Məhkəmə qərarları › İş №2(102)-2478/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2478/2024

29.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2478/2024 29.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: öhdəliyin icra edilməməsi, sübutetmə yükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 noyabr 2023-cü il tarixli, 2(103)6194/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasınd a baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. 03 iyul 2012-ci il tarixli Sim-kart dəyişikliyi formu adlı sənədin surətinə əsasən abunəçi Cavabdeh tərəfindən İddiaçı MMC-dən ********** GSM nömrəsi üzrə **********417539305 nömrəli yeni SİM kart alınmışdır. 2. 28 yanvar 2023-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh GSM müqaviləsinə əsasən ********** nömrə üzrə İddiaçı MMC-yə 56069,60 manat borcu mövcuddur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə GSM müqaviləsinə əsasən ********** GSM nömrəsi üzrə 56069,60 manat əsas borcun, 258,21 ödənilmiş dövlət rüsumunun, cəmi 56327,81 manat məbləğində borcun tutulması barədə qətnamə qəbul edil məsini xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış GSM müqaviləsinə əsasən sonuncu ********** GSM nömrəsi üzrə cəmiyyətin rabitə xidmətlərindən istifadə edərək danışıqlar aparmış və nəticədə cəmi 56069,60 manat məbləğində borcu yaranmışdır. Müqavilənin şərtlərinə əsasən abonent ona göstərilən rabitə xidmətlərinə görə xidmət haqqını "xxxx" MMC-nin müəyyən etdiyi son ödəmə tarixinədək ödəməlidir. Hesab-fakturada göstərilən ödəniş şərtləri abonent tərəfindən pozularsa, "xxxx" MMC gecikdirilən hər gün üçün gecikmə faizi tətbiq edir. Beləliklə, borcluya aid GSM fakturalarından göründüyü kimi borclu müqavilənin şərtlərini pozaraq, göstərilən borcun ödənilməsini təmin etməmişdir.

5. Cavabdeh birinci instansiya məhkəməsində iddiaya etiraz verərək göstərmişdir ki, elektron kabinetə əlavə edilmiş sənədlərlə tanış olarkən GSM müqaviləsinə rast gəlinməmişdir. Bundan əlavə, iddia ərizəsinə 03 iyul 2012-ci il tarixli 2 manat ödəniş edilərək 18 aprel 2012-ci ildə alınmış nömrənin istifadə zamanı yaranmış qüsura əsasən dəyişdirilməsi haqqında Sim-kart dəyişikliyi forumu blankı əlavə edilmişdir. Həmin blankda onun ad soyadı qeyd edilsə də, imza qrafasındakı imza cavabdehə məxsus deyildir. Həmçinin, iddia ərizəsinə əlavə edilmiş 23 yanvar 2023-cü maliyyə arayışına baxan zaman müəyyən olunmuşdur ki, iddia müddəti ötürülmüşdür. Çünki maliyyə arayışı ilə tanış olarkən məlum olmuşdur ki, əsas borc 2012-2019-cu il tarixədək yaranmış və iddiaçı 04 noyabr 2022-ci il tarixdə məhkəməyə müraciət etməklə iddia müddətini ötürmüşdür.

6. Bakı şəhəri Yasam al Rayon Məhkəməsinin 02 avqust 2023-cü il tarixli, e2(004)-385/2023 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.

7. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı iddia etdiyi hallarla bağlı məhkəməyə heç bir sübutlar təqdim etməmişdir.

8. Məhkəmə, cavabdehin iddiaçı tərəfindən təqdim edilmiş 03 iyul 2012-ci il tarixli Sim-kart dəyişikliyi formudakı imzanın da ona aid olmaması barədə iddiaya etirazına münasibət bildirərək qeyd etmişdir ki, iddiaçı tərəfindən məhkəməyə mübahisəli sənədin əsli təqdim edilməmiş və təqdim etmək imkanları olmamış, tərəflər arasında mövcud olmuş müqavilə öhdəliklərinə dair sübutlar təqdim edilməmişdir. Bu səbəbdən, məhkəmə həmin sənədin (kserosurətin) üzərində xətşünaslıq ekspertizasının keçirilməsini məqsədəmüvafiq hesab etməmişdir.

9. Məhkəmə, eyni zamanda iddia tələbi rədd edildiyindən, cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinin müzakirə edilməsini məqsədəmüvafiq hesab etməmişdir.

10. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 89, 106.1, 217.4, 218.1, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

11. İddiaçı MMC apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 noyabr 2023-cü il tarixli, 2(103)-6194/2023 nömrəli qətnaməsi ilə (hakim C.C.Musayevanın sədrliyi və məruzəsi ilə, hakimlər F.F.Babayevdən və G.T.Axund ovadan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 avqust 2023-cü il tarixli, e2(004)-385/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

13. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşan apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı, cavabdehin öz müqavilə öhdəliyini icra etmədiyindən, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququnun yarandığına istinad etmiş, həmçinin məhkəməyə təqdim etmədiyi müqavilənin şərtlərinin cavabdeh tərəfindən pozulmasına əsaslanmışdır. Buna baxmayaraq, iddiaçı tərəfindən istinad etdiyi halların mövcudluğu, yəni tərəflərin müqavilə münasibətlərində olmalarını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmiş, bununla da iddiaçı rabitə xidmətlərinin göstərilməsindən irəli gələn cavabdehin göstərilmiş xidmətlər müqabilində haqq ödəmək öhdəliyinin əmələ gəldiyini sübuta yetirə bilməmişdir.

14. Apellyasiya kollegiyası qeyd etmişdir ki, müvafiq sənədləşmə işlərinin qaydasında olmaması, həmçinin 2012-ci ildən 2019-cu ilədək abonentin yüksək məbləğdə borcu olduğu halda istifadə etdiyi nömrə üzrə iddiaçı tərəfindən telefon xəttinin bloklaşdırılmaması məntiqli görünmür.

15. Məhkəməyə təqdim edilmiş 03 iyul 2012-ci il tarixli Sim-kart dəyişikliyi formu ilə əlaqədar isə kollegiya qeyd etmişdir ki, tərəflərin müqavilə münasibətlərində olması, həmin müqavilə şərtlərinin cavabdeh tərəfindən pozulması və onun müqavilə şərtlərinə əsasən hesablanmış borcun məhz 56069,60 manat məbləğində olması halı iddiaçı tər əfindən məhkəməyə təqdim edilmiş sim-kart dəyişikliyi formu əsasında təsdiq edilməsi Mülki Prosessual Məcəllənin 81-ci maddəsinin tələblərinə ziddir. Çünki qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

16. Məhkəmə hesab etmişdir ki, hazırkı mülki iş üzrə iddiaçının subyektiv hüququnun pozulması müəyyən edilmədiyindən və iddia əsassız olması səbəbi ilə rədd edilməli olduğundan iddia müddətinin tətbiqindən imtina edilməlidir.

17. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 386.1, 421.1, 421.2, 425 və 442-ci, Mülki Prosessual Məcəllənin 14.1, 14.2, 81, 88, 217.1, 217.3-cü maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri

18. İddiaçı MMC kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 329, 385.1-ci, Mülki Prosessual Məcəllənin 97.1, 217.1, 217.3-cü maddələrinin tələbləri pozulmuşdur.

20. Belə ki, iddiaçı ilə cavabdeh arasında şifahi əqd mövcud olmuş, həmin əqdin şərtlərinə əsasən cavabdehə ********** nömrəsi təqdim edilmiş və sonuncu, uzun müddət həmin nömrədən istifadə etmişdir. Cavabdeh məhkəmə proseslərində iştirak etməsə də, məhkəməyə ünvanladığı ərizələrdə nömrədən istifadə etmədiyini bildirməmişdir. Məhkəmə yalnız formal mülahizələrə əsasən yazılı abunə müqaviləsi nin olmaması əsası ilə iddianı rədd etmişdir. Cavabdehin nömrədən faktiki olaraq istifadə etdiyini təsdiq edən əməliyyat sənədi məhkəməyə təqdim edilsə də, məhkəmə bu sübuta qiymət verməmişdir. Məhkəmə 03 iyul 2012-ci il tarixli Sim-kart dəyişikliyi formudakı imzanın cavabdehə məxsus olubolmadığını müəyyən etməkdən ötrü məhkəmə-xətşünaslıq ekspertizasının təyin edilməsindən imtina etmişdir. Lakin həmin sənəd nömrədən cavabdehin faktiki istifadəsini sübuta yetirir.

21. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

22. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

23. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

24. İddiaçı apellyasiya məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, kassasiya baxışın ın hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halları n mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89.3-cü maddəsinə əsasən yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəti cələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəmə sinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış, iş üzrə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim ol unmuş sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçı tələbini sübut edə bilməmişdir.

28. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddianın rədd olunmasının əsası kimi tərəflər arasında rabitə xidmətlərindən istifadə ilə bağlı müqavilə münasibətlərinin yaranmasına dair sübutların təqdim edilməməsi olmuşdur.

29. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

30. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söy kəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

31. İşin faktiki hallarını araşdıran apellyasiya məhkəməsi səlahiyyətləri çərçivəsində iddiaçı tərəfindən təqdim olunmuş sübutları qiymətləndirmiş və yekun nəticəyə gəlmişdir. Bu zaman sübutların qiymətləndirilməsi ilə bağlı prosessual hüquq normalarının pozuntusuna yol verməsi kassasiya araşdırılması zamanı müəyyən olunmamışdır.

32. İddiaçının təqdim etdiyi 03 iyul 2012-ci il tarixli Sim-kart dəyişikliyi formu adlı sənəddə olan imzanın cavabdehə məxsusluğunun yoxlanılması üçün məhkəmə ekspertizasının keçirilməməsi dəlilinə də apellyasiya məhkəməsi tərəfindən qiymət verilmiş və kassasiya məhkəməsi bu mövqe ilə razılaşır. Belə ki, həmin sənədin əsli işin faktiki hallarını araşdıran məh kəmələrə təqdim olunmamışdır. Digər tərəfdən, qeyd olunan sənəd özü-özlüyündə tərəflər arasında müqavilə münasibətlərinin yaranmasını və həmin müqavilənin şərtlərini müəyyən etmir.

33. Sübutların mahiyyətinə qiymətin verilməsi, işin həqiqi hallarının araşdırılmaması ilə bağlı kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Hə min Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

34. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 noyabr 2023-cü il tarixli, 2(103)-6194/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar