Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-261/2024 17.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evinə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: dövlət qeydiyyatı olmayan yaşayış sahəsinə köçürülmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 iyun 2023-cü il tarixli, 2(106)849/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı ic raat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. İddiaçı və Cavabdeh 06 aprel 2011-ci tarixdə nikaha daxil olmuşlar.
2. Astara Rayon Məhkəməsinin 23 may 2019-cu il tarixli qətnaməsi iddiaçı Cavabdeh İddiaçı qarşı iddiası qismən təmin olunaraq, onun iki uşağı ilə birlikdə Astara rayonu, Şəmətük kəndində yerləşən iki otaqlı yaşayış evinə köçürülməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri müvafiq olaraq Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 sentyabr 2019-cu il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 25 fevral 2020-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində ic raat
3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının Astara rayonu, Şəmətük kəndində yerləşən fərdi yaşayış evinə köçürülməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh ilə 2010-cu ildə faktiki nikah münasibətlərinə daxil olmuş, nikahlarını 06 aprel 2011-ci il tarixdə rəsmiləşdirmişlər. Bu münasibətlərindən 14 yanvar 2011-ci il təvəllüdlü Aygül və 21 avqust 2015-ci il təvəllüdlü Royal adlı uşaqları anadan olmuşlar. Birgə nikah dövründə tərəflər birgə təsərrüfat apararaq bir müddət iddiaçının atası Yaqub Ağayevə məxsus mənzildə yaşadıqdan sonra, atası tərəfindən inşa edilən Astara rayonu, Şəmətük kəndinin yaxınlığındakı meşə torpaqlarında iki mərtəbəli, iki otaqlı, eyvanlı, mətbəxli fərdi yaşayış evinə köçmüşlər. Sonradan aralarındakı münasibətlər pozulduğundan tərəflər ayrılmışlar. Məhkəmə qətnaməsi ilə cavabdeh iddiaçının atası tərəfindən inşa edilmiş fərdi yaşayış evinə köçürülmüşdür. Həmin tarixdən etibarən isə iddiaçı özü yaşayış sahəsindən istifadə etmək hüququndan məhrum olunmuşdur. Belə ki, cavabdeh həmin evə köçdükdən sonra iddiaçının istifadə hüquqlarına maneçilik törətmişdir. Mübahisəli mənzil xüsusi mülkiyyət hüququ ilə heç kimə məxsus olmamış və heç kimin adına qeydiyyata alınmamışdır.
5. Astara Rayon Məhkəməsinin 13 mart 2023-cü il tarixli, 2(018)-80/2023 nömrəli qətnaməsi ilə (hakim M.İ.Məmmədov) iddia təmin edilməmişdir.
6. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırda iddiaçı tərəfindən mübahisələndirilən evin Astara Rayon Məhkəməsinin 23 may 2019-cu il t arixli qətnaməsi ilə Cavabdeh iki azyaşlı uşağı ilə köçürüldüyü ev olduğu, o, cümlədən həqiqətən də, hazırkı mübahisələndirilən evin iddiaçının atasına məxsus olması faktı iş materiallarında öz təsdiqini tapmamışdır. Belə ki, həmin fərdi yaşayış evinə dair hər hansı ilkin və hüquq müəyyənedici sənəd iş materiallarına əlavə edilməmişdir. Həmçinin məlum olmuşdur ki, mübahisələndirilən ev meşə torpaqlarında tikilmişdir.
7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29cu, Mülki Məcəllənin 228.1, 228.2, 228.5-ci, Mənzil Məcəlləsinin 5-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88 və 217.2-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
8. İddiaçı apellyasiya şikayəti verərək, Astara Rayon Məhkəməsinin 13 mart 2023cü il tarixli, 2 (018)-80/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 iyun 2023-cü il tarixli, 2(106)-849/2023 nömrəli qətnaməsi ilə (hakim İ.Q.Əsədovun sədrliyi və məruzəsi ilə, hakimlər S.İ.Mayılovdan və T.X.Heydərovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilmiş, Astara Rayon Məhkəməsinin 13 mart 2023-cü il tarixli, 2(018)-80/2023 nömrəli qətnaməsi ləğv edilmiş, iddia təmin edilməklə, İddiaçı Astara rayonu, Şəmətük kəndində yerləşən iki mərtəbəli, iki otaqlı, eyvanlı, mətbəxli fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir.
10. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, yeganə əsas olaraq, tikilinin hüquqi qeydiyyatdan keçməməsi və ya hüquq müə yyənedici sənədinin olmaması iddianı rədd etmək üçün yetərli deyil.
11. Qeydə alınmamış evlər və özbaşına tikililər barəsində istifadə hüququnun tanınması (yaranması), həyata keçirilməsi və xitamı ilə bağlı mübahisələrin həlli qaydası mülki və mənzil qanunvericiliklərində nəzərdə tutulmamışdır. Lakin mübahisəni oxşar (analoji) münasibətləri tənzimləyən yaşayış sahəsindən istifadə hüququ ilə bağlı münasibətləri tənzimləyən normalarına uyğun qaydada həll etmək mümkündür.
12. Apellyasiya kollegiyası mübahisəyə Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 43-cü, Mülki Məcəllənin 11.1, 11.2-ci maddələrini tətbiq edərək qeyd etmişdir ki, iddia edilən tikilinin tərəflərin birgə nikahı dövründə inşa edilməsi, həmin tikilidən yaşayış sahəsi kimi istifadə edilməsi iş üzrə materiallar və tərəfl ərin izahatları ilə müəyyən edilir. Bundan başqa, 2 mərtəbədən ibarət tikilinin tərəflərə məxsus olması qüvvədə olan məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir.
13. Qüvvədə olan məhkəmə qətnaməsi ilə Cavabdeh sözügedən tikiliyə köçürülmüşdür. Məhkəmə aktlarından görünür ki, əvvəlki məhkəmə qətnaməsində iddia edilən tikili hazırda mübahisələndirilən tikilidir. Qüvvədə olan məhkəmə qətnamələrindən bəlli olur ki, Cavabdeh iddianı cavabdeh İddiaçı qarşı vermişdir. Bu da ona dəlalət edir ki, Cavabdeh iddia verərkən İddiaçı həmin tikilidə yaşamışdır, həmin tikili sonuncunun yaşayış yeri olmuşdur.
14. İddia edilən tikili hazırkı iş üzrə İddiaçı yaşayış yeri olmuşdur, ailə münaqişəsi zəminində və ya digər səbəbdən cavabdeh onun həmin tikilidə yaşamasına əngəl törətmişdir. Ona görə də onun həmin tiki liyə köçürülməsi təmin edilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
15. Cavabdeh kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 iyun 2023-cü il tarixli, 2(106)-849/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər.
16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Azərbaycan Respublikası Konstitusiyasının 13 və 43-cü, Mülki Məcəllənin 11 və 228.2-ci, Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 77.1, 88, 217-ci maddələrinin pozulması ilə qəbul edilmişdir. Belə ki, məhkəmə hüququn analogiyasını tətbiq edərkən qanunun digər tələblərini nəzərə almamış, ədaləti gözləməmiş və üç uşaq anası üçün yeni problemlərin yaranması üçün, iddiaçı tərəfindən gələcəkdə yeni mənəviyyətsizliklər etməsi üçün şərait yaratmışdır. Çünki tərəflərin bir ailədə yaşaması qeyri-mümkündür. İddiaçı öz ailəsi ilə yaşadığı zamanda ona qarşı mənəviyyatsızlıq göstərmiş, onu daim incitmiş, buda nəticədə ailənin dağılmasına gətirib çıxarmışdır. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, həmin evi onun atası tikmişdir və ev onun atasına məxsusdur. Belə olan halda iddiaçının həmin evə dair iddia qaldırmağa subyektiv hüququ yoxdur. Cavabdeh heç kimi yaşadığı mənzildən məhrum etməmişdir. Həmin mənzil iddiaçının deyil, onu həmin mənzildən heç kim məhrum etməmişdir. Apellyasiya instansiyası məhkəməsi cavabdehin məhkəmədə iştirakını təmin etməmişdir. Cavabdeh teleqram ünvanlayaraq üzrlü səbəbdən məhkə mə iclasına gələ bilməyəcəyini bildirmiş, işin təxirə salınmasını xahiş etsə də, məhkəmə onun xahişini nəzərə almamış və onun iştirakı olmadan işə baxmış və apellyasiya şikayətinin ona göndərilməmişdir ki, bununla çəkişmə prinsipinin tələbləri pozulmuşdur.
17. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
18. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:
19. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pros essual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
20. Hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin kassasiya şikayətinin dəlillərinə uyğun tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
21. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bil məz.
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq p ozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırma aparılmış və işdə olan sübutlara hüquqi qiymət verilərək yekun nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası həmin əsaslandırma ilə tam razılaşır.
25. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının köçmək istədiyi fərdi yaşayış evinin özbaşına tikili olsa da, tərəflərin birgə yaşadıqları yaşayış sahəsi olması apellyasiya məhkəməsi tərəfindən müəyyən olunan haldır.
26. Konstitusiyanın 43-cü maddəsi ümumi norma olmaqla, şəxsin yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkəti qadağan edir. Bu normanı mənzilə köçürülməyə dair tələblərə tətbiq edərkən 3 halın aydınlaşdırılması zəruridir: 1) şəxs köçmək istədiyi yaşayış sahəsində yaşamışdırmı?; 2) şəxs yaşadığı sahədən məhrum edilmişdirmi?; 3) məhrum edilmə qanuni olmuşdurmu?.
27. Hazırki işdə apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd olunan halların üçünün də mövcudluğu müəyyən olunmuşdur. 28. “R.Şirinovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 yanvar 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 noyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, Konstitusiyada təsbit olunmuş bu hüquq (yaşadığı mənzildən qanunsuz məhrum edilməsinin yolverilməzliyi) hər kəsin qanunla müəyyən edilmiş şərtlərə əməl etməklə daimi yaşayış sahəsinə malik olmasını və həmin sahədən maneəsi z istifadə edə bilməsini ifadə edir. Mənzil hüququnun əsas xüsusiyyəti mənzil münasibətləri iştirakçılarının bu hüququ öz mülahizələrinə və qanuni mənafelərinə uyğun, azad və sərbəst həyata keçirmələrinin mümkünlüyündən ibarətdir.
29. Belə olan halda, Ali Qanunun 43-cü maddəsi mübahisəyə tətbiq edilməklə belə nəticəyə gəlmək olar ki, mübahisəli ev özbaşına tikili olsa da, cavabdeh məhkəmə qətnaməsinə əsasən həmin yaşayış sahəsinə köçürülərək yaşadığı kimi, iddiaçının da orada yaşamaq hüququ vardır və cavabdehin buna qarşı etdiyi hərəkətlər qanunsuzdur.
30. Kassasiya şikayətinin digər dəlilləri açıq aydın əsassızdır. Belə ki, həmin dəlillər cavabdehin prosessual hüquqlarının pozulması ilə əsaslandırılmışdır ki, belə hal iş materialları ilə müəyyən olunmamışdır.
31. Əksinə iş materiallarında n müəyyən olunur ki, cavabdeh 06 iyun 2023-cü il və 20 iyun 2023-cü il tarixlərə təyin edilən məhkəmə iclasları barədə xəbərdar olunmuş, o, teleqram ünvanlayaraq sonuncu iclasın təxirə salınması xahiş etmiş, lakin bunun zərurətini apellyasiya şikayətinin almaması ilə əsaslandırmışdır. Halbuki, apellyasiya şikayəti 05 may 2023-cü il tarixli bildirişlə birgə cavabdehin ünvanına göndərilmişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılması, prosessual normaların və cavabdehin hüquqlarının pozuntusu kimi qiymətləndirilə bilməz.
32. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılmalıdır.
33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 iyun 2023-cü il tarixli, 2(106)-849/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.