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 fevral tarixli, 3163 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” təsdiq edilmişdir. Bu Proqram çərçivəsində Azərbaycan Respublikası vətəndaşlarının nü fuzlu xarici ali təhsil müəssisələrində bakalavr və magistratura səviyyələri üzrə təhsilin maliyyələşdirilməsini tənzimləyir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 01 iyun tarixli, 218 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 20222026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xarici ali təhsil müəssisələrində təhsilin maliyyələşdirilməsi Qaydaları”nın 1.2-ci bəndinə əsasən, xarici ali təhsil müəssisələrində bakalavriat və magistratura səviyyələri üzrə təhsili maliyələşdirən Azərbaycan Respublikası vətəndaşları olan gənclərin seçimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi seçim meyarları və prosedurları əsasında həyata keçirilir. Proqramın əsas məqsədi ölkədə rəqabət qabili yyətli iqtisadi sistemin formalaşdırılması və davamlı inkişafın təmin edilməsi baxımından ölkənin müasir tələblərə cavab verən kadrlara ehtiyacının ödənilməsi, Azərbaycan gənclərinin ümumbəşəri dəyərlər əsasında layiqli ali təhsil almaları üçün lazımı şəraitin yaradılması, istedadlı gənclərin dünyanın aparıcı ölkələrində təhsil almaq imkanlarının genişləndirilməsi prosesinin mütəşəkkilliyi və səmərəlilyinin artırılmasını təmin etməkdən ibarət olmuşdur. Qaydaların 1.3-cü bəndinə əsasən, Proqram iştirakçılarının xarici ali təhsil müəssisələrində bakalavriat və magistratura səviyyələri üzrə Azərbaycan Respublikasının Dövlət Neft Fondunun, beynəlxalq təşkilatların (fondların), mülkiyyət formasından asılı olmayaraq, xarici və ya yerli hüquqi və fiziki şəxslərin, habelə fiziki şəxslərin ianələri hesabına bu Qaydalarla müəyyən edilmiş hallarda və qaydada maliyyələşdirilir. Qeyd edilən Qaydaların 1.4-cü bəndinə əsasən, Proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi məzun olduqdan sonra ölkəyə qayıdaraq 5 il müddətinə əmək fəaliyyəti ilə məşğul olmaq şərtilə həyata keçirilir. Proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, proqram iştirakçısı və təhsili başa çatdıqdan sonra proqram iştirakçısı ilə əmək müqaviləsi bağlamağa razılıq vermiş Azərbaycan Respublikasının ali təhsil müəssisəsi arasında bağlanılan müqavilə əsasında həyata keçirilir. Müqavilənin forması Nazirlik tərəfindən müəyyən edilir. Bu Qaydaların 1.5-ci yarımbəndinə görə, Proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi Nazirliyin nəzdində X2 Qr upu tərəfindən idarə olunur. Qeyd edilən Qaydaların 1.4-cü bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Təhsil Nazirliyi və “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində nüfuzlu xarici ali təhsil müəssisəsində bakalavriat və magistratura səviyyəsində təhsil almaq hüququ əldə etmiş Azərbaycan Respublikası vətəndaşı Cavabdeh arasında 8 avqust 2022-ci il tarixli, 13 saylı müqavilə bağlanılmışdır. “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022- 2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində nüfuzlu xarici ali təhsil müəssisəsində bakalavriat və magistratura səviyyəsində təhsil almaq hüququ əldə etmiş cavabdeh elm və təhsil nazirinin xx.xx.2022-cü il tar ixli, F-473 nömrəli əmrinə əsasən xaricdə bakalavr təhsilin maliyyələşdirlməsi imkanını əldə etmişdir. Müqavilə şərtinə uyğun olaraq, cavabdeh sentyabr 2022-ci il tarixdən-sentyabr 2025-ci il tarixə kimi Belçika Krallığının “KU Leuven” ali təhsil müəssisəsində “Mühəndislik texnologiyası” bakalavr təhsil səviyyəsi üzrə təhsil almalı və Nazirlik isə bu təhsili maliyyələşdirməli idi. Cavabdehin müqavilə şərtlərinə uyğun olaraq maliyyələşməsinə baxmayaraq, ixtisas istiqamətini dəyişərək öz öhdəliklərini pozmuşdur. Müqavilə şərtlərinin cavabdeh tərəfindən pozulması nəzərə alınaraq, Elm və Təhsil Nazirliyinin xx.xx.2024-cü il tarixli, 3-29/3-2-201 F/2024 nömrəli əmrlə Əliyev X4 Proqramı çərçivəsində xaricdə təhsilalanların siyahısından xaric edilmişdir. Tərəflər arasında bağlanmış Müqavilənin 3. 2.2-ci yarımbəndində qeyd edilir ki, Proqram iştirakçısı tərəfindən bu Müqavilənin şərtləri pozulduqda Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq çəkilmiş xərclərin məbləğinin geri qaytarılmasını ondan tələb etmək Nazirliyin hüququdur. Müqavilənin 6.2-ci yarımbəndində nəzərdə tutulmuşdur ki, proqram iştirakçısının adı Dövlət Proqramı çərçivəsində xaricdə təhsilalanların siyahısından çıxarıldıqda və ya o təhsilini başa vurduqdan sonra ən geci 2 ay müddətində ölkəyə qayıtmadıqda və ya təhsilini xaricdə davam etdirməkdən imtina etdikdə, Nazirlik tərəfindən onun təhsilinə çəkilən xərcləri 2 aydan gec olmayaraq qaytarılmalıdır. Lakin, cavabdeh bu günə qədər həmin vəsaitin geri qaytarılması ilə bağlı heç bir hərəkət etməmişdir. Tərəflər arasında bağlanmış müqavilə ö hdəliklərinin yerinə yetirilməsi məqsədilə cavabdehə xx.xx.2024-cü il tarixli, 3-29-64/2-152/2024 saylı məktubla rəsmi qaydada müraciət edilərək onun təhsilinin təşkili ilə bağlı ödənilmiş 15556,00 avro və 12665,17 manat pul vəsaitinin geri qaytarlması tələb edilmişdir. Lakin cavabdeh tərəfindən məktubun alınmasına baxmayaraq, o ödənişdən yayınmışdır.

12. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əliyev Kamran Kamal oğlu izahat verərək bildirmişdir ki, cavabdeh onun oğludur, müqavilə isə oğlu yetkinlik yaşına çatmadığından onun tərəfindən imzalanmışdır. Oğlu dövlət proqramı ilə 1 il müddətinə təhsil almış, lakin dərslərin çox ağır olması, tələbəyə heç bir şəraitin yaradılmaması ilə bağlı müqavilədə qeyd olunan ixtisasını dəyişərək həmin universitetin digər fa kültəsində öz hesabına təhsili davam etmək qərarına gəlmişdir. Həmçinin qeyd edir ki, iddiaçı tərəfindən universitet və orada keçirilən dərslərin səviyyəsi barədə onlara heç bir məlumat verməmiş, sonradan isə həmin universiteti xaricdə təhsil proqramından çıxarılmışdır. Bir çox tələbə fakültədə dərslərin ağır olması səbəbi ilə bağlı ixtisaslarını dəyişmiş və öz hesablarına başqa ixtisas üzrə oxumağa davam etmişlər. Cavabdeh fakültəsini dəyişdirdikdə onlar bu barədə iddiaçıya məlumat vermişlər. Hazırda oğlunun təhsil xərcini, eləcə də digər övladının və himayəsində olan bacısı övladının təhsil xərclərini o qarşıladığı üçün tələb olunan məbləği birdəfəlik ödəyə bilmir.

13. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-267/2025 nömrəli 22 yanvar 2025-ci il tarixli qətnaməsi ilə iddia təmin ed ilmiş, Cavabdeh 15556 avro (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş avronun manata nisbətən məzənnəsi nəzərə alınmaqla) və 12665,17 manat məbləğində pulun tutularaq Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə ödənilməsi qərara alınmışdır. (hakim Ülkər Xəlil)

14. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 20222026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində nüfuzlu xarici ali təhsil müəssisəsində bakalavriat və magistratura səviyyəsində təhsil almaq hüququ əldə etmiş Azərbaycan Respublikası vətəndaşı Cavabdeh arasında xx.xx.2022-ci il tarixli 13 nömrəli müqavilə bağlanılmışdır. Həmin müqaviləyə əsasən cavabdeh Belçika Krallığı nın “KU Leuven” ali təhsil müəssisəsində “Mühəndislik texnologiyası” ixtisası üzrə sentyabr 2022-ci ildən sentyabr 2025-ci ilə kimi Bakalavr təhsil səviyyəsi üzrə 3 il müddətinə təhsil alması və təhsilin iddiaçı tərəfindən maliyyələşdirilməsinə dair tərəflərin öhdəlikləri müəyyən edilmişdir. Həmin Müqavilənin 6.2-ci yarımbəndinə əsasən proqram iştirakçısı bu Müqavilə üzrə öhdəliklərini icra etmədikdə, idarəetmə qrupu tərəfindən 1 ay ərzində xəbərdarlıq edilir və bu barədə ona bildiriş göndərilir. Proqram iştirakçısı idarəetmə qrupunun təqdim etdiyi bildiriş əsasında təhsilini səbəbindən asılı olmayaraq xaricdə davam etdirə bilmədikdə bu hal baş verdiyi tarixdən 2 ay müddətində geri qaytarılmalı olması qeyd olunmuşdur. Cavabdeh tərəfindən müvafiq ixtisas üzrə təhsilin davam etdirilməməsin ə baxmayaraq, müqavilə üzrə yaranmış borc tərəfindən ödənilməmişdir.

15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386, 398, 427, 442, 443 və 448-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1, 88 və 217-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamədə qeyd etmişdir ki, ərizəçi iddia tələbinin əsasını təşkil edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş, şahidlər məhkəməyə gəlməmişdir. Məhkəmə sübutları düzgün qiymətləndirməmiş, qanunsuz qətnamə çıxartmış, pozulmuş və mübah isə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin edilməmişdir. İşi hərtərəfli deyil, qeyri-obyektiv və qərəzli şəkildə araşdırmışdır.

18. Məhkəmə iclasında cavabdehin nümayəndəsi (atası), həmçinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əliyev Kamran apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, həmin fakültədə oxumaq çətin olduğu üçün onun övladı fakültəni dəyişdirdi, onlar bu dəyişiklik barədə şifahi qaydada məlumat vermişlər, çox tələbə həmin fakültədən çıxmışdır, hazırda həmin universitet müvafiq dövlət proqramı üzrə təhsil haqqı ödənilən universitetlərin siyahısından da çıxarılmışdır. Həmçinin qeyd etdi ki, özünün müəyyən qazancı olsa da, hazırda iki uşağının oxuması ilə bağlı hazırkı məbləği birdəfəlik ödəməyə maddi imkanı yoxdur, lakin ödənişi etməkdən qaçmır, hissə-hissə ödəmək və ya ödəmənin müəyyən müddətə təxirə salınması vəziyyətdən çıxış yolu ola bilərdi. Bu səbəbdən apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

19. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi, eyni zamanda da göstərdi ki, cavabdeh tərəfin qət olunan məbləğin hissə-hissə ödənilməsi və ya ödəmənin müəyyən müddətə təxirə salınması ilə baglı istəkləri icra mərhələsinə aid olan məsələlərdir.

20. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2211/2025 nömrəli 15 aprel 2025-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)267/2025 nömrəli 22 yanvar 2025-ci il tarixli qətnaməsi apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanıl mışdır. (hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X5 və X1 ibarət tərkibdə)

21. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işin müəyyən edilən hallarına əsasən iddiaçı müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirərək razılaşdırılmış ödənişi həyata keçirmiş, lakin cavabdeh təhsilini davam etdirə bilməsə də, müqavilə üzrə nəzərdə tutulmuş 2 ay ərzində müvafiq təhsilə çəkilən xərcləri geri qaytarmaq vəzifəsini yerinə yetirməmişdir, bu səbəbdən apellyasiya şikayətinin dəlilləri əsassızdır.

22. Məhkəmə mövqeyini Azərbaycan Respublikası 386, 398, 427, 442, 443 və 448-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1 və 88-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətin in dəlilləri

23. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2211/2025 nömrəli 15 aprel 2025-ci il tarixli qətnaməsinin ləğv olunması və işə yenidən apellyasiya instansiyası məhkəməsində baxılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

24. Kassasiya şikayəti apelyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, hakim ədalətli məhkəmə araşdırıması hüququnu pozmuş və hüququnun bərpa olunmasına kömək etmək əvəzinə, sübutları araşdırmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

26. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müə yyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

27. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

28. Maddə 398.1. Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir.

29. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəfl ər üçün məcburi olur.

30. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

31. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

32. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

33. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərba ycan Respublikasının Mülki Prosessual Məcəlləsi

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq ed ilməsini yoxlayır. Kassasiya baxışının hədləri

38. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

39. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

41. Cavabdeh kassasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazda, apellyasiya şikayətində və işə aşağı instansiya məhkəmələrində baxılan zaman irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti və qiymətləndirilməsi ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

42. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-nin 407. 1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

43. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi n əticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2211/2025 nömrəli iş üzrə 15 aprel 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar