Məhkəmə qərarları › İş №2(102)-2376/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2376/2025

30.07.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2376/2025 30.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “vərəsəlik üzrə məcburi payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi, apellyasiya şikayəti vermək hüququ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 iyun 2025-ci il tarixli, 2(103)2904/2025 nömrəli qərardadından Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Azə rbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 22 oktyabr 2016-cı ildə Bakı şəhərində vəfat etmiş mərhum anası X1 miras qalmış və tərəfindən faktiki qəbul edilmiş ünvan 1 ünvanında yerləşən mənzildən ona qanun üzrə vərəsəlik zamanı çatası məcburi payın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 mart 2025-ci il tarixli, e-2(004)478/2025 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, ünvan 1 ünvanında yerləşən mənzilə münasibətdə İddiaçı ¼ hissədə məcburi payı müəyyən edilməsi qət edilmişdir.

3. Həmin qətnamədən Cavabdeh1 ape llyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 aprel 2025-ci il tarixli, 2(103)-2904/2025 nömrəli qərardadı ilə apellyasiya mümkün hesab edilərək, baxışa təyin edilsə də, sonradan Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 iyun 2025-ci il tarixli, 2(103)-2904/2025 nömrəli qərardadı ilə (hakim İ.S.Şirinovun sədrliyi və məruzəsi ilə, hakimlər N.Ş.Cəfərov və E.C.Kazımov) həmin Məhkəmənin 15 aprel 2025-ci il tarixli mümkünlük qərardadı ləğv edilmiş və Cavabdeh1 tərəfindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 mart 2025-ci il tarixli, e-2(004)-478/2025 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab olunmuş, onun şikayəti geri qaytarılması üçün mülki iş birinci instansiya məhkəməsinə gönd ərilmişdir.

4. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, miras qoyan 22 oktyabr 2016-cı il tarixdə vəfat etmişdir və iddiaçı onun qızı - birinci növbənin vərəsəsidir. Eyni zamanda, iş materiallarına əsasən müəyyən olunmuşdur ki, miras qoyan 28 avqust 2013-cü il tarixli vəsiyyətnaməyə əsasən ölən günədək ona məxsus olan harada yerləşməsindən, nədən ibarət olmasından asılı olmayaraq bütün daşınar və daşınmaz əmlakını Cavabdeh2 vəsiyyət etmişdir. Həmçinin, miras qoyanın 2 övladı olmaqla, İddiaçı və Cavabdeh1 onun birinci növbə vərəsələridir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, ünvan 1 ünvanında yerləşən mənzilin Cavabdeh2 vəsiyyət edilməsi ilə mübahisə predmeti olan həmin mənzil İddiaçı və Cavabdeh1 qanuni vərəsələr kimi onlara düşən ½ hissə payın yar ısı (½: 2 = ¼) hissəsində məcburi payla məxsusdur.

5. Mülki Məcəllənin 1202.1-ci maddəsinin dispozisiya şərtlərinə istinad edən apellyasiya məhkəməsi hesab etmişdir ki, qanunun tələbi baxımından hazırkı halda iddiaçının iddiasının təmin və ya rədd edilməsinin Cavabdeh1 məcburi payının artıbazalmasına hər hansı təsiri ola bilməz. Madam belə isə, onda Cavabdeh1 hazırkı qətnaməni mübahisələndirməsinin anlamı qalmır, çünki məcburi pay hüququ olan digər vərəsənin iddiasının təmin edilməsi ilə onun hər hansı qanunla qorunan hüququ, eləcə də hər hansı maddi və s. mənafeyi pozulmur. Demək ki, hazırkı halda Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 mart 2025-ci il tarixli, e-2(004)-478/2025 nömrəli qətnaməsinin şikayətçi Cavabdeh1 hüquq və mənafelərinə toxunması halı müəyyən edilmir.

6. Qaldı ki, bu mübahisə üzrə Cavabdeh1 iddia ərizəsində cavabdeh kimi göstərilməsinə, bununla bağlı apellyasiya məhkəməsi qeyd etmişdir ki, onun cavabdehliyi formal və əsasız olmuşdur. Çünki MPM-in 50.2-ci maddəsində kimlərin iddiaçı, 50.3-cü maddəsində isə kimlərin cavabdeh olması təsbit edilmişdir. İstinad olunan normaların məzmunundan, eləcə də sistematik təfsirindən belə nəticə hasil olur ki, cavabdeh irəli sürülmüş tələbə cavab verməli olan şəxs ola bilər. Başqa sözlə desək, iddia üzrə o şəxs cavabdehdir ki, onun hərəkəti - iddianı tam və ya qismən etirafı öz-özlüyündə tələbin təminini şərtləndirmiş olsun. Əks halda, yəni əgər cavabdehin tələbi etiraf etməsi iddianın təmininə təsir göstərə bilmirsə, demək ki, həmin şəxs verilmiş tələb üzrə cavabdeh deyildir. Buradan da belə qənaət hasil olur ki, iddia ərizəsində kiminsə və ya kimlərinsə “cavabdeh” qrafasında yazılması, hələ həmin şəxsin prosessual anlamda tələb üzrə cavabdeh olması demək deyildir. Mülki prosessual anlamda şəxsin statusu onun adının ərizəyə yazılması ilə deyil, araşdırılan mübahisənin hallarına əsasən müəyyən oluna bilər.

7. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1 və 357.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

8. Cavabdeh1 kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 iyun 2025-ci il tarixli, 2(103)-2904/2025 nömrəli qərardadının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 60 və 130-cü, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı, Mülki Prosessual Məcəllənin 357.1, 366.1, 372.7-ci maddələrinin tələbləri pozulmuşdur.

10. Belə ki, kassator cavabdeh olduğu və ona münasibətdə iddianın tam təmin edildiyi halda, apellyasiya instansiyası məhkəməsi həmin şikayəti qeyri-mümkün hesab etməklə, onu Konstitusiya və Konvensiya ilə qorunan məhkəmə müdafiəsi hüququndan məhrum etmişdir. Apellyasiya məhkəməsi qərardadında Cavabdeh1 formal cavabdeh olduğunu qeyd etsə də, nəzərə almamışdır ki, onun da payı olan mülkiyyət üzərində əlavə olaraq 9 ildən sonra başqa bir şəxsin məcburi payı tanımaqla və əlavə mülkiyyətçi meydana gəlməklə, həmin yeni mülkiyyətçi öz ailəsi ilə birlikdə mübahisəli mənzilə ailəsi ilə birlikdə köçüb yaşaya bilər. 9 ildən sonra məcburi payı yeni mülkiyyətçi Cavabdeh1 mübahisəli mənzilin satılmasını, naturada bölünməsini, hərraca çıxarılmasını, mənzildən istifadə qaydalarının müəyyən edilməsini tələb edə bilər. Belə olan halda, birinci instansiya məhkəməsinin qətnaməsinin Cavabdeh1 hüquqlarını pozmamasından söhbət gedə bilməz.

11. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

12. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq:

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvv əyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və də lillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.3-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

14. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır.

15. Belə ki, yuxarıda qeyd olunduğu kimi, apellyasiya məhkəməsinin mövqeyinə görə birinci instansiya məhkəməsinin qətnaməsi apellyatorun (kassatorun) maraqlarına toxunmadığından və onun cavabdehliyi formal olduğundan, onun apellyasiya şikayəti vermək hüququ olmamışdır.

16. Lakin, nəzərə alınmalıdır ki, kassasiya şikayəti vermək hüququnu təsbit edən Mülki Prosessual Məcəllənin 403.1-ci maddəsinin dispozisiya şərtlərindən fərqli olaraq (həmin maddədə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermək hüququ yalnız tələbləri təmin olunmayan şəxsə verilmişdir), apellyasiya şikayəti vermək hüququnu müəyyən edən Məcəlləsinin 357.1-ci maddəsində tərəflərə və üçüncü şəxslərə birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermək hüququ məhkəmə aktında ifadə olunmuş nəticədən asılı olmayaraq verilmişdir.

17. Göründüyü kimi, qanunverici məqsədli olaraq, apellyasiya və kassasiya vermək hüququnu müəyyən edən normaları fərqli tənzimləmişdir.

18. Həmçinin, qeyd olunmalıdır ki, mülki prosessual qanunvericiliyinə əsasən işdə iştirak edən şəxslərdən fərqli olaraq, Mülki Prosessual Məcəllənin 357.2 və 364.2-ci maddələrinə əsasən işdə iştirak etməyən şəxslər tərəfindən apellyasiya şikayəti verildikdə, birinci instansiya məhkəməsi qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını yoxlamalıdır.

19. Beləliklə, qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarının qarşılıqlı təhlili belə nəticəyə gəlməyə əsas verir ki, apellyasiya şikayəti vermək üçün şəxsin işdə iştirak etməsi (iddiaçı, cavabdeh və ya üçüncü şəxs qismində) kifayət edir və əlavə olaraq birinci instansiya məhkəməsinin qətnaməsinin onun hüquq və vəzifələrinin toxunması, tələblərinin olub-olmaması və həmin tələblərinin təmin edilməsi şərtindən asılı etmir.

20. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat ve rilir. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüququ hər kəsin məhkəməyə müraciət etmək hüququ ilə yanaşı, işinin ədalətli araşdırılmasını, eləcə də hüquq və azadlıqları pozulduğu halda, məhkəmə aktlarından qanunvericiliklə müəyyən edilmiş qaydada yuxarı instansiya məhkəmələrinə şikayət vermək hüququnu da ehtiva edir.

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında izah etmişdir ki, Konstitusiyanın 60-cı maddəsində nəzərdə tutulan məhkəmə müdafiəsi təminatı ilə bağlı rəhbər müddəa yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun həmçinin apellyasiya və kassasiya instansiyalarında həyata keçirilməsini ehtiva edir. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir. Bu hüq uq demokratik cəmiyyətdə mövcud olmaqla dövlətin konstitusiyası və qanunlarında öz əksini tapır. Sözügedən hüququn pozulması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini əhəmiyyətsiz edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 359-cu maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə, 26-cı maddəsinə, 60-cı maddəsinin İ hissəsinə və 71-ci maddəsinin İ və İİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 2003cü il 25 fevral və “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 22 may tarixli Qərarları).

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumumu “Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin şikayət i üzrə” 23 aprel 2004-cü il tarixli X2 Hüquqları Məhkəməsinin “Delkurun Belçikaya qarşı işi üzrə” qərarına istinadla qeyd etmişdir ki, “ədalətli məhkəmə araşdırması hüququ özündə üç elementin vəhdətini nəzərdə tutur: 1) qanun əsasında yaradılmış, müstəqilliyə və qərəzsizliyə dair bütün tələblərə cavab verən məhkəmənin mövcudluğu; 2) məhkəmənin mübahisəyə və ya ittihama dair bütün məsələləri həll etmək üçün kifayət qədər geniş yurisdiksiyaya malik olması; 3) müvafiq şəxsin məhkəməyə müraciət etmək hüququnun (və imkanının) olması. Bu elementlərin hər hansı birinin, o cümlədən qanunvericilikdə müəyyən edilən istisnalar nəzərə alınmaqla şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması, ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir”. Konstitusiya Məhkəməsi həmin qərarında həmçinin göst ərmişdir ki, şəxsin məhkəməyə müraciət etmək hüququ məhkəmə prosesinin bütün mərhələlərinə aiddir.

23. Mülki Prosessual Məcəllədə məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran şikayətin mümkünlüyü, prosessual müddətlər, məhkəmə qərarlarından şikayət verə biləcək konkret şəxslərin dairəsi və s. amillər nəzərdə tutulmuşdur. Lakin, birinci instansiya məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxsin apellyasiya şikayətinin mümkünlüyü müəyyən edilərkən, qətnamənin onun hüquq və maraqlarına toxunmasının müəyyən olunması qanunla təsbit olunmamışdır.

24. Belə olan təqdirdə, apellyasiya instansiyası məhkəməsi, yuxarıda qeyd olunan əsasa görə apellyasiya şikayətinə mahiyyəti üzrə baxmaqdan imtina etməklə, qanunla müəyyən olunmayan əsasla apellyatorun məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmışd ır.

25. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, apellyatorun cavabdehliyin formal olması ehtimalı onun apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması mərhələsində şikayətinin icraata qəbul edilməsindən imtina üçün əsas olmamalıdır.

26. Bu, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilərkən, iddianın (iddia təmin edildiyi halda isə qətnamənin) apellyatorun subyektiv hüququnu pozub-pozmaması və son nəticədə apellyasiya şikayətinin əsaslı olub-olmamasının qiymətləndirilməsi zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən nəzərə alınmalı amillərdəndir.

27. Belə ki, Azərbaycan Respublikası MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edi lmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

28. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.

29. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə müh üm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. (M.Bağırovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli Qərarı)

30. Bununla yanaşı nəzərdən qaçırılmamalıdır ki, belə hüquqa m alik olan şəxs apellyasiya şikayətində mübahisələndirilən birinci instansiya məhkəməsinin qətnaməsi ilə onun hüquqlarını məhdudlaşdıran və ya üzərində vəzifələri müəyyən edilən dəlilləri əsaslandırmalıdır.

31. Bu dəlillərin əsaslandırılmaması apellyasiya şikayətinin şəxsin apellyasiya şikayəti vermək hüququnun olmaması əsası ilə deyil, şikayətin Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilməsi əsası ilə qaytarılması (qeyri-mümkün hesab edilməsi) üçün əsas ola bilər.

32. Apellyasiya şikayətinin əsaslandırılması, lakin bu dəlillərin əsassız hesab olunması, o cümlədən apellyatorun subyektiv hüququnun pozulmamasının apellyasiya məhkəməsi tərəfindən müəyyən edilməsi apellyasiya şikayətinin rədd olunması üçün əsas hesab oluna bilər.

33. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Horronsbi Yunanıstana qarşı” 19 mart 1997-ci il tarixli qərarında göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi müəyyən edir ki, hər kəs mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə tərəfindən işinin araşdırılması hüququna malikdir. Razılığa gələn Tərəflərin hüquqi sistemi qəti, məcburi hüquqi qüvvəyə malik olan məhkəmə qərarlarının tərəfin birinə münasibətdə fəaliyyətsiz qalmağa imkan verdiyi halda, bu hüquq xəyali xarakter almış olardı. Konvensiyanin 6-cı maddəsinin yalnız ədalət mühakiməsinə çatmaq hüququnu tənzimləyən kimi tərtib olunması razılığa gələn Dövlətlərin Konvensiyanı imzalayarkən riayət etmələrini öhdələrinə götürdükləri hüququn aliliyi prinsipi ilə uyğunsuzluğa aparan vəziyyətə gətirib çıxaracaqdır.

34. Göstərilənlərə əsasən və Azərbayca n Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 iyun 2025-ci il tarixli, 2(103)-2904/2025 nömrəli qərardadı ləğv edilsin və iş materialları Cavabdeh1 apellyasiya şikayətinin mümkünlüyünün yenidən yoxlanılması üçün apellyasiya instansiyası məhkəməsi geri qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar