Məhkəmə qərarları › İş №2(102)-2443/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2443/2022

23.05.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2443/2022 23.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “kompensasiya verilməsi yolu ilə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi ilə mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 oktyabr 2021-ci il tarixli, 2(103)10119/2021 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. İddiaçı və C avabdeh 08 oktyabr 2004-cü il tarixdə nikaha daxil olmuş, nikahları Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 may 2018-ci il tarixli qətnaməsi ilə pozulmuşdur.

2. Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, ev 9, 4 saylı mənzil İddiaçı adına 25 oktyabr 1997-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır

3. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 fevral 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsində yerləşən 9 saylı evin 4 saylı mənzilindən çıxarılması və mənzilin boşaldılaraq təhvil verilməsi tələbinə dair iddiası təmin edilməmiş, qarşılıqlı iddia təmin olunaraq, Cavabdeh həmin mənzilə istifadə hüququ tanınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən cavabdeh 25000 manat kompensasiya ödənilməklə iddiaçıya Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsində yerləşən 9 saylı evin 4 saylı mənzili üzərində cavabdehin istifadə hüququna xitam verilməsi, cavabdehin həmin mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçının keçmiş ailə üzvü olsa da, iddiaçının mülkiyyətində olan mənzildə yaşayır. İddiaçı övladlarının xətrinə cavabdehə mübahisəli mənzildə yaşamasına icazə versə də, cavabdeh iddiaçının bu mənzildə yaşamasına, mənzili təmir etməsinə hər cür vasitə ilə maneələr törədir, iddiaçını ümumiy yətlə mənzilə buraxmır. İş üzrə tərəflərin bir mənzildə yaşaması mümkün deyil. İddiaçı, onun tərəfindən cavabdehə verilməli olan kompensasiyanın məbləğini müəyyənləşdirərkən “Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti" MMC tərəfindən verilmiş 09 sentyabr 2020-ci il tarixli 39 nömrəli qiymətləndirmə arayışını nəzərə almışdır. Belə ki, həmin arayışa qeyd edilir ki, mübahisəli mənzilin yerləşdiyi ərazidə eyni tip orta təmirli mənzillərin kirayə haqqı 400-450 manat təşkil edir. Göründüyü kimi, 3 il müddətində oxşar şəraitli mənzildə yaşamaq üçün cavabdehə aylıq 450 manat olmaqla (450 manat x 36 ay) 16200 manat vəsait kifayət edir. İddiaçı isə humanistlik edərək cavabdehə 25000 manat kompensasiya verir.

6. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 02 sentyabr 2021-ci il tarixli, 2(00 9)1995/2021 nömrəli qətnaməsi ilə (hakim Ş.Ə.Süleymanova) iddia təmin edilmiş, Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsində yerləşən 9 saylı evin 4 saylı mənzili üzrə Cavabdeh istifadə hüququna 25000 manat kompensasiya ödənilməklə xitam verilməsi, Cavabdeh həmin mənzildən çıxarılması, qətnamənin cavabdehin istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi və onun mənzildən çıxarılması hissələrində eyni vaxtda icra edilməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəllənin 228.2ci, 228.5-ci maddələrinə, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına istin ad edərək göstərmişdir ki, cavabdeh iddiaçının mülkiyyətindəki mənzilə köçdükdən sonra istifadə hüququ əldə etmiş və tərəflər arasında nikah ləğv edilsə də, həmin hüquq saxlanılmışdır. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddiaçı cavabdehə kompensasiya vermək yolu ilə istifadə hüququna Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin tələbləri baxımından xitam verilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur.

8. Məhkəmə həmçinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli qərarına istinad etmiş və göstərmişdir ki, məhkəməyə təqdi m edilmiş "xxxx" MMC-nin 25 avqust 2021-ci il tarixli hesabatından görünür ki, iddiaçının mülkiyyətində olan mənzilin yerləşdiyi ərazidə mübahisəli mənzilə uyğun mənzilin aylıq kirayə haqqı 400-450 manat təşkil edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili cavabdehə istifadə hüququnun kompensasiyası kimi 25000 manat (450 manat x 24 ay = 10800 manat) verilməsinə razılığını bildirmişdir. Məhkəmə iddiaçının mülkiyyətində olan mənzilin yerləşdiyi ərazidə aylıq kirayə haqqı məbləğini və iddiaçı tərəfindən cavabdehə təklif olunan kompensasiya məbləğini nəzərə alaraq hesab etmişdir ki, həmin məbləğ cavabdehin 4 ildən artıq müddətinə başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verəcəkdir. Həmin məbləği məhkəmə ədalətli və hər iki tərəfin mənafeyin ə uyğun hesab etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

9. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 02 sentyabr 2021-ci il tarixli, 2(009)-1995/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 oktyabr 2021-ci il tarixli, 2(103)-10119/2021 nömrəli qətnaməsi ilə (hakim M.A.Məmmədovun sədrliyi və məruzəsi ilə, hakimlər Ş.Ə.Məhərrəmovadan və R.M.Həsənovdan ibarət tərkibdə) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 02 sentyabr 2021-ci il tarixli, 2(009)-1995/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya məhkəməsi “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarına istinad edərək hesab etmişdir ki, cavabdeh, iddiaçı tərəfindən kompensasiya kimi təklif olunan 25000 manata 4 ildən yuxarı müddət ərzində (25000/450=55 ay), yəni davamlı sürətdə başqa yerdə əvvəlki yaşayış sahəsinə xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verir.

12. Məhkəmə, cavabdehin kompensasiyanın məbləği ilə razılaşmayaraq, həmin ərazidə yerləşən mənzillərin aylıq kirayə haqlarının 1500 manatdan yuxarı olması dəlilini əsassız hesab etmiş və göstərmişdir ki, cavabdeh bununla bağlı s übutları məhkəməyə təqdim edə bilməmişdir.

13. Cavabdehin iddiaçı tərəfindən ona 72000 manat məbləğində kompensasiyanın verilməsi şərti ilə istifadə hüququna xitam verilməsinə razı olacağı barədə dəlili ilə bağlı məhkəmə qeyd etmişdir ki, kompensasiya məbləğini istifadəçi deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi müəyyən edir. Məhkəmə həmin məbləğin ağlabatan hesab edilibedilməməsinə qiymət vermiş və iddiaçı tərəfindən cavabdehə təklif edilən 25000 manat məbləğində kompensasiyanı hazırki bazar qiymətlərinə uyğun hesab etmişdir. Belə olan halda, iddiaçı tərəfindən təklif olunan kompensasiyanın məbləği cavabdehə imkan verir ki, o, mülkiyyətçinin (iddiaçının) hesabına davamlı sürətdə və xeyli müddət daxilində, başqa yerdə, mübahisəli mənzilə xas olan şəraitə oxşar şəraitdə yaşasın. Məhkəmə hesab etmişdir ki, daha yüksək məbləğdə kompensasiya iddiaçının mülkiyyət hüququnun məhdudlaşdırılması ilə nəticələnir. Buna görə də cavabdehin təklifi əsaslı hesab oluna bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

14. Cavabdeh kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 oktyabr 2021-ci il tarixli, 2(103)-10119/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5, Ailə Məcəlləsinin 59.1, Mənzil Məcəlləsinin 30.1, 30.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76, 76.2, 81, 217.1, 217.2-ci maddələrinin tələbləri pozulmuş, tərəflərin birgə nikahlarından olan uşaqların mənafeləri nəzərə alınmamış, kompensasiyanın məbləği ədalətli müəyyən olunmamışdır.

16. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

17. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

18. Etiraz onunla əsaslandırılmışdır ki, kassasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya məhkəməsinin qətnaməsi Mülki Məcəllənin 228.2-ci maddəsinə, “R.Ağalarovun şikayəti üzrə məhkəmə aktlarının Konstitusiyaya və qanunlara uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 sentyabr 2007-ci il tarixli qərarına uyğundur. Kass asiya baxışının hədləri:

19. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüqu qi aktlarına təsir göstərə bilər.

20. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən kassasiya baxışının hədlərini həmin qətnamənin maddi və prosessual hüquq normalarına uyğunluğunun tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

21. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4-ci maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. 23. “R.Ağalarovun şikayəti üzrə məhkəmə aktlarının Konstitusiyaya və qanunlara uyğunluğunun yoxlanılmasına dair” 26 sentyabr 2007-ci il tarixli qərarında Azərbayc an Respublikası Konstitusiya Məhkəməsinin Plenumu bildirmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.... Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən ist ifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.

24. Azərbaycan Respublikası Mülki Pro sessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq nor malarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilərək yekun nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə tam razılaşır.

27. Məhkəmə kollegiyası bir daha qeyd edir ki, mübahisəli yaşayış sahəsinin iddiaçının xüsusi mülkiyyətində olması və cavabdehin həmin sahəyə yalnız istifadə hüququnun olması işin mübahisəsiz hallarıdır.

28. Belə olan halda, işin faktiki hallarını araşdıran məhkəmələr düzgün olaraq Mülki Məcəllənin 228.2, 228.5-ci maddələrini tətbiq etmiş və həmin maddələrlə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarlarında irəli sürülmüş hüquqi mövqeyi nəzərə almaqla hesab etmişlər ki, iddiaçının təklif etdiyi kompensasiya cavabdehin kifayət qədər uzun müddətdə başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verir.

29. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin mənzildən istifadə hüququna kompensasiya verilməklə çıxarılması tərəflərin birgə nikahdan ol an uşaqlarının hüquqlarının pozulmasına səbəb olmur. Belə ki, ilk olaraq cavabdehə kompensasiya kimi veriləcək vəsait hesabına yaşayacaq mənzildə övladları da yaşamaq imkanına malikdirlər.

30. Digər tərəfdən hazırki qətnamə ilə tərəflərin övladlarının mənzildən istifadə hüquqlarına xitam verilməsi və onların çıxarılması qət olunmamışdır.

31. Nəhayət məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının daha yüksək məbləğdə kompensasiya tələb etmək hüququ yoxdur.

32. Belə ki, ilk olaraq qanunvericiliyə əsasən kompensasiya məbləğini mülkiyyətçi təklif edir və məhkəmə yalnız təklif olunan məbləğlə razılaşaraq iddianı təmin edə və ya razılaşmayaraq iddianı rədd edə bilər. İstifadə hüququ olan şəxsin isə özünün kompensasiya məbləğini müəyyən etmək hüququ yoxdur.

33. Digər tərəfdən kompensasiya institutu mülkiyyətçinin mülkiyyətindən hər hansı payın istifadəçiyə verilməsi kimi qiymətləndirilməməlidir. Həmin məbləğ istifadəçiyə mülkiyyətçinin hesabına yalnız müəyyən davamlı müddət ərzində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verməlidir.

34. Sübutların mahiyyətinə qiymətin verilməsi, işin həqiqi hallarının araşdırılmaması ilə bağlı kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin v əzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

35. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin ed ilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

36. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 oktyabr 2021-ci il tarixli, 2(103)-10119/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar