Məhkəmə qərarları › İş №2(102)-2448/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2448/2020

10.06.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2448/2020 10.06.2020 ALİ MƏHKƏMƏ AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, qətnaməsindən İddiaçı və vəkili X1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, xnömrəli MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Əlmusa qızına qarşı iddia qaldıraraq, Saatlı rayonu Dəllər kəndində yerləşən üç otaqdan ibarət fərdi yaşayış evindən cavabdehin istifadə hüququna xitam verilməklə, həm in mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Saatlı Rayon Məhkəməsinin (hakim İ.Abuşov) xx.xx.2019-cu il tarixli, x nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-T.Heydərov (sərlik edən və məruzəçi), T.Kərimov və F.Abbasov) xx.xx.2019-cu il tarixli, xnömrəli qətnaməsi ilə Saatlı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı və vəkili Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. Kassasiya şikayətinin həddi və dəlilləri: Kassator, həmin qətnamənin ləğv, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, cavabdeh uzun müddətdir ki, mübahisəli mənzildə yaşamadığı və özünə məxsus evi olduğu halda Şirvan Apellyasiya Məhkəməsi bu halları nəzərə almamış, mübahisənin maddi və hüquqi əsasını düzgün müəyyən etməmişdir. İddiaçı şikaytində mülkiyyət hüququna dair Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, Mülki Məcəlləsinin 152-ci maddələrinə istinad etmişdir. Cavabdeh kassasiya şikayətinə etiraz verərək bildirmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanunvericiliyə uyğundur, mübahisənin maddi-hüquqi əsası düzgün müəyyən edilmişdir. Ona görə də kassasiya şikayətinin təmin olunmamasını xahiş edir. Prosessual məsələlər və işdə iştirak edən şəxslərin izahatları: İddaçının nümayəndəsi məhkəmə iclasında vəkil ilə birlikdə iştirak etmədiyi üçün Mülki Pro sessual Məcəllənin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. İşdə iştirak edən digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən, onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki halları ondan ibarətdir ki, mübahisəli mənzil Saatlı rayonu Dəllər kəndində yerləşən üç otaqdan ibarət yaşayış evi daşınmaz əm lakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Cavabdeh 30 il əvvəl əvvəl iddiaçının oğlu X5 ilə ailə quraraq həmin mənzilə gəlin köçərək daimi olaraq yaşamışdır. İddiaçı, mübahisəli evin özünə məxsus olduğunu və cavabdehə aid Sabirabad şəhərində ayrıca mənzilin mövcudluğunu bildirərək Saatlı rayonu Dəllər kəndində yerləşən üç otaqdan ibarət fərdi yaşayış evindən sonuncunun istifadə hüququna xitam verilməklə, həmin mənzildən çıxarılmasını xahiş edir. Cavabdeh isə iddiaya etiraz edərək bildirmişdir ki, əslində mübahisəli ev nə tərəflərə, nə də ərinə məxsus deyil. İddiaçının mənzil üzərində mülkiyyət hüququ yoxdur. İddiaçının oğlu ilə ailə münasibətləri pozulsa da uşaqları ilə birlikdə həmin mənzildə yaşayır. Evdə otuz il yaşaması ona mənzildə yaşamaq və ondan istifadə etmək hüququ verir. Şirvan Apellyasiya Məhkəməsi iddiaçının şikayətini rədd edərkən mövqeyini belə əsaslandırmışdır ki, “...tərəflər arasında mülki hüquq münasibəti iddiaçının oğlu X5 ilə Cavabdeh X qızı 1990-cı ildə faktiki olaraq ailə qurmaqla mübahisə predmeti təşkil edən fərdi yaşayış evinə köçməsi ilə yaranmış, cavabdeh Saatlı rayonunun Dəllər kəndində yerləşən qaynatası X2 fərdi yaşayış evinə gəlin köçmüş, təsərrüfatı birgə idarə etməklə uzun müddət ər-arvad münasibətində olmaqla həmin mənzildə yaşamışlar. Həmin fərdi yaşayış evi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Məcəlləsinin mülki qanunvericiliyin analogiya üzrə tətbiqi adlanan 11-ci maddəsinə istinad etməklə Azərbaycan Respublikasının 1982-ci il 8 iyul tarixli Qanunu ilə təsdiq edilmiş Mənzil Məcəlləsinin mənzil sahəsi üzərində istifadə hüququnun həyata keçirilməsi barədə müvafiq maddələrinin tətbiq edilməsini məqsədə uyğun hesab edir. Mülki Məcəllənin 11.1-ci bəndinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericilikdə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır....hazırki mübahisə xx xxxxxxx 2009-cu il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normaları əsasında tənzimlənməlidir. Belə ki, xx xxxxxxx 2009-cu il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinin 1-ci hissəsinə əsasən, kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini kirayə müqaviləsindən irəli gələn bütün hüquqları malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin Məcəllənin 53-cü maddəsinin 3-cü hissəsinə əsasən, kirayəçinin ailə üzvləri kirayəçinin arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Kirayəçi ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də kirayəçinin ailə üzvləri hesab edilə bilərlər. Məhkəmə iclasında sübuta yetirilmişdir ki, cavabdeh iddiaçıya məxsus mənzilə 1990-cı ildən köçdükdən sonra iddiaçı ilə ümumi təsərrüfat aparmış, o, həmin mənzilə daimi oiaraq yaşamışdır. Buna görə də, yuxarıda adı çəkilən Məcəllənin 53-cü maddəsinin 3-cü hissəsinə əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçının ailə üzvüdür. Bu səbəbdən onun da iddiaçı ilə bərabər mübahisəli mənzildən istifadə etmək hüququ vardır.” Məhkəmə kollegiyası vurğulayır ki, hər bir mübahisənin hüquqi həlli üçün zəruri olan birinci addım iddiaçının həmin tələbi irəli sürmək üçün subyektiv hüquqa malik olub-olmamasının yoxlanılmasıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu M.Bağırovun şikayəti üzrə xx xxxx 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Nəzərə alınmalıdır ki, mənzildən istifadə hüququna xitam verilməsinə dair iddia həmin daşınmaz əşyanın mülkiyyətçi tərəfindən qaldırıla bilər. İddiaçı tələbinin və şikayətinin hüquqi əsası kimi mülkiyyət hüququna dair normalara istinad etsə də, mübahisə predmeti olan ev üzərində onun mülkiyyət hüququna malik olması iş materialları ilə təsdiqlənmir. Həmin ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığı üçün hüquqi rejiminə görə özbaşına tikili sayılır. Mülki Məcəllənin 180.1-ci və 180.2-ci maddələrinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayan evə isə hər hansı əşya hüququ, o cümlədən, mülkiyyət və ya şəxsi servitut olan mənzildən istifadə hüququ ola bilməz (Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli qərarında yaşayış sahəsindən istifadə hüququnun şəxsi servitut olması göstərilmişdir). Göründüyü kimi, evə (mənzilə) əşya hüquqları (mülkiyyət və s.) yalnız daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqda yaranır və onların qorunmasına qanuni təminat verilir. Baxılan işdə isə mübahisəli ev üzərində iddiaçının mülkiyyət hüququnun olmasını təsdiqləyən sübutlar mövcud deyil. Belə olan halda, onun sözügedən evə cavabdehin hüququnun itirilməsi barədə iddia qaldırmağa subyektiv hüququ da yoxdur. Qeyd edilənləri nəzərə ala raq Kollegiya hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür və kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417- 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, xnömrəli qətnaməsi dəyişdirilmədən saxlanlsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar