Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2457/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi, sübutetmə, əsassız varlanma) 05.07.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədova Mehparə Tofiq qızı, Əliyev Ələsgər Əliabbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 fevral 2023-cü il tarixli, 2(103)-1294/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti əsasında mülki işə 05 iyul 2023-cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı MMC-nin direktoru Mariia Medvedevaya həmin şirkətin marketinq meneceri Cavabdeh tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli yazılı izahatda sonuncunun borca noutbuk üçün 1.550 manat, master fayl üçün verilməli olan 2.500 manat, ADRA üçün götürülmüş 4.000 manat, miqrasiya üçün götürülmüş 300 manatı xx.xx.2022-ci il tarixdə, Rəhim bəydən götürülmüş 800 manat məbləğində pulu xx.xx.2022-ci il tarixdə geri qaytarmağı öz üzərinə götürdüyü qeyd olunmuşdur.
2. Cavabdeh tərəfindən İddiaçı MMC-nin direktoruna ünvanlanmış xx.xx.2022-ci il tarixli qəbzdə o ümumilikdə 9.800 manat məbləğində olan borcunu xx.xx.2022-ci il tarixdə 1.000 manat; xx.xx.2022-ci il tarixdə 1.000 manat, xx.xx.2022-ci il tarixdə 1.000 manat; xx.xx.2022-ci il tarixdə 1.000 manat; xx.xx.2022-ci il tarixdə 1.000 manat; xx.xx.2022-ci il tarixdə 1.000 manat; xx.xx.2022-ci il tarixdə 1.000 manat; xx.xx.2022-ci il tarixdə 1.000 manat və xx.xx.2022-ci il tarixdə 800 manat ödəməklə qaytarmağı öhdəsinə götürmüşdür.
3. Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4-cü polis şöbəsi tərəfindən İddiaçı MMC-də menecer vəzifəsində işləyən Nümayəndə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir: “Sizin İddiaçı şirkətində işləyən Cavabdeh müxtəlif bəhanələrlə və dələduzluq yolu ilə 9.800 manat pulu mənimsəməsi, müxtəlif bəhanələrlə pulu qaytarmaması barədə xx.xx.2022-ci il tarixdə Binəqədi RPİ-nin 4-cü PŞ-nə daxil olmuş ərizəniz araşdırılmışdır. Araşdırma zamanı ərizəniz əsasında toplanmış m aterialın mülki iddia xarakterli olduğu müəyyən edildiyinə görə Binəqədi RPİ-nin 4-cü PŞ-nin dəftərxanasının arxivinə təhvil verilmişdir. Odur ki, göstərilənlərlə bağlı mülki qaydada məhkəməyə müraciət etməyiniz Sizə tövsiyə olunur”. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiаçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonuncudan 9800 manat borc və 118 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 9918 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, cavabdeh xx.xx.2021-ci il tarixdə İddiaçı MMC-də menecer marketinq vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2022-ci il tarixində işd ən azad olunmuşdur. Cavabdeh işlədiyi müddətdə MMC-dən müxtəlif bəhanələrlə 9.800 manat pul götürmüş, xx.xx.2022-ci il tarixində izahat yazaraq MMC-dən götürdüyü həmin pul məbləğini imzası ilə təsdiqləmişdir. Həmin izahat cavabdeh tərəfindən imzalanmışdır. Bundan əlavə cavabdeh MMC-dən götürdüyü pulu hissə-hissə qaytarmağa söz vermiş, öz imzası ilə 9 ay olmaqla, hər ay 1.000 manat və xx.xx.2022-ci il tarixində sonuncu qalan 800 manatı ödəmək barədə öhdəlik götürməklə xx.xx.2022-ci il tarixində yazılı olaraq qəbz yazmışdır.
6. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)2705/2022 nömrəli qətnaməsi ilə (hakim: Səlimə Miriyeva) iddia təmin edilmişdir.
7. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, tərəflər arasında heç bir borc müqaviləsi b ağlanmamışdır və işin bu halını tərəflər mübahisələndirmir. Halbuki, iddiaçı hüquqi şəxsdir. Eləcə də cavabdehə borc verildiyi iddia edilən pul 9.800 manat məbləğindədir ki, həm hüquqi şəxs tərəfindən borc verilməsi zamanı, həm də bu məbləğdə pulun borc verilməsi zamanı tərəflər arasında yazılı müqavilə bağlanmalı olduğu birbaşa qanunla müəyyən edilmişdir.
8. Bununla belə, məhkəmə belə nəticəyə gəlmişdir ki, İddiaçı MMC tərəfindən Cavabdeh 9.800 manat məbləğində borc pul verilmişdir. Belə ki, iş materiallarında cavabdehin özünün də mübahisələndirmədən qəbul etdiyi kimi onun tərəfindən yazılıb imzalanmış yazılı müraciət mövcuddur və burada cavabdeh iddiaçıya 9.800 manat məbləğində borcu olduğunu qəbul etmiş, bu borcu hissəhissə qaytarmağı öhdəsinə götürmüşdür. Məhkəmə iclasında iştirak ed ən cavabdeh bu yazılı öhdəliyi təzyiq altında yazıb imzaladığını iddia etsə də məhkəmə cavabdehin izahatını inandırıcı deyil. İlk növbədə ona görə ki, cavabdeh iddiaçı tərəfindən ona istənilən formada təzyiq olunmasına dair hər hansı sübutu, ən azından bu cür təzyiqin olmasını ehtimal etməyə zəmin yaradacaq hansısa dəlili (məsələn, tərəfindən bununla bağlı hüquq mühafizə orqanlarına müraciət edilməsi, yaxud ən azından həmin dövrdə iş yerində təzyiqə məruz qalması ilə bağlı ailə üzvləri, dostları, yaxınları ilə arasında baş tutmuş danışıqları, bu barədə şahid ifadələrini) məhkəməyə təqdim etməmişdir
9. Digər tərəfdən, cavabdeh iddia etmişdir ki, onu bu yazılı öhdəliyi imzalamağa məcbur edən “təzyiq” polisə verilmək, həbs edilməklə bağlı olmuşdur. Cavabdehin izahatından belə başa düşülür ki, o, heç bir borcu olmadığı halda iddiaçıya 9.800 manat məbləğində borcu olması ilə bağlı yazılı öhdəlik götürməyə məcbur edilmiş, bununla bağlı özü polisə müraciət etmək əvəzinə, nədənsə qarşı tərəfin onu polisə verməsindən, sonrasında həbs olunmaqdan çəkinmişdir. Hansı ki, əgər cavabdehin dediyi kimi onun İddiaçı MMC-yə heç bir borcu olmasa idi, onun polisə verilməkdən çəkinməsinə heç bir lüzum qalmaz, bu “hədə” onun üçün heç bir əhəmiyyət daşımazdı. Cavabdehin ailəsi ilə hədələnməklə bağlı qeyd etdikləri isə heç bir sübutla təsdiq edilməməklə birlikdə ümumiyyətlə inandırıcılıqdan uzaqdır.
10. Belə olan halda məhkəmə cavabdehin təzyiqə məruz qalması və bu təzyiqin təsiri altında iddiaçıya borcu olduğunu yazılı şəkildə qəbul etməsi ilə bağlı izahatını işin faktiki hallarını öz mənafeyinə u yğun dəyişdirmək cəhdi kimi qiymətləndirir, bu izahatı inandırıcılıqdan uzaq və qeyri-səmimi hesab etmişdir
11. Cavabdehin iddiaçıdan cəmi 4.000 manat məbləğində borc aldığı və bu borcu qaytardığı, qalan pulun isə iddiaçının işləri üçün aldığı, bu pul borc olmadığı dəlili ilə bağlı məhkəmə qeyd etmişdir ki, cavabdeh bununla bağlı hissədə də qeyd etdiklərini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.
12. Məhkəmə həmçinin hesab etmişdir ki, tərəflər arasında şifahi formada bağlanmış borc müqaviləsi əhəmiyyətsiz əqd olmuşdur. Çünki müqavilə bu cür müqavilələr üçün qanunla müəyyən edilmiş formada (yazılı) bağlanmamışdır. Belə olan halda hazırkı iş üzrə iddiaçı əhəmiyyətsiz əqd üzrə şəxs digər tərəfə (cavabdehə) qarşı tələb hüququnu reallaşdırmış, əhəmiyyətsiz əqd üzrə icra edilm işlərin geri qaytarılması ilə bağlı iddia qaldırmışdır.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.7, 135.7, 329.1, 329.2, 331.1, 337, 351.1, 386.1, 739.1, 740, 1091.1, 1091.2 və 1092.1-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli Qərarına, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 107, 119.1, 217.3 və 2017.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
14. Cavabdeh apellyasiya şikayəti verilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
15. Ba kı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra - apellyasiya instansiya məhkəməsi) 25 avqust 2022-ci il tarixli, 2(010)-2705/2022 nömrəli qətnaməsi ilə (hakimlər: Məhəmməd Rüstəmli (sədrlik edən və məruzəçi), Akif İsgəndərov və Vahid Sadıqov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
16. Məhkəmə kollegiyası mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, cavabdeh iddiaçıya 9.800 manat məbləğində borcunun olmasını yazılı formada təsdiqləmiş, lakin cavabdeh həm birinci instansiya məhəməsində verdiyi izahatında, həm də apellyasiya şikayətində həmin sənədi iddiaçının təzyiqi altında yazdığını bildirmişdir.
17. Bununla belə, Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələblərinə əsasən cava bdeh bu etirazının əsası kimi istinad etdiyi hallarla bağlı sübut (ona göstərilmiş qeyri-qanuni təzyiqlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət etməsi və s.) məhkəməyə təqdim etməmişdir.
18. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə hesab etmişdir ki, cavabdeh hər ay onun əmək haqqından borcuna görə tutulmaları təsdiq edən (məsələn, öz bank hesabından çıxarış təqdim etməklə), həmçinin, həyat yoldaşının və atasının xəstə olub-olmaması barədə (həmin şəxslərin sağlamlığı, tibbi əməliyyata məruz qalıb-qalmaması barədə arayış təqdim etməklə) sübutlarını da məhkəməyə təqdim etməmişdir.
19. Məhkəmə kollegiyasının mövqeyinə görə, birinci instansiya məhkəməsi düzgün olaraq nəticəyə gəlmişdir ki, tərəflər arasında borc münasibətləri qanunvericiliyin tələblərinə uyğun olaraq yazılı formada rəsmiləşdirilmədiyinə görə, iddiaçı cavabdehə verdiyi 9.800 manat məbləğində borcu əsassız varlanma qaydalarına uyğun olaraq tələb etməkdə haqlı olmuşdur.
20. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1, 337.1, 337.2, 337.3, 337.4, 337.5, 351.1, 386.1, 739.1, 740.1, 740.2, 1091.1, 1091.2, 1092.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
21. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yenidən araşdırılması üçün həmin məhkəməyə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2
2. Kassator şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının nümayəndəsi onun əmək haqqından tutulmaların olduğunu qəbul etsə də, məhkəmə kollegiyası həmin tutulmaların nə vaxt və nəyə görə yaranmış borcla bağlı olduğunu araşdırmamışdır. Belə ki, cavabdeh iddiaçıdan yalnız 4000 manat borc götürmüş, həmin pul isə hər ay onun əmək haqqısından tutulmuşdur. Məhkəmələr isə işin bu halına qiymət verməmişlər.
23. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 351, 386, 739, 740-cı, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77, 80, 81, 88, 217, 218-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məc əlləsi
25. Maddə14.2.7. Əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir.
26. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
27. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
28. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.
29. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
30. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
31. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
32. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəll əsi
33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
38. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
39. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri t ərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
40. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəmsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiya məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
42. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. 43. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxı lan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
44. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.
46. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1294/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.