Məhkəmə qərarları › İş №2(102)-2693/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2693/2023

28.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2693/2023 28.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: öhdəliyin icrası, müqavilə tələbləri üzrə iddia müddəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu, Hüseynov Abiddin Qabil oğlu və X2 ibarət tərkibdə, iddiaçılar İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 fevral 2023-cü il tarixli 2(103)-1595/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti əsasında mülki işə 28 avqust 2023-cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazı lı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. ünvan 1 ünvanda, ümumi sahəsi 282,7 kv metr olan fərdi yaşayış evi 0,07 ha torpaq sahəsi ilə birlikdə tam olaraq xx.xx.2018-ci il tarixdən Cavabdeh (bundan sonra – cavabdeh) xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır.

2. İddiaçı (bundan sonra – iddiaçı) əvəzinə X1 ilə cavabdeh (bundan sonracavabdeh) arasında xx.xx.2018-ci il tarixdə notarial qaydada təsdiqlənməklə bağlanmış eh müqaviləsinə əsasən cavabdeh ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin və xüsusi mülkiyyətində olan 0,07 ha torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsi ilə əlaqədar bu müqaviləni bağladıqdan sonra xx.xx.2018-ci il müddətinədək notariat kontorunda alqısatqı müqaviləsini rəsmiləşdirməyi öz öhdəsinə götürmüş, satılan əmlak 250000 manat dəyərində qiymətləndirilmişdir. Həmin məbləğin 40000 manatını iddiaçı beh olaraq vermiş, qalan 210000 manat hissəsini isə müqavilənin rəsmiləşdirildiyi gün cavabdehə ödəmək barədə öhdəlik götürmüşdür. Müqavilə şərtinə əsasən müqavilə imzalandıqdan sonra tərəflərdən biri hazırki müqavilədən irəli gələn öhdəliklərinin icrasından imtina edərsə o, bununla əmələ gəlmiş zərərin əvəzini digər tərəfə ödəməlidir. Əgər cavabdeh özünə məxsus olan evin razılaşdırılmış müddətdə (xx.xx.2018-ci ilədək) iddiaçının mülkiyyətinə keçməsindən imtina edərsə, o halda ödənilən 40000 manat behin əvəzində cavabdehdən ikiqat olaraq 80000 manat atmaq hüququna malikdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) birinci instansiya məhkəməsində icraat

