Məhkəmə qərarları › İş №2(102)-2504/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2504/2022

07.06.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2504/2022 07.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı cavabdeh "xxxx" digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2504/22 Açar sözlər: əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa, məcburi işəburaxma günləri üçün əmək haqqının ödənilməsi, sağlamlığa vurulmuş zərərə görə kompensasiyanın və mənəvi zərərin əvəzinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 noyabr 2021-ci il tarixli, 2(103)930 0/2021 saylı qətnaməsindən İddiaçı kassasiya şikayətinə 07 iyun 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı (bundan sonra iddiaçı) 16 aprel 2020-ci il tarixdə "xxxx" Şirkətinə (bundan sonra cavabdeh) “istehsal sahəsinə operator vəzifəsinə” işə qəbul edilib və işəgötürənin 18 may 2020-ci il tarixli, 81 saylı əmri ilə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən öz xahişi ilə xitam verilib.

2. İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinə 20 aprel 2020-ci il tarixli əlavəyə əsasən, qurğu operatoru (dondurucu-süd məhsulları) olan iddiaçı (sığorta olunan) 0. 80000 faiz sığorta tarifi ilə cavabdeh tərəfindən (sığortalı) "xxxx" Sığorta Şirkəti ASC (sığortaçı) sığorta olunub. (təminat tarixi 19 aprel 2020-ci il, dəyişikliyin tipi təminata daxil olma, bir illik əmək haqqı fondu 3.600, peşə riskinin dərəcəsi 04, sığorta məbləği 51422,77, geri qaytarılacaq ödəniş sığorta haqqı 22.58).

3. Cavabdeh tərəfindən tərtib edilmiş “İstehsalatda bədbəxt hadisə haqqında” 1/2020 saylı İZ formalı Akta əsasən cavabdehdə operator (qablaşdırıcı) işləyən iddiaçı, 07 may 2020-ci il tarixdə, səhər saat 08:00-da işə gəlib, sex rəisi Oleksandr Pechorkin tərəfindən təlimatlandırıldıqdan sonra əmək funksiyasına uyğun olaraq 2-ci sexdə işə başlayıb. Nahar fasiləsinə kimi işini bitirib, nahar fasiləsindən sonra təqribən saat 14:15 radələrində istehsal olunmuş hazır məhsulu paketlədikdən sonra yükləyici lift vasitəsilə anbara göndərib. Sonra 2-ci hazır məhsulu paketlədikdən sonra lift birinci mərtəbədə olduğundan liftin yuxarı göndərməsini bildirmək məqsədi ilə liftin qapısını açıb, bu zaman ayağı sürüşərək təqribən 3 metr hündürlükdən liftin şaxtasına yıxılıb. Yaxınlıqda olan iş yoldaşıları tez ona yaxınlaşaraq onu liftin şaxtasından çıxarıblar. Hadisə barədə sex rəisi Oleksandır Pechorkinə məlumat verildikdən sonra o, hadisə yerinə gələrək şirkətə məxsus avtomobil ilə iddiaçını X6 aparıb. Bədbəxt hadisənin səbəbi– “Liftlərin quraşdırılması və təhlükəsizlik istismarı qaydaları”nın 4.2.13- cü (lift şaxtasının qapıları enmə meydançasından 150 mm aralanmazdan əvvəl bağlanan avtomatik qapılar kilidlərlə təchiz olunmalıdır), 4.2.14-cü (avtomatik qıfıl elə təchiz olunmalı və quraşdırılmalıdır ki, onu çöldən açmaq mümkün olmasın. Avtomatik kilidlərin çöldən açıla bilməsi üçün lift xidməti personalları üçün xüsusi avadanlıqlar nəzərdə tutulur) və 7.1.1-ci (yeni quraşdırılan lift istismara buraxılmazdan əvvəl texniki nəzarət orqanında qeydiyyata alınmalıdır) bəndlərinin tələblərinə əməl edilməyib. Əmək qanunvericiliyinin tələblərini pozan şəxscavabdehin direktoru Adil Məmmədov hesab edilib. Bədbəxt hadisənin şahidləri– Nahid Mehralıyev, Amil Babayev və Toğrul İsmayılzadə hesab edilib. Bədbəxt hadisənin son nəticəsi– xəsarətlə nəticələnib və Təhqiqat Aktı 11 dekabr 2020-ci il tarixdə tərtib edilib.

4. Daha sonra iddiaçının cavabdehə ünvanladığı 18 may 2020-ci il tarixli ərizəsindən görünür ki, o, 18 may 2020-ci il tarixdən öz xahişi ilə onunla bağlanmı ş əmək müqaviləsinə xitam verilməsini xahiş edib.

5. İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinə 20 may 2020-ci il tarixli əlavədən görünür ki, qurğu operatoru (dondurucu-süd məhsulları) iddiaçı (sığorta olunan), cavabdeh (sığortalı) tərəfindən "xxxx" Sığorta Şirkəti ASC-dən (sığortaçı) sığorta təminatından çıxarılıb (təminat tarixi 19 may 2020-ci il, dəyişikliyin tipi təminatdan çıxarılma, bir illik əmək haqqı fondu 3600, peşə riskinin dərəcəsi 4, sığorta məbləği 0.00, sığorta tarifi 0.80000 faiz, geri qaytarılacaq ödəniş sığorta haqqı -16.18).

6. Cavabdehin kassa məxaric orderinə əsasən, iddiaçıya 01 avqust 2020-ci ilin may və iyun ayları üçün 707 manat, 10 avqust 2020-ci ildə 470 manat, 07 se ntyabr 2020-ci ildə 420 manat, 05 oktyabr 2020-ci ildə 420 manat vəsait ödənilib. Qeyd olunan vəsaitlər kassa məxaric orderinə imza edilməklə iddiaçı tərəfindən qəbul edilib. Həmçinin iddiaçının qeydlərinə əsasən, o, həmin məbləği əmək haqqı bilib alıb. Cavabdeh tərəfindən 06 noyabr 2020-ci ildə iddiaçıya 420 manat vəsait ödənilib və kassa mədaxil orderinə imza etməklə həmin vəsaiti qəbul edib. 05 avqust 2020-ci il tarixli mədaxil qəbzinə görə, iddiaçının müayinəsi üçün X7 Cəmiyyətinin Klinikasına 170 manat vəsait ödənilib, habelə fizioterapiya və taksi xidmətindən istifadə etməsi üçün iddiaçıya 10 gün müddətində 40 manat vəsait verilib və sonuncu imza etməklə vəsaiti qəbul edib.

7. Bakı şəhəri Binəqədi Rayon Prokurorluğunun 30 oktyabr 2020- ci il tarixli “Cinayət işinin başlanmasının rə dd edilməsi” haqqında Qərarına əsasən cavabdehin direktoru Adil Məmmədov barəsində İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə inzibati icraat başlanılıb və inzibati xəta haqqında iş baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.

8. X4 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 02 noyabr 2020-ci il tarixli məktubun surətindən görünür ki, iddiaçının 14 avqust 2020-ci il və 14 sentyabr 2020-ci il tarixli müraciətlərinə baxılıb və müraciətlərin araşdırılması zamanı cavabdehin qanuni təmsilçisi tərəfindən təqdim edilmiş sənədlərdə tərəflər arasında 16 aprel 2020-ci il tarixdə bağlanmış əmək müqaviləsinə 18 may 2020-ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (öz xahişi ilə) əsasən xitam verildiyi və son haqq-hesabın hesablanara q işəgötürən tərəfindən iddiaçıya 05 iyun 2020ci il tarixdə ödənildiyi məlum olub. Bununla da cavabdehin qanuni təmsilçisi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin tələbləri pozulub. Lakin, İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 3 ay keçənək verilə bilər. İddiaçı qeyd olunanlarla razılaşmadığı halda məhkəməyə müraciət edə bilər.

9. Bakı şəhəri Binəqədi Rayon Prokurorluğunun 04 noyabr 2020- ci il tarixli “İnzibati xətaya dair iş üzrə icraata başlamaq haqqında” Qərarına əsasən, iddiaçının xəsarət almasına dair toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilib və cavabdehin direktoru Adil Məmmədov barəsində inzibati icraatın başlanması qərara alınıb.

10. Bakı şəhəri Binəqədi Rayon M əhkəməsinin 30 noyabr 2020-ci il tarixli Qərarına əsasən cavabdehin direktoru X5 Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 1.500 manat miqdarında inzibati qaydada cərimə edilib.

11. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 15 dekabr 2020-ci il tarixli məktuba əsasən, onunla əmək müqaviləsi bağlanarkən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmağı müəyyən edilib.

12. İddiaçı tərəfindən təqdim edilmiş qəbzlərə əsasən, o 2020-ci ilin may ayından oktyabr ayına kimi mütəmadi olaraq müxtəlif klinikalara, tibbi xidmət, o cümlədən dərman vasitələrinin alınması üçün ödənişlər edib.

13. Cavabdeh tərəfindən verilmiş arayışa görə iddiaçının müalicəsinə c əmi 4.046,73 manat xərc çəkilib, həmçinin, iddiaçıya nağd şəkildə cəmi 2.437 manat vəsait verilməklə maddi yardım göstərilib.

14. Dövlət Tibbi Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının 10 yanvar 2022-ci il tarixli Qərarına əsasən, iddiaçıya istehsalat zədəsi səbəbindən İİİ dərəcəli əlillik qrupu təyin edilib və əmək qabiliyyətinin itirilməsi 40 faiz müəyyən edilib.

15. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

16. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən onun işdən çıxarılmağının qanunsuz hesab edilməsi, işəgötürənin 18 may 2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə 81/ƏMX saylı əmrinin ləğv edilməsi və məcburi işəburaxma müddəti üçün əmək haqqı ödənilməklə işə bərpa edilməsi və sağlamlığına vurulmuş zərərin kompensasiyası olaraq 50.000 manat, habelə mənəvi zərərə görə 10.000 manat pulun cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib.

17. İddia tələbi onunla əsaslandırılıb ki, onunla cavabdeh arasında əmək münasibətləri martın ayının sonlarından başlasa da (bu faktı cavabdehin özü tərəfindən onun istehsalat ərazisində işə çıxmağına dair 31 mart 2020-ci il tarixli arayışı da təsdiq edir), aralarında əmək müqaviləsi rəsmi qaydada 16 aprel 2020-ci il tarixdə bağlanıb. Həmin əmək müqaviləsində onun “operator” (qablaşdırıcı) vəzifəsinə qəbul olunduğu qeyd edilib və müqavilənin müddəti göstərilməyib. Əmək müqaviləsində aylıq əmək haqqı 300 manat qeyd olunsa da, faktiki olaraq cavabdeh tərəfindən ona 420 manat məvacib verilib. İşlədiyi dövrdə cavabdehə məxsus “İceland” dondurma istehsalat sexində 07 may 2020-ci il tarixdə işdə olarkən hazır məhsulları liftə yükləmək üçün liftin düyməsini basdıqdan sonra liftin qapısı açılsa da liftin kabinəsi gəlməyib, həmin vaxt döşəmə sürüşkən olduğu üçün ayağı sürüşüb və ikinci mərtəbədən liftin şaxtasına yıxılıb. Köməyə iş yoldaşları gəlib və onu Musa Nağıyev adına təcili tibbi yardım xəstəxanasına aparıblar. Orada ondan harada xəsarət aldığını soruşduqda, iş yerinin təkidli təzyiqi nəticəsində evdə yıxıldığını deməyə məcbur olub. Daha sonra, “Medistyle” Hospital və “MedEra” Hospitalda müayinə olunub, MRT müayinəsindən və digər tibbi müayinələr nəticəsində sağlamlığına ağır zərər dəydiyi müəyyən edilib. Cavabdeh tərəfindən təsdiq edilmiş “İstehsalatda bədbəxt hadisə haqqında” 11 dek abr 2020-ci il tarixli İz formalı Akt tərtib olunarkən qəsdən yanlışlığa yol verilib və ziyanla bağlı, onun əmək qabiliyyətini müvəqqəti itirməsi, ödənişlər və müddətlə bağlı heç bir qeyd yer almayıb. Həmin Aktda bədbəxt hadisənin səbəbləri kimi “Liftlərin quruluşu və təhlükəsiz istismarı” Qaydalarının müvafiq maddələrinə işəgötürən tərəfindən əməl edilməməsi göstərilib. Onun iş yerində başına gələn bədbəxt hadisədə təqsirli şəxslərin müəyyən edilməsi, ümumiyyətlə baş vermiş hadisəyə hüquqi qiymət verilməsi üçün Binəqədi Rayon Prokurorluğuna müraciət edib. Araşdırma zamanı məhkəmə tibbekspertizasının 02 sentyabr 2020-ci il tarixli rəyinə əsasən onun bədənində aşkar olunmuş xəsarətlər- 1-ci, 2-ci, 3-cü və 4-cü fəqərələrinin sınıqlarının bərk küt əşyanın təsirindən MRT müayinəsi üçün ilkin o laraq N.Tusi adına klinikaya müraciət etdiyi 08 may 2020-ci il tarixindən bir qədər əvvəl əmələ gəldiyi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid olduğu qeyd edilib. Məhkəmə Ekspertiza Mərkəzinin 24 sentyabr 2020-ci il tarixli rəyində isə Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən dondurma sexində qaydaların tələblərinə uyğun olmayan, yəni kabinəsi oturma meydançasından aralanan zaman qapıları avtomatik bağlayan qıfıllarla təchiz olunmayan yük liftindən istifadə olunmasının hadisənin baş verməsini şərtləndirdiyi qeyd olunub. Digər 30 oktyabr 2020-ci il tarixli ekspert rəyində isə onun 1-5-ci bel fəqərələrində kompression sınıq nəticəsində sağlamlığına az ağır zərərvurmaya aid xəsarət aldığı qeyd edili b. Binəqədi Rayon Prokurorluğunda həmin müraciəti əsasında qəbul olunmuş 30 oktyabr 2020-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərara əsasən cavabdehin direktoru Adil Məmmədov barəsində İnzibatı Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə inzibati icraatın başlanılması, inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarın baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilməsi qərara alınıb. Binəqədi Rayon Prokurorluğu tərəfindən 04 noyabr 2020- ci il tarixli “İnzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında” qərar qəbul edilib. Binəqədi Rayon Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli qərarı ilə cavabdehin direktoru X5 Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 1.500 manat miqdar ında inzibati qaydada cərimə edilib. Hadisə nəticəsində ağır bədən xəsarəti alıb, 1-5-ci bel fəqərələrinin sınması nəticəsində sağlamlığı uzun müddətə pozulub. Nəticədə onun müalicə olunmağına və ömrü boyu hər altı aydan bir fizioterapiya almağa ehtiyacı yaranıb. Bədənində yaranmış fiziki məhdudiyyətlərlə əlaqədar əmək fəaliyyətini davam etdirmək imkanından məhrum olub. Artıq fiziki əməklə bağlı hər hansı iş görmək iqtidarında deyil. Cavabdeh xəsarət aldığı vaxtdan etibarən sadəcə birinci və ikinci aylarda onun müalicəsinə köməklik göstərib, daha sonra isə ona heç bir yardım etməyib. Daha sonra, avqust, sentyabr və oktyabr aylarında əmək haqqı olaraq bildiyi ödənişlər ona ödənilib. Cavabdehin yol verdiyi əmək qanunvericiliyinin pozuntusu azmış kimi növbəti pozuntunun onun əmək müqaviləsinə xəbəri və heç bir razılığı olmadan xitam verməsi olub. Bu barədə o, elektron portalı yoxlayarkən təsadüfən xəbər tutub. İşəgötürənin 18 may 2020-ci il tarixli əmrinə əsasən onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) xitam verildiyi qeyd olunub və əsas kimi işdən çıxmaya dair ərizəsi göstərilib. Halbuki, o, işdən çıxarılmasına dair ərizə verməyib və belə bir ərizə varsa imza ona məxsus deyil. İşdən qanunsuz çıxarılmasına dair X3 müraciət edib və sonuncunun 02 noyabr 2020-ci il tarixli məktubuna görə, onunla cavabdeh arasında 16 aprel 2020-ci il tarixdə bağlanmış əmək müqaviləsinə 18 may 2020-ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (öz xahişi ilə) əsasən xitam verildiyi və son haqq-hesabın hesablanaraq işəgötürən tərəfindən ona 05 iyun 2020-ci il tarixdə ödənildiyi qeyd edilib. Bununla da, cavabdehin qanuni təmsilçisi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin tələbləri pozulub. Lakin, İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 3 ay keçənədək verilə bilər. X2 məktubundan da görünür ki, onun işdən çıxarılması qanunsuz olub.

18. Habelə, Məhkəmə Ekspertiza Mərkəzinin 16 iyun 2021-ci il tarixli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş mülki işin 85-ci vərəqində iddiaçının adından olan 18 may 2020-ci il tarixli işdən azadedilmə barədə ərizənin aşağı hissəsində “imza” qrafasındakı imza- iddiaçı tərəfindən icra olunub, lakin həmin ərizənin əlyazma mətni iddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunub.

19. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim F.E.Hətəmzadə) iddia rədd edilib.

20. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilib ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Hazırki işdən məlum olur ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğvinin təşəbbüsü onun özü olub. Bununla belə iddiaçı, onun tərəfindən belə bir təşəbbüsün olmadığını, başqa sözlə əmək müqaviləsinin ləğvinin əsası olan ərizənin onun tərəfindən imzalanmadığını israrla bildirərək, onun işdən azadolunması barədə əmrin qanuniliyini mübahisələndirib. Lakin araşdırma zamanı ekspert tədqiqatı ilə müəyyən edilib ki, əmək müqaviləsinin ləğvinin əsası olan ərizənin “imza” qrafasında olan imza məhz iddiaçının özü tərəfindən icra edilib. Belə olan halda isə iddiaçı işdən azad olunması barədə ərizəni imzalamadığını bildirsə də, onun qeyd etdiyi bu hal tədqiq edilmiş sübutlarla təkzib olunur, habelə iddiaçı öz dəlillərini əsaslandıra və sübuta yetirə bilmyib.

21. Bundan əlavə, iddiaçı izahatında X2 02 noyabr 2020-ci il tarixli məktubuna istinad edib onunla bağlanmış əmək müqaviləsinə qanunsuz xitam verildiyini iddia etsə də, istinad etdiyi həmin məktubda onun işdən azad edilməsində i şəgötürənin hər hansı qanun pozuntusuna yol verdiyi deyil, iddiaçıya son haqq-hesabın 05 iyun 2020-ci il tarixdə ödənildiyi üçün İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin tələblərinin pozulduğu qeyd edilib. Ona görə də, ididiaçının qeyd olunan dəlili də əsaslı sayıla bilməz.

22. Daha sonra, iddiaçı cavabdehin 18 may 2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə əmrinin surətini və digər sənədləri 15 dekabr 2020-ci il tarixdə alıb, lakin hazırki iddia ilə məhkəməyə 09 aprel 2021-ci il tarixdə müraciət edib və bununla da əmək qanunvericiliyində nəzərdə tutulmuş iddia müddətini ötürüb. Bu baxımdan iddia “işdən azad edilmə barədə əmrin qanunsuz hesab edilməsi, əmrin ləğv edilməsi, işə bərpa” hissələri əsassız olduğuna görə, həmçinin iddiaçı tərəfindən iddia müddəti ötürül düyünə görə rədd edilməlidir.

23. İddianın “məcburi işəburaxma müddətinə görə əmək haqqının ödənilməsi” tələbinə gəlincə isə qeyd edilməlidir ki, iddianın bu hissəsi törəmə tələbdir və əmək qanunvericiliyin yuxarıda qeyd edilən normalarına əsasən bu tələbin təmin olunubolunmaması bilavasitə iddia tələbinin “işdən azad edilmə barədə əmrin qanunsuz hesab edilməsi, əmrin ləğv edilməsi və işə bərpa” tələblərinin təmin olunub-olunmamasından asılıdır. Ona görə də bu hissədə iddia təmin edilə bilməz.

24. Həmçinin işdən görünür ki, iddiaçının aldığı xəsarət nəticəsində onun sağlamlığının bərpa edilməsi üçün həkim müayinələri, müalicələr, dərman preparatları, habelə korsetin alınması ilə bağlı xərclərə cavabdeh tərəfindən 4.046,73 manat vəsait sərf edilib. Bundan əlavə iddiaçıya, cavabdeh tərəfin dən may, iyun, iyul, avqust, sentyabr və oktyabr ayları üçün əmək haqqı məbləğində maddi yardımlar edilib. Göründüyü kimi iddiaçı cavabdeh tərəfindən onun müalicələrinə yalnız 2 ay maddi yardım göstərildiyini qeyd etsə də, lakin məhkəmə araşdırması zamanı bu hallar təkzib edilib. Belə ki, cavabdeh iddiaçının həkim müayinələrinin, müalicələrinin, dərman preparatlarının, habelə korsetin alınması ilə bağlı xərclərin qəbzlərinin surətini məhkəməyə sübut kimi təqdim etdikdə, iddiaçı həmin qəbzlərdə olan vəsaitlərin məhz cavabdehin ödəməsinə dair hər hansı etirazını bildirməyib. Bundan əlavə, iddiaçı sonuncu olaraq 09 oktyabr 2020- ci il tarixli müayinə sənədini ərizəsinə əlavə etsə də, həmin tarixdən sonrakı vaxtlara aid olan hər hansı müayinə və müalicə ilə əlaqədar sənədləri ərizəsinə əlavə e tməyib, habelə belə sənədləri məhkəməyə təqdim etməyib. Halbuki, iddiaçı izahatında hər altı aydan bir fizioterapiya müayinəsinə ehtiyacının olduğunu bildirir. Qeyd olunanlar da onu deməyə əsas verir ki, iddiaçının hazırki tələbi yalnız formal mülahizələrdən ibarətdir və tələbini dəstəkləyən hər hansı sübutu yoxdur. Göstərilənlərə əsasən, hazırki iddia tələbi, yəni sağlamlığa vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbi də əsassızdır və təmin edilə bilməz.

25. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Əmək Məcəlləsinin 68.1, 68.2, 76.1, 76.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. b). Apellyasiya instansiyası məhkəməsində icraat

26. İddiaçı apellyasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib.

27. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun şəkildə əsaslandırılıb.

28. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Ə.Mehdiyev sədrlik edən, məruzəçi, X.Ə.Sarıyev və N.Ş.Cəfərov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Binəqədi Rrayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb.

29. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi iddia tələblərini rədd etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib.

30. Apellyasiya instiansiyası məhkəməsi hüquqi mövqe yini Əmək Məcəlləsinin 68.1, 68.2, 76.1, 76.2, 83.1, 217, 296.1, 296.2, 296.3, 300.1-ci maddələrinin və digər maddi, proessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. c) Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

31. İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib.

32. Kassasiya şikayəti onunla əsaslandırılıb ki, ekspert rəyində ərizənin onun tərəfindən yazılmadığı qeyd olunsa da, işə baxan məhkəmə ekspert rəyinə həmin hissədə münasibət bildirməyib. Halbuki, bu hal özü onun işdən çıxarılmasının qanunsuz olduğunu göstərir. Xəsarət aldığı vaxtdan etibarən sadəcə birinci v ə ikinci aylarda cavabdeh onun müalicəsinə köməklik göstərib. Daha sonra, avqust, sentyabr və oktyabr aylarında əmək haqqı olaraq bildiyi ödənişləri ona ödəyib. İş yerimdə baş vermiş qəza nəticəsində o, sağlamlığını əhəmiyyətli dərəcədə itirib. Bu hal istintaq zamanı verilmiş tibbi ekspert rəyi ilə təsdiq olunur. Lakin sağlamlığa vurulmuş zərərin əvəzi cavabdeh tərəfindən ona ödənilməyib.

33. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

34. Cavabdehin etiraz ərizəsində kassasiya şikayətinin təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş olunub.

35. Eiraz ərizəsi onunla əsaslandırılıb ki, əslində iddiaçının özünün səhlənkarlığı nəticəsində o, yıxılaraq xəsarət alıb və aparılan yüksək keyfiyyətli müalicə nəticəsində sağalıb v ə sərbəst hərəkət edir. Cavabdeh tərəfindən iddiaçının müalicəsi üçün 15 dekabr 2020-ci il tarixə kimi 6.483,73 manat pul ödənilib. Bundan başqa, iddiaçı əmək müqaviləsinin ləğv edilməsi barədə rəsmi məlumatlı olub və əmrin surəti, icbari sığorta olunmasına dair sənədlər ona 15 dekabr 2020-ci il tarixdə rəsmi qaydada təqdim edilib. d). Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi:

36. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə də xitam verilə bilər.

37. Həmin Məcəllənin 69-cu maddəsində göstərilir ki, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Həmin Məcəllənin 76-cı maddəsinə görə, işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz.

38. Həmin Məcəllənin 83-cü maddəsinə görə, əmək müqaviləsinə xitam verilməsinin sənədləşdirilməsi qaydası. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallard a bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.

39. Əmək Məcəlləsinin 239-cu maddəsinə əsasən, istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. İşəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sa ğlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir. İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən edilir. İstehsalat qəzaları və yaxud peşə xəstəliyi nəticəsində zərərçəkən şəxslərin zərərə görə verilən ödənclərinin məbləğləri qanunvericiliklə müəyyən edilmiş qaydada əmsallaşdırılmalıdır.

40. Həmin Məcəllənin 296-cı maddəsinə əsasən, bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələ rinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

41. Həmin Məcəllənin 300-cü maddəsinə görə, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

42. Həmin Məcəllənin 372-ci maddəsinə əsasən, hüquq u pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

43. Həmin Məcəllənin 1118.1-ci maddəsində göstərilir ki, fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nə qliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin.

44. Həmin Məcəllənin 1119.1-ci maddəsinə əsasən, zərərçəkənin itirdiyi və əvəzi ödənilməli qazancın (gəlirin) miqdarı onun xəsarətdən və ya sağlamlığının başqa şəkildə pozulmasından və ya əmək qabiliyyətini itirməsindən əvvəlki orta aylıq qazancından (gəlirindən) faizlər şəklində müəyyənləşdirilir. Bu faizlər zərərçəkənin professional əmək qabiliyyətini itirməsi dərəcəsinə, professional əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətini itirməsi dərəcəsinə uyğun gəlməlidir.

45. Həmin Məcəllənin 1119.3-cü maddəsinə görə, zərərçəkənin orta aylıq qazancı (g əliri) onun sağlamlığının pozulmasından əvvəlki on iki aylıq qazancının (gəlirinin) ümumi məbləğinin on ikiyə bölünməsi yolu ilə hesablanır. Zərər vurulanadək zərərçəkənin on iki aydan az işləmiş olduğu halda orta aylıq qazanc (gəlir) sağlamlığın pozulmasından əvvəlki faktik işlənilmiş aylar üçün qazancın (gəlirin) ümumi məbləğinin həmin ayların sayına bölünməsi yolu ilə hesablanır. Zərərçəkənin tam işləmədiyi aylar onun arzusu ilə tam işlənilmiş əvvəlki aylarla əvəz edilir və ya əvəz etmək mümkün olmadıqda hesabdan çıxarılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

46. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

47. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələbl ərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

48. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

49. Həmin Məcəllənin 217.2-ci maddəsində göstərilir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

50. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə o lunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

51. Həmin Məcəllənin 416.1-ci maddəsində göstərilir ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

52. Həmin Məcəllənin 417.1.1-ci maddəsinə görə, kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

53. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzg ün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

54. İddiaçının kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

55. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi v ə prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

56. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın rədd edilməsi üçün əsasların olmaldığını və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

57. Belə ki, iddiaçı, kassasiya şikayətində göstərib ki, apellyasiya instansiyası məhkəməsi ekspert rəyinə düzgün hüquqi qiymət verməyib. Belə ki, həmin rəydə işdən çıxmasına dair ərizənin onun tərəfindən yazılmadığı qeyd olunsa da, ekspert rəyinə münasibət bildirilməyib. Halbuki, bu hal özü onun işdən çıxarılmasının qanunsuz olduğunu göstərir; xəsarət aldığı vaxtdan etibarən cavabdeh sadəcə olaraq birinci və ikinci aylarda müalicəsinə köməklik göstərib; avqust, sentyabr və oktyabr aylarında əmək haqqı hesab etdiyi ödənişləri ona ödəyib; iş yerimdə baş vermiş qəza nəticəsində o, sağlamlığını əhəmiyyətli dərəcədə itirib; bununla bağlı istintaq zamanı aparılmış məhkəmə tibbi ekspertiza rəyi ilə razı olmayıb; sağlamlığına dəymiş zərərin əvəzi cavabdeh tərəfindən ona ödənilməyib.

58. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb hesab edir ki, iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmaq olmaz.

59. Belə ki, məhkəmə xətşünaslıq ekspertinin rə yinə görə, əmək müqaviləsinin ləğvinin əsası olan ərizənin “imza” qrafasında olan imza məhz iddiaçının özü tərəfindən icra edilib. Belə olan halda, iddiaçının qeyd etdiyi hal tədqiq edilmiş sübutlarla təkzib olunur və iddiaçı öz dəlillərini əsaslandıra və sübuta yetirə bilməyib. Bu səbəbdən də, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd edib ki, sözügedən ərizənin mətninin iddiaçı tərəfindən icra edilməməsi, ərizədəki imzanın ona məxsus olmaması anlamına gəlmir və iddiaçı həmin ərizəni imzalamaqla əslində öz iradəsini ifadə edib. Bu baxımdan işəgötürən, iddiaçının iradəsini, arzusunu nəzərə alaraq, onunla bağlanmış əmək müqaviləsinə xitam verməkdə haqlı olub.

60. Kassasiya şikayətinin digər dəlili ilə bağlı qeyd edilməlidir ki, iddiaçıya cavabdeh tərəfindən may, iyun, iyul, avq ust, sentyabr və oktyabr ayları üçün əmək haqqı məbləğində maddi yardımlar edilməsi mülki iş materialları ilə tam sübuta yetirilir. İddiaçı, cavabdeh tərəfindən onun müalicələrinə yalnız iki ay maddi yardım göstərildiyini qeyd etsə də, birinci və apellyasiya instansiyası məhkəmələrində olan olan araşdırmalar zamanı cavabdeh tərəfindən iddiaçının həkim müayinələrinin, müalicələrinin, dərman preparatlarının, habelə onun üçün korsetin alınması ilə bağlı xərclərin qəbzlərinin surətini məhkəməyə sübut kimi təqdim edib, iddiaçı həmin qəbzlərdə olan vəsaitlərin məhz cavabdeh tərəfindən ödənildiyinə hər hansı etirazını bildirməyib.

61. Kassasiya şikayətinin digər dəlili ilə bağlı qeyd edilməlidir ki, cavabdehin ekspert rəyi ilə razılaşmaması həmin ekspert rəyinin əsassızlığına dəlalət etmir.

62. B elə ki, Mülki Prosessual Məcəllənin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

63. Həmin Məcəllənin 88-ci maddəsində göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

64. Digər tərəfdən, hazırki iddia birinci instansiya məhkəməsi tərəfindən “işdən azad edilmə barədə əmrin qanunsuz hesab edilməsi, əmrin ləğv edilməsi, işə bərpa” hissələri əsassız olması ilə yanaşı, həmçinin iddiaçı tərəfindən iddia müddəti də ötürüldüyünə görə də rədd edilib. Kassator bununla bağlı dəlil göst ərməsə də, ərizədəki imzanın ona məxsus olması iddia müddətinin ötürülməsini bir daha təsdiq edir.

65. Beləliklə, iddia tələblərini qeyd olunan hissədə rədd etmiş birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlib və yuxarıda sadalanan maddi hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib.

66. Bundan əlavə, iddiaçı cavabdehin təqsiri üzündən sağlamlığına vurulmuş zərərin kompensasiyası olaraq 50.000 manat, habelə mənəvi zərərə görə 10.000 manat pul tələb etsə də, tələblərinin əsası kimi istinad etdiyi halları məhkəmə iclasında sübuta yetirə bilməyib. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onla rdan istifadə etməlidir.

67. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

68. Sadalanan prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir.

69. Hazırkı işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib.

70. Daha sonra iddiaçı, 09 oktyabr 2020- ci il tarixli müayinə sənədini ərizəsinə əlavə etsə də, həmin tarixdən sonrakı vaxtlara aid olan hər hansı müayinə və müalicə ilə əlaqədar sənədləri ərizəsinə əlavə etməyib, habelə belə sənədləri məhkəməyə təqdim etməyib. Halbuki, iddiaçı izahatında hər altı aydan bir fizioterapiya müayinəsinə ehtiyacının olduğunu bildirir. Qeyd olunanlar da onu deməyə əsas verir ki, iddiaçının hazırki tələbi yalnız formal mülahizələrdən ibarətdir və tələbini dəstəkləyən hər hansı sübutu yoxdur.

71. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi bu hissədə də apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddianı sağlamlığa vurulmuş ziyana görə kompensasiyanın və mənəvi zərərin əvəzinin ödənilməsi hissəsində də rədd etmiş birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla düzgün nəticəyə gəlib və yuxarıda sadalanan maddi hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib.

72. Eyni zamanda, Dövlət Tibbi Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının 10 yanvar 2022-ci il tarixli Qərarına əsasən, iddiaçıya istehsalat zədəsi səbəbindən İİİ dərəcəli əlillik qrupu təyin edilib və əmək qabiliyyətinin itirilməsi 40 faiz müəyyən edilib.

73. Kassasiya instansiyası məhkəməsi hesab edir ki, iddaçıya istehsalat zədəsi səbəbindən İİİ dərəcəli əlillik qrupu təyin edildiyindən və əmək qabiliyyətinin 40 faizini itirdiyindən, o, Əmək Məcəllənin 239-cu, Mülki Məcəllənin 1118-ci və 1119-cu maddələrinin tələblərinə uyğun olaraq ayrıca birinci instansiya məhkəməsin də cavabdehə qarşı iddia qaldırmaqla malik olduğu, yaxud malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin) ödənilməsi barədə mübahisə aça bilər. Qeyd olunan normaların mənasına görə, zərərçəkənin itirdiyi qazancın (gəlirin) tərkibinə onun həm əsas iş yerində, həm də əvəzçilik üzrə əmək və mülki hüquq müqavilələri əsasında əməyinin ödənilməsinin gəlir vergiysi tutulan bütün növləri daxil edilir.

74. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin digər dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür və belə qənaətə gəlir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 noyabr 2021-ci il tarixli, 2(103)-9300/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar