Məhkəmə qərarları › İş №2(102)-2666/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2666/2023

05.07.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2666/2023 05.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı "xxxx" Şirkətinin cavabdeh X1 (Maraqlı şəxs müstəqil tələb irəli sürən üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyətin müdafiəsinə dair tələblər, torpaq sahəsinin qanunsuz sahiblikdən qaytarılması, tikilinin sökülməsi, tələbin ona cavab verməyən şəxsə yönəldilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlundan və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" Şirkətinin cavabdeh X1 (Maraqlı şəxs müstəqil tələb irəli sürən üçüncü şəxs qismində cəlb edilmə klə) qarşı torpaq sahəsindən qanunsuz istifadənin dayandırılması, torpaq sahəsindən çıxarılma və həmin torpaq sahəsində olan aptek binasının sökülməsi tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-360/2023 nömrəli, 09 mart 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 05 iyul 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Saatlı şəhəri, H.Əliyev prospektində, 1.164 hektar torpaq sahəsində yerləşən 1571.5 kv.m. ümumi, 947.8 kv.m. əsas, 623.7 kv.m. köməkçi sahədən ibarət əmlak kompleksi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən MH0001546 saylı çıxarış əsasında tam mülkiyyət hüququ üzrə "xxxx" Şirkətinin (bundan sonra – iddiaçı və ya Şirkət ) mülkiyyətindədir.

2. Eyni zamanda həmin əmlak kompleksinin sərhədlərini müəyyən edən sənədlərə əsasən şirkətin ərazisi sayılan torpaq sahəsində uzun illərdir istifadə olunan, sahəsi 26.66 kv.m. olan aptek binası fəaliyyət göstərir.

3. Aptek binasının sökülməsi və həmin sahədən çıxarma ilə bağlı tərəflər arasında mübahisə yaranmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan 1.164 ha torpaq sahəsinin ərazisindən 26.66 kv.m. sahəsindən cavabdeh X2 (bundan sonra – cavabdeh) tərəfindən qanunsuz istifadəsinin dayandırılaraq həmin torpaq sahəsindən çıxarılması və torpaq sahəsi üzərində tikilmiş aptek binasının cavabdehin hesabına sökülməsi barədə qətnamə çıxarılması nı xahiş etmişdir.

5. İddiaçı işin yuxarıda qeyd olunan faktiki hallarına istinad etməklə tələbini onunla əsaslandırılmışdır ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin 26.66 kv.m. ərazisində cavabdeh qanunsuz olaraq aptek binası tikdirərək orada dərman preparatlarının satışı ilə məşğul olur. Dəfələrlə cavabdehə torpaq sahəsindən istifadənin dayandırılaraq oradan olan tikilinin sökülməsi bildirilsə də, bunun heç bir nəticəsi olmamışdır.

6. Məhkəmə iclasında cavabdeh iddianı etiraf edərək izahatında göstərmişdir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsində özbaşına aptek binası tikərək orada dərman preparatlarının satışını həyata keçirir.Tikilinin yerləşdiyi torpaq sahəsi Şirkətin mülkiyyətindədir, ona görə də iddia tələbinin təmin olunmasına etiraz etmir.

7. Saatlı Rayon Məhkə məsinin (bundan sonra – birinci instansiya məhkəməsi) (bundan sonra - birinci instansiya məhkəməsi) 18 aprel 2018-ci il tarixli, 2(055)-505/2018 nömrəli qətnaməsi ilə (hakim İxtiyar Abuşov) iddia tələbi təmin edilmişdir.

8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, məhkəmə baxışı zamanı cavabdeh iddianı etiraf etdiyindən və bu məhkəmə tərəfindən təsdiq edildiyindən iddia tələbi təmin olunmalıdır.

9. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

10. Qətnamədən marağına toxunduğunu iddia edən Maraqlı şəxs apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmas ını xahiş etmişdir.

11. Maraqlı şəxs (bundan sonra – üçüncü şəxs) apellyasiya şikayəti verdikdən sonra qəbul edilən qətnamənin onun hüquqlarına toxunması ilə bağlı mübahisə olmuş, apellyasiya məhkəməsi hesab etmişdir ki, qətnamə apellyantın hüquqlarına toxunmur, lakin həmin məsələ ilə bağlı kassasiya instansiyası məhkəməsinin 25 fevral 2021-ci il tarixli qərarındakı göstərişlərdən sonra apellyasiya məhkəməsinin 18 may 2021-ci il tarixli iclasında məhkəmə onu maraqlarına toxunan şəxs kimi tanımışdır.

12. Müstəqil tələb irəli sürən 3-cü şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh və üçüncü şəxs qardaşdırlar. Sökülməsi tələb edilən aptek cavabdehə yox, üçüncü şəxsə məxsusdur. Əvvəlki instansiyada üçüncü şəxsin iştirakı təmin edilməmiş, mübahisəni həll edən hakim işlə ba ğlı heç bir araşdırma aparmamış, mübahisə edilən 26.66 kv.m. torpaq sahəsinin kimə məxsus olmasına düzgün hüquqi qiymət verməmişdir. Halbuki, torpaq sahəsi Saatlı Rayon Xalq Deputatları Sovetinin 17 fevral 1992-ci il tarixli, 34 saylı sərəncamı ilə üçüncü şəxsə ayrılmışdır. Bundan əlavə, məhkəmə 20 il istifadədə olan aptekin sökülməsini qət etməklə üçüncü şəxsin mülkiyyət hüquqlarını pozmuşdur.

13. Apellyasiya baxışı zamanı üçüncü şəxs Saatlı Rayon Xalq Deputatları Sovetinin sahibkarlıq məqsədilə ona torpaq sahəsinin ayrılmasına dair 22 aprel 1992-ci il tarixli qərarını və eləcə də mübahisəli aptekin texniki pasportunu təqdim etmişdir.

14. Üçüncü şəxs tərəfindən təqdim edilən və ƏMDK yanında DƏDRX-in 13 saylı Şirvan Ərazi İdarəsinin verdiyi məlumata görə Saatlı rayonu, H.Əliyev prospektind ə yerləşən 27 kv.m. torpaq sahəsi elektron kadastr məlumat bazasına daxil edilmişdir. Məlumata görə həmin torpaq sahəsi iddiaçının mülkiyyətində olan torpaq sahəsinin sərhədləri daxilində yerləşir.

15. Apellyasiya icraatı zamanı keçirilmiş ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC Şirvan Layihə Tədqiqat İdarəsinin 04 fevral 2022-ci il tarixli, Ç-025 nömrəli mütəxəssis arayışı əsasında, məhkəmə tikinti-ekspertizasının 13 aprel 2022-ci il tarixli rəyinə əsasən müəyyən edilmişdir ki, Saatlı Rayon Xalq Deputatları Sovetinin 22 aprel 1992-ci il tarixli qərarı ilə sahibkarlıq məqsədilə ona torpaq sahəsinin ayrılması və təqdim olunması ilə bağlı ilkin qeydlər mülki iş materiallarında olmadığından torpaq sahəsinin koordinatlarını naturada müəyyən etmək mümkün olma mışdır. Lakin faktiki olaraq mütəxəssislər tərəfindən ərazidə göstərilən mübahisəli aptek binasının yerləşdiyi torpaq sahəsi GPS aləti vasitəsilə ölçülərək hansı koordinatlarda yerləşməsi müəyyən edilmiş və mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında əks olunmuşdur. Müəyyən olunmuşdur ki, mübahisəli aptek sahəsi iddiaçının mülkiyyətində olan torpaq sahəsinin daxilindədir.

16. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 31 may 2022-ci il tarixli, 2(106)-79/2022 nömrəli qətnaməsi ilə (hakimlər – İlham Əsədov (sədrlik edən və məruzəçi), Samir Mayılov və Zaur Allahyarov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiya məhkəməsi birinci in stansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, aptekin sökülməsini tələb edən iddiaçının mülkiyyətində Saatlı şəhəri, Heydər Əliyev prospektində mülkiyyətdə olan 1.1694 hektar torpaq sahəsində yerləşən 1571.5 kv.m. ümumi 947.8 kv.m. əsas, 623.7 kv.m. köməkçi sahədən ibarət əmlak kompleksidir.

18. Sökülməsi tələb edilən aptekin qanuni sahibi olduğunu iddia edən üçüncü şəxs isə Saatlı rayon XDS-nin 17 fevral 1992-ci il tarixli, 34 saylı qərarına istinad edilməklə ticarət və ya ictimai iaşə obyektinin texniki pasportunu təqdim etmişdir. Texniki pasporta görə 3-cü şəxsə məxsus 5,4 x 4,6 metr ölçülərdə obyekt göstərilmişdir. Bundan başqa, 4,7 x 6,7 m ölçülərdə torpaq sahəsinin ayrılması barədə Saatlı rayon XDS Rəyasət Heyətinin 22 aprel 1992-ci il tarixli, 4 nömrəli qərarının k serosurəti və 4,7 x 6,7 m ölçülərdə qeyri-yaşayış obyektinin tikintisi üçün ayrılmış torpaq sahəsinin planının kserosurəti təqdim edilmişdir.

19. Bundan başqa, üçüncü şəxsin təqdim etdiyi və ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinin verdiyi məlumata görə, həmin torpaq sahəsi digər hüquqi şəxsin xüsusi mülkiyyətində olan torpaq sahəsinin sərhədləri daxilində yerləşir.

20. Təqdim edilmiş sübutlara qiymət verərək belə qənaətə gəlmək olur ki, sökülməsi tələb edilən aptek Heydər Əliyev prospektində mülkiyyətdə olan 1.1694 hektar sahəsində yerləşən əmlak kompleksinin hüdudları daxilindədir. 3-cü şəxsə torpaq sahəsinin ayrılması haqqında, iddia edilən, Saatlı rayon XDS-nin 17 fevral 1992-ci il tarixli, 34 saylı qərarının, istərsə də, Saatlı rayon XDS-nin 22 aprel 1992-ci il tarixli, 4 nömrəli qərarının əsli aşkar edilməmiş, eləcə də mübahisəli torpaq sahəsinin koordinatları müəyyən edilsə də, 3-cü şəxsə torpaq sahəsinin ayrılması və təqdim olunması ilə bağlı ilkin sənədlər (komissiyanın aktı, ayrıc aktı və s.) aşkar edilməmişdir.

21. İddiaçıya ayrılmış torpaq sahəsi müvafiq qeydiyyatdan keçmişdir; Maraqlı şəxs iaşə obyekti kimi tikinti inşa etməyə ayrılmış sahə sonuncunun adına qeydiyyatdan keçməmişdir. Mübahisəli sahə kimi yeri müəyyən edilsə də, həmin obyektin iddiaçının mülkiyyəti kimi qeydiyyata alınmış sahənin daxilində olduğu müəyyən edilmişdir.

22. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 140, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67, 68-ci maddələrinə istinad edərək qeyd etmişdir ki, cavab dehin aptek kimi istifadə etdiyi sahə üçüncü şəxsin adına qeydiyyatdan keçməmişdir. Qüvvədə olan torpaq qanunvericiliyinin tələblərinə görə isə torpaq sahələrinin alınması ilə bağlı yaranan hüquqların habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Həm də torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Göstərilənlər onu deməyə əsas verir ki, iddiaçı tələbində haqlıdır.

23. İddiaçı tərəf öz tələbini əsaslandıra və sübuta yetirə bilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən mahiyyətcə doğru qənaətə gəlmiş, apellyant öz etirazını əsaslandıra və sübuta yetirə bilməmişdir. Kassasiya instansiya məhkəməsindəki birinci i craat

