Məhkəmə qərarları › İş №2(102)-2448/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2448/2019

23.04.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2448/2019 23.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, İddiaçı vəkili X2, cavabdeh Əmanətlərin Sığortalanması Fondunun vəkili xxx oğlunun iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 noyabr 2018-ci il tarixli, 2(103)12504/2018 saylı qətnaməsindən cavabdeh Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X3 və vəkili xxx oğlunun kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhər i, Nəsimi rayon məhkəməsinin 10 sentyabr 2018-ci il tarixli, 2(006)-251/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim E.Ə.Mehdiyev) İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “xxxx” barədə iddiası qismən təmin edilərək, cavabdeh təşkilatdan 20.000 ABŞ dolları əmanətin tutulub iddiaçıya ödənilməsi və qalan hissədə iddianın rədd edilməsi qət olunmuşdur. Cavabdeh təşkilat qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 noyabr 2018-ci il tarixli, 2(103)12504/2018 saylı qətnaməsi ilə (hakimlər, T.S.Səmədov sədrlik edən, məruzəçi, İ.S.Şirinov və E.C.Kazımov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 10 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh təşkilatın nü mayəndəsi xxx və vəkili xxx qətnamədən kassasiya şikayəti vermişlər. İŞİN HALLARİ: İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdeh təşkilata qarşı “xxxx” barədə iddia qaldıraraq, ləğvetmə prosesində olan QSC “Bank Standard” KB arasında 1334 reyestr nömrəsi ilə qeydə alınmış kreditor tələbi olan 20.015 ABŞ dolları məbləğində əmanətin, əlavə razılaşmaya əsasən müəyyən edilmiş illik 3 faizlə ödənilməmiş pul vəsaitinin, borc pulun qaytarılacağı gün üçün illik beş faiz dərəcəsi ilə hesablanmaqla ödənilən gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə faiz borcunun, 5.000 manat mənəvi zərərin cavabdeh təşkilatdan tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələbini onunla əsaslandırmışdır ki, QSC “Bank Standart” KB ilə onun arasında 26 may 2014-cü il tarixli depozit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən bankda adına açılmış ******************** saylı hesaba ilkin olaraq 26 may 2014-cü il tarixdə 50.000 ABŞ dolları pul vəsaiti qoymuş, müxtəlif vaxtlarda həmin hesab nömrəsindən mədaxil və məxaric əməliyyatları apardıqdan sonra hesabında 20.015 ABŞ dolları pul vəsaiti qalmışdır. Bundan sonra onunla QSC “Bank Standart” KB arasında 03 mart 2016-cı il tarixdə sözügedən depozit müqaviləsinə əlavə razılaşma bağlanmış və əlavə razılaşmaya əsasən 26 may 2014-cü tarixli depozit müqaviləsi əsasında qoyulmuş əmanətin 03 mart 2016-cı il tarixdən 28 may 2016-cı il tarixədək illik 3 faizlə yerləşdirilməsi razılaşdırılmışdır. Lakin, 04 oktyabr 2016-cı il il tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ilə QS C “Bank Standard” KB müflis elan edilərək barəsində ləğv prosesinə başlandığından və Əmanətlərin Sığortalanması Fondu ləğvedici təyin edildiyindən, həmin əmanətin bank tərəfindən qaytarılması mümkün olmamışdır. QSC “Bank Standard” KB-nin əmanətçiləri qarşısında öhdəliklərin reyestrindən 13 oktyabr 2016-cı il tarixli çıxarışa əsasən onun bank hesabında olan 20.015 ABŞ dolları məbləğində əmanəti kompensasiya olunmayan məbləğ hesab edilərək ödənilməmişdir. Bununla yanaşı Ləğv prosesində olan QSC “Bank Standard” KB-nin kreditor tələblərinin qeydiyyatı barədə 02 dekabr 2016-cı il tarixli qəbzinə əsasən ləğvetmə prosesində olan QSC “Bank Standard” KB-nin qarşısında onun 20.015 ABŞ dolları kreditor tələbi 1334 reyestr nömrəsi ilə qeydə alınmışdır. Lakin, buna baxmayaraq, bankda qalan 20.015 ABŞ d olları pul vəsaiti hələ də ona qaytarılmamışdır. Əmanətlə bağlı cavabdeh təşkilata müraciət etdikdə bank tərəfindən həmin əmanətin 3 faizlə deyil, guya 6 faizlə yerləşdirilməsinin qeydiyyata alınması bildirilmiş və pulun verilməsindən əsassız olaraq imtina edilmişdir. Ona görə də iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin həqiq halları üzrə səhvə nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməmişdir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsin in ləğv edilib, iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili xxx kassasiya şikayətinə dair etiraz ərizəsində kassasiya şikayətinin təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında cavabdeh Əmanətlərin Sığortalanması Fondunun vəkili xxx kassasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat vermişdir. İddiaçı vəkili Abbas Kərimbəyli məhkəmə iclasında kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatında iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərd ar edilsə də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədiyi üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb, hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfin dən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apellyasiya şikayətini təmin edilmədən saxlayarkən, iddia ərizəsini qismən təmin etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad etmiş və hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 944.1, 946.1, 950.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşıb hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir və işdə, apellyasiya inst ansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün qanuni əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, iddiaçı ilə QSC “Bank Standart” KB arasında 03 mart 2016-cı il tarixdə bağlanmış əlavə razılaşmaya əsasən 26 may 2014-cü tarixli depozit müqaviləsi əsasında qoyulmuş əmanətin 03 mart 2016-cı il tarixdən 28 may 2016-cı il tarixədək illik 3 faizlə yerləşdirilməsi razılaşdırılmışdır. İşə əlavə edilmiş QSC “Bank Standart” KB tərəfindən iddiaçının adına açılmış ******************** saylı hesaba aid depozit kitabçasından görünür ki, qalıq borcu 20.000 ABŞ dolları təşkil edir. İşə əlavə edilmiş QSC “Bank Standard” KB-nin əmanətçiləri qarşısında öhdəliklərin reyestrindən 13 o ktyabr 2016-cı il tarixli çıxarışın surətindən görünür ki, əmanətçi İddiaçı AZ47MOSZ******************** nömrəli bank hesabında olan 20.015 ABŞ dolları kompensasiya olunmayan məbləğ hesab edilərək ödənilməmişdir. İşə əlavə edilmiş QSC “Bank Standart” KB-nin 02 dekabr 2016-cı il tarixli kreditor tələblərinin qeydiyyatı barədə 1334 saylı qəbzin surətindən görünür ki, İddiaçı tələbi ləğv prosesində olan QSC “Bank Standart” KB qarşısında kreditor tələbi kimi qeydə alınmışdır. Tələbin məbləği 20.015 ABŞ dolları qeyd edilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 iyun 2018-ci il tarixli məhkəmə-mühasibatlıq rəyindən görünür ki, İddiaçılə QSC “Bank Standard” KB arasında bağlanmış 26 may 2014-cü il tarixli depozit müqaviləsinə 03 mart 201 6-cı il tarixli əlavə razılaşmaya əsasən 03 mart 2016-cı il tarixdən sonrakı dövrə depozit məbləğinin illik 3,00 faiz dərəcəsi ilə hesablanmasına dair razılaşmaları müəyyən edilir. İddiaçı 6 may 2014-cü il tarixli depozit müqaviləsi üzrə ******************** nömrəli depozit hesaba dövr ərzində 85.500 ABŞ dolları pul vəsaiti mədaxil edilmiş və 64.500 ABŞ dolları pul vəsaiti məxaric edilmişdir. İddiaçı 06 may 2014cü il tarixli depozit müqaviləsi üzrə ******************** nömrəli depozit hesabında hazıra 20.000 ABŞ dolları pul vəsaitinin olması müəyyən edilmişdir. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması bar ədəki dəlillərini əsassız sayır. Kassasiya instansiyası məhkəməsi həmçinin kassasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları da qeyd edir. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanunun 2.1.9-cu maddəsinə əsasən, sığorta hadisəsi- iştirakçı bankın məcburi ləğv edilməsi və ya müflis elan olunması, yaxud qanunvericiliyə müvafiq olaraq əmanətlər üzrə öhdəliklərin yerinə yetirilməsinə moratorium tətbiq edilməsi barədə məhkəmə qərarının qüvvəyə minməsi və bankın əmanətçilər qarşısında öz öhdəliklərini qanun və ya müqavilə şərtlərinə uyğun yerinə yetirə bilməməsi faktının maliyyə bazarlarına nəzarət orqanı tərəfindən təsdiq edilməsidir. Kassasiya instansiyası məhkəməsi qeyd edir ki, əmanətlərin sığortalanması sisteminin yaradılmasının məqsədi banklar və xarici bank ların yerli filialları ödəmə qabiliyyətini itirdikdə, fiziki şəxslərdən əmanətə qəbul olunmuş pul vəsaitinin itirilməsi riskinin qarşısını almaq, maliyyə və bank sisteminin sabitliyini və inkişafını təmin etməkdir. Qanunverici bank əmanətlərinin qaytarılmasını təmin etmək məqsədi ilə sığorta hadisəsi baş verdikdə əmanətlər üzrə kompensasiyanın ödənilməsini nəzərdə tutan “Əmanətlərin sığortalanması haqqında” 2006-cı il 29 dekabr tarixli Qanun qəbul etmişdir. Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 9 fevral tarixli Fərmanına əsasən Əmanətlərin Sığortalanması Fondu yaradılmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 27.3-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 06 iyul 2017-ci il tarixli Qərarında göstərilmişdir ki, sığorta hadisəsi baş verdikdə Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə kompensasiyanın ödənilməsi heç də bank əmanətinin qaytarılması və ya Fondun bankın öhdəliyini öz üzərinə götürməsi anlamını verməməlidir. Fond tərəfindən kompensasiya əmanətçinin pul vəsaitini itirməsi riskinin qarşısını almaq məqsədi ilə yarana biləcək məhdudiyyətlərin əvəzi kimi ödənilir. Beləliklə, Fondun əsas məqsədi qoyulan əmanətlərin mülkiyyət kimi geri qaytarılması deyil, əmanətçilərin banklarda olan əmanətlərini sığortalamaqla onlara dəyə biləcək maddi və mənəvi ziyanı ən qısa müddətdə q anunvericiliklə müəyyən edilmiş qaydada kompensasiya etməklə ölkənin maliyyə və bank sisteminin inkişafına dəstək olmaqdır. “Əmanətlərin sığortalanması haqqında” Qanun Azərbaycan Respublikasında fəaliyyət göstərən banklarda fiziki şəxslərin əmanətlərinin kollektiv icbari sığortalanması sisteminin yaradılması və fəaliyyəti, o cümlədən əmanətlər üzrə kompensasiya ödənilməsi qaydalarını müəyyən edir. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanunun 2.1.2.6cı maddəsinə əsasən, cəlb edildiyi günə bu Qanunun 8.1.20-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər qorunmayan əmanətlərə aid edilir. Həmin Qanunun 8.1.20-ci maddəsinə görə, X4 qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini maliyyə bazarlarına nə zarət orqanı və Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırmaqla müəyyən edir. Qeyd olunmalıdır ki, X4 qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin müəyyən edilməsi ilə bağlı bir neçə qərar qəbul etmişdir. Belə ki, 2009-cu il 10 iyun tarixli qərar ilə qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 15 faiz, 2013-cü il 1 avqust tarixli qərar ilə 10 faiz, 2015-ci il 24 fevral tarixli qərar ilə 12 faiz, 2016-cı il 2 mart tarixli qərar ilə xarici valyuta üzrə 3 faiz, milli valyuta üzrə 12 faiz müəyyən edilmişdir. X1 2016-cı il 16 sentyabr tarixli qərarı ilə isə banklarda qəbul edilən əmanətlərin illik faiz dərəcəsi xarici valyuta üzrə 3 faiz, milli valyuta üzrə 15 faiz olmaqla 3 (üç) il müddətində tam sığortalanması müəyyən edilmişdir. Göründüyü kimi, X4 tərəfindən ayrı-ayrı vaxtlarda qəbul olunmuş qərarlarda qorunan əmanətlər üzrə müxtəlif faiz dərəcələri nəzərdə tutulmuşdur. Yuxarıda qeyd olunduğu kimi, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanunun 2.1.2.6-cı maddəsinə görə, həmin Qanunun 8.1.20-ci maddəsinə müvafiq olaraq əmanətin qorunan əmanət statusuna aid edilməsi üçün onun illik faiz dərəcəsi müəyyən edilmiş həddən artıq olmamalıdır. İşdən göründüyü kimi, 03 mart 2016-cı il tarixdə iddiaçı ilə QSC “Bank Standart” KB arasında əlavə razılaşmada illik faiz dərəcəsinin yuxarı həddi 3 faiz olmuşdur. Deməli, iddiaçının banka qoyduğu pul vəsaiti qorunan əmanət statusuna malik olmuşdur və həmin əmanətin qaytarılması barədə tələb əsaslı olduğundan təmin edilməlidir. Depozitə qoyulmuş əmanətin qorunan əmanət hesab edilməməsi barədə cavabdeh təşkilatın dəlilləri əsassızdır. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsinin şərh edilməsinə dair” 5 sentyabr 2018-ci il tarixli qərarına da uyğun sayır. Həmin qərarda qeyd olunmuşdur ki, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsinə görə, həmin Qanunun 8.1.20-ci maddəsinə müvafiq olaraq əmanətin qorunan əmanət statusuna aid edilməsi üçün onun illik faiz dərəcəsi müəyyən edilmiş həddən artıq olmamalıdır. Əmanətlə bağlı verilən bonus illik faiz dərəcəsinə aid edilmir. Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınaraq müəyyən edi lmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş və təshih tədbirinin tətbiqindən sonra əmanətlərin şərtlərinin dəyişdirilməsi (faiz dərəcəsinin aşağı salınması) yolu ilə qorunan əmanət statusuna aid edilmiş əmanətlər qorunan əmanətlər hesab edilməlidir”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 944.1-ci maddəsinə əsasən, bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. Bank əmanəti müqaviləsi əmanətçinin əmanəti banka verdiyi andan bağlanmış sayılır və əmanətçinin qoyduğu əmanət üzrə faizləri əldə etmək hüququ yaranır. Bank dep ozit əməliyyatı üzrə faiz dərəcələrini müəyyən edir və faizin miqdarı, bir qayda olaraq, bank əmanəti müqaviləsində göstərilir. Belə ki, Mülki Məcəllənin 948.1-ci maddəsinə əsasən, bank əmanətçiyə əmanətin məbləği üçün bank əmanəti müqaviləsi ilə müəyyənləşdirilmiş miqdarda faizlər ödəyir. Müqavilədə ödənilən faizlərin miqdarı haqqında şərtlər olmadıqda bank faizləri bu Məcəllənin 449.1-ci maddəsinə uyğun müəyyənləşdirilən miqdarda ödəməlidir. Beləliklə, bank əmanəti müqaviləsində faizlərin miqdarı göstərilmədiyi halda belə, faizlər Mərkəzi Bank tərəfindən müəyyənləşdirilən bank uçot dərəcəsi əsasında təyin edilir. Bank əmanəti müqaviləsi üzrə bankın əsas vəzifələrindən biri əmanətlərin qaytarılmasının təmin edilməsidir. Mülki Məcəllənin 950.1-ci maddəsinə görə, banklar fiziki şəxslərin əm anətlərinin qaytarılmasını icbari sığorta yolu ilə, qanunda nəzərdə tutulan hallarda isə başqa üsullarla təmin etməlidirlər. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən onlar öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hü quq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Kassasiya instansiyası məhkəməsi hesab edir ki, hazırkı işdə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları məhkəmə tərəfindən təmin olunan hissədə sübuta yetirə bilmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əs asında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Kassasiya instansiyası məhkəməsi hesab edir ki, iş üzrə toplanmış sübutlar apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymətləndirilərkən yuxarıda göstərilən tələblərə əməl olunmuşdur. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib, işin yuxarıda qeyd olunan faktiki hallarını, sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alıb hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni, əsaslı olduğundan və iş də, qətnamənin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün qanuni əsaslar olmadığından və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X3 və vəkili xxx oğlunun kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 noyabr 2018-ci il tarixli, 2(103)-12504/2018 saylı qətnaməsi onun kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərarqəbul edildiyiandan qüvvəyəminir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar