Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2394/2022 10.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Neyrocərrahlıq Xəstəxanasına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3169/2021 nömrəli iş üzrə 17 sentyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 10 may 2022-ci il tarixdə Ali Məhkəmənin binas ında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı 29 iyul 2019-cu il tarixdə Azərbaycan Respublikası Neyrocərrahlıq Xəstəxanasına daxil olmuş və ona “Servikal stenoz. Servikal mielopatiya” diaqnozu qoyulmuşdur. 05 avqust 2019-cu il tarixdə iddiaçıya cərrahi əməliyyat: “Anterior C4-C5 korpektomiya, C6-C7 diskektomiya, titan cage və lövhə ilə C3-C7 korporodez” icra olunmuşdur. 22 avqust 2019-cu il tarixdə iddiaçı təkrar əməliyyata götürülmüş və implantların repoziyası icra edilmişdir. 14 sentyabr 2019-cu il tarixdə isə yenidən əməliyyat olunaraq, arxa yanaşma ilə C3-C4, C5-C6, mass lateral fiksasiyası çıxmış, metal lövhənin xaric edilməsi icra olunmuş və 25 sentyabr 2019-cu il tarixdə evə yazılmışdır. İddiaçı cavabdeh Azərbaycan Respublikası Neyrocərrahl ıq Xəstəxanasına qarşı “sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sağlamlığına vurulmuş zərərə görə ona dəyən 100.000 manat məbləğində mənəvi ziyanın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2019-cu ilin avqust-sentyabr aylarında boyun fəqərələrindən Respublika Neyrocərrahiyyə xəstəxanasında həkim Quliyev M tərəfindən üç dəfə əməliyyat olunmuşdur. 05 avqust 2019-cu il tarixdə 1-ci əməliyyatdan sonra sol qolu yaxşı işləməmiş və ağrıları var idi. Lakin özünü normal hiss edirdi. Gecə yatarkən korset boynunda olmadan başı aşağı yerə yıxılmış və özünü pis hiss etməyə başlamışdır. Həkim ona bildirmişdir ki, başını qabağa eləməklə düzələcək. Rentgen müayinəsindən sonra bilmişdir ki, implant aşağı iki fəqərəni sıxıb birləşdirmişdir. 22 avqust 2019-cu il tarixdə həkim ikinci əməliyyatı etmiş, implantı yerinə qoymuş, ancaq sıxılan yeri, səbəbi aradan qaldırmamışdır. Ağrılar beyin sıxıntısından boynuna, qoluna hərəkət edirdi. İkinci əməliyyatda həkim implantları tərs taxaraq səhv etmişdir. Sonradan o, implant fəqərənin içinə girərək onurğanı əyib, nəticədə isə sinir və onurğa beyni sıxılıb. Üçüncü dəfə həkim səbəbləri aradan qaldıracağı vədi ilə əməliyyata götürdü. Bu səfərdə 14.09.2019-cu il tarixdə ancaq boyun arxasında bərkitmə işləri gördü. 25.09.2019-cu ildə həkim M Quliyev onu pis vəziyyətdə qoyaraq ağrıları, ürək bulanma, baş gicəllənməsi halında bilərəkdən ki, səhhəti get-gedə pisləşəcək, onu evə yola saldı. Boynu get-gedə quruyur, bərkiyir. M həkim fəqərələrində on iki deşik açmışdır ki, sonradan fəsadlara səbəb olmuşdur. Həkim bilərəkdən ki, 6-cı və 7-ci fəqərələr birləşmişdir, arasındakı disk dağılmış və sinirlər sıxılmışdır (hansı ki ora müdaxilə etməyib) sıxılmanı aradan qaldırmadı. Üçüncü fəqərədən altıncı fəqərəyə kimi məsafə çox azalmış, nəticədə sinirlər sıxılmaqda qalmışdır və 6-cı və 7-ci birləşmişdir, orda da problem qalmaqda idi. Sızılmaqda olan sinirləri və onurğa beynini baxmayaraq, həkim M Quliyev qəddarcasına, onu aldadaraq boynunun arxasından üçüncü əməliyyat işini görmüş ancaq bərkitmişdir, nəticədə sıxılmaqda olan sinirlər və onurğa beyni sıxılmaqda qalmışdır. Sonradan Səhiyyə Nazirliyinin və poliklini kanın göndərişi ilə M həkimin yanına gələrək vəziyyətinin pis olduğunu demiş və onu əməliyyat etməsi üçün yalvarmışdır. Həkim onu rədd edərək bildirmişdir ki, çətin əməliyyatdır, get özünə başqa həkim tap. Sonra isə öz məsuliyyətini üzərindən atmaq üçün əməliyyatlıq deyilsən, get psixiatr yanında müalicə olun. Dəfələrlə nevropatoloq və psixiatrda müalicə olunmuş, ancaq heç bir köməyi olmamışdır. Bu halları özünə bildirsə də, M həkim hara şikayət edirsənsə et, heç kimdən qorxum yoxdur demişdir. Başqa həkimə müraciət etsə də, öz üzərinə götürməyib əməliyyat edən həkimin yanına göndəriblər. Səhhətinin pisləşməsinə baxmayaraq həkim M Quliyev təkrar əməliyyatı ağır əməliyyatdır deyərək öz üzərinə götürməmişdir. Türkiyədə bu əməliyyatı elətdirmək mümkündür, ancaq bu əməliyyat üçün maddi imkanı k ifayət etmir, kirayədə yaşayır, iş qabiliyyəti yoxdur. Türkiyədə bu əməliyyat üçün 42000 dollar, İsraildə isə 56000 dollar məbləğində pul vəsaiti istəyirlər. Bütün yazdıqları ilə bağlı ilk öncə Neyrocərrahiyyə xəstəxanasına yazılı formada müraciət etsə də, 19 mart 2020-ci il tarixdə müraciət etməsinə baxmayaraq bu günkü günədək heç bir cavab gəlməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 17 noyabr 2020-ci il tarixli 2(011)-4263/2020 nömrəli qətnaməsi ilə (hakim İlahə Abbasova) iddia tələbinin rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, iddiaçı cavabdeh xəstəxanaya qarşı mənəvi zərərin əvəzinin ödənilməsi tələbini irəli sürsə də, ona dəyən zərərdə cavabdehin təqsirli olması ilə bağlı sübu tları məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, iş materialları ilə təsdiq edilir ki, iddiaçı üzərində Respublika Neyrocərrahiyyə Xəstəxanasında aparılmış müayinə və müalicələr ona təyin edilmiş diaqnoza uyğun olmuşdur, həkim-neyrocərrah X2 tərəfindən icra edilmiş əməliyyat düzgün aparılmışdır, iddiaçı özü etiraf etdiyinə görə gecə yatarkən korset boynunda olmadan başı aşağı yerə yıxılmışdır. Həmçinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X1” X5 tərəfindən verilmiş ekspert rəyləri ilə də təsdiq edilmişdir ki, İddiaçı Respublika Neyrocərrahlıq Xəstəxanasında aparılmış müayinə və müalicələr Səhiyyə sistemində mövcud təlimat qaydalarına uyğun olmuşdur, əməliyyatlar texniki olaraq normal icra edilmişdir. Odur ki, iddia tələbi təmin edilməməlidir. Birinci insta nsiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1, 217.4, 218.3-cü maddələri və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli, 07 saylı qərarı ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Anar Tanrıverdiyev- sədrlik edən və məruzəçi, Tofiq Səmədov, İkram Şirinov) 09.04.2021-ci i l tarixli, 2(103)-3169/2021 saylı qərardadı ilə iş üzrə təkrar məhkəmə-tibbi ekspertizası təyin edilmiş, ekspertizanın aparılması “Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya” Elmi-Təcrübi və Tədris Birliyinə həvalə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X1” X3 22 iyun 2020-ci il tarixli, 1740 saylı ekspert rəyinə əsasən, qoyulmuş diaqnoza uyğun olaraq 05.08.2019-cu il tarixdə iddiaçının üzərində “Anterior C4-C5 korpektomiya. C6-C7 diskektomiya. Titan cage ilə Ci-Cö korporodes (fəqərələrin fıksasiyası) C3-C7 mintal fıksasiya” cərrahiyyə əməliyyatı icra edilmişdir. Əməliyyatdan sonra ilk günlərdə xəstənin vəziyyəti qənaətbəxş olmuş, lakin xəstə həkimin təyin etdiyi qaydalara əməl etməmiş, boyun korseti taxmamış, kəskin hərəkətlər etdiyindən imp lantın yerdəyişməsi nəticəsində boyun nahiyəsində lokal ağrılar yaranmış və KT müayinəsi zamanı implantın yerdəyişməsi aşkar edilmişdir. 22.08.2019-cu il tarixdə onun üzərində təkrar “Metal lövhələrin cage ripozisiyas’” cərrahiyyə əməliyyatı aparılmış, bununla yanaşı dayanıqlı stabilizasiyanm əldə edilməsi üçün 14.09.2019cu il tarixdə “C3-C4-C5- C6 lateral fiksasiya” cərrahiyyə əməliyyatı icra edilmişdir. Müayinələr zamanı qoyulmuş implantın yerləşməsi tələb olunan anatomik hüdudlardadır və nevral strukturlara müdaxilə aşkar edilməmişdir. Aparılmış cərrahi müdaxilələrin texniki icrasında nöqsanlar aşkar edilməmişdir. İddiaçıda aşkar olunmuş sol çiyin qurşağı əzələlərinin 4/5 bal gücündə əzələ zəifliyi və çiyin qurşağı əzələlərinin mötədil hipotrafıyası xəstəliklə əlaqədar baş vermiş morfol oji dəyişiklərlə əlaqədardır. 14.09.2019-cu il tarixdə iddiaçının üzərində “C3-C4C5-C6 lateral fiksasiya” cərrahiyyə əməliyyatı icra edilmiş, əməliyyatdan sonrakı radioloji müayinələr zamanı onurğa kanalının boyun nahiyyəsində icra olunmuş füzyon əməliyyatına uyğun fəqərələrdə tələb olunan pozisiya əldə olunmuşdur. Boyun fəqərələrində icra olunmuş cərrahi müdaxilələr nəticəsində normal nitqin pozulması, kəkələmə, nəfəs darlığı, zəiflik, halsızlıq, baş gicəllənmə, yuxusuzluq, boynun quruması, boyun nahiyyəsində ağrılar, gərginlik, bərkimə, yaddaşsızlıq, beynin sıxılması, beyin qan dövranının pozulması və hərəkət funksiyasında dəyişiklik əmələ gələ bilməzdi. İddiaçının adına tərtib edilmiş tibbi sənədlərə əsasən xəstəxanada ona göstərilmiş tibbi yardımlar hazırda səhiyyə sistemində mövcud ol an təlimat qaydalarına uyğun olmuşdur. İddiaçıya xəstəxanada göstərilmiş tibbi yardımlar onun diaqnozuna uyğun olmuş, müalicəsi zamanı tətbiqinə icazə verilməyən diaqnostika, müalicə metodları və dərman preparatlarından istifadə edilməmişdir. Mütəxəssis müayinələrinə əsasən iddiaçının təkrar cərrahi müdaxiləyə ehtiyac yoxdur. Hazırda onda müşahidə olunan sol yuxarı ətrafın yüngül parezi, əsas xəstəliyin əlamətidir və keçirilmiş cərrahiyyə əməliyyatları ilə səbəbli əlaqəli deyildir. İcra edilmiş cərrahiyyə əməliyyatları taktiki və texniki cəhətdən düzgün olmuşdur. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Anar Tanrıverdiyev - sədrlik edən və məruzəçi, Tofiq Səmədov, İkram Şirinov) 17.09.2021-ci il tarixli, 2(103)-3169/2021 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edi lməyərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli 2(011)-4263/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı özü iddia ərizəsində qeyd etmişdir ki, gecə yatarkən korset boynunda olmadan başı aşağı yerə yıxılmışdır. Həmçinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X1” X5 tərəfindən həm birinci instansiya məhkəməsində icraat zamanı, həm də apelyasiya instansiyası məhkəməsində icraat zamanı verilmiş ekspert rəyləri ilə də təsdiq edilmişdir ki, əməliyyatdan sonra ilk günlərdə xəstənin vəziyyəti qənaətbəxş olmuşdur, lakin xəstə həkimin təyin etdiyi qaydalara əməl etməmiş, boyun korseti taxmamış, kəskin hərəkətlər etdiyindən impla ntın yerdəyişməsi nəticəsində boyun nahiyəsində lokal ağrılar yaranmış və KT müayinəsi zamanı implantın yerdəyişməsi aşkar edilmişdir. Kollegiya hesab edir ki, iddianın mahiyyəti onun sübutetməsində xüsusi bilik tələb etdiyindən tibb sahəsində ekspert rəyi işin həllində həlledici rola malikdir. Belə olan halda, təqdim edilmiş ekspert rəyinin qeyri-mötəbərliyini göstərən hər hansı hal aşkar edilmədiyindən kollegiya hazırki mübahisənin həllində ekspert rəyinin sübut qismində istinad edilməsini zəruri hesab edir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İddiaçı (vəkili Vəkil3) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün apelyasiya inst ansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə araşdırma zamanı apelyasiya məhkəməsi ekspert rəylərində müəyyən ediləni təkzib edən, bu hallara zidd sübutlar təqdim etdiyi halda ekspert rəylərini onun müayinələrinin nəticələrinə uyğun olmadığı halda həmin rəyləri hazırki iş üzrə mötəbər sübut növü kimi əbul edilməsi qənaətinə gəlsə də, nəzərə almamışdır ki, rəylərdə ekspert qarşısında qoyulmuş suallara tam cavab verilməmiş, verilən suallara uyğun olmamaqla prokurorluq tərəfindən təyin edilərək verilən rəylərlə məhkəmə tərəfindən təyin edilərək verilən rəy ziddiyyət təşkil etmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən MPM-in 10.8-1-ci maddəsinə əsasən kasasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Kasasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı göstərilən hissədə yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi g əlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1112. Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ö dənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Madd ə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə 416.1. Kasasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kasasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya kollegiyası kasasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, iddiaçı kasasiya şikayətini onun təqdim etmiş olduğu sübutların əldə edilmiş rəylərlə ziddiyyət təşkil etməsini, ekspertin qarşısında qoyulmuş suallara cavab verməməsini əsas gətirərək əldə edilmiş ekspert rəyinin mötəbər sübut kimi nəzərə alınmasının əsassızlığı ilə əsaslandırmağa çalışsa da, kasa siya yoxlaması nəticəsində əldə edilmiş rəylə ziddiyyət təşkil edə biləcək hər hansı sübut aşkar edilməmişdir. Əksinə, ekspertiza təyin edilməsi barədə məhkəmə qərardadında iddiaçının vəsatəti ilə özünün müəyyənləşdirdiyi suallar da qərardadda öz əksini tapmışdır. Digər tərəfdən işdən görünən hal odur ki, iddiaçı əməliyyatdan sonra əməl etməli qaydalara əməl etməmiş, həmçinin o, boynu üstə yıxılmışdır. Bu halı iddiaçı özü də izahatında etiraf etmişdir. Belə olan halda məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda g östərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3169/2021 nömrəli iş üzrə 17 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2394/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-2394/2022
10.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver