Məhkəmə qərarları › İş №2(102)-2345/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2345/2022

23.05.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2345/2022 23.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: mənzilə köçürmə, preyudisiya Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1747/2021 nömrəli iş üzrə 02 dekabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 23 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdak ı qərarı qəbul etdi. İşin halları

1. Zərdab Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 15 yanvar 2007-ci il tarixli, 2-7-2007 nömrəli qətnaməsi ilə Zərdab rayon TTMS-nin sədri X6, X11, İddiaçı və X1 yaşayış sahəsindən çıxarılmaları tələbinə dair iddiası təmin edilmiş, ünvan 1 ünvanında yerləşən Təsərrüfatlararası Təmir Tikinti müəssisəsinə məxsus bir mərtəbəli idarə binasının otaqlarından X7, İddiaçı və X1 ailələri ilə birlikdə mənzil verilmədən çıxarılmaları qət edilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən cavabdehə məxsus idarə binasında olan iki otaqlı mənzilə (bundan sonra – mübahisəli mənzil) köçürülməsi haq qında qətnamə çıxarılmasını və dövlət rüsumunun cavabdehdən tutularaq ona qaytarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1985-ci ildə həyat yoldaşı Hüseyn Hacıyev həbs olunan zaman 2 azyaşlı uşaqla evsiz qalmışdır. Ev növbələri hələ çatmadığına görə mənzil şəraitinin yaxşılaşdırılması üçün X9 İcraiyyə Komitəsinin Rayon Sovetinə etdiyi müraciət əsasında ona S.Abdullayev küçəsi, dalan 4, 43 saylı ünvanda yerləşən idarə binasında iki otaqdan ibarət ev verilmişdir. Həmin dövrlərdə vəzifədə işləmiş məmurlar öz verdikləri arayışlarla bu faktı təsdiq etmişlər. Üstəlik qonşularının iştirakı ilə tərtib edilmiş fevral 2008-ci il tarixli, 03 oktyabr 2016-cı il tarixli aktlar da bunu təsdiqləyir. 1985-ci ildən orada yaşayaraq həmin binanın 0,07 ha torpaq sahəsindən də i stifadə etmişdir. Mübahisəli mənzildə yaşamaqla özünə şərait qurmuş, oğul övladlarını tərbiyə etmiş, kommunal xərclərini vaxtlı-vaxtında ödəmişdir. Onun sözügedən mənzildən başqa yaşayış yeri olmamışdır. Həmin mənzildən istifadə hüququ vardır, ömrünün 33 ilini həmin evdə yaşamışdır. Zərdab Rayon Məhkəməsinin 15 yanvar 2007-ci il tarixli qətnaməsi ilə onların ailələri ilə birlikdə mənzil verilmədən çıxarılmaları haqqında qətnamə sifarişli və ədalətsizdir. Həmin qətnamədən xəbəri olmamışdır. 2009-cu ildə icra və probasiya şöbəsinin işçiləri onu evdən çıxartmaq istəyəndə başa düşmüşdür ki, cavabdehin əlində məhkəmə qətnaməsi var. Cavabdeh idarə binasını özəlləşdirsə də torpağı özəlləşdirməmişdir. 33 il yaşadığı və istifadə etdiyi 0,07 ha torpağı istəyir və həmin evə köçürülməyinə köməklik edi lməsini xahiş edir. Zərdab Rayon Məhkəməsinin 15 yanvar 2007-ci il tarixli qətnaməsindən apellyasiya və kassasiya şikayətləri vermiş, lakin şikayətləri təmin olunmamışdır.

4. Ucar Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(063)-344/2021 nömrəli iş üzrə 30 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim H.Xəlilov) iddia rədd edilmişdir.

5. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, mülki prosessual qanunvericiliyinin tələbinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir, həmçinin, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuni qüvvəyə minmiş məhkəm ə qətnaməsi ilə hazırkı iş üzrə iddiaçının mənzil verilmədən hazırda köçmək istədiyi sahədən çıxarılması qət edilmişdir. Odur ki, iddiaçının tələbi əsassızdır və təmin edilməməldir.