24. Üçüncü şəxs (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarına əlavə edilmiş ƏMDX-nin Şirvan Ərazi İdarəsinin məsləhətçisi E.İsmayılov tərəfindən qurumun rəhbərinə ünvanlanmış məlumatdan aydın olur ki, Dövlət Əmlak Nazirliyinin torpaq sahəsinin özəlləşdirilməsi və icarəyə verilməsi şöbəsi tərəfindən hazırlanmış torpaq sahəsinin sxeminə əsasən ümumi ərazi 11964 kv.m. təşkil edir. Ondan yalnız 11694 kv.m. sahəsi Şirkət tərəfindən özəlləşdirilmişdir. Qalan 270 kv.m. sahə 12 sahibkar tərəfindən sahibkarlıq məqsədilə istifadə olunur. Məhkəmə tərəfindən heç bir yazılı sübuta istinad edilməmiş, həmin yazılı sübutlarda qeyd edilən işin nəticəsi üçün əhəmiyyətli olan halların əsaslı hesab olunmamasının səbəbi qeyd edilməmiş, ümumiyyətlə həmin hallara qiymət verilməmişdir. Mülki işin halları hərtərəfli araşdırılmamışdır. Bundan başqa apellyasiya instansiyası məhkəməsi yalnız 19 yanvar 2022-ci il tarixli mütəxəssis rəyinə əsaslanmışdır ki, bu əsassızdır. Çünki mütəxəssis rəyi sübut hesab edilə bilməz. Bundan başqa, yazılı mötəbər sübutlarla mütəxəssis rəyi arasında olan kəskin ziddiyətlərin səbəbi araşdırılmamış, çəkişmə prinsipi pozulmuşdur.

26. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – İ.Xəlilov (məruzəçi), Ə.Əliyev və M.Əhmədova) 2(102)-5320/2022 nömrəli, 29 noyabr 2022ci il tarixli qərarı ilə üçüncü şəxsin kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiya məhkəməsinin qət naməsi ləğv edilərək iş yeni baxışa göndərilmişdir.

27. Kassasiya instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, cavabdehin işdə olan ərizəsində iddianın etiraf edilməsinin nəticələri barədə aydın fikir yoxdur. Eyni zamanda, həmin ərizədən sonra keçirilmiş məhkəmə iclası zamanı da cavabdeh iddianı etiraf etməsi barədə izahat versə də, məhkəmə bunun prosessual nəticələrini izah etməmiş (mülki iş səhifə 29) və həmin iclasda yekun qətnamə çıxarılmışdır. Hakim cavabdehin iddianı etiraf etməsini təsdiq edənə qədər ona müvafiq prosessual hərəkətlərin nəticələrini izah etməlidir.

28. Cavabdehin iddianı etiraf etməsi əsası ilə qətnamə qəbul edildikdən sonra həmin qətnamədən prosesə cəlb edilməyən və çıxarılan qətnamə maraqlarına toxunan şəxs apellyasiya şikayəti vermişdir. Apellyasiy a şikayətinin dəlili ondan ibarət olmuşdur ki, sökülməsi tələb olunan aptek ona məxsusdur, onun adına müvafiq sənədləşmə var və aptekin cavabdehə heç bir aidiyyəti yoxdur. Apellyasiya şikayəti verən müvafiq sənədləri məhkəməyə təqdim etmişdir. Apellyasiya şikayətinə əlavə olunmuş texniki pasportun surətindən göründüyü kimi, Saatlı rayon XDS İK-nin 17 fevral 1992-ci il tarixli 34 saylı qərarı əsasında Saatlı şəhər sakini Maraqlı şəxs Güləlı oğluna 5,4 x 4,6 metr ölçüdə mağaza tikintisi üçün torpaq sahəsi ayrılmışdır. Mərkəzi Kolxoz bazarının ərazisindən ticarət şəbəkələrinin tikintiləri altına ayrılan torpaq sahələri Saatlı Rayon İcra Hakimiyyəti Başçısının 17 fevral 1992-ci il tarixli 34 saylı sərəncamı ilə təsdiq edilmişdir. Apellyasiya şikayətində 3-cü şəxs göstərmişdir ki, ayrılan torpa q sahəsi Saatlı rayon Kolxoz bazarının ərazisində boş sahədən sahibkarlıq fəaliyyəti üçün istifadə etmək məqsədilə verilmiş və həmin ərazidə öz vəsaiti hesabına 31,49 kvadrat metr ölçüdə aptek binası tikdirmişdir. Buna baxmayaraq iddiaçı yanlış olaraq 26,66 kvadrat metr sahədə inşa edilmiş aptek binasının cavabdehə məxsus olmasını iddia edərək cavabdeh kimi sonuncunu göstərmişdir. Bu səbəbdən də onun hüquqları pozularaq istifadəsində olan aptekin sökülməsi barədə qətnamə çıxarılmışdır.

29. Apellyasiya instansiya məhkəməsi də, heç bir araşdırma aparmadan birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmışdır. Həmçinin işə apellyasiya qaydasında baxılarkən cavabdehin əsl cavabdeh olub-olmaması, onun etirafı əsasında iddianın təmin olunmasının qanuniliyi, cavabdehin əsl cavabdehlə əvəz edilib-edilməməsi, bunun həmin icraatda mümkün olub-olmaması ilə bağlı hüquqi dəyərləndirmə aparılmamış və məhkəmə qətnaməni dəyişdirmədən, apellyasiya şikayətini təmin etmədən saxlamışdır.

30. Halbuki, apellyasiya icraatı zamanı müəyyən edilən işin hallarına görə sökülməsi tələb olunan aptek Saatlı Rayon İcra Hakimiyyəti Başçısının 17 fevral 1992-ci il tarixli 34 saylı sərəncamı ilə 3-cü şəxsə ayrılmış torpaq sahəsində inşa edilmiş və onun sahibliyində olmuş, onun adına digər sənədləşmələr də aparılmışdır. İddianı etiraf etmiş iş üzrə cavabdehin mübahisəli aptek tikilisinə hər-hansı hüquqi bağlılığı olması, ona aidiyyəti olması ilə bağlı heç bir hal aşkar edilməmişdir.

31. Belə olan təqdirdə apellyasiya məhkəməsi tikiliyə heç bir aidiyyəti olmayan şəxsin iddianı etiraf etməsi əsası ilə qə bul edilmiş qətnaməni dəyişdirmədən saxlamaqda prosessual qanunvericiliyin tələblərini pozmuş və nəticədə düzgün olmayan qətnamə qəbul edilmişdir.

32. Belə ki, işin müəyyən edilən hallarına görə Maraqlı şəxs Güləli oğluna məxsus olan aptek, prosesə cavabdeh kimi cəlb edilmiş tikiliyə aidiyyəti olmayan cavabdehin etirafı əsasında onun hesabına sökülməsi qərara alınmışdır.

33. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Hazırkı işdəki tələb əslində 3-cü şəxsə yönələn tələbdir, hazırki cavabdehin etirafı ilə həmin iddianın təmin olunması üçün əsaslar yoxdur.

34. Məhkəmələr müəyyən etmişlər ki, iddiaçının əmlak kompleksini özünün mülkiyyətinə alması tarixi aptekin inşa edilməsi tarixindən sonrakı vaxta təsadüf edir. Yəni, m übahisəli aptek, əmlak kompleksi iddiaçının mülkiyyətinə keçənə qədər artıq inşa edilərək istifadə olunurdu. Aptekin özbaşına tikili olması istisna olunur. Məhkəmələr aptekin müvafiq icra hakimiyyəti orqanının sərəncamı ilə inşa edilməsi halını da təkzib etməmişlər.

35. Apellyasiya instansiya məhkəməsi aptekin sökülməsini qət edərkən yeganə əsası ondan ibarət olmuşdur ki, tikili iddiaçıya məxsus olan əmlak kompleksinin hüdudları daxilində yerləşir. Yuxarıda qeyd olunan normanın dispozisiya şərtləri nəzərə alındıqda, həmin halın mövcudluğu aptekin sökülməsi üçün əsaslar yaratmır. Aptekin onun sahibinin hesabına sökülməsindən o halda söhbət gedə bilərdi ki, tikili əmlak kompleksinin mülkiyyətçisinin razılığı alınmadan özbaşına olaraq inşa edilmiş olsun. Lakin, yuxarıda qeyd olunduğu kimi tik ili iddiaçının mülkiyyətçi olmasından əvvəl müvafiq icra hakimiyyəti orqanlarının sərəncamı ilə inşa edilərək sənədləşdirilmiş və 20 ildən artıqdır ki, istifadə olunur. Eyni zamanda nəzərə almaq lazımdır ki, iddiaçı tərəf tikilinin özbaşına tikili olması, etibarlı sənədlər əsasında inşa edilməməsi halına istinad edirsə, həmin halı sübutetmə yükü onun üzərinə düşür. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

36. Apellyasiya instansiyası məhkəməsinin 9 mart 2023-cü il tarixli, 2(106)-360/2023 nömrəli qətnaməsi ilə (hakimlər – T.Heydərov (sədrlik edən və məruzəçi), T.Kərimov və C.İmanov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia rədd edilmişdir.

37. İşə təkrar baxan məhkəmə kollegiy ası mövqeyini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsində aparılmış icraatın nəticələrindən müəyyən edilir ki, Cavabdehin iddiaya cavab verməli olmayan şəxs olmasını görmüş, lakin bu haldan xəbərdar olmasına baxmayaraq prosessual qanunvericiliyin tələblərinə əməl etmədən, cavabdehi əsl cavabdehlə əvəz etməyi iddiaçıya təklif etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə, ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Qeyd edilən prosessual hüquq normasının mənasından da göründüyü kimi, birinci instansiya məhkəməsi ona verilmiş hüququndan istifadə etməməklə, mülki icraatı iddia ya cavab verməli olmayan cavabdehlərin iştirakı ilə davam etdirmiş, nəticədə də əsl cavabdehin məhkəmə müdafiəsi hüququnu pozmaqla onun iştirakı olmadan faktiki halları müəyyən etmiş iddia tələbini əsaslı saymışdır.

38. İddiaçı tələblərini cavabdehə yönəltməkdə haqlı olmamış, birinci instansiya məhkəməsi də maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul etmişdir. Halbuki, iddiaçı əsl cavabdehin əvəz edilməsi təklifi ilə razılaşmadığı təqdirdə, cavabdehə qarşı yönəldilmiş iddia tələbləri yalnız bir əsasa görə, iddiaya cavab verməli olmayan şəxs olması əsası ilə təmin olunmamalı idi. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq ləğv edilməli, yalnız yuxarıda qeyd edilən əsasa görə- iddia ona cavab verməli olma yan şəxsə qarşı yönəldiyi əsasına görə təmin olunmamalıdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

39. İddiaçı (Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

40. Şikayət belə əsaslandırılmışdır ki, məhkəmə kollegiyası milli qanunvericiliyin tələblərini pozmaqla yanaşı, qanunvericilik sisteminin tərkib hissəsi olan beynəlxalq müqavilələrin də tələblərini pozmuş, iddiaçının öz mülkiyyətindən dinc istifadəsinin qarşısını almaqla yanaşı, heç bir hüquqi əsas olmadan onu əmlakından məhrum etmişdir. 3-cü şəxsə torpaq sahəsinin ayrılması haqqında iddia edilən istər Saatlı rayon XDS-nin 17 Fevral 1992-ci il tarixli 34 saylı qərarının, istərsə də Saatlı rayon XDS-nin 22 Aprel 1992-ci il tarixli 4 nömrəli qərarının əsli aşkar edilməmişdir. Tərəfindən aidiyyəti arxiv qurumlarına müraciətlər olunmuş və həmin sənədlərin aşkar olunmaması barədə cavablar alınmışdır. Məhkəmə kollegiyası iddia tələbinin təmin olunmaması qənaətinə gələrkən iddiaçının tərəfindən təqdim edilmiş sübutları qiymətləndirilmədən, məhkəmə tədqiqatı materiallarına istinad olunmadan ümumi mülahizələr irəli sürülmüşdür. Həmçinin, hazırki iş üzrə üçüncü şəxs qismində apellyasiya şikayəti vermiş şəxsin tələbləri birbaşa İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin marağında olduğuna görə həmin qurum üçüncü şəxs qismində cəlb olunmalı və məhkəməyə öz mövqeyini bildirməli idi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

41. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

42. Maddə

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

43. Maddə 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o hald a yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun.

44. Maddə 54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır 45. addə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

46. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

47. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

48. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

49. Ha zırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

50. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

51. Kollegiya qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən və birinci kassasiya icraatında kassasiya məhkəməsinin göstərişlərinə hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş v ə məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

52. Apellyasiya instansiyası məhkəməsi birinci kassasiya icraatı zamanı qeyd edilən göstərişləri nəzərə alaraq haqlı olaraq qeyd etmişdir, iddia tələbə cavab verməli olmayan şəxsə qarşı yönəldilmiş və müvafiq olaraq apellyasiya icraatı zamanı əsl olmayan cavabdehin əsl cavabdehlə əvəz edilməsi yolverilməzdir.

53. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

54. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

55. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-360/2023 nömrəli,09 mart 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qanuni qüvvəsini alır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar