Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2517/2022 24.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşayış sahəsindən istifadə hüququnun itirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-11027/2021 nömrəli iş üzrə 30 noyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 24 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Tərəflər 10 mart 2015-ci il tarixdə rəsmi nikah münasibətlərinə daxil olmuşlar, Sabunçu Rayon Məhkəməsinin 16.04.2018-ci il tarixli, 2(008)-811/2018 saylı qətnaməsinə əsasən nikahları pozulmuşdur. İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan evə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun həyat yoldaşıdır. Sabunçu rayon Məhkəməsinin 16.04.2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə onun arasında bağlamış nikaha xitam verilmiş və həmin vaxtdan cavabdeh həmin mənzildə yaşamır. O, cavabdehin ya şaması üçün Bakı şəhəri, Maştağa qəsəbəsi Daş karxanasında inşa edilmiş fərdi yaşayış evini bağışlamışdır. Cavabdeh həmin bağışlanmış evdə yaşayır. Cavabdeh hazırda mübahisəli evdə qeydiyyatdadır. Cavabdehin həmin evdə qeydiyyatı formal xarakter daşıyır və onun həmin evə dair sənədləşmə işlərinin aparılmasında çətinlik çəkir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 21 sentyabr 2020-ci il tarixli, 2(008)-2247/2020 saylı qətnaməsi ilə (hakim Adilə Paşayeva) iddia tələbi təmin edilərək, Cavabdeh ünvan ünvanda yerləşən evə dair istifadə hüququna xitam verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, hazırkı işdə cavabdehin iddiaçının mülkiyyətində olan mənzilə 10.03.2015-ci il tarixdə nikaha daxil olduqdan sonra köçməsi faktı mübahisəsiz haldır. Bu səbəbdən iddiaya 2009-cu il oktyabrın 1-dən qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Həmin Məcəllənin normalarına əsasən, tərəflər arasında yaranmış nikah münasibətlərinə xitam verildiyinə görə iddiaçının mülkiyyətində olan ünvan evə dair cavabdehin istifadə hüququna xitam verilməlidir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.2, 30.4-cü, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.2, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Emin Mehdiyev - sədrlik edən və məruzəçi, Namiq Cəfərov, Xəyal Sarıyev) 30 noyabr 2021-ci il tarixli, 2(103)-11027/2021 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli, 2(008)-2247/2020 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, mülki və torpaq qanunvericliyin müddəlarından da göründüyü kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə z əruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Mübahisəli fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından cavabdehin həmin evə istifadə hüquqları yaranmamışdır. Belə olan təqdirdə isə onun qeyd edilən fərdi yaşayış evinə mövcud olmayan istifadə hüquqlarının itirilməsi yolverilməzdir. Odur ki, iddia tələbi təmin edilməməlidir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İddiaçı (vəkili Vəkil) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, digər kiçik evə köçürülmə barədə və ya ona çatacaq payın kompensasiya şək ildə ödənilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, mülki işin sənədlərindən də görünür ki, cavabdeh faktiki olaraq həmin bu fərdi yaşayış evində daimi pasport qeydiyyatına alınmışdır. Əgər həqiqətən Bakı Apellyasiya Məhkəməsinin qətnaməsində göstərildiyi kimi, qanunsuz tikililər barədə dövlət tərəfindən heç bir hüquq tanınmırsa, onda hansı əsasla dövlət orqanı cavabdehi bu fərdi yaşayış evinə daimi pasport qeydiyyatına almışdır? Həmçinin qeyd etmək istəyir ki, mülki işin sənədlərində bu fərdi yaşayış evinin İddiaçı məxsus olmasını və faktiki olaraq onun sahibliyində olmasını təsdiq edən yetərincə sübutlar olsa da, məhkəmə əsassız olaraq onun iddiasının təmin edilməməsi qənaətinə gəlmişdir. Bununla da məhkəmə tərəfindən AR MM -nin 158-ci maddəsinin tələbləri pozulmuşdur. Cavabdeh faktiki olaraq həmin bu fərdi yaşayış evində yaşamır. Həm bu iddia ərizəsi baxılan vaxt, həm də hal-hazırda cavabdeh iddiaçı tərəfindən inşa edilmiş başqa bir mənzildə yaşayır. Yəni onun faktiki olaraq başqa bir yaşayış yeri vardır. Belə bir vəziyyətdə cavabdehin mübahisə predmeti olan mənzildə yaşaması və daimi pasport qeydiyyatında olması iddiaçının hüquqlarını pozmaqla yanaşı, AR Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin də tələblərinin pozulması deməkdir. Əfsuslar olsun ki, məhkəmə tərəfindən işə baxılarkən mülki işin bu halları nəzərə alınmamışdır. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə icraatı y azılı icraat qaydasında keçirildiyindən MPM-in 10.8-1-ci maddəsinə əsasən kasasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Kasasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə tam m übahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 3941, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə ic lasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə 416.1. Kasasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası m əhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya kollegiyası kasasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, iddiaçı kasasiya şikayətini istifadə hüququnun itirilməsini tələb etdiyi fərdi yaşayış evinin ona məxsus olması, bu barədə sübutların olması, cavabdehin digər evdə yaşaması, Mülki Məcəllənin 158-ci, Mənzil Məcəlləsinin isə 30.4-cü maddəsinin tələblərinin pozulması ilə əsaslandırmağa çalışsa da, kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, i stifadə hüququnun itirilməsi tələb edilən fərdi yaşayış evi dövlət qeydiyyatına alınmamışdır. Belə olan halda həmin ev özbaşına tikili hesab edilir ki, özbaşına tikiliyə münasibətdə Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin pozuntusunadan söhbət gedə bilməz. Belə ki, həmin norma mülkiyyətçinin hüquqlarının pozuntudan qorunması ilə bağlıdır ki, hazırki mübahisə üzrə iddiaçının mülkiyyətçi statusunda olması müəyyən edilmir. Mülki Məcəllənin 158-ci maddəsinin pozuntusu ilə bağlı göstərilənlərə münasibətdə isə bildirilməlidir ki, həmin norma mülkiyyət hüququndan əlavə, digər əmlak hüquqları ilə bağlı münasibətləri özündə ehtiva edir ki, yuxarıda qeyd edildiyi kimi iddiaçının istinad etdiyi əmlak özbaşına tikili olduğu üçün iddiaçının həmin tikiliyə əmlak hüququnun olmasından da söhbət gedə bilməz. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-11027/2021 nömrəli iş üzrə 30 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2517/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-2517/2022
24.05.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver