Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2419/2024 13.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vəsiyyətnamənin etibarsızlığı ilə bağlı mübahisələr, mirasın faktiki qəbulu ilə bağlı mübahisələr, vərəsələrin miras paylarının müəyyən edilməsi ilə bağlı mübahisələr, iddia müddətinin şamil edilmədiyi tələblər) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi, vərəsəlik hüququnun tanınması və xüsusi qərardadın çıxarılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1018/2024 nömrəli, 27 fevral 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə Cavabdeh bacıdırlar.
2. Tərəflərin atası xx.xx.1988-ci ildə, anası isə xx.xx.2008-ci ildə vəfat etmişdir. xx.xx.2022-ci il tarixdə isə tərəflərin X7 vəfat etmişdir.
3. Tərəflərin anasından miras qalmış iki əmlak – Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 5-ci Qəsəbə küçəsi, 34 nömrəli fərdi yaşayış evi vəsiyyətnamə əsasında cavabdehə vəsiyyət edilmiş, digər əmlak ünvan 1 ünvanında yerləşən 41 saylı mənzil isə qanun üzrə vərəsəlik əsasında cavabdehin adına keçmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a ) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30 yanvar 2008-ci ildə 18 saylı notariat ofisində reyestrdə 2V-01-13 nömrə ilə qeydiyyata alınmış X4 tərəfindən cavabdehə verilmiş vəsiyyətnamənin etibarsız hesab edilməsi, 14 noyabr 2008ci ildə Bakı şəhəri 6 saylı notariat ofisi tərəfindən mübahisəli evə verilmiş, reyestrdə 2V133 nömrəsilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin qismən etibarsız hesab edilməsi, mirasın qəbul edilməsi üçün buraxılmış müddətin üzrlü hesab edilərək həmin mənzil üzərində iddiaçının ¼ hissədə qanun üzrə vərəsəlik hüququnun tanınması, 14 noyabr 2008-ci ildə Bakı şəhəri 6 saylı notariat ofisi tərəfindən verilmiş mübahisəli evə verilmiş, reyestrdə 2V-134 nömrəsilə qeyd edilmiş v əsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin qismən etibarsız hesab edilməsi, mirasın qəbul edilməsi üçün buraxılmış müddət üzrlü hesab edilərək həmin mənzil üzərində iddiaçının ¼ hissədə qanun üzrə vərəsəlik hüququnun tanınması, miras əmlakın qəbul edilməsi haqqında 6 saylı notariat ofisinə yalan məlumat vermiş cavabdehin əməllərində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə cinayət əməlinin əlamətləri olduğundan bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi işin faktiki hallarına uyğun əsasladırılmaqla qeyd edilmişdir ki, anaları ölən zaman ca vabdeh iddiaçını aldatmış, guya anasının vəsiyyət qoyduğunu və əmlakın vərəsələr arasında bərabər bölünəcəyini, iddiaçının heç yerə getməyinə ehtiyac olmadığını bildirmişdir. Cavabdeh iddiaçını narahat olmamağa, qanunla hər şeyi özü həll edəcəyinə inandırmışdır. X7 vəfat edən zaman yenə də cavabdeh iddiaçıya bildirmişdir ki, heç yerə getməyə ehtiyac yoxdur, özü hər şeyi həll edəcək və 6 aydan sonra iddiaçının da adı olan şəhadətnaməni alacaqdır. Lakin iddiaçı bu dəfə özü xx.xx.2023-cü il tarixdə övladları ilə birgə 6 saylı Notariat Ofisinə müraciət edərək qardaşının vərəsəlik işi ilə maraqlananda ona məlum olmuşdur ki, cavabdeh ölən qardaşının yeganə vərəsəsi olması barədə notariat ofisinə yalan məlumat vermişdir. Bundan sonra iddiaçı başa düşmüşdür ki, cavabdeh miras əmlakı tək əldə etmək və iddiaçını aldatmaq istəmişdir. Həmin gün iddiaçı cavabdehin anasından qalan miras əmlaklarla da bağlı onu aldatdığından şübhələnmişdir. Bunu bilmək üçün iddiaçı vəkillə müqavilə bağlamış və vəkil sorğusu ilə 6 saylı Notariat Ofisində açılmış vərəsəlik işinin təsdiq edilmiş surətini əldə edəndən sonra məlum olmuşdur ki, doğma bacısı iddiaçını o zaman da aldatmış və notariusa yalan məlumat verərək iddiaçının vərəsə kimi mövcudluğunu bildirməmiş, iddiaçını aldatmaqla anasından qalan miras əmlaka qanunsuz olaraq təkbaşına sahiblənmişdir. Cavabdeh iddiaçıdan başqa digər vərəsələrin - qardaşlarının olduğu haqqında məlumat vermişdir. Həmçinin məlum olmuşdur ki, hər iki qardaşı öz vərəsəlik paylarından cavabdehin xeyrinə imtina etmişlər. Nəticədə cavabdeh anasından qalan hər iki daşınmaz əmlak a təkbaşına vərəsəlik şəhadətnaməsi almışdır. Cavabdeh öz hərəkətlərinin mənasını anlayan, yalnız kəskin ürək qan damar çatışmamazlığından vəfat edən anasının adından saxta yolla xx.xx.2008-ci il tarixli vəsiyyətnamə əldə etmişdir. Vəsiyyətnaməni guya anası xəstə olduğu üçün onun əvəzinə qardaşı Asif Məmmədov imzalamışdır. Lakin vəsiyyətnamənin arxa tərəfində notarius təsdiq etmişdir ki, həmin vəsiyyətnaməni iddiaçının anası şəxsən özü imza etmişdir. Qeyd olunan vəsiyyətnamə qanunsuz olduğundan etibarsız hesab edilməlidir. Belə ki, vəsiyyətnamədə vərəsələrin dairəsi və vəsiyyət qoyanın hüquqlarının izahı barədə qeyd olmamışdır. İddiaçının anasının sağlam olmasına baxmayaraq, vəsiyyətnamədə onun yalnız xəstə olduğu səbəbindən vəsiyyətnaməyə imza edə bilməməsi göstərilmişdir, lakin bu xəst əliyi təsdiq edən heç bir sübut mövcud olmamışdır. İddiaçının anası vəsiyyət etmək istəsəydi hər iki əmlakını vəsiyyət edərdi. Lakin digər əmlaka cavabdeh üçün vəsiyyətnamə tərtib etdirmək mümkün olmamışdır. Çünki orada 5 nəfər qeydiyyatda olmuşdur və bu əmlaka vəsiyyətnamə verilməsi üçün orada qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin yazılı razılığı tələb edilirdi. Belə olacağı halda qeydiyyatda olan şəxslər bu barədə iddiaçıya məlumat verə bilərdilər. Cavabdehin qanunsuz hərəkətləri, iddiaçını aldatması və vərəsə kimi mövcud olmamağı haqqında notariusa yalan məlumat verməsi nəticəsində iddiaçı anasından qalan miras əmlaklardan pay almaq hüququndan məhrum olmuşdur. Notarius mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini yoxlamamışdır. İddiaçının mirasdan məcburi pay almaq hüququ da pozulmuşdur. İddiaçının mirasdan 1/4 pay almaq hüququ olmuşdur.
6. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbinə etiraz edərək, onun rədd edilməsini xahiş etmişdir. Həmçinin cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, xx.xx.2008-ci il tarixdən mübahisəli mənzil cavabdehin xüsusi mülkiyyətindədir. İddiaçı tərəfindən mübahisələndirilən vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən 14 il 7 ay müddət keçmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsində nəzərdə tutulan iddia müddətləri buraxılmışdır. Ona görə də iddia rədd edilməlidir.
7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli, 2(011)4586/2023 nömrəli qətnaməsi ilə (hakim Aygün Həsənova) iddia tələbi təmin edil mişdir.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, vəsiyyətnamə tərəflərin anasının əvəzinə onun oğlu tərəfindən imzalamışdır. Lakin anasının xəstəliyi ilə bağlı şəxsən özünün imza edə bilməməsinin səbəbləri ilə bağlı hər hansı qeydlər göstərilməmişdir. Eyni zamanda vəsiyyətnamənin ikinci vərəqində notarius tərəfindən vəsiyyətnamənin şəxsən onu verən şəxs tərəfindən imza edildiyi qeyd edilmişdir. İddiaçı vəsiyyətnamədən məlumatsız olmaqla yanaşı elan etmə proseduruna da cəlb edilməmiş, yalnız cavabdeh və onun iki qardaşı vəsiyyətnamədən məlumatlı olmuş və nəticədə iki qardaş vəsiyyət edilən əmlakdan cavabdehin xeyrinə məcburi paylarından imtina etməkləri ilə bağlı ərizə təqdim etmişlər. Qeyd olunanalara əsasən, məhkəmə hesab etmişdir ki, vəsiyyətnamə etibars ız hesab edilməli və iddiaçının mübahisəli fərdi yaşayış evinə dair vərəsəlik hüququ tanınmalıdır.
9. Məhkəmə həmçinin hesab etmişdir ki, mübahisəli mənzilə dair verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin” verilməsi zamanı iddiaçının adı vərəsələr siyahısında qeyd edilmədiyindən və onun qanunla qorunan mənafeləri nəzərə alınmadığından həmin şəhadətnamə qismən etibarsız hesab edilərək iddiaçının həmin mənzil üzərində 1/4 hissədə vərəsəlik hüququ tanınmalıdır.
10. Məhkəməsi qeyd etmişdir ki, iddiaçı cavabdehlə etibarlı ailə münasibətlərində olmuşdur. Məhkəmə araşdırması zamanı cavabdeh özü də bacısı ilə münasibətlərinin məhkəməyə müraciət edənə qədər yaxşı olduğunu, aralarında hər hansı narazılığın olmadığını bildirmişdir. Miras əmlakın qəbulu ilə bağlı iddiaçı notariusa m üraciət etməməsini bacısına olan inamı ilə əsaslandırmışdır. Bacısı iddiaçıya əmlakla bağlı vəsiyyətnamə olduğunu və əmlakın dörd övlad arasında bərabər bölündüyünə onu inandırmışdır. Cavabdeh tərəfindən qardaşının ölümündən sonra xx.xx.2023-cü il tarixdə notariusa ünvanlanmış ərizədən görünmüşdür ki, o, özündən başqa vərəsənin olmadığını qeyd etmişdir. Bu halı biləndən sonra iddiaçı məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən, iddiaçının yuxarıda adı çəkilən əmlakları miras olaraq qəbul etməsi üçün buraxılmış müddət üzrlü hesab edilməlidir.
11. Məhkəmə iddia müddətinin tətbiq edilməsi barədə cavabdehin ərizəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı anasından qalan əmlakları istifadəsinə qəbul etmişdir. İddiaçı fotoşəkillər təqdim edərək anasından qalmış qızıl-zinət əşyaları ola n 3 ədəd üzüyün qəbul edilməsini göstərmiş, istinad olunan zinət əşyaları məhkəmədə tədqiq edilmişdir. Cavabdeh üzüklərin anasına deyil, xalasına aid olduğunu, xalasından anasına qaldığını bildirmişdir. Eyni zamanda cavabdeh izahatlarında anasından qalmış dəyərli qabqacaqları iddiaçıya verdiyini etiraf etmişdir. Bu, o deməkdir ki, iddiaçı anasından qalmış miras əmlakın bir hissəsini faktiki olaraq istifadəsinə qəbul etmişdir. Belə olan halda müddətin tətbiq edilməsi ilə bağlı hallar aradan qalxmış olur. Belə ki, qanunvericiliyin tələblərinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərinə iddia müddəti şamil edilmir.
12. Məhkəmə iddia tələbinin Cavabdeh əməllərində AR CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş cinayət ə məlinin olmasının müəyyən edilməklə barəsində xüsusi qərardad çıxarmaqla prokurora məlumat verilməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, bu tələb hüquqi mahiyyət etibarı ilə prosessual vəsatət olduğundan, işdə iştirak edən şəxslərin vəsatəti və ya işə baxan məhkəmənin öz təşəbbüsü ilə çıxarıla bilər, yəni məhkəmə bu məsələdə tərəflərin vəsatətindən asılı olmayaraq və işə baxarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxardığı təqdirdə öz təşəbbüsü ilə müşavirə otağında müstəqil akt şəklində tərtib olunmaqla xüsusi qərardad çıxara bilər. Bu baxımdan məhkəmə hesab etmişdir ki, iddiaçının öz izahatında xüsusi qərardad çıxarılmasını tələb etməsinə baxmayaraq, bu məsələ prosessual tələb kimi qiymətləndirilə bilməz. Bu səbəbdən həmin məsələyə qətnamənin n əticə hissəsində münasibət bildirilə bilməz.
13. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 15.2, 16.1, 19, 337.1, 1133.1, 1134.1, 1151.1, 1182, 1191 və 1230-cu maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdehin valideynlərinin nikahından dörd deyil, beş övladı olmuşdur. X2 (doğum tarixi xx.xx.1953-cü il, ölüm tarixi xx.xx.2003-cü il) tərəflərin doğma qardaşı olmuş, lakin iddiaçı bu barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh bu barədə məhkəməyə məlumat vermiş və sübutlar təqdim etmiş, lakin məhkəmə bu sübutları qəbul e tməmişdir. Qətnamədə də bu hal qeyd edilməmişdir. Bundan başqa, iddiaçının vərəsəlik işindən xəbəri olmuşdur. Lakin notariat ofisinə getməmişdir. Cavabdeh notariat ofisinə yalan məlumat verməmişdir. Cavabdehdən başqa iki qardaşı da vərəsəlik işində iştirak etmişdir. Bundan əlavə, məhkəmənin istinad etdiyi qab-qacağı anası sağlığında iddiaçıya vermişdir. Lakin məhkəmə bu halı təhrif etməklə işə qərəzli baxmışdır. İddiaçı mübahisəli mənzillərdə qeydiyyatda olmamışdır. Həmçinin iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Məhkəmə iddia müddətinin tətbiqi ilə bağlı mübahisəli hala Mülki Məcəllənin 384.0.4-cü maddəsini səhv tətbiq edərək həm iddia müddətinin ötürülməməsi qənaətinə gəlmiş, həm də hesab etmişdir ki, müddət üzrlü səbəbdən ötürüldüyü üçün bərpa edilməlidir. Müddətin üzrlü səbəbdə n ötürülməsi ilə bağlı isə hər hansı sübut iş materiallarında olmamışdır. Həmçinin, iş materiallarında tərəflərin anası Gülxanım Məmmədovanın xəstə olması ilə bağlı Respublika Kliniki Xəstəxanasının xx.xx.2007-ci il tarixli və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X1 xx.xx.2007-ci il tarixli tibbi sənədləri iş materiallarında mövcud olmuşdur. Notariat Ofisi tərəfindən aparılan hərəkətlərin “Təlimata” uyğun olmamasına görə vətəndaş məsuliyyət daşımır. Həmin vəsiyyətnamə şahidlərin iştirakı ilə tərtib edilərək imzalanmışdır.
16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1018/2024 nömrəli iş üzrə 27 fevral 2024-ci il tarixli qətnaməsi ilə (hakimlər – Məmməd Məmmədov (sədrlik edən və məruzəçi), Fuad Talışınski və Azad İmanov) apellyasiya şikayəti təmin edilməmiş, birinci ins tansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
17. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab etmişdir ki, məhkəmənin gəldiyi nəticə və mübahisənin həlli zamanı tətbiq etdiyi normalar işin həqiqi hallarına uyğun olmuşdur.
18. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdehin təqdim etdiyi sənədlərdə Sabahəddin Məmmədovun, miras qoyan Gülxanım Məmmədovanın öldüyü zaman sağ olmadığı müəyyən edildiyi üçün o vərəsə hesab edilməməlidir. Hazırkı halda Sabahəddin Məmmədovun mirasdan pay almaq hüququ olan enən xətt üzrə qohumlarının olubolmaması mübahisənin predmetinə daxil olmamışdır. Belə hüquqa malik olduğunu güman edən hər hansı şəxs tərəfindən məhkəməyə iddia verilməmişdir. Cavabdehin isə belə şəxsin adından çıxış etmək üçün subyek tiv hüququ olmamışdır.
19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin vəsiyyətnamənin etibarlılığı ilə bağlı dəlillərinə münasibətdə qeyd etmişdir ki, vəsiyyətnamənin Gülxanım Məmmədova tərəfindən iradəsinə uyğun tərtib edilməsi tərəflər arasında mübahisə yaratmışdır. Belə ki, 18 saylı Dövlət Notariat Kontorunda xx.xx.2008-ci il tarixdə təsdiq edilmiş vəsiyyətnamənin mətnində yazı makinası ilə Gülxanım Məmmədovanın mübahisəli fərdi yaşayış evini cavabdehə vəsiyyət etdiyi qeyd edilmişdir. Həmin vəsiyyətnamənin 2-ci bəndində “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1166-1178-ci və 1193-cü maddələrinin məzmunu dövlət notariusu tərəfindən mənə izah edildi” sözləri kompüter vasitəsilə qeyd edilmiş və iddiaçı tərəfindən həqiqətən notarius tərəfindən ona izah edilməsi barədə təsdiqedici qeyd mövcud olmamışdır. Vəsiyyətnamənin birinci vərəqəsində vəsiyyətnamənin Gülxanım Məmmədova tərəfindən imzalanmamasının səbəbi kimi onun xəstə olması qeyd edilsə də, xəstəliyinin nədən ibarət olması və belə xəstəliyin vəsiyyətnamənin onun tərəfindən imzalanmasına mane olmasının nə ilə təsdiq edildiyi müəyyən edilməmiş, həmçinin cavabdeh tərəfindən təqdim edilmiş Gülxanım Məmmədovaya aid tibbi sənədlərdən sonuncunun vəsiyyətnaməni imza etməsinə mane ola biləcək xəstəlik (xəstəliklər) müəyyən edilməmişdr.
20. Məhkəmə kollegiyası hesab etmişdir ki, notarius da bu xəstəlik sənədlərinə istinad edərək vəsiyyətnamənin başqa şəxs tərəfindən imzalanmasını qəbul etmişdirsə, həmin vəsiyyətnamə vəsiyyət edənin iradə ifadəsini təsdiq edə bilməzdir. Hər halda cavabdeh tərəf başqa xəstəliyə istinad etməmiş dir. Vəsiyyətnamədən görünmüşdür ki, vəsiyyətnamə vəsiyyət edənin sözlərindən notariusun iki şahidin yanında texniki vasitə tətbiq etməklə yazması ilə tərtib edilmişdir. Lakin bu şəkildə tərtib edilmiş vəsiyyətnaməni vəsiyyət edənin oxuması və notariusun, şahidlərin yanında imzalaması müəyyən olunmamışdır. Digər tərəfdən vəsiyyət edən xəstə olduğu üçün əvəzindən vəsiyyətnaməni X9 imza etmişdir. Lakin vəsiyyət edənin onun əvəzindən oğlunun imzalamasını xahiş etməsi vəsiyyətnamədən müəyyən edilməmişdir. İddiaçı vəsiyyətnamədən məlumatsız olmaqla yanaşı elan etmə proseduruna da cəlb edilməmiş, yalnız cavabdeh və tərəflərin iki qardaşı “Vəsiyyətnamədən” məlumatlandırılmış və nəticədə iki qardaş vəsiyyət edilən əmlakdan cavabdehin xeyrinə məcburi paylarından imtina etməkləri ilə bağlı ərizə təq dim etmişlər. Cavabdeh Notariat Ofisinin səhvlərinə görə onun məsuliyyət daşımadığını qeyd etsə də, iddiaçının vərəsə olması barədə notariusa məlumat verməməsinin səbəbini izah edə bilməmişdir. Bu da onu göstərmişdir ki, Notariat Ofisinin yol verdiyi pozuntu cavabdehin də hərəkəti (hərəkətsizliyi) nəticəsində baş vermişdir.
21. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının qanunla müəyyən edilmiş müddətdə miras əmlakı qəbul etmək üçün notariat orqanına ərizə verməməsi və ya mirası faktiki qəbul edəcək hərəkətlər etməməsinin onun öz subyektiv vərəsəlik hüququnu həyata keçirməməsi kimi qiymətləndirilə bilməz. Nəzərə alınmalıdır ki, iddiaçı tərəfindən miras əmlakın qəbul edilməsindən imtina edilmədiyindən mirasın qəbul edilib-edilməməsi ilə bağlı tərəflərin təqdim etdiyi əlavə dəlillərin müzakirəsinə əsas qalmamışdır. Miras iddiaçı tərəfindən qəbul edilmiş sayılmalıdır.
22. Məhkəmə kollegiyası “iddia müddətinin tətbiq edilməsi barədə” cavabdehin ərizəsinə münasibətdə qeyd etmişdir ki, cavabdeh bu ərizəsində hansı iddia müddətinin tətbiq edilməli olduğunu konkret göstərməmiş, müqavilələrdən irəli gələn 3 illik və 6 illik müddətlərin, habelə 10 illik ümumi iddia müddətinin tənzimləndiyi maddələri sadalamışdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, Mülki Məcəllənin 384.0.4-cü maddəsinə əsasən cavabdehin qeyd etdiyi idda müddəti hazırkı tələbə tətbiq edilə bilməz.
23. Məhkəmə kollegiyası, iddiaçının miras əmlakı qəbul etməkdən imtina etməməsi və miras əmlakın iddiaçı tərəfindən qəbul edilməsini nəzərə alaraq, hesab etmişdir ki, miras əmlakda olan paylar vərəsələr arasında b ölüşdürülərkən iddiaçının payı nəzərə alınmadığından iddianı qalan hissədə də əsaslı hesab edərək təmin etmiş məhkəmənin gəlmiş olduğu nəticə düzgün olmuşdur.
24. Məhkəmə kollegiyası həmçinin, iddiaçının vərəsəlik payının müəyyən edilməsi ilə bağlı qeyd etmişdir ki, miras iddiaçı nəzərə alınmamaqla digər üç vərəsə tərəfindən qəbul edildiyindən və vərəsəliklə bağlı mübahisə açıb bölgüdə iştirak etmək niyyətini bəyan edən başqa vərəsə olmadığından, iddiaçının mübahisəli əmlaklar üzərində 1/4 hissədə payının olduğu müəyyən edilmişdir. Mübahisəli mənzilə dair “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin” verilməsi zamanı iddiaçının adı vərəsələr siyahısında qeyd edilməmiş, onun qanunla qorunan mənafeləri nəzərə alınmamışdır. Odur ki, həmin şəhadətnamənin qismən etibarsız hesab edilməsi barədə Rayon Məhkəməsinin mövqeyi əsaslıdır.
25. Məhkəmə kollegiyası öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 15.2, 16.1, 19, 337.1, 384.0.4, 1133.1, 1134.1, 1151.1, 1182, 1191, 1230, 1166, 1167, 1168, 1170, 1180 və 1188-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. c) Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
26. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
27. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlilləri ilə eyni əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. İddiaçı kassasiya şikayətinə qarşı etiraz ünvanlayaraq təmin edilməməsini və Bakı Apellya siya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1018/2024 nömrəli, 27 fevral 2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi
29. Maddə 15.2. Fiziki və hüquqi şəxslərin özlərinə mənsub mülki hüquqlardan istifadə etməməsi, qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, bu hüquqlara xitam verilməsinə səbəb olmur.
30. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir.
31. Maddə
19. Dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının aktının etibarsız sayılması dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər.
32. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə - iddia müddəti şamil edilmir.
33. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
34. Maddə 1134.1. Qqanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.
35. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
36. Maddə 1182. Əgər vəsiyyət edən hər hansı səbəbdən vəsiyyətnaməni özü imzalaya bilmirsə, onun xahişi ilə başqa fiziki şəxs imzalaya bilər. Bu zaman vəsiyyət edənin hansı səbəbdən vəsiyyətnaməni imzalaya bilmədiyi göstərilməlidir.
37. Maddə 1191. Vəsiyyət edən öldükdən sonra notarius gün təyin edərək maraqlı şəxsləri vəsiyyətnamənin məzmunu ilə tanış edir. Bu barədə müvafiq protokol tərtib edilməlidir. Əgər vəsiyyətnamənin qoyulduğu zərf möhürlənmişdirsə, möhürün salamatlığı qeyd edilməlidir.
38. Maddə 1230. Qanun üzrə vərəsələr və digər əlaqədar şəxslər əqdin etibarsızlığına səbəb olan halla r üzrə vəsiyyətnamənin etibarlığı barəsində mübahisə edə bilərlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. Maddə 77.1. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
42. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
43. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
44. Maddə 407.2. Kassasiya şikayət ində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
46. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş ma teriallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
47. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilm ir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
49. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
50. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
51. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1018/2024 nömrəli, 27 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.