Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2386/2025 12.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pulun ödənilməsi, icarə münasibətləri) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi hakim), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “ödənilmiş pulun və dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1896/2025 nömrəli 18 mart 2025-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 12 avqust 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı 2023-cü ilin fevral ayında ilkin ödəniş 500 manat, gündəlik 25 manat ödəməklə “Toyota Prius” markalı avtomobili Cavabdeh icarəyə götürmüşdür.
2. Sonradan “Toyota Prius” markalı avtomobil “Nissan Note” markalı avtomobil ilə əvəz olunmuşdur.
3. İddiaçı icarə haqqından ödənişlər etmiş, avtomobil hazırda Cavabdehdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı (bundan sonra “iddiaçı”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12.400 manat pul vəsaitinin və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 150 manatın Cavabdeh (bundan sonra “cavabdeh”) tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İd dia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh ilə şifahi qaydada razılaşmış, ilkin ödəniş ödəyərək hər ay 700 manat ödəməklə etibarnamə ilə əvvəl “Toyota Prius”, daha sonra dəyişərək “Nissan Note” markalı avtomobil almışdır. Hər ödənişdən sonra iddiaçı razılaşmaya uyğun olaraq mülki etibarnamənin verilməsini istəsə də, cavabdeh etibarnamə verməmişdir. İddiaçı ödəmiş olduğu ümumilikdə 12400 manat pulun geri qaytarılmasını cavabdehdən tələb etmiş, cavabdeh isə 4000 manat pulu geri qaytara biləcəyini bildirmişdir. Nəticədə, cavabdeh avtomobili iddiaçının mülkiyyəti keçirmir.
6. Cavabdehin nümayəndəsi (vəkil) iddianın əsassız olmasını bildirmişdir.
7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 yanvar 2025-ci il tarixli, 2(004)449/2025 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim – Fariz Əlizadə)
8. Birinci instansiya məhkəməsi iddiaçının özünün hazırlıq iclasında verdiyi izahatını əsas götürülməklə müəyyən etmişdir ki, iddiaçı 2023-cü ilin fevral ayında ilkin 500 manat, gündəlik 25 manat ödəməklə “Toyota Prius” markalı avtomobili icarəyə götürmüşdür. Lakin, sözügedən avtomobildə nasazlıq olduğundan 2023-cü ilin aprel ayında cavabdehlə razılaşaraq həmin avtomobili “Nissan Note” markalı avtomobilə dəyişmişdir. İddiaçı gündəlik 25 manat olmaqla hər gün üzrə müvafiq ödənişlər həyata keçirmişdir. İddiaçı avtomobili cavabdeh (mülkiyyətçi) tərəfindən verilmiş etibarnamə ilə idarə etmişdir. Lakin, müvafiq müddət üzrə ödənişlər həyata keçirildikdən sonra sözügedən avtomobil cavabdeh tərəfindən iddiaçının adına keçirilməmiş, etibarnamənin müddəti uzadılmamışdır.
9. B irinci instansiya məhkəməsi göstərmişdir ki, iddiaçı cavabdeh ilə arasındakı münasibətləri alqı-satqı münasibətləri kimi qiymətləndirsə də, əslində tərəflər arasında baş tutmuş münasibətlər alqı-satqı deyil, icarə münasibətləridir. Belə ki, ilkin ödənişin məbləği və digər ödənişlərin aylıq deyil, günlük 25 manat olmaqla ödənilməsi, avtomobillərin markası, işgüzar qaydalar, formalaşmış bazar təcrübəsi nəzərə alınmaqla hesab edilir ki, bu münasibətlər icarə ilə bağlı yaranıb.
10. Bu səbəbdən birinci instansiya məhkəməsi mübahisəyə alqı-satqı müqaviləsi kimi yanaşmadığını bildirərək, onun etibarsızlığı və etibarsızlıqdan doğan hüquqi nəticələrinə toxunmadığını vurğulamışdır.
11. Birinci instansiya məhkəməsi qeyd edilənlərə əsasən hesab etmişdir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsi nin şifahi olması onun etibarsızlığına səbəb olmur. Həmçinin, sözügedən şifahi müqavilə üzrə etibarsızlığın digər xüsusatları müəyyən edilmir. Deməli, sözügedən müqavilə etibarlılıq şərtlərinə cavab verən şifahi formada bağlanmış icarə müqaviləsidir. İddiaçı müqavilə müddəti ərzində icarə obyektindən (avtomobil) istifadə etmiş və onun faydalı xassələrindən yararlanmışdır. Müvafiq ödənişlər isə məhz müqavilə çərçivəsində ödənilmişdir. Odur ki, ödənilmiş icarə haqqının geri tələb edilməsi əsassızdır.
12. Birinci instansiya məhkəməsi iddiaçının təqdim etdiyi CD-də olan səs yazılarının tədqiqi nəticəsində də, hazırkı mövqedən fərqli hüquqi mövqe aşkar etməmiş, danışıqların mətni üzrə tərəflər arasında münasibətlərin icarə münasibəti olmasının müəyyən edildiyni göstərmişdir (tələb edilən ödən ilməmiş icarə haqqlarının məbləği, etibarnamənin müddətinin uzadılması və s. hallar nəzərə alınmaqla).
13. Birinci instansiya məhkəməsi onu da qeyd edib ki, müqavilə obyektinin 2 ayrı-ayrı avtomobilin olmasını nəzərə alır (yeni avtomobilə münasibətdə yeni şifahi müqavilənin bağlanması kontekstindən). İcarə müqaviləsi iddiaçı (icarəçi) tərəfindən iradə ifadəsi bildirilməklə məhkəmədən kənar ləğv edilmişdir.
14. Birinci instansiya məhkəməsi bildirmişdir ki, iddiaçı iddia ərizəsində faktiki olaraq avtomobilin mülkiyyətə keçirilməsini tələb etsə də, iddia ərizəsi üzrə tələb 12400 manat pulun geri qaytarılmasıdır. İlk məhkəmə hazırlıq iclasında hakim tərəfindən iddiaçıya prosessual hüquqları izah edilmiş, iddia tələbinin dəqiqləşdirilməsi və sübutların təqdim edilməsi nəzərinə çatdırılsa da, mü sbət nəticə əldə edilməmiş, iddia ərizəsinin dəqiqləşdirilmiş forması isə ilkin tələbin mahiyyətini dəyişməmişdir. İddiaçı tərəfindən təqdim edilmiş bank hesabından çıxarış isə anlaşılmaz və qarışıq formadadır. İddia tələbi üzrə digər sübut məhkəməyə təqdim edilməmişdir.
15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 362.1, 421.2, 650, 700.1-ci, Mülki-Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində həmçinin qeyd edilmişdir ki, tərəflər arasında olan r azılaşma icarə müqaviləsi deyil, alğısatqı münasibəti olmuşdur. Rayon Məhkəməsi iş üzrə sübutlara düzgün qiymət verməmiş, işin hallarını səhv müəyyən etmiş, işə birtərəfli baxaraq maddi və prosessual hüquq normalarının pozulması ilə iddianın rədd edilməsi barədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir.
18. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1896/2025 nömrəli, 18 mart 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Məmməd Məmmədov (sədrlik edən və məruzəçi), Kamran Əkbərov, Azad İmanov)
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsini mövqeyi ilə razılaşaraq hesab etmişdir ki, tərəflər arasında baş tutmuş münasibətlər alğı-satqı deyil, icarə münasibətləridir. Belə ki, ilkin ödənişin məbləği və digər ödənişlərin aylıq deyil, günlük 25 manat olmaqla ödənilməsi, avtomobillərin markası, işgüzar qaydalar, formalaşmış bazar təcrübəsi (icarə ilə bağlı) bu qənaətə gəlməyə əsas verir. Odur ki, tərəflər arasındakı münasibətlərin növünü düzgün müəyyən etmiş Rayon Məhkəməsi həmin münasibətlərə icarə qaydalarını tətbiq etməkdə haqlı olmuşdur.
20. Həmçinin Rayon Məhkəməsi tərəfindən şifahi formada bağlanmış icarə müqaviləsinin etibarlılıq şərtlərinə cavab verməsi halına da düzgün qiymət verilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı müqavilə müddəti ərzində icarə obyektindən (avtomobil) istifadə etmiş və onun faydalı xassələrindən yararlanmışdır. Müvafiq ödənişlər isə məhz müqavilə çərçivəsində ödənilmişdir. O dur ki, ödənilmiş icarə haqqının geri tələb edilməsi əsassızdır.
22. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 337 362.1, 421.1, 600.4, 650, 1091.1-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
23. İddiaçı (vəkil-Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya və apellyasiya instansiya məhkəməsi müvafiq qətnaməni qəbul edərək iddia tələbinin əsassız olması qənaətinə gəlmişdir. Belə ki, apellyasiya instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə əsaslandırılarkə n MM-nin 337.5, 385.1, 425.1 və maddələrinə istinad edilməmişdir. Məhkəmə tərəfindən nəzərə alınmamışdır ki, cavabdehlə iddiaçı arasında alğı-satqı müqaviləsi olmuş və bunun əksini, yəni icarə müqaviləsinin mövcudluğunu cavabdeh heç bir mötəbər sübutla əsaslanmamışdır. Birinci instansiya məhkəməsi isə, yalnız cavabdehin dediklərinə əsaslanmışdır. İşin faktiki halları və iş materiallarındakı Bankdan çıxarışlar, “WhatsApp” mobil tətbiqində olan səs yazıları və digər sübutlar cavabdehin iddiaçı ilə aralarında olan alqı-satqı müqaviləsinin şərtlərinin pozulması nəticəsində maddi zərər vurmasının təsdiqidir. Lakin, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya məhkəməsi müvafiq qətnaməni çıxaran zaman bu hissələrə heç bir münasibət bildirməmişdir. Məhkəmə iclasında araşdırılmış sübutlarla iddia tələbinin əsaslı olduğunun təsdiq edilməsinə baxmayaraq birinci instansiya məhkəməsi iş üzrə obyektiv nəticəyə gəlinməsini təmin etməmişdir. Nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiya məhkəməsi iddiaçının təqdim etdiyi sübutlara əhəmiyyət verməmiş, iddianın əsaslılığı məhkəmə iclasında araşdırılmış sübutlarla təsdiq edilməsinə baxmayaraq cavabdehin birinci instansiya məhkəməsində söylədiyi həqiqətə uyğun olmayan, fikirlərinə əsasən iddia təmin edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 421.2.Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Maddə
650. Rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 89.1. Yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiy a instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məh kəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
26. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbu l edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
27. Kassasiya şikayətində qətnamə tam mübahisələndirilib. Bu səbəbdən məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.
28. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticəl ənən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. Məhkəmə kollegiyası kassasiya şikayətini şikayətin dəlilləri üzrə yoxlayaraq, hesab edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmiş, apellyasiya şikayətinin dəlilərinə qiymət vermişdir.
31. İddia tələbi 12400 manat pulun cavabdehdən alınıb iddiaçıya qaytarılması barədədir. İddiaçı tələbini əsası kimi cavabdehlə avtomobilin nisyə alqı-satqı müqaviləsi bağlamasına, həmin müqavilə üzrə hissə-hissə cavabdehə 12400 manat pul ödəməsinə, cavabdehin avtomobilin onun mülkiyyətinə keçirməli olması barədə vədinə əməl etməyərək, avtomobili ondan geri almasına istinad etmişdir.
32. İşə mahiyyəti üzrə baxan məhkəmələrin, o cümlədən apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi işin hallarından görünür ki, tərəflər arasında alqı-satqı deyil, icarə hüquq münasibətləri olumuşdur.
33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğundur.
34. Məhkəmə kollegiyası onu da qeyd edir ki, məhkəmə mülki iş üzrə icraat zamanı yalnız tərəflərin təqdim etdiyi sübutlardan istifadə etməklə müəyyən nəticəyə gəlir. İddia tələblərinin təmin edilməsi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür.
35. İddiaçı cavabdehlə av tomobilin nisyə (dəyərini hissə-hissə ödəməklə) alqı-satqı müqaviləsi bağlamasını işdəki sübutlarla təsdiq edə bilməyib.
36. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin sübuta yetirilməsi iddiaçının üzərinə düşdüyü və buna baxmayaraq, o, öz tələbini sübuta yetirə bilmədiyi üçün apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddianı təmin etməyən birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirimədən saxlamışdır.
37. Kassasiya şikayətinin dəlilləri də iddia ərizəsi və apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda olmaqla tərəflər arasında alqı-saqtı münasibətlərinin olması barədədir.
38. Məhkəmə kollegiyası kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, qeyd edir ki, o nun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.
39. Məhkəmə kollegiyasi bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki mövcud sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qəna ətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
40. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
41. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1896/2025 nömrəli, 18 mart 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.