Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-237/2025 21.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh (Cəlilabad şəhəri 1 saylı Notariat ofisi, X19, X17, X20, X13, X14, X15 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər:vəsiyyətnamə, miras əmlakın bölünməsi, məcburi paylar, mirasdan imtina müddəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər, Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlak üzərinə tam payın müəyyən olması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3992/2024 nömrəli, 20 avqust 2024-cü il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 21 yanvar 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra “iddiaçı”) və Cavabdeh (bundan sonra “cavabdeh”) qardaşdırlar.
2. Tərəflərin valideynləri olan XXX ilə X16 03 iyun 1961-ci il tarixdə nikahlarını bağlamışlar.
3. Bakı şəhəri, Gəncə prospektində 69 saylı 30,05 m2 yaşayış sahəsindən ibarət 2 otaqlı 13 nömrəli mənzil (bundan sonra “mübahisəli mənzil”) 16 sentyabr 2003-cü il tarixdə XXXnun adına qeydiyyata alınmışdır.
4. XXX 08 sentyabr 2008-ci il tarixli vəsiyyətnamə ilə mübahisəli mənzili iddiaçıya vəsiyyə t etmişdir.
5. XXX 08 noyabr 2017-ci il tarixdə vəfat etmişdir.
6. X16 16 fevral 2022-ci il tarixdə vəfat etmişdir.
7. Vərəsələr arasında mübahisə olduğundan iddiaçının müraciəti əsasında notariat hərəkətlərinin aparılmasından 19 iyul 2022-ci il tarixli qərara əsasən imtina edilmişdir.
8. Notarial qaydada təsdiq edilmiş ərizələrlə X13, X20 və X19 08 noyabr 2017-ci il tarixdə vəfat etmiş XXXna aid olan mübahisəli mənzildə məcburi paylarından iddiaçının xeyrinə imtina etmişlər.
9. Notarial qaydada təsdiq edilmiş ərizələrlə X17, X15 və X14 08 noyabr 2017-ci il tarixdə vəfat etmiş ataları XXXndan qalmış miras payı qəbul etmədiklərini, bu barədə heç bir tələblərinin olmamasını, mirasın qəbulu üçün buraxılmış müddətin bərpası ilə əlaqədar məhkəmədə mübahisə etməyəcəklərini bildirmişlər.
10. Nota rial qaydada təsdiq edilmiş ərizədə iddiaçı 08 noyabr 2017-ci il tarixdə vəfat etmiş atası XXXndan qalmış mirası bütünlüklə qəbul etdiyni göstərmişdir.
11. Notarial qaydada təsdiq edilmiş ərizədə X18 əri XXXna məxsus mübahisəli mənzilin satılmasına, bağışlanmasına, dəyişdirilməsinə etiraz etmdəyini bildirmişdir..
12. Notarial qaydada təsdiq edilmiş ərizələrdə X17, X15 və X14 atalarına məxsus olan mübahisəli mənzildən onların payına düşən hissənin cavabdehə verilməsinə razılıq vermişlər.
13. Vərəsələr arasında mübahisə olduğundan cavabdehin müraciəti əsasında 11 sentyabr 2022-ci il tarixli qərara əsasən notariat hərəkətlərinin aparılmasından imtina edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
14. İddiaçı iddia ərizəsi iddia (tələbinin artırılmas ına dair ərizə) ilə cavabdehə qarşı məhkəməyə müraciət edərək, mərhum atası XXXndan miras qalmış mübahisəli mənzilindən ibarət mirası qəbul etməsi faktının müəyyən edilməsi, özünün miras qoyan XXXnun vəsiyyət üzrə vərəsəsi sayılmaqla mübahisəli mənzilindən ibarət olan miras əmlak üzərində tam payının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Cəlilabad şəhəri 1 saylı Notariat ofisi iddia ərizəsi üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən şəxsdir.
16. İddia tələbini onunla əsaslandırılmışdır ki, iddiaçı 05 avqust 1957-ci ildə Cəlilabad rayonunun Mədətli kəndində anadan olmuşdur. Аtаsı XXX 14 noyabr 2017-ci il tarixdə, anası X18 isə 03 mart 2022-ci il tarixdə vəfat etmişlər. Valideynləri vəfat etdikdən sonra onların yas mərasimlərini iddiaçı özü keç irmişdir. Valideynlərinin sağlığında iddiaçı Rusiya Federasiyasına gedərək orada işləyib qazandığı pulu atasına göndərmişdir ki, ona Bakı şəhərində ev alsın. Atası da onun göndərdiyi pulla mübahisəli mənzili satın almış və öz adına rəsmiləşdirmişdir.
17. Atası sağlığında 08 sentyabr 2008-ci il tarixdə Cəlilabad rayon İHB-nin Şorbaçı kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəsinin iştirakı ilə vəsiyyətnamə də yazaraq mübahisəli mənzili iddiaçıya vəsiyyət etmiş və icra nümayəndəsi tərəfindən həmin vəsiyyətnamə təsdiqlənmişdir. Atası rəhmətə getdikdən sonra anası Ruqiyə Süleymanova da sağlığında həmin əmlakla bağlı mübahisəsi olmadığına dair notarial qaydada təsdiqlənmiş ərizə vermişdir.
18. Valideynlərinin vəfatından sonra onlardan miras qalmış mübahisəli mənzili iddiaçı miras kimi qəbul e tmişdir. Həmin vaxtdan indiyə kimi iddiaçı əmlaka faktiki olaraq sahiblik edir, mənzilin bütün kommunal xərclərini ödəyir.
19. İddiaçı atasından miras qalmış həmin mənzili öz adına sənədləşdirmək istəmiş və bu məqsədlə Cəlilabad rayon 1 saylı notariat ofisinə müraciət еtmiş, lakin cavabdeh mirasla bağlı mübahisə yaratdığı üçün 19 iyul 2022-ci il tarixli qərarla notariat hərəkətlərinin aparılmasından imtina edilmişdir.
20. Digər vərəsələr X19, X20, X13, X14, X15 və X17 miras paylarından imtina etmişlər və öz paylarını iddiaçıya vermişlər. Cavabdeh isə ərizə verməkdən imtina etmişdir. Buna görə də iddiaçı həmin miras əmlaka dair şəhadətnamə ala bilməmişdir.
21. İddiaçı tələbinin hüquqi əsası kim Mülki Məcllənin 1133.1, 1133.2, 1151, 1166, 1179.1, 1179.2, 1201.1, 1202.2, 1243.1-1243.3 və 1246 -cı maddələrinə istinad etmişdir..
22. Cavabdeh iddiaya etiraz edərək göstərmişdir ki, atası 14 noyabr 2017-ci ildə vəfat etmişdir. İddiaçının vəsiyyətnamə adlandırdığı yazılı vərəqlər isə 08 noyabr 2008-ci ildə yazılmışdır. Əgər doğrudan da atası vəsiyyət qoymaq istəsəydi, rayon mərkəzində yerləşən notariat kontorunda vəsiyyət qoyardı. 2008-ci ildə atası tam sağlam olub və onun rayon mərkəzində yerləşin notariusa getməklə bağlı heç bir problemi olmayıb. Onda belə bir sual yaranır: zərurət yox idisə, nə üçün vəsiyyətnamə notariusda deyil, haradasa yazılıb? Bu, doğrudan da vəsiyyətnamədirsə, onda ödənilən dövlət rüsumunu təsdiq edən sənədi və onun reyestr qeydiyyatı aparılan möhürlə təsdiq edilmiş kitabın surəti (notarial təsdiqlə) məhkəməyə təqdim edilməlidir. Qeyd edilən mənzillə bağlı və siyyətnamə mövcud olmuşdursa da, Mülki Məcəllənin 1193-cü maddəsinə görə, vəsiyyət edənin uşaqlarının, valideyinlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. İddiaçı bildirir ki, qeyd edilən əmlaka faktiki olaraq sahiblik etmişdir. Onun dedikləri yalandan başqa bir şey deyildir. Çünki mənzilə faktiki o özü sahiblik etmişdir. O, mənzili 2006-cı ildən 2021-ci ilə qədər Biləsuvar rayon sakini X31 adlı şəxsə kirayəyə vermiş, hər ay kirayə pulunu da özü almışdır. Bütün kommunal xəclərini özü ödəmişdir. İddiaçı isə bu illər ərzində Azərbaycanda bir-iki dəfə olmayıb. Miqrasiya xidmətindən sorğu vasitəsi ilə iddiaçının ölkəyə giriş-çıxışını müəyyə n etmək olar.
23. Birinci instansiya məhkəməsi digər vərəsələr X19, X20, X13, X14, X15, X17 və Cavabdeh da mübahisə predmeti barəsində müstqəil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb etmişdir.
24. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(007)-84/2024 nömrəli qətnaməsi ilə, iddia tələbinin qismən təmin edilməsi, Bakı şəhəri, Nizami rayonu, Gəncə prospektində yerləşən 69 saylı binanın 13 nömrəli mənzilindən ibarət olan miras əmlak üzərində İddiaçı 81/256 hissədə, X11, X12, X4, X5, X6, X9 və Cavabdeh hər birinə 25/256 hissədə paylarının müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Ülkər Yusifova).
25. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, XXX 08 noyabr 2017-ci il tarixdə vəfat etmişdir. XXX mübahisəli mənzili iddiaçıya vəsiyyət etmişdir. X18 16 fevral 2022-ci il tarixdə vəfat etmişdir. X13, X20 və X19 özlərinə düşən miras paylarından iddiaçının oğlunun xeyrinə imtina etmişlər. Lakin sonra X17, X15 və X14 notarial qaydada ərizə yazaraq paylarına düşən hissənin cavabdehə verilməsinə razılıq vermişlər
26. Birinci instansiya məhkəməsi iddia tələbinin mirası qəbul etməsi faktının müəyyən edilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu tərəfindən “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarına əsasən mirasın faktiki qəbul edilməsi ilə bağlı məsələ öz həllini tapdığından iddia tələbinin həmin hissəsinə əlavə qiymət verməyə zərurət yoxdur. Belə ki, işin hallarına istinadən iddiaçı qərarında qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməmişdir.
27. İddia tələbinin miras əmlak üzərində tam payın müəyyən olunması hissəsinə münasibətdə Birinci instansiya məhkəməsi göstərmişdir ki, XXXnun vərəsələri arvadı və uşaqlarıdır. Həmçinin İ.Süleymanov vəsiyyətnamə ilə mübahisəli mənzili iddiaçıya vəsiyyət etmişdir. Lakin mənzil XXX ilə X10 birgə nikah dövründə əldə olunmuşdur. İddiaçı Rusiya Federasiyasında pul qazanıb atası XXXna ev alması üçün göndərdiyini bildirsə də, bu halı təsdiq edəcək heç bir sübut təqdim etməmişdir. Belə olan halda, vəsiyyət qoyan birgə nikah dövründə əldə olunmuş əmlaka münasibətdə yalnız öz payını vəsiyyət edə bilərdi.
28. Birinci in stansiya məhkəməsi Mülki Məcəlləsinin 1193-cü maddəsinə əsasən hesab etmişdir ki, əmlakın vəsiyyətnamə verilmiş hissəsinə yəni XXXnun hissəsinə digər vərəsələrin məcburi payı vardır. X3 da vəfat etdiyindən övladlarının, yəni 1-ci dərəcəli vərəsələrin mübahisəli mənzildə onun birgə nikah dövründə əldə olunmuş hissəsinə payları vardır.
29. İş materiallarına əlavə olunmuş paydan imtina barədə ərizələrə münasibətdə birinci instansiya məhkəməsi vurğulamışdır ki, Mülki Məcəllənin 1256-cı maddəsinin tələbinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnaməyə əsasən miras qoyan XXX 08 noyabr 2017-ci il tarixdə ölmüşdür. Lakin notarial qaydada təsdiq olunmuş ərizələ rdən görünür ki, X9 (xx.xx.2022), X6 (xx.xx.2022), X5 (xx.xx.2022) 08 noyabr 2017-ci il tarixdə vəfat etmiş ataları XXXndan qalmış miras payı qəbul etməmişlər, bu barədə heç bir tələbləri yoxdur, mirasın qəbulu üçün buraxılmış müddətin bərpası ilə əlaqədar məhkəmədə mübahisə etməyəcəklər. Beləliklə, ərizələr 5 il sonra yazıldığından onlar mirasın qəbulundan imtina kimi qəbul də bilməz.
30. Birinci instansiya məhkəməsinin mövqeyinə görə ki, XXX 08 noyabr 2017-ci il tarixdə vəfat edəndən sonra ondan qalmış miras əmlak üzərində ½ hissədə X10 payı vardır. Bu səbəbdən miras əmlakın digər yarısı, yəni XXXnun ½ hissədə payı üzərində vərəsələrin payı aşağıdakı şəkildə müəyyən edilməlidir: - X10 və övladları X11, X12, X4, X5, X6, X9 və Cavabdeh payı 1/2:8=1/16 – hər bir vərəsənin məcburi payı, iddi açının payı isə 8/16 təşkil edir.
31. X10 vəfatından sonra ümumi əmlakdan ona məxsus 17/32 (32/32(8/32+7x1/32)=32/32-(8/32+7/32)=32/32-15/32=17/32) hissə isə bölünməlidir. Vərəsələr, yəni övladları X11, X12, X4, X5, X6, X9 və Cavabdeh və İddiaçı arasında. İddiaçı (iddiaçıya) 8/32 hissə, digər 7 vərəsəyə hər birinə 1/32 hissə müəyyən olunmalıdır. Buna görə də mübahisəli mənzildə iddiaçının ümumi payı 17/32:8=17/256+8/32=81/256 təşkil edir. Həmin mənzildən X19, X20, X13, X14, X15, X17 və Cavabdeh hər birinə 1/32+17/256=25/256 pay müəyyən olunur.
32. Beləliklə, XXXndan və X7 miras qalmış mübahisəli mənzil üzərində iddiaçının 81/256, cavabdeh və digər vərəsələrin isə hər birinin 25/256 hissədə payı müəyyən edilməlidir.
33. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 1133.1, 1133.2, 1159.1, 1193, 1194, 1196, 1202.1, 1202.2, 1243.1, 1243.2, 1256-cı, “Notariat haqqında” Qanunun 55, 59-cu maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 8 yanvar 2021-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsindəki icraat
34. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin olunmayan və miras əmlak üzərində cavabdehin və digər vərəsələrin hər birinə 25/256 hissədə paylar ın müəyyən edilməsi hissəsində ləğv, həmin hissələrdə də iddianın təmin olunması haqqında yeni qətnamə çıxarılmasını xahiş etmişdir
35. Apellyasiya şikayəti belə əsaslandırılıb: - ümumi əmlaka daxil olan predmet ər-arvad arasında mübahisəli deyilsə və ya öz razılıqları ilə artıq bölünmüşsə, məhkəmə həmin predmetləri tərəflərin iradəsi ziddinə bölə bilməz. Birinci instansiya məhkəməsi qanuna zidd olaraq iddia tələbi olmadığı halda hər birinin payı qabaqcadan müəyyənləşdirilmədən ümumi əşyada birinin payının ayrılmasını və vərəsələr arasında həmin payın bölünməsini həyata keçirmişdir. Məhkəmə bu barədə iddia tələbi olmadan bunu özbaşına həyata keçirmişdir. İşdə qarşılıqlı iddia yoxdur. X10 heç vaxt belə bir tələbi olmamışdır. X10 bu barədə tələbi olsaydı, yaxud bu barədə tələb irəli sürdük dən sonra ölsəydi, vərəsələrin tələbi ilə məhkəmə işə baxa və bölgü həyata keçirə bilərdi. Lakin nə mərhum X18, nə də onun vərəsələrinin iddia tələbi olmadan məhkəmənin hər hansı ümumi əşyanın bölgüsünü aparması qanuna ziddir; - miras əmlakın vəsiyyət edildiyi 2008-ci ildən bəri, sonradan miras qoyan XXXnun vəfat etdiyi 08 noyabr 2017-ci il tarixdən etibarən, eləcə də X10 vəfat etdiyi 16 fevral 2022ci il tarixdən etibarən, nə də həmin tarixlərədək, habelə hazırki tarixədək X10 miras əmlakdakı payının müəyyənləşdirilməsi və bölünməsi ilə bağlı tələbi omamışdır. Məhkəmənin icraatında sadəcə iddiaçının iddiası vardır, qarşılıqlı iddia mövcud deyildir. Tələb olmadan isə ümumi əşyadakı (ər-arvadın birgə mülkiyyəti) payın müəyyənləşdirilməsi və bölünməsi qanuna ziddir; - iddiaçı miras açıldığı v axtdan miras əmlaka sahiblik edir və ondan istifadə edir. Digər vərəsələr mirasın bölüşdürülməsi üçün gəlməmiş, daha sonra isə yazılı ərizə verərək mirasdan imtina etmişlər. Odur ki, iddiaçı miras əmlakı – mübahisəli mənzili tam olaraq öz adına qeydiyyata alınması ilə bağlı tələbində tamamilə haqlı olmuşdur; - mirasdan imtina mübahisəli mənzil barədə olmuşdur. Belə olan halda məhkəmə mirasdan imtina ərizələrini mərhum X7 qalan mirasa münasibətdə də qəbul etməli idi. Lakin məhkəmə bu barədə heç bir açıqlama verməmişdir; - X10 əmlak payını ayıran və miras əmlak kimi bölən məhkəmə imtina ərizələrini həmin mirasa hansı səbəblə aid etmədiyini açıqlamamış, bununla da maddi hüququ düzgün tətbiq etməmişdir; - məhkəmə iddiaçının atasından qalan miras üzrə vərəsələrin mirasdan imtina ərizələrini müd dət keçdiyi üçün qəbul etmədiyini qeyd etdiyi halda, iddiaçının anasından qalan miras payı üzrə müddət ötürülmədiyi üçün imtina ərizələrini qəbul etməli idi; - iddiaçının anası X18 16 fevral 2022-ci il tarixdə ölmüş və 2022-ci ilin fevral və mart aylarında vərəsələr mirasdan imtina etmişlər. Müddət ötürülməmişdir. Mirasdan imtina edən vərəsələr mübahisəli mənzilindən bütovlükdə imtina etmişlər. Artıq verilmiş olan, notarial qaydada da təsdiq olunan mirasdan imtina ərizələrinin geri götürülməsi mümkün deyildir. Vərəsələrin azad iradələrinin ifadəsi kimi notarial qaydada artıq vermiş olduqları ərizələr nəzərə alınmaya bilməz. Bu hal Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarına və mülki qanunvericiliyin aşağıdakı prinsiplərinə ziddir: - mülki hüquq subyektlərinin iradə sərbəstliyi; - mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması; - məhkəmənin mülki hüquq subyektlərinin iradəsinə zidd olaraq özbaşına şəkildə onların əmlak hüquqları barədə qərar qəbul etməsi hüquqa ziddir. Məhkəmənin qətnaməsi vərəsəlik hüququnda vərəsəliyə çağırılan şəxslərin azad seçimi prinsipinin pozulmasına rəvac vermişdir - X18 miras əmlak üzərində hər hansı şəkildə sərəncam verilməsinə etiraz etməməsi barədə xx.xx.2017-ci il tarixində notarial qaydada ərizə vermişdir. İddiaçının anası atasının ölümündən - 08 noyabr 2017-ci il tarixindən 16 fevral 2022-ci il tarixinədək sağ olmuşdur, ərinin ölümündən sonra yaşadığı 5 ilə yaxın bir müddətdə iddiaçının anası vərəsəlik hüququ üzrə heç bir tələb irəli sürməmiş, eləcə də ümumi əmlakda (miras əmlak, vəsiyyət olunan əmlak) ona məxsus p ayla bağlı da heç bir tələbi olmamış, payının ayrılması yaxud bölünməsi ilə bağlı heç bir tələb irəli sürməmişdir. Vəsiyyətnamənin verildiyi 2008-ci ildən ölüm tarixinədək - 16 fevral 2022-ci il tarixinədək X18 vəsiyyətnaməni və miras əmlakı heç bir şəkildə mübahisələndirməmişdir. Əksinə, xx.xx.2017-ci il tarixində notarial qaydada ərizə rəsmiləşdirərək miras əmlak üzərində hər hansı sərəncam verilməsinə etirazının olmadığını təsdiq etmişdir; - beləliklə, X1 miras əmlakla bağlı hər hansı haqqa sahib olmadığını şəxsən və bilavasitə qəbul edərək təsdiq etmiş, bununla bağlı hər hansı tələb hüququnun belə ortadan qalxmasına şərait yaratmış, bunu təmin etmiş, nümayiş etdirmiş, bunları bilərək və istəyərək azad iradəsilə etmişdir; - mübahisəli mənzili üzərində hər hansı əmlak hüquqlarına dair tələbi olmadığı halda məhkəmənin ona ümumi mülkiyyətdə payı ayırması və vərəsəlik hüququnun predmeti olaraq bölüşdürməsi qanun pozuntusudur. Cavabdeh və üçüncü şəxslərin hamısının miras əmlakla bağlı hər hansı tələb hüququ, hər hansı mübahisə açmaq hüququ ortadan qalxmışdır. X2 da sağlığında miras əmlakla bağlı hər hansı mübahisə açmaq hüququ ortadan qalxmışdı.
36. Apellyasiya baxışında iddiaçının nümayəndəsi apellyasiya şikayətinin müdafiə etmiş və vəsatət verərək bildirmişdir ki, hazırki iş üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354, 355, 357, 358.2., 1231.1., 1252, 1256, 1268.1, 1269, 1272, 1301-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsi zərurəti yaranmışdır. Şəxslərin iradələrindən kənar vərəsə olmasının qarşısını almaq məqsədilə qanunverici mirasdan imtina hüququnu nəzərdə tutmuşdur. Mirasdan imtinanın xüsusi müddətə tabe tutulması, hüquqi müəyyənlik prinsipinin tələblərinə cavab vermədiyi kimi, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığı kimi, Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğun hesab edilməsi mümkün sayılmır. Vərəsəlik hüququnda xüsusi iddia müddəti aşağıdakı tələblər üzrə nəzərdə tutulmuşdur: Şəxsin ləyaqətsiz vərəsə sayılması barəsində iddia üçün müddət – 5 il (MM-nin 1143 cü maddəsi), vəsiyyətnamənin qüvvədən düşmüş sayılması barədə iddia üçün müddət – 2 il (MM-nin 1231.1-ci maddəsi), mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində iddia üçün müddət – 2 ay (MM-nin 1272-ci maddəsi), vəsiyyət tapşırığının icra olunmasını tələb etmək barədə iddia üçün müddət 3 il (MM -nin 1213-cü maddəsi), məcburi payın tamamlanmasını tələb etmək barədə iddia üçün müddət – 2 il (MM-nin 1200-cü maddəsi). Hazırki işə tətbiq olunmalı olan qanun müddəalarının, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354, 355, 357, 358.2., 1231.1., 1252, 1256, 1268.1, 1269, 1272, 1301-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsi zərurəti ortaya çıxmışdır.
37. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3992/2024 nömrəli, 20 avqust 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Fərrux Qasımov (sədrlik edən və məruzəçi), Fuad Abdıyev, Xəyal Sarıyev).
38. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq n ormalarının pozulması və ya düzgün tətbiq olunmaması hallarının, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsasların müəyyən edilmədiyini qeyd etmişdir.
39. Apellyasiya instansiyası məhkəməsi nə X2, nə də onun vərəsələrinin iddia tələbi olmadan məhkəmənin hər hansı ümumi əşyanın bölgüsünü aparmasının qanuna zidd olması barədə apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən əmlakın bölgüsü aparılmamışdır. Mübahisə predmeti olan əmlakın XXX ilə X8 birgə nikahda olduqları dövrdə əvəzli qaydada əldə olunması işin mübahisələndirilməyən halıdır, yəni, əmlak onların birgə mülkiyyətindədir. XXX tərəfindən vəsiyyətnamə verilsə də, bu vəsiyyətnamə yalnız əmlakın onun özünə aid hissəsinə verilə bilərdi. Mülki qanunvericilik də bu hallar üzrə “birgə vəsiyyətnamə” anlayışından da istifadə edilir və bu məfhum özlüyündə birgə mülkiyyətdə olan əmlaklara dair sərəncam verilməsini ehtiva edir. Lakin işin hallarından da görünür ki, vəsiyyətnamə yalnız XXX tərəfindən verilmişdir. Buna görə də bölgünün qətnamədə göstərilən qaydada aparılması qanuna zidd olmamışdır.
40. Şikayətin digər dəlili kimi qeyd edilmişdir ki, məhkəmə mirasdan imtina ərizələrini mərhum X7 qalan mirasa münasibətdə qəbul etməli idi, X10 əmlak payını ayıran və miras əmlak kimi bölən məhkəmə imtina ərizələrini həmin mirasa hansı səbəblə aid etmədiyini açıqlamamış, bununla da maddi hüququ düzgün tətbiq etməmişdir.
41. Apellyasiya instansiyası məhkəməsi şikayətin bu dəlilini də əsassız hesab edərək bildirmişdir ki, yuxarıda qeyd olunduğu kimi miras ə mlak tərəflərin birgə mülkiyyəti olmuş, vərəsələrin istər mirasın qəbulu, istərsə də mirasdan imtina ilə bağlı iradə ifadələri miras qoyanların hər ikisinin ölümündən sonra həyata keçirilmiş, birinci instansiya məhkəməsi də düzgün olaraq imtina ərizələrini bütün miras əmlaka münasibətdə qiymətləndirmişdir.
42. İddiaçının nümayəndəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin mirasdan imtina ilə bağlı normaların şərh edilməsi zərurət yaranması ilə bağlı dəlilinə münasibətdə apellyasiya instansiyası məhkəməsinin mövqeyi belə olmuşdur ki, qeyd olunan normalarla digər normalar arasında hər hansı bir ziddiyyət mövcud deyildir. Bu barədə arqumentlər onunla əsaslandırılır ki, mirasdan imtinanın xüsusi müddətə tabe tutulması, hüquqi müəyyənlik prinsipinin tələblərinə cavab vermədiyi kimi, mülki yyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxarır.
43. Qeyd olunan xüsusatla bağlı apellyasiya instansiyası məhkəməsi vurğulamışdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, və 1273-1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 26 dekabr 2023-ci il tarixli Qərarında vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələrinin mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və həmin Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməsi qənaətinə gəlinməsi ilə yanaşı, qərarın əsaslandırıcı hi ssəsində mirasın qəbulundan imtina üçün müddətin əhəmiyyəti də qeyd olunmuşdur.
44. Həmin qərarda haqlı olaraq qeyd olunur ki, “İmtina müddəti kreditorların mirasdan imtina edilib-edilməməsini, imtina edilmişdirsə borclu olan vərəsələrin dəqiq dairəsini bilmələri və iddia qaldırmaq hüquqlarından istifadə edə bilmələri üçün əlverişli olduğu kimi, borclu vərəsələr baxımından da payların dəqiq müəyyən edilməsi, kreditorlar qarşısında məsuliyyətin qətiləşməsi və uzun müddət məhkəmə çəkişməsi təhdidi altında qalmalarının qarşısını almaq baxımından olduqca mühümdür.”
45. Normaların şərh olunmasının zəruriliyi barədə vəsatətdə daha sonra qeyd olunur ki, hazırki iş üzrə bir çox vərəsələrin gah iddiaçının, gah da cavabdehin xeyrinə mirasdan imtinaya dair ərizə vermələrinin dürüstlük qaydaları və vi cdanılılıq prinsipinə zidd olduğu, hüquqlardan sui-istifadədir
46. Apellyasiya instansiyası məhkəməsi bununla bağlı qeyd etmişdir ki, hazırkı mübahisə üzrə birinci instansiya məhkəməsi miras əmlakı bölərkən imtina ərizələrini, ümumiyyətlə, nəzərə almamış, yuxarıda qeyd olunduğu kimi ərizələrin qanunvericiliklə müəyyən olunmuş müddət ərzində verilmədiyini əsas kimi göstərmişdir. Yəni, hazırkı situasiyada hüquqdan sui-istifadə halının mövcud olub – olmadığından asılı olmayaraq imtina ərizələri nəzərə alınmamış və miras əmlakın bölgüsü həyata keçirilmişdir. Buna görə də bu xüsusatın araşdırılması mübahisənin həlli baxımından əhəmiyyət kəsb etmir.
47. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 1133.1, 1133.2, 1159.1, 1193, 1194, 1196, 1202.1, 1202.2, 1243.1, 1243.2, 1 261, 1268.1-ci; “Notariat haqqında” Qanunun 55, 59-cu; Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 08 yanvar 2021-ci il tarixli, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “ Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci il tarixli Qərarı, və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, və 1273-1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 26 dekabr 2023-ci il tarixli Qərarına istinadən əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etira zın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
48. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması, iddiaçının vəsiyyət üzrə də vərəsəsi sayılmaqla mübahisəli mənzildən ibarət miras əmlak üzərində tam payının müəyyən olunması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
49. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçın atası mübahisəli mənzili ona vəsiyyət etmiş və anası buna razılıq vermişdir. Yəni vəsiyyət hər iki valideynin razılığı ilə olunmuşdur. Başqa cür olsaydı, X18 vəsiyyətnamənin verildiyi 2008-ci ildən, eləcə də miras qoyanın vəfat etdiyi 2017-ci ildən özünün vəfat etdiyi 2022-ci ilədək bununla bağlı hər hansı etiraz, irad və ya tələb irəli sürərdi. X18 isə nəinki etiraz və tələb irləi sürməmiş, s ağlığında ayrıca notariat qaydasında da razılıq ərizəsi vermişdir. Bununla da iddiaçının anası vəsiyyətnaməni bəyəndiyini notariat qaydasında da təsdiq etmişdir. Buna görə də məhkəmənin vəsiyyətnamə predmeti olan əmlakın ½ hissəsinin vəsiyyətdən kənarlaşdırması qanun pozuntusudur. Apellyasiya instansiyası məhkəməsi iş üzrə həlledici əhəmiyyət kəsb edən qeyd olunan fakta, işdə olan və təqdim olunmuş sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməmişdir. Bu pozuntu isə iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnmişdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hüquqi təbiətinə görə əqdin bəyənilməsi birtərəfli əqd olaraq qəbul edilir, belə ki, onun bağlanması üçün yalnız təmsil edilən şəxsin iradə ifadəsi zəruri və yetərlidir. Mülki Məcəllənin 355.2-ci maddəsinin “razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur” müddəası mahiyyət və məzmun etibarı ilə məhz bəyənmə hallarına aiddir. Bu nöqteyi-nəzərdən də hüquqi baxımdan məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konkludent hərəkətləri və rəftarı (məsələn, əqd üzrə icra olunanların qəbul edilməsi, əşyaya dair sənədlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir. Bu baxımdan, əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, əqdə razılığın olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar. Mülki Məcəllənin 358-ci maddəsinə əsasən, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Mülki Məcəllənin səlahiyyət verilməyən şəxsin əqd bağlaması adlanan 360.2-ci maddəsinə görə, təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. İddiaçının ata sından qalan miras üzrə vərəsələrin mirasdan imtina ərizələrini müddət keçdiyi üçün qəbul etmədiyini qeyd edən məhkəmə, iddiaçının anasından qalan miras payı üzrə müddət ötürülmədiyi halda mirasdan imtina ərizələrini qəbul etməmişdir. Bunun səbəbi də qətnamədə açıqlanmamışdır. İddiaçının vəkilinin bü xüsusata məhkəmənin münasibət bildirməsi, hüquqi qiymət verməli olması barədə təkidləri cavabsız qalmış, apellyasiya İnstansiya məhkəməsi də qətnaməsində bu barədə heç bir fikir bildirməmişdir. Halbuki bu məsələnin iş üzrə olduqca önəmli xüsusat olduğu şübhəsizdir. İddiaçının anası X18 16 fevral 2022-ci il tarixdə ölmüş və 2022-ci ilin fevral və mart aylarında vərəsələr mirasdan imtina etmişlər. Müddət ötürülməmişdir. Mirasdan imtina edən vərəsələr mənzildən bütovlükdə imtina etmişlər. Mirasda n imtina mənzili barədə olmuşdur. Belə olan halda məhkəmə mirasdan imtina ərizələrini mərhum X7 qalan mirasa münasibətdə də qəbul etməli idi. Lakin məhkəmə bu barədə heç bir açıqlama verməyərək özünün mülahizəsinə və istinad etdiyi qanuna zidd qərar qəbul etmişdir. Miras qoyanın vərəsələri mirasdan imtina etmişlər. Mirasdan imtina edən vərəsələr xarici ölkədə, Rusiyada yaşayırlar, Rusiya vətəndaşıdırlar. Onlar notariat qaydasında mirasdan imtina ərizələri vermişlər. Mirasdan imtina ərizələrini sadəcə onlar mübahisələndirə bilərlər, o da aldadılma, təhdid və s. hallarında ola bilər. Lakin hazırki iş üzrə vərəsələr belə bir hala istinad etmirlər, mirasdan imtina etdiklərini təsdiq edir, hətta ikinci bir mirasdan imtina ərizəsi təqdim etmişlər. Yəni hər bir halda vərəsələr mirasdan imtina e tdiklərini təkidlə bəyan edirlər. Belə olan halda, məhkəmənin şəxsin öz hüququna dair iradə ifadəsini nəzərə almaması qanuna ziddir. Digər tərəfdən qanun mirasdan imtina ərizəsinin geri götürülməsini qadağan edir. Bu qanunun məcburi tələbidir. Artıq verilmiş olan, notarial qaydada da təsdiq olunan mirasdan imtina ərizələrinin geri götürülməsi mümkün deyildir. Vərəsələrin azad iradələrinin ifadəsi kimi notarial qaydada artıq vermiş olan ərizələr nəzərə alınmaya bilməz. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məhz bu səbəbdən, məsələn, əqdin hər iki tərəfi aldatma yolu ilə hərəkət etdikdə onlardan heç biri aldadıldığına istinad edərək əqdi mübahisələndirmək hüququna malik deyil (Mülki M əcəllənin 339.3-cü maddəsi). Mülki Məcəllənin 560.3.4-cü maddəsinə əsasən, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır.Bu müddəa digər şəxsə zərər vura biləcək ziddiyyətli davranışı qadağan edir və şəxsin üzərinə ardıcıl rəftar etmək öhdəliyi qoyur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
50. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 1133.1.Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyy ətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1159.1.
1. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər)aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar. Maddə 1162. Sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. Maddə 1193. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Maddə 1194. Məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. Maddə 1196. Vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. Maddə 1202.1. Məcburi pay almaq hüququ olan vərəsə onu qəbul etməkdən imtina edə bilər, lakin bu imtina digər vərəsələrin məcburi payının artmasına səbəb olmur. Onun payı vəsiyyət üzrə vərəsələrə keçir Maddə 1202.2. Məcburi payın qəbul edilməsi və ya ondan imtina olunması mirasın qəbul edilməsi və ya ondan imtina olunması üçün müəyyənləşdirilmiş vaxt ərzində həyata keçirilməlidir. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun26 dekabr 2023-cü il tarixli Qərarı Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansi yası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
51. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
52. Kassasiya şikayəti ndə iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyi üçün kollegiya qətnaməni tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya baxışının predmeti və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianını təmin edilməyən hissəsi üzrə olub. Bu baxımdan, qətnamənin tam yoxlanılması dedikdə, apellyasiya baxışının predmeti olan həmin hissə başa düşülür.
53. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzg ün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
55. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə düzgün nəticəyə gəlmiş, apellyasiya şikayətinin dəlillərinə qiymət vermişdir.
56. Məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəflərin təqdim etdikləri sübutları ətraflı araşdırmış, iddia tələbi üzrə hansı sübutun mötəbər, hansının isə qeyrimötəbər olduğunu prosessual normalara əsasən müəyyən etmiş, apellyasiya şikayətinin dəlillərin ə qiymət vermiş, əsaslı hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsaslarını düzgün müəyyən etmişdir.
57. Bu baxımdan, hazırda qiymət verilməli olan məsələ kassasiya şikayətinin dəlilləridir.
58. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində əsasən üç dəlil irəli sürülüb.
59. Birinci dəlil ondan ibarətdir ki, ümumi əmlaka daxil olan mənzildəki paylar (miras əmlak) ər-arvad arasında mübahisəli olmayıb, iddiaçının anası sağlığında həmin əmlakdakı payı ilə bağlı mübahisə açmayıb.
60. Məhkəmə kollegiyası bu dəlillə bağlı qeyd edir ki, Mülki Məcəllənin 1162-ci maddəsinə görə sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsin ə aid deyildir.
61. Mübahisəli mənzilin ər-arvadın ümumi əmlak olmasını iddiaçı da mübahisələndirmir. Əksinə, mənzilin ər-arvadın ümumi əmlak olmasını, sadəcə bununla bağlı anasının heç vaxt mübahisə açmamasını bildirir.
62. İddiaçının anasının ümumi əmlaka daxil olan mənzildəki payla bağlı mübahisəsinin olmaması isə, həmin əmlakın yarı hissəsinin ananın mülkiyyətində olmaması anlamına gəlmir. Bu, Ailə Məcəlləsinin 31.1-ci maddəsinə əsasən ər-arvadın birgə mülkiyyətinin qanuni rejimindən irəli gələn prinsipdir. Buna görə də Mülki Məcəllənin yuxarıda qeyd edilən 1162-ci maddəsinə görə ananın birgə mülkiyyətdən ona çatası əmlak hissəsinə vəsiyyətnamə üzrə miras açılmamışdır. Həmin əmlakın yarı (ataya aid) hissəsinə iddiaçının atasının ölümü ilə vəsiyyət üzrə miras açılmışdır.
63. İkinci dəli l ondan ibarətdir ki, iddiaçının atası mübahisəli mənzili ona vəsiyyət etmiş və anası buna razılıq vermişdir. Yəni vəsiyyət hər iki valideynin razılığı ilə olunmuşdur. Başqa cür olsaydı, iddiaçının anası vəsiyyətnamənin verildiyi 2008-ci ildən, eləcə də miras qoyanın vəfat etdiyi 2017-ci ildən özünün vəfat etdiyi 2022-ci ilədək bununla bağlı hər hansı etiraz, irad və ya tələb irəli sürərdi. X18 isə nəinki etiraz və tələb irəli sürməmiş, sağlığında ayrıca notariat qaydasında da razılıq ərizəsi vermişdir. Bununla da iddiaçının anası vəsiyyətnaməni bəyəndiyini notariat qaydasında da təsdiq etmişdir.
64. Bu dəlilə gəldikdə, qeyd edilməlidir ki, iddiaçının anasının vəsiyyətnaməyə razılıq verməsi, onu bəyənməsi işə baxan məhkəmələr tərəfindən müəyyən edilməyib. Məhkəmələr iddiaçının anasının not arial qaydada ərizə verərək ərinə məxsus mənzilin satılmasına, bağışlanmasına, dəyişdirilməsinə etiraz etmədiyini müəyyən etmişlər. Bu isə, iddiaçının dediyi kimi, vəsiyyətnamənin bəyənilməsinə yönələn iradə ifadəsi və ya hərəkət deyil. Başqa sözlə, məhkəmələr iddiaçının anasının istər notarial qaydada ərizə verməklə, istərsə də, konkludent hərəkət və rəftarı ilə bütün əmlaka dair vəsiyyətnaməni bəyəndiyini müəyyən etməyiblər.
65. Kassasiya şikayətinin üçüncü dəlili ondan ibarətdir ki, atadan qalan miras üzrə vərəsələrin mirasdan imtina ərizələrini müddət keçdiyi üçün qəbul etmədiyini qeyd edən məhkəmə, anadan qalan miras payı üzrə vərəsələrin mirasdan imtina ərizələrini müddət ötürülmədiyi halda qəbul etməmişdir.
66. Məhkəmə kollegiyası bu dəlili də əsassız sayır. Belə ki, üçüncü şəxs qis mində cəlb edilmiş vərəsələrin anadan qalan mirasdan imtina barədə ərizə vermələri işə baxan məhkəmələr tərəfindən müəyyən edilməyib. Əksinə, müəyyən edilib ki, həmin vərəsələrdən üç nəfəri atadan qalan miras üzrə məcburi paylarından imtina etdiklərini, digər üç vərəsə isə atadan qalan mirası qəbul etmədiklərini göstərmişlər. Göründüyü kimi, digər vərəsələr mübahisəli mənzilin anaya çatan hissəsi üzrə mirasdan, ümumiyyətlə, imtina etməyiblər.
67. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
68. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayə ti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3992/2024 nömrəli, 20 avqust 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.