6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 82.3, 107, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

7. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, hazırkı iş üzrə şəxslərin dairəsi ilə əvvəl baxılmış işdəki şəxslərin dairəsi, yəni subyektiv tərkib eyni olmadığı üçün Zərdab Rayon Məhkəməsinin 15 yanvar 2007-ci il tarixli qətnaməsini hazırkı işə münasibətdə preyudisial hesab etmək olmaz. Məhkəmə iddiaçının 33 il ərzində mübahisə mənzildə yaşamağını, kommunal xərcləri ödəməyini, əlavə təmir-tikinti işləri aparmağını, istifadəsində olan torpaq sahəsini abadlaşdırmağını nəzərə almamış, heç bir araşdırma aparmadan yalnız yuxarıda qeyd olunan qətnamənin hazırkı işə münasibətdə preyudisiallığını əsas gətirərək iddiasını rədd etmişdir. Əgər o, idarə binasını zəbt etmişdirsə, nə üçün 33 il ərzində orada yaşamağına icazə verilməsini məhkəmə araşdırmamışdır. İddiaçı idarə binasında yaşayarkən abonent kimi telefon xətti çəkdirmiş, təbii qaz və elektrik enerjisindən qanuni qaydada müqavilə bağlamaqla istifadə etmiş, lakin bu faktlar da məhkəmə tərəfindən araşdırılmamışdır. Beləliklə, məhkəmə iddia tələbini rədd etməklə qanunsuz və əsassız qətnamə qəbul etmiş və bu zaman həm maddi, həm də prosessual hüquq normasının tələblərini pozmuşdur.

9. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-1747/2021 nömrəli iş üzrə 02 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər M.Əsədli (sədrlik edən və məruzəçi), Ə.Məcidov və Vəkil) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya məhkəməsində icraat zama nı müəyyən edilmişdir ki, ünvan 3 ünvanında yerləşən əmlak kompleksi xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində X5 adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmiş, xx.xx.2021-ci il tarixli Vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, hazırda əmlak sonucunun vərəsəsi Cavabdeh adına qeydə alınmışdır. Cavabdehin mərhum atası X8 2006-cı ildə cavabdehlər X11, İddiaçı və X2 qarşı yaşayış sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə Zərdab Rayon Məhkəməsinə müraciət etmiş və məlum qətnamə çıxarılmışdır.

11. Apellyasiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçının köçmək istədiyi ev yox, qeyri-yaşayış sahəsidir. Qeyri-yaşayış sahəsinin mülkiyyətçisi isə əvvəl X8, sonra isə onun oğlu – hazırkı iş üzrə cavabdeh olmuşdur. Apellyasiya şikayətində qeyd ed ilmişdir ki, Zərdab Rayon Məhkəməsinin 15 yanvar 2007-ci il tarixli qətnaməsi hazırkı işə münasibətdə preyudisial xarakter daşımır. Lakin hazırkı mübahisə predmeti olan ünvan 4 ünvanda yerləşən Təsərrüfatlararası Təmir Tikinti Müəssisəsinə məxsus bir mərtəbəli idarə binasının otaqlarından çıxarılma barədə X3 hazırkı iş üzrə iddiaçıya qarşı iddiası təmin edilmişdir. Hazırkı işdə isə əvvəlki işdə cavabdeh olan İddiaçı X3 vərəsəsi olan cavabdehə qarşı iddia qaldıraraq mübahisəli qeyri-yaşayış sahəsinə köçürülməsini xahiş etmişdir. Odur ki, həmin qətnamə hazırkı iş üzrə preyudisial xarakter daşıyır.

12. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsi işin müəyyən olunmuş hallarına hüquqi qiymət verərək hesab etmişdir ki, hazırkı işdə iddiaçının qeyri-yaşayış sahəsinə köçürülməsi məqsədi ilə cavabdehin mülkiyyət hüquqlarına müdaxiləni zəruri edən şərtlər müəyyən edilməmişdir.

13. Məhkəmə öz mövqeyini MPM-in 14, 77, 82-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

14. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, qətnamənin tam və ya qismən ləğv edilməsini, iş üzrə yeni qərar çıxarılmasını və ya işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.

15. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

17. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Laki n apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

18. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin aktı iddiaçının kassasiya şikayəti əsasında tam yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə

19. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

20. Ma ddə152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

21. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

22. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. MPM

23. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübut ları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2).

24. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1).

25. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir (maddə 82.3).

26. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4).

27. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir (maddə 407.2).

28. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416.1).

29. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Kassasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları m üəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. Kassasiya şikayətinin dəlilləri əsasən iddianın və apellyasiya şikayətinin dəlilləri ilə eynidir. Məhkəmə kollegiyası maddi və prosessual hüquq normalarının tətbiqinə dair birinci və apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır.

32. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

33. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdir ilmədən saxlanılmalıdır.

34. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1747/2021 nömrəli iş üzrə 02 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar