Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2514/2022 08.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin sədri İddiaçı2 oğunun Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2514/2022 (Açar sözlər: əsassız varlanma, iddia müddəti) Bakı şəhəri, 8 iyun 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Əliyev Zaur Əli oğlu (məruzəçi), Xələfov İlqar Rəhim oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-8570/2021 nömrəli, 4 oktyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Tərəflər arasında 18 oktyabr 2007-ci il tarixdə bağlanmış müqaviləyə əsasən iddiaçı tərəfindən Bakı şəhəri, Gəncə prospekti 2980-81-ci məhəllə ünvanında inşa ediləcək yaşayış binasının 2-ci giriş 2-ci mərtəbəsində yerləşən 132 saylı mənzil cavabdehə satılmış, müqavilədə mənzilin ümumi sahəsi 120.37 kv.metr olduğu qeyd edilmiş, cavabdeh tərəfindən mənzilin pay dəyəri tam şəkildə iddiaçı MTK-ya ödənilmişdir.
2. İddiaçı, cavabdehə artıq sahə verildiyini bildirərək aşağıdakı tələbləri irəli sürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı "Universal-Servis İnşaat” MTK-nın sədri İddiaçı2 (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciə t edərək, cavabdehin "xxxx" MTK-nə məxsus Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2980/81-ci məhəllədə inşa olunmuş binanın, 2-ci giriş 2-ci mərtəbəsində yerləşən 4 otaqlı 132 saylı mənzilin qanunsuz sahibliyində olan 9.39 kv.metr hissəsindən çıxarılması və ya həmin sahənin əvəzi olan 5.634 ABŞ dollarının iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, iddiaçının rəhbərlik etdiyi kooperativ ilə cavabdeh arasında 18 oktyabr 2007-ci il tarixdə, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2980/81-ci məhəllədə inşa edilmiş hündür mərtəbəli binanın 2-ci giriş 2-ci mərtəbəsində yerləşən 4 otaqlı 132 saylı faktiki sahəsi 129,76 kv. metr olan mənzilin sahə satış üzrə menecer tərəfindən səhvən müqavilədə 9,39 kv. metr az göstərilmək lə cavabdehin adına rəsmiləşdirilmiş və ondan müqavilədə göstərilmiş 120.37 kv. metr sahənin dəyəri qəbul edilmiş, buna görə də müqavilə və maliyyə sənədlərində həmin sahənin dəyəri göstərilmişdir. Hazırda cavabdehin istifadə etdiyi mənzilin kooperativə məxsus 9,39 kv. metr artıq sahəsi heç bir müqavilə və qanuni əsas olmadan payçı tərəfindən əvəzi ödənilmədən qanunsuz istifadə edilir və 9,39 kv. metr sahənin əvəzini ödənilmir. Payçıdan qanunsuz istifadə etdiyi sahənin boşaldılması, bu mümkün olmadığı halda əvəzinin ödənilməsi tələb edildikdə, o sahəni boşaltmaqdan və ya artıq.
5. Cavabdeh birinci instansiya məhkəməsində iddiaya etiraz edərək bildirmişdir ki, mənzilin dəyərini tam ödəmişdir. Mənzilin şahısı barədə məlumatın mənbəyi məhz MTK-ya məxsusdur. Hal hazıradək iddiaçı bununla bağlı hər hansı narazılığını bildirməmiş və iradə ifadəsini onunla bağlanmış müqavilə ilə ifadə etmişdir. Neçə il keçəndən sonra iddianın verilməsi onun yox, iddiaçının əsassız varlanmasına xidmət edir.
6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 19 mart 2021-ci il tarixli ekspert rəyinə əsasən, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2980/81-ci məhəllədə inşa olunmuş binanın 2-ci giriş, 2-ci mərtəbədə yerləşən 4 otaqlı 132 saylı mənzilin naturada yerləşdiyi faktiki sahəsi 128.2 kv.m təşkil edir və həmin sahə Universal Servis LTD” MMC ilə Cavabdeh arasında bağlanmış 18 oktyabr 2007-ci il tarixli, 103 nömrəli “Kooperativ Mənzil Tikintisi haqqında Müqavilə” də göstərilən 120.37 kv.m sahədən 7.83 kv.m çox təşkil edir.
7. Bakı şəhəri Xətai Rayon M əhkəməsinin (hakim N.A.Həsənova) (bundan sonra – birinci instansiya məhkəməsi) 27 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.
8. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının hazırkı tələbi, yəni cavabdehin mənzilin artıq sahəsinə görə dəyərinin ödənilməsi mahiyyətcə cavabdehin əsassız varlanmasını ehtiva etməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır.
9. Məhkəmə hesab etmişdir ki, iddiaçının mübahisə edilən artıq sahənin cavabdehin qanunsuz istifadəsində olması ona 2019-cu ilin noyabr ayında məlum olması barədə dəlili heç bir mötəbər sübutla öz təsdiqini tapmadığından, əsassız və inandırıcı deyil.
10. Məhkəmə qeyd etmişdir ki, ilk növbədə yaşayış binası tikilərkən binanın layihəsi və satılan mənzillərin ümumi sahəsi iddiaçı tərə findən müəyyən edildiyindən, "X1” MTK tərəfindən aparılan tikinti işlərindən kifayət qədər uzun müddət keçdiyindən, iddiaçı mübahisə edilən artıq sahəni qaytarmaq hüququnu itirmişdir.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 1091.1, 1091.2 və 1095-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair Qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xah iş etmişdir.
13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər V.Ə.İbayev (sədrlik edən və məruzəçi), Ş.Ə.Məhərrəmova və R.M.Həsənov) (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-8570/2021 saylı mülki iş üzrə 04 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçı Mülki Məcəllənin 1095-ci maddəsində göstərilən müddəti ötürmüşdür. Həmin maddədə göstərilən müddət iddia müddəti deyil, kəsici müddətdir və onun tətbiq edilməsi üçün tərəfin ərizə verməsi tələb olunmur.
15. Məhkəmə öz mövqeyini Azərba ycan Respublikası Mülki Məcəlləsinin 1091.1, 1091.2, 1092.1 və 1095-ci maddələrin istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
16. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
17. Şikayət Mülki Məcəllənin 157, 398, 372.2 və 384.0.4-cü maddələrinə istinad edilmiş və onunla əsaslandırılmışdır ki, cavabdehin qanunsuz sahibliyində olan 9,39 kv.metr əmlak geri tələb edilmiş, lakin məhkəmə 13 il müddətin keçməsini və Mülki Məcəllənin 1095-ci maddəsində göstərilən müddətin ötürülməsi ilə maddi hüquq normalarını pozmuşdur. b) Kassasiya şikay ətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
19. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
20. Maddə
550. Tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər.
21. Maddə 551.1. Əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir.
22. Maddə 1091. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
23. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
24. Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və e tirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
27. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
28. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
29. Kassasiya şikayətlərində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
30. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
31. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin faktiki hallarını araşdıraraq belə nəticəyə gəlmişlər ki, iddiaçı tərəfindən cavabdehə müqavilədə göstəriləndən artıq həcmdə sahə verilmiş, lakin bunu n nə müqavilə, nə də qanuni əsası olmuşdur. Başqa sözlə, cavabdeh artıq sahənin dəyəri həcmində əsassız varlanmışdır. Bununla belə, iddiaçı, əsassız varlanmaya söykənən tələbini Mülki Məcəllənin 1095-ci maddəsində nəzərdə tutulan iki illik müddət ərzində irəli sürməmişdir. Həmin müddət kəsici müddət olduğuna görə məhkəmə cavabdehin ərizəsi olmadan qeyd edilən normanı tətbiq, iddianı bu əsasla rədd etməkdə haqlıdır.
32. Kollegiya hesab edir ki, məhkəmələr həmin maddi hüquq normasını səhv tətbiq etmişlər. Çünki Mülki Məcəllənin 1095-ci maddəsində nəzərdə tutulan müddət kəsici deyil, iddia müddətidir.
33. Belə ki, əsassız varlanmaya söykənən iddia bir tələb hüququdur. Tələb hüquqlarına isə bir qayda olaraq iddia müddəti tətbiq edilir. Bu qayda iddia müddətinə dair MM-in 372.1-ci maddəsində açıqca göstərilmişdir: “başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir”.
34. Tələb hüquqları üçün iddia müddətinin xarakterik olması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin B.Mürsəlovun şikayəti üzrə 12 mart 2020-ci il tarixli qərarında da qeyd edilmişdir.
35. Bundan əlavə, Konstitusiya Məhkəməsi Mülki Məcəllənin 1095-ci maddəsindəki müddətin mahiyyəti ilə bağlı hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli qərarında açıq və qəti şəkildə ortaya qoymuşdur. Həmin qərarda göstərilmişdir ki, “...əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən g eci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Bu müddət tələb hüququ ilə bağlı nəzərdə tutulmuş iddia müddətidir”.
36. Kollegiya hesab edir ki, bu qərarın dərc olunmasından sonra Mülki Məcəllənin 1095-ci maddəsində nəzərdə tutulan müddətin kəsici müddət kimi qiymətləndirilməsi qanunvericiliyə ziddir.
37. Çünki, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 63.4-cü və 66.1-ci maddələrinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə görə Konstitusiya Məhkəməsinin qərarları Azərbaycan Respublikasının ərazisində məcburi qüvvəyə malikdir. Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən qəbul edilmiş qərarlar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.
38. Məlum olduğu kimi, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (§ 19).
39. Odur ki, işə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi hazırkı iddiaya Mülki Məcəllənin 1095-ci maddəsində nəzərdə tutulan iddia müddətinin tətbiqinin mümkün olubolmamasına iş materialları əsasında hüquqi qiymət verməlidir.
40. Bununla yanaşı Kollegiya vurğulayır ki, tərəfin bildirməsindən asılı olmayaraq, iddianın düzgün həlli üçün hüquq normalarını tətbiq etmək məhkəmənin vəzifəsidir. Hüququn tətbiqinə bilavasitə hakimin cavabdehlik daşıması və tərəflərin faktlar barəsində hüquqi mövqeyinin hakim üçün məc buri olmamasına dair “iura novit curia” (məhkəmə hüququ bilir) prinsipi Konstitusiya Məhkəməsinin qərarlarında dəfələrlə vurğulanmışdır.
41. Mülki Məcəllənin 550-ci və 551.1-ci maddələrinə görə, tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir.
42. Odur ki, işin müəyyən edilmiş faktiki halları nəzərə alınmaqla, qeyd olunan maddi hüquq normalarının da hazırkı mübahisəyə tətbiqi imkanları müzakirə olunmalı və nəticəsindən asılı olaraq iddiaya yekun hüquqi qiymət verilməlidir.
43. Ona görə də qətnamə ləğv edilməli, mübahisənin yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarı n qəbul edilməsi üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
44. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8570/2021 nömrəli iş üzrə 04 oktyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Zaur Əliyev Hakimlər: Abiddin Hüseynov İlqar Xələfov