Məhkəmə qərarları › İş №2(102)-2411/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2411/2022

17.05.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2411/2022 17.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 oğlu, Cavabdeh9 və Cavabdeh10 qarşı iş üzrə QƏRARİ Açar sözlər: istifadə hüquqlarına xitam verilməsi, yaşayış sahəsinin boşaldılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xəlilov İsmayıl Kamil oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 oğlu, Cavabdeh9 və Cavabdeh10 qarşı yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi və həmin yaşayış sahəsinin boşaldılması tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-123/2021 nömrəli, 8 dekabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə 17 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Hazırkı icraatdan əvvəl tərəflər arasında kredit müqaviləsi ilə bağlı məhkəmə mübahisəsi olmuş və Qax Rayon Məhkəməsinin 16.07.2018-ci il tarixli 2(024)-36/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 04 fevral 2015-ci il tarixli 037CASA155158 saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1, X7 və X1 müştərək qaydada 8488.13 ABŞ dolları kredit borcu, 2056.44 ABŞ dolları kreditdən istifadəyə görə faiz borcu, 30.00 ABŞ dolları penya borcu olmaqla cəmi 10574.57 ABŞ dolları borc ödəniş günü Azərbaycan Respublikası manatın məzənnəsi ilə, həmçinin 30 manat dövlət rüsumu alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilməsi və Cavabdeh1 məxsus ünvan 1 ünvanında xüsusi mülkiyyətində olan 0.06 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 152.1 kv.m., yaşayış sahəsi 40 kv.m., yardımçı sahəsi 112.1 kv.m-dən ibarət 3 otaqlı 1 mərtəbəli fərdi yaşayış evinə tutma yönəldilməsi, onun açıq hərracda satışı yolu ilə əldə ediləcək vəsaitin hesabına Cavabdeh1 İddiaçı ASC-yə olan kredit borcunun, kreditdən istifadəyə görə faizlərin, penyanın və dövlət rüsumunun ödənilməsi qət edilmişdir.

2. Qeyd edilən qətnamənin icrası ilə bağ lı “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” tərəfindən 13.12.2019-cu il tarixdə keçirilən Hərracda Cavabdeh1 məxsus olmuş ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi 0.06 ha torpaq sahəsi ilə birlikdə hərrac vasitəsi ilə 28688 (iyirmi səkkiz min altı yüz səksən səkkiz) manata İddiaçı ASC-nə satılmış, alqı-satqı nəticəsində əmlaka mülkiyyət hüququ İddiaçı ASC-yə keçmiş və bu hüquq 19.02.2020-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmışdır.

3. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 oğlu, Cavabdeh9 və Cavabdeh10 hal-hazırda da ünvan 3 ünvanında qeydiyyatdadırlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı ASC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 oğlu, Cavabdeh9 və Cavabdeh10 ünvan 3 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi, onların həmin yaşayış sahəsindən əşyaları ilə birlikdə çıxarılması və yaşayış sahəsinin boşaldılaraq İddiaçı ASC-nə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qax Rayon Məhkəməsinin 16.07.2018-ci il tarixli 2(024)-36/2018 saylı icra vərəqəsinə uyğun olaraq Cavabdeh1 məxsus ünvan 3 ünvanda yerləşən yaşayış sahəsi 13.12.2019-cu il tarixdə hərrac vasitəsi ilə satılmışdır. Alqı-satqı nəticəsində əmlaka mülkiyyət hüququ İddiaçı ASC-yə keçmiş və bu hüquq 19.02.2020-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət reyestrində qeydə alınmışdır. Göründüyü kimi ün van 3 ünvanda yeləşən yaşayış sahəsində qeydiyyatda olan Cavabdeh1, Cavabdeh2, cavabdeh X2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 oğlu, Cavabdeh9 və Cavabdeh10 yaşayış sahəsini 1 (bir) ay ərzində boşaltmalı olduqları halda bu günədək vəzifələrini icra etməmişlər.

6. Cavabdeh1 iddia tələbini qəbul etməyərək göstərmişdir ki, mübahisə predmeti olan evdə ondan başqa on nəfər yaşayır və yaşamağa başqa yerləri yoxdur. Bundan başqa Qax Rayon Məhkəməsinin qüvvəyə minmiş 16.07.2018-ci il tarixli qətnaməsinə əsasən bankın iddia tələbinin fərdi yaşayış evi satıldıqdan sonra orada yaşayan cavabdehlərin fərdi yaşayış evini 01 (bir) ay ərizndə tərk etmədikləri halda həmin fərdi yaşayış evindən məcburi qaydada çıxarılmasına dair hissəsi rədd edildiyindən "Bank Respublika” ASC-nin məhz bu iddiası icraata qəbul edilməməli, iddia ərizəsi geri qaytarılmalı idi. Çünki eyni tələb üzrə bir dəfə baxılmış məhkəmə qətnaməsi qanuni qüvvəsini almışdır.

7. Qax Rayon Məhkəməsinin (hakim M.Qarayev) 24 iyul 2020-ci il tarixli, 2(024)276/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir.

8. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçı sözügedən ünvan 3 ünvanında yerləşən yaşayış sahəsi üzərində mülkiyyət hüququnu əldə etdiyindən tələbində haqlıdır.

9. Məhkəmə Cavabdeh1 etirazında göstərdikləri ilə bağlı qeyd etmişdir ki, “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi”nin Hərracın nəticələri haqqında 13.12.2019-cu il tarixli, Y-249 №-li protokoldan görünür ki, hərracın keçirilməsinə əsas kimi Qax Rayon Məhkəməsinin 16.07.2018-ci il tarixli 2(024)- 36/2 018 saylı qətnaməsi üzrə icra vərəqəsi olmuşdur. Qax Rayon Məhkəməsinin 16.07.2018-ci il tarixli 2(024)-36/2018 saylı qətnaməsindən isə görünür ki, iddiaçı tərəfindən cavabdehlər Cavabdeh1. X7 və X3 qarşı yönəldilmişdir və "X5 ilə "XXX“ ASC arasında bağlanmış 04 fevral 2015-ci il tarixli 037CASA155158 saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1. X7 və X1 müştərək qaydada 8488.13 ABŞ dolları kredit borcu, 2056.44 ABŞ dolları kreditdən istifadəyə görə faiz borcu, 530.00 ABŞ dolları penya borcu olmaqla cəmi 11074.57 ABŞ dolları borcun, həmçinin 30 manat dövlət rüsumunun alınaraq “XXX" ASC-nin xeyrinə ödənilməsi, Cavabdeh1 məxsus ünvan 4 ünvanında xüsusi mülkiyyətində olan 0.06 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 152.1 kv.m., yaşayış sahəsi 40 kv.m., yardımçı sahəsi 112.1 kv.m-dən ibarət 3 otaqlı 1 mərtəbəli fərdi yaşayış evinə tutma yönəldilməsi, onun açıq hərracda satışı yolu ilə əldə ediləcək vəsaitin hesabına Cavabdeh1 “XXX" ASC-yə olan kredit borcunun, kreditdən istifadəyə görə faizlərin, penyanın və dövlət rüsumunun ödənilməsi, cavabdeh X4 məxsus ünvan 5 ünvanında xüsusi mülkiyyətində olan 0.06 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 152.1 kv.m., yaşayış sahəsi 40 kv.m., yardımçı sahəsi 112.1 kv.m-dən ibarət 3 otaqlı 1 mərtəbəli fərdi yaşayış evinə tutma yönəldildikdən və satıldıqdan sonra onun ən geci cavabdehlər tərəfindən bir ay ərzində boşaldılması və ipoteka predmetinin satışından əldə olunan vəsaitin qətnamənin icrasına yetərli olmadığı halda isə qətnamənin qalan hissədə Cavabdeh1 tərəfindən ümumi qaydada icra edilməsi i lə bağlıdır. Göründüyü kimi, həmin tələblə hazırki tələbdə tərəflər və iddianın əsası fərqlidir. Bundan əlavə həmin vaxtı iddiaçı fərdi yaşayış evinin mülkiyyətçisi olmamışdır. Hazırki iddiada isə iddiaçı fərdi yaşayış evinin mülkiyyətçisidir.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157, 178.1, 178.2-ci, Mənzil Məcəlləsinin 34.1-ci, Mülki Prossesual Məcəllənin 14.2, 76.1, 77.1, 217.4, 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia ərizəsində və onun təqdim etdiyi ailə tərkibi haqqında arayışda göstərilən, ondan başqa digər a ilə üzvlərinin heç biri yaşayış sahəsinin boşaldılması barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürməmişlər. Bundan başqa, bank filialının müdiri XXX ona növbəti belə bir devalivasiyanin olmayacağını bildirərək, 04 fevral 2015-ci il tarixli kredit müqaviləsi üzrə ayrılmış kredit məbləğini ödəməkdə çətinlik çəkdiyi halda guya onun mənafeyini müdafiə etdiyini göstərərək daha aşağı faizli, güzəştli Sahibkarlığa Kömək Milli Fondundan ayrılan həm də manatla verilən 2-ci kredit verə biləcəyini təklif etmişdir. Əvəzində hazırda yaşadığı fərdi yaşayış evini mülkiyyət kimi dövlət qeydiyyatından keçirməyi və Çıxarışı” girov müqaviləsinin təminatı kimi rəsmiləşdirməyi təklif etmişdir. Çarəsiz qalıb onunla razılaşmış, evin çıxarışını aldıqdan sonra sözügedən fondun 6%-lik kreditini əslində 12%lə rəsmiləşdirərək hasil olan 15.000 manatlıq kreditdən cəmi 6000 manat şəxsən verilib, qalan 9000 manatı ABŞ dollarına konventasiya edərək birinci kredit üzrə «borcunu 1.05 manat hesabı ilə bağlayıb maliyə vəziyyətini daha ağır duruma salmışdır. Bütün bu xüsusatlar işin həqiqi halları kimi hazırdakı iş materiallarındakı etirazında öz əksini tapıb. Lakin, işi başdan sovdu “araşdıran” məhkəmə özündə cəsarət tapmayaraq rədd edilməli iddanı rədd etməyərək yuxanda sadalanan cinayət əməllərinin əsl həqiqətdə mütəşəkkil korrupsiya cinayətinin əlamətlərinə göz yummuş və bu barədə ibtidai araşdırmanın aparılmasına dair xüsusi qərardad çıxarıb prokurorluq orqanına göndərməkdən bilərəkdən yayınmışdır.

13. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – R.Rəfiyev (sədrlik edən və mər uzəçi), M.Əsədli və Ə.Məcidov) 2(107)-123/2021 nömrəli, 8 dekabr 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Qax Rayon Məhkəməsinin 24 iyul 2020-ci il tarixli, 2(024)-276/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, apelyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur.

15. Bundan əlavə məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh apellyasiya şikay ətində iddiaçının əməkdaşlarının korrupsiya cinayətinə yol verdiyini qeyd etsə də, məhkəmə kollegiyası iş materiallarında hər hansı bir cinayətin əlamətlərin müəyyən etməmişdir

16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.5, 157, 178.1, 178.2-ci, Mənzil Məcəlləsinin 34.1-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.8, 59.3, 59.4-cü, Mülki Prossesual Məcəllənin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

17. Cavabdeh1 (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi iddia ərizəsində və onun təqdim etdiyi ailə tərkibi haqqında arayışda göstərilən, mübahisəli mənzildə qeydiyyatda olan digər ailə üzvlərinin heç biri yaşayış sahəsinin boşaldılması barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmədiкlərindən onların qeyd edilən mənzildən çıxarılmasının qeyri-qanuni olmasını nəzərə almayaraq “İpoteka haqqında” Qanunun 59.1-ci və 59.3-cü maddələrinin tələbləri pozulmuşdur.

19. Həmçinin kassator şikayətində qeyd etmişdir ki, 4 fevral 2015-ci il tarixli kredit müqaviləsi üzrə ona verilməli olan 19.000 ABŞ dolları konvertasiya edilərək 14896 manat şəklində verilmiş, sonradan devalvasiya nəticəsində maliyyə vəziyyəti ağırlaşmış və bundan istifadə edən bankın filialının müdiri XXX ona daha aşağı faizli, güzəştli Sahibkarlığa Kömək Milli Fonfundan ayrılan həm də manatla verilən 2-ci kredit verə biləcəyini təklif etmişdir. Əvəzində hazırda yaşadığı fərdi yaşayış evini mülkiyyət kimi dövlət qeydiyyatından keçirməyi və Çıxarışı” girov müqaviləsinin təminatı kimi rəsmiləşdirməyi təklif etmişdir. Çarəsiz qalıb onunla razılaşmış, evin çıxarışını aldıqdan sonra sözügedən fondun 6%-lik kreditini əslində 12%-lə rəsmiləşdirərək hasil olan 15.000 manatlıq kreditdən cəmi 6000 manat şəxsən verilib, qalan 9000 manatı ABŞ dollarına konventasiya edərək birinci kredit üzrə «borcunu 1.05 manat hesabı ilə bağlayıb maliyyə vəziyyətini daha ağır duruma salmışdır. Göründüyü kimi bankın vəzifəli şəxslərinin əməllərində mütəşəkkil korrupsiya cinayətlərinin əlamə tləri olsa da apelyasiya instansiyası məhkəməsi bu halı nəzərə almamışdır.

20. Bundan başqa kassasiya şikayətində qeyd edilmişdir ki, banka hər ay 500 manat qaytarmaqla yeni qrafikin verilməsini xahiş etsə də bank razı olmamışdır. Apellyasiya instansiyası məhkəməsi bu hala da hüquqi qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

22. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

23. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müə yyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

24. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

25. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir.

26. Maddə 178.2. Yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Azərbaycan Respublikası Mən zil Məcəlləsi

27. Maddə 34.1. Şəxsin yaşayış sahəsindən istifadə hüququna bu Məcəllə, digər qanunlar, müqavilədə nəzərdə tutulmuş əsaslara görə və ya məhkəmə qərarı əsasında xitam verildikdə, şəxs həmin yaşayış sahəsini boşaltmalıdır (ondan istifadəni dayandırmalıdır). Əgər müvafiq yaşayış sahəsinin mülkiyyətçisi tərəfindən müəyyən edilmiş müddət ərzində şəxs göstərilən yaşayış sahəsini boşaltmırsa, o, mülkiyyətçinin tələbi ilə məhkəmə qərarı əsasında yaşayış sahəsindən çıxarılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu

28. Maddə 42.8. Hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur.

29. Maddə 59.3. Yaşayış evi ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulduqda və ipoteka qoyulmuş ev satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər.

30. Maddə 59.4. İpoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

34. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

35. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

36. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

37. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

38. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

39. Maddə

386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə a raşdırma aparmır və onlara qiymət vermir.

41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

42. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

43. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

44. Hazırkı kassasiya şikayətində iş üzrə Cavabdeh1 apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir.

46. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, kassasiya şikayətinin dəlillərinin əksəriyyəti apellyasiya şikayətinin dəlilləri ilə eyniyyət təşkil edir ki, həmin dəlillərə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmaqla düzgün və ətraflı hüquqi qiymət verilmişdir.

47. Şikayətin dəlillərindən biri ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi “İpoteka haqqında” Qanunun 59.1-ci və 59.3-cü maddələrinin tələbləri düzgün tətbiq etməmişdir, çünki onunla yaşayan digər ailə üzvləri tutmanın ipotekaya yönəldilməsi halında mənzili tərk etmələri barədə öhdəlik götürməmişlər. Həmin dəlillə bağlı kollegiya qeyd edir ki, cavabdeh əvvəlki məhkəmə araşdırmaları zamanı belə bir dəlili irəli sürməmiş, həmin dəlil ancaq kassasia şikayətində qeyd edilmişdir. Həmin hal işin faktiki halları ilə bağlıdır. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlaır. Ona görə həmin dəlil keçərli deyil.

48. Bundan başqa, bankla mövcud olmuş kredit münasibətləri zamanı bankın vəzifəli şəxslərinin ona qarşı qanunsuzluqlar edilməsi barədə dəlilər də keçərli deyil. Həmin dəlillər borcun tutulması ilə bağlı bankın tələbinə baxılan zamanı araşdırılmalı olan məsələlərdir. Borcun tutulması və tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi tələbi ilə bağlı məhkəmə qətnaməsi artıq qanuni qüvvəsini almış və icra edilmişdir. Həmin qətnamə ilə kreditin verilməsi qanuni hesab olunaraq borcun tutulması qət edilmişdir. Bundan sonra hazırkı icraatda qeyd olunan məsələnin yenidən araşdırılması məhkəmənin səlahiyətindən kənara çıxır.

49. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazl arının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 50. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilə n faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun

51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

52. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Həmin iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-123/2021 nömrəli, 8 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar