Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2527/2022 08.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ilkin, Cavabdeh2 İddiaçı qarşı qarşılıqlı İddia tələblərinə dair iş üzrə QƏRARİ iş № 2(102)-2527/2022 (Açar sözlər: mənzilə köçürülmə, istifadə hüququnun itirilmiş hesab edilməsi, preyudisiya) Bakı şəhəri 8 iyun 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-3289/2021 nömrəli, 23 noyabr 2021-ci il tarixli qətnaməsindən ilk iddia üzrə cavabdeh qarşılıqlı iddi a üzrə iddiaçı Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(043)4503/2018 nömrəli qətnaməsinə əsasən X3 İddiaçı qarşı iddiası təmin edilmiş, Gəncə şəhəri, Kəpəz Rayonu, Ü.Hacıbəyov küçəsi, ev 77A, 20 saylı mənzildə qapıları bağlı olan iki otağın qapılarının açılması və İddiaçı məxsus ev əşyalarının mənzildən çıxarılması qət edilmişdir.
2. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1916/2019 nömrəli xx.xx.2019-cu il tarixli qətnaməsinin surətinə əsasən Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)4503/2018 nömrəli mülki iş üzrə 8 noyabr 2018-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsi, Gəncə şəhəri, Kəpəz rayonu, Ü. Hacıbəyov küçəsi, ev 77A, 20 saylı mənzildə qapıları bağlı olan iki otağın qapılarının açılması, İddiaçı məxsus ev əşyalarının Gəncə şəhəri, Kəpəz rayonu, Ü.Hacıbəyov küçəsi, ev 77A, 20 saylı mənzildən çıxarılması hissəsində iddia tələbi əsassız olduğundan təmin edilməməsi qət edilmişdir.
3. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)6398/2019 nömrəli xx.xx.2019-cu il tarixli qərarına əsasən İddiaçı kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 4. 6 avqust 2019-cu il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X4 mülkiyyətində olan, ünvan 1 ünvanda yerləşən 20 nömrəli mənzili arvadı Cavabdeh2 bağışlamışdır. 5. xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın d övlət reyestrindən çıxarışa əsasən, ünvan 1 ünvanda yerləşən 20 nömrəli mənzil xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 məxsusdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Kəpəz rayonu, Ü.Hacıbəyli küçəsi, 77A binasında yerləşən 3 otaqlı 20 nömrəli mənzilin iki otağına köçürülməyinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İlkin iddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Sabiq Kirovabad şəhər XDS İK-nin xx.xx.1980-ci il tarixli, 12 saylı protokolu əsasında verilmiş 30 nömrəli mənzildəyişmə orderinə əsasən, ailəsinin həmin vax tda qədər yaşadığı, Ü.Hacıbəyli küçəsi, 79 nömrəli binanın 2 otaqlı, 8 nömrəli mənzili, yaxınlıqda yerləşən 77A nömrəli binanın 3 otaqlı, 20 saylı mənzili ilə dəyişdirilmiş, həmin vaxtdan ailəsi və qardaşının ailəsi, o cümlədən anası həmin mənzildə birlikdə yaşamışdırlar. Sonradan o, 90-cı illərin axırlarında müvəqqəti olaraq Rusiyaya işləməyə getmişdir, yəni həmin mənzildən birdəfəlik köçüb getməmişdir. Daimi yaşayış yeri həmin mənzildəki ayrıca 2 otaq olmuşdur. Həmin otaqlarda uzun illər onun və ailəsinin ev və şəxsi əşyaları saxlanılmaqla, o və ailə üzvləri həmişə Gəncəyə gəlib-getməklə həmin mənzilin otaqlarından istifadə etmişdirlər. X2 2017-ci ildə mənzili öz adına özəlləşdirmişdir. Özəlləşdirmə barədə o, 2018-ci ildə Kəpəz Rayon Məhkəməsində çıxarılan qətnamədən sonra məlumat almışd ır. Həmin özəlləşmə tam qanunsuz aparılmış, qanunsuzluğunu o, apellyasiya şikayətində əsaslandırmışdır. Apellyasiya instansiya məhkəməsi şikayəti təmin edilmiş və kassasiya instansiyası məhkəməsinin qərarı ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin həmin qərarında birbaşa qeyd edilmişdir ki, onun həmin mənzilin yaşayış sahəsindən istifadə hüququ vardır. O bildirmişdir ki, mənzilin mülkiyyətçisi olmuş qardaşı artıq xeyli vaxtdır vəfat etmişdir, onun ailə üzvləri faktiki olaraq Bakı şəhərində yaşamaqla, mənzildən arabir istifadə edirlər. O, xəstə olmaqla hazırda Rusiyadan qayıdıb həmin mənzildə yaşamaq istəyir. Lakin mənzilin giriş qapısının açarları cavabdehlərdə olduğu üçün, mənzilə daxil ola bilmir. Cavabdehlər tərəfindən onun istifa də hüququ pozulur.
8. Cavabdeh2 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı ona məxsus olan, Gəncə şəhəri, Kəpəz rayonu, Ü.Hacıbəyli küşəsi, bina 77A, 20 nömrəli mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi, eləcə də cavabdehə məxsus əşyaların həmin mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Qarşılıqlı iddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, Kəpəz rayonu, Ü.Hacıbəyli küşəsi, bina 77A, mənzil 20 tam mülkiyyət hüququ əsasında ona məxsusdur. Belə ki, həmin mənzil mərhum əri X4 tərəfindən xx.xx.2019-cu il tarixli bağışlama müqaviləsi ilə ona bağışlanmışdır. Həmin mənzilə dair ona DƏDRX tərəfindən xx.xx.2019cu il tarixli, ********** nömrəli çıxarış verilmişdir. Hal-hazırda həmin mənzildə o, oğlu Cavabdeh1, on un həyat yoldaşı və iki uşağı, həmçinin qızı Gülnarə Cavadova yaşayırlar və hər biri həmin ünvanda qeydiyyatdadırlar. Cavabdeh mərhum əri Abil Cavadovun qardaşı olmaqla uzun müddətdir ki, yəni 26 ildir ki, həmin mənzili tərk etmiş və orada yaşamır. Belə ki, cavabdeh 1994-cü ildən etibarən daimi olaraq ailəsi ilə birlikdə Rusiya Federasiyasında yaşayır və sonuncu dəfə Azərbaycana 2000-ci ilin avqust ayında gəlmişdir. O, iddia ərizəsində qeyd etdiyi kimi, müvəqqəti deyil, daimi olaraq həmin mənzili tərk edib Rusiya Federasiyasına getmiş və özü üçün başqa yaşayış yeri seçmişdir. Həmçinin o, öz istəyi ilə həmin mənzildən pasport qeydiyyatından da çıxmışdır. Lakin cavabdeh özünə məxsus əşyaları həmin mənzildən çıxarmamışdır. Yalnız bir neçə il bundan qabaq onun həyat yoldaşı Gülbəniz onunla boş andığı üçün özünə məxsus cehiz əşyalarını mənzildən çıxarsa da, bəzi əşyalar hələ də mənzildə qalmaqdadır. Cavabdehin sözü gedən münahisəli mənzilə olan istifadə hüququ itirilmiş hesab edilməli və ona məxsus əşyalar mənzildən çıxarılmalıdır.
10. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin (hakim T.Qocayev) (bundan sonra – birinci instansiya məhkəməsi) 2(043)-1178/2021 nömrəli 25 may 2021-ci il tarixli qətnaməsi ilə ilk iddianın qismən təmin edilərək İddiaçı ünvan 2 ünvanda yerləşən 20 saylı mənzilə köçürülməsi qət olunmuş, ilk iddianın qalan hissəsi, qarşılıqlı iddia tamamilə rədd edilmişdir.
11. Məhkəmə hazırkı mübahisənin predmeti olan mənzillə bağlı qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmiş faktın, yəni İddiaçı mənzildən istifadə hüququnun mövcud olması faktının hazırkı işdə p reyudisiallığını tanımış və qeyd etmişdir ki, Cavabdeh2 həmin işdə iştirak edən şəxs olmasa da həmin iş üzrə iddiaçı olmuş İddiaçı hüquq varisidir. X3 mülkiyyətində olan mənzillə bağlı İddiaçı ilə məhkəmə mübahisələri başa çatdıqdan sonra həmin mənzili arvadına bağışlaması Cavabdeh2 ilə İddiaçı arasında yeni hüquq münasibətləri yaranmasına səbəb olmur və əvvəlki mübahisə üzrə müəyyən edilmiş faktlar Cavabdeh2 üçün də preyudisial xarakter daşıyır.
12. Məhkəmə qeyd etmişdir ki, hazırkı mübahisə üzrə əvvəllər qəbul edilmiş və qanuni qüvvəyə minmiş məhkəmə aktlarında İddiaçı mənzildən istifadə hüququnun olması faktı təsdiq edilmiş, lakin Cavabdeh2 həmin hüququn sonradan itirilməsi və ya ona xitam verilməsi üçün əsasların mövcud olmasını təsdiq edən sübutlar təqdim edə bilməmişdir.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 43-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3, 233.3-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 13 fevral 2007-ci il tarixli, Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 2015-ci il 15 iyul tarixli Qərarlarına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Cavabdeh2 apellyasiya şikayəti ver ərək, qətnamənin ləğv edilməsi, ilk iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsini xahiş etmişdir.
15. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər R.Mamedov (sədrlik edən və məruzəçi), F.Mehtiyev və Ş.Rzaquliyev) (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(104)-3289/2021 nömrəli mülki iş üzrə 23 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
16. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hazırkı mübahisənin predmeti olan mənzillə bağlı qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmiş faktın, yəni İddiaçı mənzildən istifadə hüququnun mövcud olması faktının hazırkı işdə preyudisiallığını tanıması ilə düzg ün nəticəyə gəlmişdir.
17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3, 233.3-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 13 fevral 2007-ci il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
18. Cavabdeh2 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
19. Şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı daimi yaşamaq üçün başqa yerə getdiyindən və onun uzun müddət Cavabdeh2 məxsus mənzildə yaşamaması müəyyən edildiyindən onun həmin mənzildən əvvəl mövcud olan istifadə hüquqları artıq itirilmişdir. Həm birinci instansiya həm də apellyasiya instansiyası məhkəməsi qətnaməni əsaslandırarkən qeyd etmişdir ki, Ali Məhkəmənin xx.xx.2019-cu il tarixli qanuni qüvvəyə minmiş qərarında İddiaçı istifadə hüququnun olması təsbit olunmuşdur. Həmin qərar hazırki mülki mübahisə üçün preyudisial əhəmiyyət daşıyır. Lakin kassator hesab etmişdir ki, həmin qərar hazırki mübahisə üzrə preyudisial əhəmiyyət daşıya bilməz. Çünki əvvəlki məhkəmə işində mübahisənin subyektiv tərkibi eyni olmamışdır. Yəni iddiaçı Cavabdeh2 deyil mənzilin əvvəlki mülkiyyətçisi olmuşdur. Hazırda isə iddiaçı digər şəxsdir. Eyni zamanda həmin məhkəmə mü bahisəsi zamanı İddiaçı istifadə hüququnun itirilməsinə əsaslar məhkəmə baxışında müəyyən edilməyə bilərdi ki, bu tərəfin məhkəməyə sübut təqdim etməsi və təqdim edə bilməməsindən asılıdır. Eyni zamanda istifadə hüququnun itirilməsi və xitamı ilə bağlı münasibətlər davam edən, dəyişə bilən münasibətlərdir. Yəni ola bilər ki, mübahisəyə əvvəl məhkəmə qaydasında baxılan zaman tərəfin istifadə hüququnun itirilməsi və xitamı üçün əsaslar olmasın, həmçinin belə əsaslar olsa da iddiaçı həmin əsalarla bağlı sübutları hüququn müdafiə vasitələrindən düzgün istifadə edə bilməməsi və ya hansısa səbəbdən məhkəməyə təqdim edə bilməsin, lakin bu əsaslar bir müddət sonra yaranmış olsun və ya yeni iddiaçı tərəfindən əvvəllər də mövcud olan sübutlar məhkəməyə təqdim edilsin. Göründüyü kimi əvvəlki işdə idd iaçı Abil Cavadovun iddiası apellyasiya məhkəməsində ləğv edilərkən məhkəmə cavabdehin istifadə hüququnun itirilməsi üçün əsasların olması barədə sübutun məhkəməyə təqdim edilməməsinə istinad etmişdir. Lakin hazırki işdə məhkəməyə kifayət qədər bu barədə sübut təqdim edilmişdir. Əgər məhkəmənin gəldiyi nəticə kimi bu mübahisə baxılıb mahiyyəti üzrə həll edilmişdirsə belə olan halda iş üzrə qətnamə deyil işə təkrar baxılmanı istisna edən MPM-ə uyğun müvafiq qərardadlardan biri çıxarılmalı idi.
20. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228, 262-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq e dilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
22. Maddə 158.1. Girov hüququ, əmlakdan istifadə hüququ, servitutlar mülkiyyət hüququ ilə yanaşı əmlak hüquqları sayılır.
23. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.
24. Maddə 158.3. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun.
25. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 2
7. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
29. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
31. Maddə 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən son ra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.
32. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər.
33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
34. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətna mə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Cavid Nurəddin oğlu İsmayılzadənin şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 13 fevral 2007-ci il tarixli qərarında göstərilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı t əkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Qanuni qüvvəyə minmiş məhkəmə aktının təkzibolunmazlığı müvafiq şərt və tələblərə məhəl qoyulmadan ondan yuxarı instansiya məhkəmələrinə şikayət verilməsini, həmçinin yuxarı instansiya məhkəmələrində belə şikayətin baxılmasını qeyri-mümkün edir. Preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Kassasiya baxışının hədləri
36. Qanunun tələbinə görə, kassasi ya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
37. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənz imləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
39. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya məhkəməsi həmin əsaslandırma ilə razılaşır.
40. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsin in araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
41. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
42. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-3289/2021 nömrəli, 23 n oyabr 2021-ci il il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Hakimlər Zaur Əliyev Abiddin Hüseynov İlqar Xələfov