Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2638/2023 28.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: torpaq sahəsinin boşaldılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi hakim), Nurməmmədov Əhməd Güləhməd oğlu və X4 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdehlərin ərazidən və evdən çıxarılmaları” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)258/2023 nömrəli, 27 mart 2023-cü il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati b inasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri Bilgəh Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 033 №-li qərarı ilə İddiaçı (bundan sonra – iddiaçı) Bilgəh qəsəbəsi ərazisində fərdi yaşayış evinin tikilməsi üçün 1250 kv. metr torpaq sahəsi ayrılmış, torpağa görə bələdiyyəyə 28 875 000 AZM pul ödənilmişdir.
2. Bakı şəhəri Bilgəh Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 041 №-li qərarı ilə iddiaçıya Bilgəh qəsəbəsi ərazisində, 18-ci dalanda fərdi yaşayış evinin tikilməsi üçün 1220 kv. metr torpaq sahəsi ayrılmış, torpağa görə bələdiyyəyə 16 592 000 AZM pul ödənilmişdir.
3. Bakı şəhəri Bilgəh Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 030 №-li qərarı ilə X2 Bilgəh qəsəbəsi ərazisində fərdi yaşayış evinin tikilməsi üçün 1250 kv. metr torpaq sah əsi ayrılmışdır, torpağa görə bələdiyyəyə 5775 manat ödənilmişdir.
4. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-8703/2021 nömrəli qərarına əsasən İddiaçı iddia tələbi təmin edilmiş, Bakı şəhəri Sabunçu rayonu, Bilgəh Bələdiyyəsi tərəfindən Bilgəh qəsəbəsi ərazisində yerləşən 1250 kv. metr torpaq sahəsinə dair X2 verilmiş xx.xx.2007-ci il tarixli, 030 №-li qərarı etibarsız hesab edilmişdir. Məhkəmə həmin iş üzrə müəyyən etmişdir ki, 2005 və 2007-ci illərdə iddiaçıya və Kəlpəli Əliyevə ayrılmış torpaq sahələri eynilik təşkil edir. Başqa sözlə həmin torpaq sahələri üst-üstə düşür. Digər bir ifadə ilə eyni torpaq sahəsi 2005-ci ildə iddiaçıya ayrıldıqdan 2 il sonra yenidən başqa şəxsə ayrılmışdır. Məhkəmə hesab etmişdir ki, Bilgəh Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 03 0 №-li Qərarı müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt, eləcə də faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati aktla bağlı “İnzibati icraat haqqında” Qanunun 65.1-ci, 65.1.2-ci, və 65.1.3-cü maddələrində nəzərdə tutulmuş xüsusiyyətlərə malik inzibati aktdır və bu səbəbdən də etibarsız hesab edilməlidir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh1 və Cavabdeh2 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Bakı şəhəri, Bilgəh qəsəbəsi, 18-ci dalanda yerləşən 1250 kv. metr sahəsində olan ərazi və onun üzərində inşa edilmiş fərdi yaşayış evindən cavabdehlərin çıxarılmaları barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, təxminən 2005-2007-ci illərdə aldığı torpaq sahələrində fərdi yaşayış evləri tikmişdir. 2017-ci ildə əri X1 ilə birlikdə daimi yaşamaq üçün Kanadaya getdiyinə görə ailəvi yaxın dostu olan Cavabdeh1 və onun arvadı Cavabdeh2 yaşayış yeri olmadığına görə müvəqqəti olaraq 1250 kv. metr torpaq sahəsində inşa edilən evdə qalmalarına icazə vermişdir. 2021-ci ilin əvvəllərində iddiaçı ailəsi ilə birlikdə Azərbaycana qayıtdıqdan sonra cavabdehlərin evdən çıxmalarını istəsələr də, sonuncular evdən çıxmaqdan imtina etmişlər.
7. İddiaçı sübut qismində məhkəməyə Bakı şəhəri Bilgəh Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli arayışlarını təqdim etmişdir. Həmin arayışlarda iddiaçının Bilgəh qəsəbəsi ərazisində, 18-ci dalanda 1220 kv. metr və 1250 kv. metr torpaq, 200 kv. metr və 280 kv. metr əmlak sahələrinin mövcud olduğu, xx.xx.2005 - xx.xx.2021-ci ilə qədər Bilgəh Bələdiyyəsinə torpaq və əmlak vergisi ödənildiyi və həmin tarixə qədər heç bir borcunun olmadığı, hər iki qərarla ayrılmış torpaq sahəsinin iddiaçıya məxsus olması, Bilgəh Bələdiyyəsinin ərazisində yerləşməsi və hal-hazırda hüquqi qüvvədə olması qeyd edilmişdir. 8. 28.02.2022-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən cavabdehlərin nümayəndəsi Nümayəndə2 iddianı qəbul etməyərək, qeyd etmişdir ki, cavabdehlərin yaşadığı ev cavabdehlər tərəfindən öz vəsaitləri hesabına inşa edilmişdir. Evlərin eyni olması tərəflərin çox yaxın dost ailə olmaları səbəbindən olmuşdur. Cavabdehlərin yaşadığı ev cavabdehlərə məxsus torpaq sahəsində inşa edilməmişdir. Həmin torpaq sahəsi Bilgəh Bələdiyy əsinin xx.xx.2007-ci il tarixli, 030 №-li qərarı ilə Kəlpəli Əliyevə ayrılmış, sonuncu iddiaçıya xx.xx.2011-ci il tarixli etibarnamə vermiş, iddiaçı isə həmin torpaq sahəsinə dair Cavabdeh2 etibarnamə vermişdir. Nümayəndə adları çəkilən sənədləri məhkəməyə göstərərək onların əsilləri olduğundan elektron kabinetə yerləşdirəcəyini bildirmiş, lakin həmin sənədləri məhkəməyə rəsmi qaydada təqdim etməmiş və sonrakı məhkəmə iclaslarında iştirak etməmişdir.
9. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(008)-961/2022 saylı, 15 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakim T.Əsədova) iddia təmin edilmişdir.
10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı mübahisəli evə olan hüququnu təsdiq etmişdir. Belə ki, evin yerləşdiyi torpaq sahəsini iddi açı ödəniş edərək əldə etmişdir, həmin torpaq sahəsinin vergi ödəyicisidir.
11. Məhkəmə cavabdehlərin mübahisəli torpaq sahəsinə hüququnun olmadığını müəyyən etmişdir. Belə ki, Kəlpəli Əliyev tərəfindən iddiaçıya verilmiş xx.xx.2011-ci il tarixli etibarnamə əsasında Cavabdeh2 verilmiş etibarnamə məhkəməyə göstərilsə də, təqdim edilməmişdir.
12. Bundan başqa, həmin etibarnamənin artıq hüquqi qüvvəsi yoxdur, belə ki, Kəlpəli Əliyev ölmüş və onun adına verilmiş qərar etibarsız hesab edilmişdir. Sübut olunmuşdur ki, Kəlpəli Əliyevə 2007-ci il tarixdə ayrılmış torpaq sahəsi ondan iki əvvəl iddiaçıya ayrılmış torpaq sahəsi ilə eynilik təşkil edir.
13. Birinci instansiya məhkəməsi mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 164.1, 164.2, 165.1, 365.1.7-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
14. Cavabdehlər birgə apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işi hərtərəfli, tam və obyektiv araşdırmamış, cavabdeh tərəfə öz müdafiəsini təşkil etmək üçün vaxt və imkan verməmiş, digər məhkəmə aktından şikayət verilməsi ilə əlaqədar olaraq cavabdeh tərəfin iş üzrə icraatı dayandırmaq barədə vəsatətini təmin etmədən, tələm-tələsik qətnamə çıxarmış. Cavabdeh tərəfin prosessual hüquqlarına kobud surətdə müdaxi lə etmişdir. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Belə ki, qətnamənin məzmunundan da göründüyü kimi, məhkəmə iclasında iştirak edərkən, cavabdehlərin vəkili və nümayəndəsi olaraq məhkəməyə iddia tələbini təkzib edən bir sıra dəlillər təqdim edərək, həmin sənədlərin bəzilərinin surətini məhkəməyə təqdim etmiş, bəzilərini isə, elektron kabinetə yerləşdirəcəyini bildirmişdir. Məhkəmə iclasının audio-video yazısına baxılarsa aşkar olar ki, məhkəmə iclasında iddianı təkzib edən bir sıra sübutlarının olduğunu bildirmişdir. Lakin məhkəmə bütün bunları bilə-bilə onlara guya yol göstərərək, Bakı İnzibati Məhkəməsinin qərarından 3-cü şəxs qismində şikayət verməli olduğunu diqqətinə çatdırmış, o, da həmin məhkəmə iclasında qarşı tərəfin təqd im etdiyi qərarın rekvizitlərini götürərək, məhkəmədən iclası təxirə salmağı, Bakı İnzibati Məhkəməsinin qərarından şikayət verəcəyini bildirmişdir. Həqiqətən də Bakı İnzibati Məhkəməsinə müraciət olunaraq qərarın surəti rəsmi qaydada istənilmiş və şikayət verilmişdir. Eyni zamanda bir dəfə məhkəməyə iclası təxirə salmaqla bağlı ikinci dəfə isə Bakı İnzibati Məhkəməsinin qərarından şikayət verilməsi əsası ilə, iş üzrə icraatı dayandırmaqla bağlı vəsatət verilsə də, hakim tələm-tələsik yekun qərar qəbul etmiş, yəni qətnamə çıxarmışdır. Halbuki, yuxarıda sadalanan hallar hakimə bəlli idi. Hakim, həmin halları araşdırmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallar sübuta yetirilməmişdir. Belə ki, iş materiallarında mübahisəli torpaq sahəsinin iddiaçıya ayrılmış torp aq sahəsi ilə üst-üstə düşməsinə dair Bakı İnzibati Məhkəməsinin qərarı olsa da, bu qərar həmin torpaq sahəsi üzərindəki tikilinin kim tərəfindən, nə vaxt tikilməsinə dair heç bir sübut əhəmiyyəti kəsb etmir. İş materiallarında həmin tikiliyə dair heç bir sübut yoxdur. Ümumiyyətlə belə bir tikilinin mövcud olubolmaması iş materialları ilə sübuta yetirilmir. Əslində məhkəmənin müəyyən etdiyi kimi, tərəflər həqiqətən ailəvi yaxın dostluq münasibətində olmuşlar və bir müddət hər iki ailə Kanadada yaşamışdır. İddiaçı Kəlpəlidən satın aldığı torpağı yaxın dostları olan cavabdehlərlə ailəvi bağ qonşusu olsunlar deyə, AAAF Park yaşayış kompleksində mənzillə dəyişmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticələr işin həqiqi hallarına uyğun deyildir. Belə ki, iş materiallar ından da göründüyü kimi, tərəflər arasında yaxın ailəvi dostluq münasibəti olmuş, onlar birlikdə bağ qonşusu olmaq üçün həmin torpaq sahəsini öz aralarındakı razılaşmaya əsasən evlə dəyişmişlər. Cavabdehlər həmin torpaqda ayrıca ev tikmişlər. Hazırda həmin ərazidə iki qonşu bağ və iki ev var, onlardan biri iddiaçı tərəfə digəri isə, cavabdeh tərəfə məxsusdur. Evlər və torpaq sahəsi üzərində hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Cavabdehlərə məxsus mənzilin bütün kommunal xidmətləri cavabdehlərin öz adınadır. Əvvəllər yaxın dostluq münasibətində olan hər iki ailənin hazırda münasibətləri kəskin pisləşmiş, belə demək mümkündürsə, düşmənçilik həddinə çatmışdır. Məhz bundan sonra iddiaçı tərəf cavabdeh tərəfin evini əlindən almaq üçün əvvəlcə inzibati qaydada iddia q aldıraraq artıq vəfat etmiş şəxsin adına verilmiş bələdiyyə qərarını ləğv etdirmiş, daha sonra hazırkı iddianı qaldırmışdır.
16. Apellyasiya icraatı zamanı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 3-21-3-30/2-507/2023 saylı, xx.xx.2023-cü il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, göstərilən torpaq sahəsi faktiki olaraq hasar daxili 1227.0 kv. metr təşkil edir. Torpaq sahəsinin üzərində 3 mərtəbəli yaşayış evi və həyət tikilisi mövcuddur. Göstərilən torpaq sahəsinə və tikililərə dair hüquq müəyyənedici sənəd təqdim edilməyib. Vahid elektron kadastr baza məlumatlarına əsasən faktiki olaraq göstərilən (1227,0 kv.m) sahənin bir hissəsi (yarısı) Maştağa TərəvəzçilikSüdçülük sovxozundan Azərbaycan Respublikası Prezide ntinin 13 iyun 2008-ci il tarixli 2866 nömrəli müvafiq sərəncamı əsasında Bakı şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsində yerləşir. Torpaq sahəsinin qonşuluğunda yerləşən sahələr Bilgəh bağ massivi sənədləri əsasında qeydiyyatdan keçmişdir (bağ sahələri kimi). Bundan əlavə sahənin Bələdiyyə ərazisi olub-olmaması barədə məlumat aşkar edilməmişdir. Göstərilən sahə "Yaşayış məntəqələri torpaqları" kateqoriyasına aiddir.
17. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – birinci instansiya məhkəməsi) 2(103)-258/2023 nömrəli, 27 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər: E.Kazımov (sədrlik edən və məruzəçi), N.Cəfərov və İ.Şirinov) cavabdehlər tərəfindən birgə verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsini n mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
18. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Belə ki, qanuni qüvvəsini almış Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8703/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı və Bakı Apellyasiya Məhkəməsinin 18 iyul 2022-ci il tarixli, 2-1(103)2391/2022 nömrəli qərardadı ilə mübahisəli torpaq sahəsinin iddiaçıya qanuni əsaslarla məxsus olması öz təsdiqini tapmışdır. Cavabdeh2 Bakı İnzibati Məhkəməsinin xx.xx.2021ci il tarixli qərarından verdiyi şikayəti hazırkı iddiaya etirazın (apellyasiya şikayətinin) dəlillərinə uyğun əsaslandırsa da, Bakı Apellyasiya Məhkəməsinin 18 iyul 2022-ci il tarixli, 2-1(103)-2391/2022 nömrəli qərardadı ilə onun mübahisəli torpaq sahəsi və üzərində inşa edilmiş bağ evi ilə bağlı nə mülkiyyət, nə də əmlak xarakterli hər hansı hüququnun mövcud olmadığı müəyyən edilmişdir. Həmin məhkəmə aktları ilə müəyyən edilən hallar hazırkı iş üzrə də nəzərə alınmalıdır. Əks halda bir-birini təkzib edən məhkəmə aktları ortaya çıxa bilər ki, bu da yolverilməzdir.
19. Məhkəmə kollegiyası mövqeyinin hüquqi əsası kimi Mülki Məcəllənin 152.1, 157.1, 157.4, 157.8, 158.4, 164.1, 164.2, 165.1, 365.1.7, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (bundan sonra – Torpaq Məcəlləsi) 55, 66.2, 67, 111, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.1, 6.1, 6.2, 6.5, MPM-in 4.1, 14.2, 77.1, 88, 217.3, 217.4, 385.2-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
20. Cavabdehlər (vəkil Nümayəndə2) birgə kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin təkrar apellyasiya baxışına qaytarılmasını xahiş etmişlər.
21. Kassasiya şikayəti maddi və prosessual hüquq normalarına, məhkəmə qərarlarına ümumi istinadlarla, birinci və apellyasiya instansiyası məhkəmələrinin aktlarının məzmununun ifadə edilməsi ilə əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. İddiaçı kassasiya şikayətinə yazılı etiraz təqdim edərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə
23. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi ki mi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
24. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.
25. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
26. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
27. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafi ə edilir.
28. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir.
29. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir.
30. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. P ozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.
31. Maddə 365.1.7. Etibarnaməni vermiş fiziki şəxsin ölməsi, fəaliyyət qabiliyyəti olmayan, məhdud fəaliyyət qabiliyyətli və ya xəbərsiz itkin düşmüş sayılması etibarnaməyə xitam verilməsi əsaslarından biridir. Torpaq Məcəlləsi
32. Maddə
55. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yol larla yaranır.
33. Maddə 66.2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir.
34. Maddə 67.1. Torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.
35. Maddə 67.1-1. Dövlət və bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə (istifadəyə) verilməsi ilə əlaqədar müvafiq məlumatlar (torpaq üzərində qeydiyyata alınmış hüquqlar, hüquqların yüklülüyü (məhdudlaşdırılması), hüquq sahibləri, icarə və ya istifadə barədə ə qdlərin tərəfləri, əqdin müddəti və məqsədi) daşınmaz əmlakın dövlət reyestrindən informasiya sisteminə real vaxt rejimində ötürülür, habelə on bir aydan az müddətə bağlanılmış istifadə və ya icarə müqavilələri istifadəyə verən və ya icarəyəverən tərəfindən bilavasitə informasiya sisteminə daxil edilir.
36. Maddə 67.3. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir.
37. Maddə 67.4. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir.
38. Maddə 111.1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunu r.
39. Maddə 111.2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.
40. Maddə 111.3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun
41. Maddə 2.1. Müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır.
42. Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin ərazi ləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir.
43. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur.
44. Maddə 6.5. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respubli kası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Mülki Prosessual Məcəllə
45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları s übut etməlidir.
47. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
48. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
49. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
50. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
51. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət hədd ində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
52. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
53. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
54. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehlər tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
55. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
56. Kassator şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmədiyini ümumi ifadələrlə qeyd etsə və məhkəmə aktlarının məzmunundan sitatlara istinad etsə də, maddi və prosessual hüquq normalarının pozuntusunun nədən ibarət olması ilə bağlı mövqeyini əsaslandırmamışdır.
57. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
58. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 və Cavabdeh2 tərəfindən birlikdə verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kolleg iyasının 2(103)-258/2023 nömrəli, 27 mart 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.