Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-251/2019 15.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 15 yanvar 2019-cu il İŞ № 2(102)-251/2019 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakları ilə açıq məhkəmə iclasında, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 sentyabr 2018-ci il tarixli, 2(107)-2242/2018 saylı qətnaməsindən Ərizəçi və vəkili xxxoğlunun kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Şəki rayon məhkəməsinin 03 iyul 2018-ci il tarixli, 2(075)-2937/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim C.F.İmanov) Ərizəçi “əmək fəaliyyəti ilə bağlı hüquqi faktın müəyyən edilməsinə dair” ərizəsi təmin edilərək, ərizəçinin 1974-cü ilin may ayından 1990-cı ilin sentyabr ayınadək həmin vaxt Orconokidze adına taxılçılıq sovxozunun 5 saylı Şöbəsində işləməsi faktı müəyyən edilmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər Şöbəsi qətnamədən apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 sentyabr 2018-ci il tarixli, 2(107)-2242/2018 saylı qətnaməsi ilə (hakimlər R.Ə.Əliyev sədrlik edən, məruzəçi, M.M.Hüseynov və İ.H.Şükürov) apellyasiya şikayəti təmin edilərək, iş üzrə Şəki rayon məhkəməsinin 03 iyul 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, ərizə rədd olunmuşdur. Ərizəçi və vəkili xxx qətnamədən kassasiya şikayəti vermişlər. İŞİN HALLARİ İşdən görünür ki, ərizəçi məhkəməyə müraciət edərək “əmək fəaliyyəti ilə bağlı hüquqi faktın müəyyən edilməsi barədə” ərizə vermiş və tələbini onunla əsaslandırmışdır ki, 1974-cü ilin may ayından 1990-cı ilin sentyabr ayınadək həmin vaxt x adına taxılçılıq sovxozunun 5 saylı Şöbəsində fəhlə işləmişdir. O, yaşa görə pensiya təyin olunması üçün müvafiq sənədləri toplayıb Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər Şöbəsinə müraciət etmiş, lakin sözügedən sovxoz hazırda fəaliyyət göstərmədiyindən onun Orconokidze adına taxılçılıq sovxozunun 5 saylı Şöbəsində işləməsi barədə sığorta stajını müəyyənləşdirmək mümkün olmadığına, iş stajınının sığorta stajına daxil edilməməsi və əmək kitabçasının olmamasına görə ona pensiya təyin olunması mümkün olmamış və maraqlı tərəfin 03 aprel 2018-ci il tarixli məktubu ilə həmin illərə dair əmək fəaliyyətinin müəyyənləşdirilməsi, eləcə də əmək kitabçası olmadığı üçün ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur.Ona görə də ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməmişdir. Kassasiya şikayəti ndə iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Ərizəçi və maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər Şöbəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib, ərizəni rədd edərkən, hüquqi əməhiyyəti olan faktın müəyyən edilməsi üçün əsasların olmamasına, ərizəni təmin etməklə birinci instansiya məhkəməsinin düzg ün nəticəyə gəlməməsinə istinad etmiş və hüquqi mövqeyini “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri ilə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən, maddi və prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etmişdir, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməmişdir və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işdən görünür ki, ərizəçi iddia etmişdir ki, o, 1974-cü ilin may ayından 1990-cı ilin sentyabr ayınadək həmin vaxt Orconokidze adına taxılçılıq sovxozunun 5 saylı Şöbəsində f əhlə işləmişdir. O, yaşa görə pensiya təyin olunması üçün müvafiq sənədləri toplayıb maraqlı tərəfə müraciət etmiş, lakin sözügedən sovxoz hazırda fəaliyyət göstərmədiyindən onun Orconokidze adına taxılçılıq sovxozunun 5 saylı Şöbəsində işləməsi barədə sığorta stajını müəyyənləşdirmək mümkün olmadığına, iş stajınının sığorta stajına daxil edilməməsi və əmək kitabçasının olmamasına görə ona pensiya təyin olunması mümkün olmamış və maraqlı tərəfin 03 aprel 2018-ci il tarixli məktubu ilə həmin illərə dair əmək fəaliyyətinin müəyyənləşdirilməsi, eləcə də əmək kitabçası olmadığı üçün ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Ərizəçinin tələbinin əsası kimi istinad etdiyi halları birinci instansiya məhkəməsində şahid kimi dindirilmiş xxx, xxx və xxx də ifadələrində təsdiq etmişlər. El əcə də maraqlı tərəfin işə əlavə edilmiş 03 aprel 2018-ci il tarixli məktubu ilə müəyyən olunur ki, ərizəçinin 1974-cü ilin may ayından 1990-cı ilin sentyabr ayınadək Orconokidze adına taxılçılıq sovxozunun 5 saylı Şöbəsində fəhlə işləməsinin müəyyən edilməsi, onun işləməsinin sığorta stajına daxil edilməsi həmin sənədlərin 2005-ci ildə baş vermiş yanğın nəticəsində yandığı üçün, həmçinin onun əmək kitabçasının olmamasına görə iş stajınının və əmək haqqı arayışının düzgünlüyünün yerində yoxlanılması mümkün olmamışdır. Həmçinin Azərbaycan Respublikası X2 filialının işə əlavə edilmiş 14 mart 2018-ci il tarixli arxiv arayışı ilə müəyyən olunur ki, ərizəçinin Orconokidze adına taxılçılıq sovxozunda fəhlə işləməsinə dair sənədlər arxivə təhvil verilməmişdir. Apellyasiya instansiyası məhkəməsi b irinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmayıb haqlı olaraq qeyd etmişdir ki, ərizəçinin 1974-cü ilin may ayından 1990-cı ilin sentyabr ayınadək Orconokidze adına taxılçılıq sovxozunun 5 saylı Şöbəsində fəhlə işləməsi faktı şahid ifadələrindən başqa işə əlavə edilmiş hər hansı digər mötəbər yazılı sübutlarla təsdiq olunmur. Lakin birinci instansiya məhkəməsi yalnız həmin şahid ifadələrinə istinad edərək ərizəni təmiş etmiş və şahid ifadələrinin işə əlavə edilmiş digər sübutlarla öz təsdiqini tapmamasını nəzərə almamışdır. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları üzrə səhv nəticəyə gəlmiş və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməmişdir. Belə ki, mübahisəli hüquq münasibəti yaranan zaman qüvvədə olan Azərbaycan Respublikası Əmək Qanunları Məcəlləsinin 29-cu maddəsinin 1 və 22-ci abzaslarına əsasən, əmək kitabçası fəhlə və ya qulluqçuların əmək fəaliyyəti haqqında əsas sənəddir. Əmək kitabçaları müəssisədə, idarədə, təşkilatda 5 gündən artıq işləyən bütün fəhlələr və ya qulluqçular üçün açılır. Eləcə də “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, “Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması” Qaydalarının sosial sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri, sosial sığorta stajının hesablanması və təsdiq edilməsi fəslinin 3.1.1-ci b əndində qeyd edilir ki, Qanunun qüvvəyə mindiyi günədək, yəni 01 yanvar 2006-cı il tarixədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Apellyasiya instansiyası məhkəməsi işdə iştirak edən şəxslərin izahatlarını, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş xxx, xxx və xxxin ifadələri ilə müqayisəli şəkildə təhlil edib haqlı olaraq qeyd etmişdir ki, adı çəkilən şahidlər ifadələrində ərizəçi ilə birlikdə Orconokidze adına taxılçılıq sovxozunun 5 saylı Şöbəsində işləmələrini bildirmiş və ifadələrinin doğruluğunu təsdiq etmək üçün məhkəməyə həmin sovxozda işləmələrini təsdiq edən əmək kitabçalarının təsdiq olunmuş surətlərini təqdim etmişlər. Lakin birinci instansiya məhkəməsi iş üçün mühüm əhə miyyət kəsb edən bu hala diqqət yetirməmiş, adları göstərilən şahidlərə həmin sovxozda əmək kitabçası açıldığı halda, onlarla bir yerdə işləyən ərizəçiyə əmək kitabçasının açılmamasının səbəblərini aydınlaşdırmamış, onun ərizəsini əsaslı sayaraq təmin etmişdir. Ona görə də apellyasiya instansiyası məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi ərizəçinin 1974-cü ilin may ayından 1990-cı ilin sentyabr ayınadək Orconokidze adına taxılçılıq sovxozunun 5 saylı Şöbəsində fəhlə işləməsi faktını müəyyən edərkən, adçəkilən şahidlərin ifadələrinə əsaslı şübhələrdən kənar standartlar tətbiq etməklə düzgün hüquqi qiymət verməmişdir. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət vermiş və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırmışdır. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən s axlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Ərizəçi və vəkili xxxoğlunun kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 sentyabr 2018-ci il tarixli, 2(107)-2242/2018 saylı qətnaməsi onun kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Əhməd Əhmədov
Məhkəmə qərarları › İş №2(102)-251/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-251/2019
15.01.2019 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver