Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2682/2025 23.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: pulun ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3291/2025 nömrəli, 3 iyun 2025-ci il tarixli qətnaməsindən Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 23 sentyabr 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İ ddiaçı ilə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyət arasında xx.xx.2023-cü il tarixli, TR300100 saylı xidmət müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən, sonuncu müqavilənin 1 saylı əlavəsində göstərilən xidmətləri İddiaçı üçün həyata keçirməyi, sonuncu isə razılaşdırılmış xidmət haqqını ödəməyi öhdəsinə götürmüşdür.
2. Həmin Müqavilənin 1 saylı əlavəsinə əsasən, Cavabdeh “İstanbul Gedik Universiteti”nin “işletme” fakültəsinə müraciət edib, qəbul cavabının alınması, xaricdə təhsil haqqında məsləhətlərin verilməsi, sənədləşmə işlərinin aparılması, əsaslandırma məktublarının yazılması və seçilmiş universitetə qeydiyyat sənədlərinin yollanması üzrə xidmətləri göstərməyi, İddiaçı isə xidmət haqqı kimi 5.100 manat (2.530 manat müqavilə imzalanan gün, 2.570 manat universitetdən qəbul cavabı gəldi kdən sonra 3 gün ərzində) ödəməyi öhdəsinə götürmüşdür.
3. İddiaçı xx.xx.2023-cü ildə 2.530 manat, xx.xx.2023-cü ildə 120 manat və 2.450 manat olmaqla, cəmi 5100 manatı Cavabdeh MMC-nə ödəmişdir.
4. Cavabdeh MMC tərəfindən təqdim edilmiş 21 dekabr 2023-cü il tarixli “Üzləşmə Aktı”na əsasən, sifarişçi X1 “Gümüşhane Üniversitesi”nə qəbul aldığı üçün əlavə yaranacaq xidmətləri, yəni xidmət haqqı ödənişini, illik təhsil haqqı, yol xərci, yataqxana və qalmaq xərclərini ödəməyi öz öhdəsinə götürmüşdür (üzləşmə aktının kserosurəti təqdim edilmişdir).
5. İddiaçı Cavabdeh MMC-in qanuni təmsilçisinə ünvanladığı xx.xx.2024-cü il tarixli pretenziyaya əsasən, öhdəliklərin yerinə yetirilməməsi səbəbindən müqavilə üzrə ödənilmiş 5.100 manat və hüquqi yardım üçün ödənilmiş 1.500 manat, cəmi 6.600 manatın 10 gün ərzində geri qaytarılması, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı (bundan sonra- iddiaçı) Cavabdeh MMC-nə (bundan sonra- cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən müqavilə üzrə ödədiyi 5.100 manat, hüquqi yardım üçün ödədiyi 1.500 manat, ümumilikdə 6.600 manatın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Fransız-Azərbaycan Universiteti”nə 630 balla qəbul olmuş, neft-qaz mühəndisliyi ixtisası (tədris ingiliscə) üzrə ali təhsil almış, “Azərbaycan Neft Sənaye Universiteti”nin magistraturasını “dəniz neft və qaz quyularının qazılması” ixtisası (tədr is ingiliscə) üzrə fərqlənmə diplomu ilə bitirmişdir. Ali təhsilini doktorantura səviyyəsində davam etdirmək niyyəti olduğu üçün, Azərbaycan Respublikasında doktoranturaya qəbul olmaq üçün qəbul imtahanlarında iştirak etmiş, yüksək bal toplamağına baxmayaraq, sonradan Elm və Təhsil Nazirliyi tərəfindən ADNSUdə müraciət etdiyi ixtisasa az yer ayrıldığı üçün qəbul cavabını ala bilməmişdir. Eyni zamanda Türkiyə Respublikasında “İstanbul Gedik Universiteti”nə doktoranturaya qəbul olunmaq üçün cavabdehə müraciət etmişdir. Müraciəti nəzərə alınaraq xx.xx.2023-cü il tarixdə cavabdehlə aralarında xidmət müqaviləsi bağlanmış və müqavilənin bağlanmasında iştirak edən cavabdehin qanuni təmsilçisi və mütəxəssis Mehriban Nəsirova hər şeyin qaydasında olduğunu və heç bir problem olmayacağını bildirib yo la salmışlar. Müqavilənin şərtlərinə görə İstanbul şəhərinin “Gedik Universiteti”nə qəbul cavabının alınması ilə bağlı ona xidmət göstəriləcəyi qeyd edilmiş və xidmət haqqı olaraq 5100 manat müəyyən edilmişdir. Həmin ödənişi bank hesabına deyil, nağd şəkildə etmişdir. Ödəniş qəbzində sadəcə olaraq cavabdehin möhürü vurulmuşdur. Daha sonra məlum olmuşdur ki, cavabdeh ümumiyyətlə “İstanbul Gedik Universiteti”nə müraciət etməmişdir, ona başqa Universitetdən yalnız müraciət hüququ qazanmaqla bağlı sənədlər təqdim edilmişdir. Hətta həmin sənədlər belə düzgün tərtib edilməmiş və Azərbaycan Respublikasında qəbul edilməmişdir. Cavabdehin qanunsuz əməlləri nəticəsində ona vurulmuş maddi ziyana görə Bakı şəhəri, Səbail Rayon Polis İdarəsinə müraciət etsə də, mülki məsələ olması səbəbi ilə məhkəməy ə müraciət etməyi tövsiyə olunmuşdur. Eyni zamanda, bu işlə bağlı hüquqi yardım üçün 1.500 manat ödəniş etmişdir. Həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq, 5.100 manatın geri qaytarılması ilə bağlı dəfələrlə cavabdehə müraciət etsə də, pulu geri qaytarılmamışdır.
8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1218/2025 nömrəli, xx.xx.2025ci il tarixli qətnaməsi ilə (hakim - Fərid Hətəmzadə) iddia qismən təmin edilərək, xx.xx.2023-cü il tarixli müqavilə üzrə ödənilmiş 5.100 manat və ödənilmiş dövlət rüsumuna görə 57 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi və iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.
9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı, “İstanbul Gedik Universitetin”də doktora təhsili almaq üçün müraciət etdiyini, lakin cavabdehin onun mə lumatı olmadan “Gümüşhane Universiteti”nə müraciət hüququ qazanması ilə bağlı sənədlər təqdim etdiyini və bununla da cavabdehin öhdəliklərini pozduğunu iddia etməklə hazırkı iddia tələblərini irəli sürmüşdür. İddiaçının “İstanbul Gedik Universitetin”də doktora təhsili almaq üçün müraciət etdiyi tərəflər arasında bağlanmış müqavilədə nəzərdə tutulmaqla yanaşı, cavabdehin məhkəmə iclasında iştirak edən nümayəndəsi də işin bu halını etiraf etmişdir. Bununla belə cavabdeh iddiaçı üçün “Gümüşhane Universitetin”dən qəbul alındığını, bu barədə iddiaçıya məlumat verildiyini, onun bununla razılaşdığını və “Gümüşhane Universiteti”nə qəbul ilə bağlı razılıq sənədinə imza etdiyini bildirməklə iddiaya etiraz etmiş və etirazının sübutu kimi 21 dekabr 2023-cü il tarixli üzləşmə aktının surətini təqdim et mişdir. İddiaçı belə bir sənədə imza etmədiyini bildirmiş, cavabdehin nümayəndəsi isə dəfələrlə tələb olunmasına rəğmən sözügedən aktın əslini məhkəməyə təqdim edə bilməmişdir. Göründüyü kimi, cavabdeh iddiaya etirazının əsası kimi istinad etdiyi (müqavilə öhdəliyini tam icra etməsi bağlı) halı sübut edə bilməmişdir. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına görə, cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə ilə iddiaçı üçün “İstanbul Gedik Universiteti”nə qəbul almaq öhdəliyini üzərinə götürdüyü halda, “Gümüşhane Universiteti”nə qəbul almışdır. İddiaçı isə həmin icranı qəbul etməmiş (yuxarıda izah edildiyi kimi, cavabdeh iddiaçının müqavilədə nəzərdə tutulandan ayrı icranı qəbul etdiyini sübut edə bilməmişdir) və tərəflər arasında hazırki mübahisə yaranmışdır. Qeyd edilən lərə əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, iddia tələbi “müqavilə üzrə ödənilmiş 5100 manatın ödənilməsi” hissəsində əsaslıdır.
10. Bununla belə məhkəmə iddiaçının “hüquqi yardıma görə 1500 manatın tutulması” tələbini əsaslı hesab etməmişdir. Belə ki, AR MPM-in 121.1-ci maddəsində nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin xeyrinə qətnamə çıxarılan tərəfə verilməsi nəzərdə tutulsa da, bunun konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla müəyyənləşdirildiyi göstərilmişdir. İddiaçının təqdim etdiyi müqavilədən görünür ki, onunla "xxxx" MMC arasında hüquqi yardım göstərməsi haqqında müqavilə bağlanmış və həmin müqavilədə xidmət haqqı kimi 1500 manatın ödənilməsi nəzərdə tutulmuşdur. Bununla belə, həmin məbləğin adı çəkilən cəmiyyətə ödənilməsi müəyyə n edilməmiş, o cümlədən həmin cəmiyyət tərəfindən iddiaçıya hansı hüquqi xidmətlərin göstərildiyi əsaslandırılmamışdır.
11. Məhkəmə öz hüquqi mövqeyini əsaslandırarkən AR Mülki Məcəlləsinin 385.1, 425.1, 435-ci maddələrinə, habelə “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddiaçının cavabdehə qarşı irəli sürdüyü iddianın tam rədd edilməsi, cavabdehin xeyrinə məhkəmə xərcləri və digər ödənişlərin iddiaçının üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh müqaviləyə əsasən iddiaçının xaricdə ali təhsil müəssisəsinə qəbulunu təmin etməyi öhdəsinə götürmüş və bu öhdəliyi yerinə yetirərək iddiaçının “Gümüşhane Universiteti”nə qəbul olunmasını təmin etmişdir. Müqavilədə konkret olaraq universitetin adı qeyd olunmasa da, əsas məqsəd qəbulun təmin olunması olmuşdur. AR Mülki Məcəlləsinin 385.1 və 425.1-ci maddələri bu öhdəliyin vicdanla yerinə yetirilməsinin hüquqi əsasını təşkil edir. Cavabdeh onların ofisindən iddiaçının sənədlərin əsillərini gizli şəkildə götürməsi barədə video görüntünün mövcud olduğunu və bu sübutun apellyasiya instansiyası məhkəməsinə təqdim olunacağını qeyd etmişdir. İddiaçının bu hərəkətləri nəticəsində cavabdeh bəzi sübutları təqdim edə bilmədiyini, müdafiə hüququnun pozulduğunu qeyd edir. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli “Üzləşmə Aktı” imzalanm ışdır. Həmin sənədin surəti təqdim edilsə də, məhkəmə yalnız əslini tələb etməklə bu sübutu qiymətləndirməmişdir. Halbuki, AR MPM-in 89.4-cü maddəsinə əsasən, əgər sənədin surətinə ciddi etiraz yoxdursa, bu surət də sübut kimi qəbul edilə bilən olduğunu vurğulayıb. Həmin sənədin iddiaçının “Gümüşhane Universiteti”nə qəbul ilə razı olduğunu təsdiqlədiyini bildirir. İddiaçı cavabdeh barəsində hüquq-mühafizə orqanlarına müraciət etmiş, lakin Bakı şəhəri, Səbail rayon Pİ tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Cavabdeh bununla fəaliyyətinin qanuni olduğunu və əməldə dələduzluq tərkibi olmadığını və iddianın əsassız olduğunu sübut etdiyini göstərir.
14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3291/2025 nömrəli, 3 iyun 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər- İkra m Şirinov (sədrlik edən, məruzəçi), Namiq Cəfərov və Elşən Kazımov) apellyasiya şikayətləri təmin edilməmiş, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
15. Məhkəmə qeyd etmişdir ki, sənədin surəti təqdim edilsə də, əsli məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda, həmin sənədin əslinin birinci instansiya məhkəməsinə təqdim edilməməsinin cavabdehdən asılı olmayan səbəblərə görə mümkün olmamasına dair apellyasiya instansiyası məhkəməsinə heç bir sübut təqdim edilməmişdi. Belə ki, yazılı sübutların mötəbərliyi prezumpsiyasına əsasən yazılı sübut 4 tələbə cavab verdiyi təqdirdə mötəbər hesab olunur: sübutun əsli olmalıdır, tarix qoyulmaqla tərtib edilməlidir, imza olmalıdır və ona düzəliş edilməməlidir. Təbii ki, bu prezumpsiya ona görə hazırkı iş üçün əh əmiyyətli hesab olunur ki, cavabdeh tərəfindən məhkəməyə iddiaçının Gümüşhanə Universitetinə qəbul alması ilə bağlı götürdüyü öhdəlikləri təsdiq edən başqa sübut təqdim edilməmişdir. İddiaçı cavabdehdən tapşırıq müqaviləsinə əsasən onun iddiaçı barəsində “İstanbul Gedik Universiteti”nin “işletme” fakültəsinə müraciət edib, qəbul cavabının alınması, xaricdə təhsil haqqında məsləhətlərin verilməsi, sənədləşmə işlərinin aparılması, əsaslandırma məktublarının yazılması və seçilmiş universitetə qeydiyyat sənədlərinin yollanması üzrə üzərinə götürdüyü öhdəliyi icra etməməsi nəticəsində ona dəymiş zərəri tələb etmiş, iddiaya etiraz edən cavabdeh isə iddiaçı ilə “Gümüşhanə Universiteti”nə qəbul olma barədə razılığa gəlməsinə dair etirazına dair əsaslı və şübhədənkənar sübut təqdim etməmişdir. Belə liklə də müəyyən olunmuşdur ki, cavabdeh tapşırıq müqaviləsindən irəli gələn öhdəliyini yerinə yetirmədiyindən, iddia əsaslı olmuşdur, rayon məhkəməsinin iddia tələbinin qismən təmin edilməsi barədə gəldiyi qənaət düzgün olmuşdur. Odur ki, cavabdeh tərəfindən apellyasiya şikayəti ilə bağlı biri digərini tamamlayan, təkzibedilməzlikə bağlı tələblərə cavab verən əsaslı və şübhədənkənar sübutlar təqdim edilmədiyindən, Məhkəmə hesab etmişdir ki, rayon məhkəməsi iddia tələbini qismən təmin edərək iş üzrə düzgün nəticəyə gəldiyindən, apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
16. Cavabdeh (vəkil – Vəkil) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edil məsi və işin yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi AR Konstitusiyasının 60-cı və digər maddələrini, Mülki Məcəllənin 14.1, 777-ci və digər maddələrini, digər qanunvericilik aktlarını o cümlədən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsini pozmuşdur. Qətnamə qanunvericiliyin maddi və prosessual normalarına zidd olduğu kimi, həm də ədalətsiz və əsassızdır. Belə ki, məhkəmə işin hallarını hərtərəfli və obyektiv araşdırmamış, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, iş üçün əhəmiyyətli olan bütün halları aydınlaşdırmamışdır. Apellyasiya instansiya məhkəməsi tərəflər arası nda bağlanmış tapşırıq müqaviləsini tam olaraq icra edilmədiyini qəbul etmiş, lakin tərəflər arasında imzalanmış və iddiaçının “Gümüşhanə Universiteti”nə qəbul olma barədə razılığa gəlməsinə dair 21 dekabr 2023-cü il tarixli “Üzləşmə Aktı”nın əslinin olmadığı əsası sübut olaraq qəbul etməmiş, bu “Üzləşmə Aktı”nın əksini təsdiq edən başqa bir sübut iddiaçı tərəfdən tələb etməmişdir. Sadəcə həmin Üzləşmə Aktının əslinin olmaması səbəbi ilə onu sübut olaraq qəbul etməmişdir. Hesab edilmişdir ki, bu qəbul ediməz olduğu kimi, həm də Azərbaycan Respublikası Konstitusiyasının 60-cı, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsini tələbləri ilə qorunun iddiaçının “ədalətli məhkəmə araşdırması” hüququ da pozulmuşdur. Kassasiya şikayətinə qarşı etir az
18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
19. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
20. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
21. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etmə lidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
22. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
23. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir.
24. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməs i, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
25. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.
26. Maddə 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir.
27. Maddə 778.2. Tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur.
28. Maddə 778.3. Əgər vəkalət verən tapşırılmış əqdin icrası üçün hansısa göstərişlər vermişdirsə, vəkalət alan bu göstərişlərdən yalnız o halda kənara çıxa bilər ki, işin hallarına görə buna müvafiq icazə ala bilməsin və bundan əlavə, vəkalət verənin işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənaraçıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsaslar olsun. Əgər bu cür əsaslar olmadan vəkalət alan vəkalət verənin ziyanına onun göstərişlərindən kənara çıxmışdırsa, o, vurulmuş zərərin əvəzini ödəməlidir.
29. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan ) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
30. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
34. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
35. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxla yır.
38. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
39. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
40. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarınd a olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
41. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
42. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq edib və işdə, cavabdehin kassasiya şikayətinin dəl illərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
43. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
44. Belə ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçı, “İstanbul Gedik Universitetin”də doktorantura təhsili almaq üçün müraciət etdiyini, lakin cavabdehin onun məlumatı olmadan “Gümüşhane Universiteti”nə müraciət hüququ qazanması ilə bağlı sənədlər təqdim etdiyini və bununla da cavabdehin öhdəliklərini pozduğunu iddia etməklə hazırkı iddia tələblərini irəli sürmüşdür.
45. İddiaçının “İstanbul Gedik Universitetin”də doktorantura təhsili almaq üçün müraciət etdiyi tərəflər arasında bağlanmış müqavilədə nəzərdə tutulmaqla yanaşı, cavabdehin məhkəmə iclasında iştirak edən nümayəndəsi də işin bu halını etiraf etmişdir.
46. Bununla belə cavabdeh, iddiaçı üçün “Gümüşhane Universitetin”dən qəbul aldığını, bu barədə iddiaçıya məlumat verdiyini, onun bununla razılaşdığını və “Gümüşhane Universiteti”nə qəbul ilə bağlı razılıq sənədinə imza etdiyini bildirməklə, iddiaya etiraz etmiş və etirazının sübutu kimi 21 dekabr 2023-cü il tarixli “Üzləşmə aktı”nın surətini təqdim etmişdir. İddiaçı isə belə bir sənədə imza etmədiyini bildirmiş, cavabdehin nümayəndəsi isə dəfələrlə tələb olunması na rəğmən sözügedən aktın əslini məhkəməyə təqdim edə bilməmişdir.
47. Göründüyü kimi, cavabdeh iddiaya etirazının əsası kimi istinad etdiyi (müqavilə öhdəliyini tam icra etməsi bağlı) halları sübut edə bilməmişdir. Beləliklə, işin yuxarıda müəyyən edilmiş hallarına görə, cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə ilə iddiaçı üçün “İstanbul Gedik Universiteti”nə qəbul almaq öhdəliyini üzərinə götürdüyü halda, “Gümüşhane Universiteti”nə qəbul almışdır. İddiaçı isə həmin icranı qəbul etməmiş (yuxarıda izah edildiyi kimi, cavabdeh iddiaçının müqavilədə nəzərdə tutulandan ayrı icranı qəbul etdiyini sübut edə bilməmişdir) və tərəflər arasında hazırki mübahisə yaranmışdır. Qeyd edilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddia tələbi “müqavilə üzrə ödənilmiş 5100 manatın ödənilməsi” hissəsində əsaslıdır.
48. Bununla belə apellyasiya instansiyası məhkəməsi, iddiaçının “hüquqi yardıma görə 1500 manatın tutulması” tələbini əsaslı hesab etməmişdir. Belə ki, AR MPM-in 121.1-ci maddəsində nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin xeyrinə qətnamə çıxarılan tərəfə verilməsi nəzərdə tutulsa da, bunun konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla müəyyənləşdirildiyi göstərilmişdir. İddiaçının təqdim etdiyi müqavilədən görünür ki, onunla "xxxx" MMC arasında hüquqi yardım göstərməsi haqqında müqavilə bağlanmış və həmin müqavilədə xidmət haqqı kimi 1500 manatın ödənilməsi nəzərdə tutulmuşdur. Bununla belə, həmin məbləğin adı çəkilən cəmiyyətə ödənilməsi müəyyən edilməmiş, o cümlədən həmin cəmiyyət tərəfindən iddiaçıy a hansı hüquqi xidmətlərin göstərildiyi əsaslandırılmamışdır.
49. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi, cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
50. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Resp ublikası MPM-in 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Q ə r a r a aldı: Cavabdehn kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 3 iyun 2025-ci il tarixli, 2(103)3291/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.