3. İddiaçı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkə məyə müraciət edərək, cavabdehdən beh müqaviləsinə əsasən ona verdiyi 40000 manatın pulun ikiqat olaraq 80000 manat məbləğində və Mərkəzi Bankın illik 5 faiz həcmində milli uçot dərəcəsinə uyğun olaraq dəymiş maddi ziyan qismində 7951 manat məbləğində pulun, cəmi 87951 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 354 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və beh müqaviləsi ilə müəyyən olunmuş müddətdə onunla alqı-satqı müqaviləsi bağlamamışdır. Belə ki, cavabdehlə arasında beh razılaşması olan zaman cavabdeh evin sənədlərinin qaydasında olmadığını, lakin xx.xx.2018-ci il tarixədək sənəd ləri qaydasına salacağı və alqı-satqı müqaviləsi bağlanması üçün sənədlərin tam hazır olacağını bildirmişdir. Cavabdeh bunun üçün 40000 manat pula ehtiyacı olduğunu və evin sənədlərinin tam qaydasına salınması üçün həmin məbləği ona verməsini bildirmişdir. Aralarında gedən danışıqlardan sonra onlar razılığa gəlmiş və o, həmin məbləği cavabdehə vermişdir. Çünki sənədlərdən də görünürdü ki, sənədlər alqı-satqı üçün tam hazır deyildi və cavabdehin dediyinə görə də alqı-satqı müqaviləsini bağlaması üçün sənədlərin hazırlanmasına 40000 manat məbləğində pul tələb olunurdu. Cavabdehin ondan istədiyi məbləğ xeyli miqdarda olduğundan aralarında beh müqaviləsi bağlamağa qərar vermişlər. Cavabdehlə beh müqaviləsi bağladıqdan iki ay, yəni müqavilədə nəzərdə tutulmuş müddət başa çatdıqdan sonra əlaqə s axlamış, sənədlərin hazır olub-olmadığını soruşmuş, o isə sənədlərin hazır olmadığını və əlavə müddətə ehtiyacı olduğunu bildirmişdi. Bir neçə aydan sonra, yəni 2018-ci ilin dekabr ayında təkrar cavabdehlə əlaqə saxlamış və o, ona bildirmişdir ki, artıq sənədlər hazır olur, müəyyən prosedur var ki, onları keçmək lazımdır. Beləliklə xeyli müddət keçmiş, lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. 2019-cu ilin fevral ayında təkrar əlaqə saxlamış və bu dəfə bildirmişdir ki, artıq çox vaxt keçib sənədlər hələ də hazır deyil. Cavabdeh isə cavabında ona ilin sonu ilə əlaqədar işlərin dayandırıldığını və buna görə də yubanmalar baş verdiyini bildirmişdir. Bundan bir neçə ay sonra, yəni iyul ayında cavabdehlə yenidən əlaqə saxlamış və bildirmişdir ki, əgər sənəd düzəlmirsə verdiyi pulu qaytarsın. Cavabdeh isə əminliklə bildirmişdir ki, bir neçə günə əlaqə saxlıyacaq, alqı-satqıya gedəcəklər. Lakin bu dəfə də cavabdeh vədinə yalan çıxmış, heç bir sənədi ortaya çıxartmamış və beləliklə də alqı-satqıya gedə bilməmişdir. Bundan sonra yenə təkidlə ondan pulunu istəmiş, cavabdeh isə müxtəlif bəhanələr gətirməyə başlamışdır.Bir ay əvvəl isə ona məlum olmuşdur ki, cavabdeh 2018-ci ilin sonu evin sənədini düzəltmiş və evi başqa şəxsə satmışdır. İddiaçı dörd il ərzində o 40000 manat məbləğində pul vəsaitindən faydalanaraq Mərkəzi Bankın milli uçot dərəcəsinə uyğun olaraq ən azı 7951 manat məbləğində pul qazanacağı halda, əksinə cavabdehin hərəkəti nəticəsində ona 7951 manat məbləğində maddi ziyan dəymişdir. Ziyanın vurulduğu dövr xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il ta rixədək (beh müqaviləsinin bağlandığı gündən iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi günədək keçən müddət 46 ay 22 gün) olan müddəti əhatə edir. Cavabdeh vaxtından gec evin sənədlərini düzəldərək, evi başqa şəxsə satmaqla beh müqaviləsindən irəli gələn öhdəliklərinin icrasından imtina etməsini göstərmişdir.

5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2895/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakim: Aytən Novruzova) iddianın qismən təmin edilməsi, beh müqaviləsi üzrə cavabdehdən 80000 manat məbləğində pulun və 318,6 manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, iddia tələbinin qalan hissədə rədd olunması qət edilmişdir.

6. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı ilə cavabdeh əmlakın alqı-satqısına dair müqavil ənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gəlmişlər və bu məqsədlə, iddiaçı cavabdehə 40000 manat məbləğində beh verməklə aralarında müqavilə bağlamışlar. Lakin sonradan cavabdeh öz üzərinə düşən öhdəliyini yerinə yetirməmişdir. Bu səbəbdən məhkəmə belə qənaətə gəlmişdir ki, cavabdeh məsuliyyət daşıdığından aldığı behin iki mislini, yəni 80000 manat məbləğində pulu iddiaçıya ödəməlidir.

7. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1, 442, 445.2.1, 448.1, 491.1, 491.2, 491.3 və 492.2-ci maddələrinə və Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 217.3, 217.4, 218.1, 217.4 və 218.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. 8. b) Apellyasiya instansiyası məhkəməsində icraat

9. Cavabdeh apelyasiya şika yəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Apellyasiya şikayətinin dəlillərinə görə beh müqaviləsində müəyyən edilmiş öhdəliklər arasında cavabdehin hər hansı işlər görmək, o cümlədən evin alqı-satqısı ilə bağlı sənədlər hazırlamaq kimi bir öhdəliyi müəyyən edilməmişdir. Belə bir öhdəliyin müəyyən edilməsi mümkün deyildir, çünki beh müqaviləsinin bağlandığı tarixdə alqı-satqı müqaviləsinin bağlanması üçün zəruri olan daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış artıq xx.xx.2018-ci il tarixdən mövcud idi. Məhz beh müqaviləsi də həmin çıxarışın notariat ofisinə təqdim edilməsi ilə və onun əsasında bağlanmışdır. İddia ərizəsində qeyd olunanlar isə hər hansı sübutla öz təsdiqini tapmayan və işin faktiki hallarından tamamilə fərqli olan iddiaçının şəxsi mülahizələridir. Digər tərəfdən iddiaçı dəfələrlə onunla əlaqə saxlayıb alqı-satqı müqaviləsini bağlamağa hazır olduğunu bildirməsi barədə iddia ərizəsində qeyd etsə də, bununla bağlı da hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Əslində isə işin faktiki halları ondan ibarətdir ki, o, xx.xx.2018-ci il tarixədək və ondan sonra da iddiaçı ilə əlaqə saxlamış ona müddətin başa çatdığını və alqı-satqı müqaviləsinin bağlanmasını təklif etsə də, beh müqaviləsi ilə müəyyənləşdirilmiş məbləği tam həcmdə ödəməyə hazır olmadığını bildirmişdir. Ona görə də, yəni beh müqaviləsinin şərtlərinin iddiaçı tərəfindən icra edilməməsi xx.xx.2018-ci il tarixinədək 210000 manat məbləğində pul vəsaitinin ödənilməməsi səbəbindən alqı-satqı mü qaviləsi bağlanmamışdır. Göründüyü kimi beh müqaviləsinin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıdığına görə beh məbləği əsaslı və qanuni olaraq cavabdehdə qalmışdır. Apellyasiya şikayətinin digər dəlilinə görə, birinci instansiya məhkəməsi mülkiprosessual qanunvericiliyin tələblərini pozmaqla işə baxmışdır. Belə ki, məhkəmə cavabdehin lazımi qaydada xəbərdar edilməsi qənaətinə gəlsə də, xəbərnamədə cavabdehin ünvanı qeyd edilməmiş, məktubun qəbul edilməsinə dair imza cavabdehə məxsus olmamış, o cümlədən, imza edən şəxsin kim olması barədə xəbərnamədə qeyd aparılmamışdır. Həmçinin cavabdehə məxsus mobil nömrəyə SMS-bildiriş göndərilməmişdir. Cavabdeh qətnamədən icra məmurununun xəbərdarlığından sonra məlumatlı olmuş və qətnaməni xx.xx.2022-ci il tarixdə məhkəmədən rəsmi olara q almışdır.

11. Cavabdehin vəkili apellyasiya icraatı zamanı iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəmə kollegiyasına müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddia tələbi üzrə iddia müddəti keçdiyinə görə iddia tələbi rədd edilməlidir. Belə ki, tələbin əsasını təşkil edən beh müaviləsi xx.xx.2018-ci il tarixdə bağlanmış və müqavilənin icra müddəti xx.xx.2018-ci ilədək müəyyən edilmişdir. Bu tələb üzrə iddia müddəti xx.xx.2021ci il tarixdə başa çatsa da, iddiaçı xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir.

12. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 fevral 2023-cü il tarixli, 2(103)-1595/2023 nömrəli qətnaməsi ilə (hakimlər: Qürbət Əsgərov (sədrlik edən və məruzəçi), Azad İmanov və Fuad Talışınski) apellyasiya şikayəti təmin edilmiş, birinci inst ansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia tələbi rədd edilmişdir.

13. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşaraq mövqeyini onunla əsaslandırmışdır ki, işə baxan birinci instansiya məhkəməsi iddia ərizəsində göstərilən cavabdehin şəxsiyyətini, yaşayış yerini, qeydiyyatda olduğu yeri müəyyənləşdirmək üçün hər hansı bir araşdırma aparmamış, məhkəmə bildirişlərini cavabdehin ünvanı kimi göstərilmiş ünvan 2zil 230-a göndərmiş, lakin məhkəmə bildirişləri cavabdehə çatdırılmadan məhkəməyə qaytarılsa da, məhkəmə prosessual qanunvericiliyin tələblərinə uyğun məhkəmə bildirişlərinin cavabdehə çatdırılmasını təmin etməmiş, həmçinin “SMS bildiriş”-lərin də cavabdehə çatdırılması mümkün olmamışdır. Beləliklə, məhkəmə öz qətnaməsində cavabdehin məhkəmə iclaslarının ye ri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsi qənaətinə gəlsə də, yuxarıda qeyd edilənlərlə müəyyən olunmuşdur ki, cavabdeh prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məlumatlandırılmamış, bununla da prosessual qanunvericiliyin çəkişmə, tərəflərin bərabərliyi prinsipləri pozulmuşdur. Bununla da, birinci instansiya məhkəməsində cavabdehin iştirakı təmin olunmamaqla, o, məhkəmə prosesində dəlillərini irəli sürmək, sübutlarını təqdim etmək hüquqlarından məhrum olmuşdur. Bu da mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən qətnamənin ləğvi üçün əsasdır.

14. Apellyasiya məhkəməsi cavabdehin beh müqaviləsi üzrə öhdəliyini pozması ilə bağlı şikayətin dəlilinə münasibətdə hesab etmişdir ki, həmin müqavilədə cavabdehin üzərinə hər hansı bir qoyulması qeyd edilməmişdir. İddiaçı nın dəlilinin əksinə olaraq, müəyyən olunmuşdur ki, beh müqaviləsi bağlanılan vaxt cavabdehin sözügedən əmlaka dair mülkiyyət hüququnu təsdiq edən sənədləri mövcud olmuşdur.

15. Məhkəmə iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə münasibətdə qeyd etmişdir ki, iddia müddətinin tətbiqi üçün əsaslar yoxdur. Belə ki, məhkəmə iddia tələbinin əsassız olması qənaətinə gəlmişdir, iddia müddəti isə, iddia əsaslı olduğu halda tətbiq oluna bilərdi. İdjdia digər əsaslarla rədd olunduqda iddia müddətinin tətbiqi hüquqi əhəmiyyətini itirmiş olur.

16. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 16.1, 372, 373.2, 375.2, 385.1, 386.1, 492.1 və 492.2-ci, eləcə də Mülki Prosessual Məcəllənin 9.1, 9.2, 14.2, 77.1, 88, 138.1, 185.2, 217.4 və 387.2.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri

17. İddiaçı kassasiya şikayəti (Vəkil1 tərəfindən tərtib olunmuş) verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

18. Kassasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış, iddiaçı əlavə olaraq göstərmişdir ki, o apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmamış, onun məhkəmə iclasında iştirakı təmin edilməmişdir.

19. Cavabdehin satmaq istəyidi yaşayış evinin həyətyanı torpaq sahəsi 15 sot olmuş, torpaq sahəsinin 7 sotuna aid mülkiyyət hüququnu təsdiq edən sənəd olsa da, 8 sot torpaq s ahəsinin sənədi olmamışdır. Cavabdehin beh kimi aldığı 40000 manat həmin 8 sot torpaq sahəsinə sənədlərin hazırlanması üçün olmuşdur.

20. İddiaçı kassasiya şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 492.1 və 492.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4 və 418.4.5-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

22. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi

23. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektlərinin öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borclu olduqları təsbit edilir.

24. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digə r formalarda suiistifadə edilməsinə yol verilmir.

25. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i. a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

26. Maddə

372. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

27. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

28. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır

29. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

30. Maddə 491.1. Beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir.

31. Maddə 491.2. Behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. (Müqavilə bağlanan zaman qüvvədə olan reda ksiyası).

32. Maddə 492.1. Öhdəliyin icrasına başlanana qədər ona tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində xitam verildikdə beh qaytarılmalıdır.

33. Maddə 492.2. Əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

34. Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.

35. Maddə 9.2. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz.

36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

39. Maddə 138.1. Məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haq qında xəbərdar etməlidir.

40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

42. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

43. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

44. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılmas ı təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

46. İddiaçının kassasiya şikayətinin dəlillərində qeyd olunan hallar sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılmaqla hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.

47. Cavabdehin satmaq istəyidi yaşayış evinin həyətyanı torpaq sahəsi 15 sot olması, torpaq sahəsinin 7 sotuna aid mülkiyyət hüququnu təsdiq edən sənəd mövcud olsa da, 8 sot torpaq sahəsinin sənədinin olmaması, cavabdehin 40000 manat pulu həmin 8 sot torpaq sahəsinə sənədlərin hazırlanması üçün beh kimi alması barədə kassasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər iddia ərizəsində ilə birinci instansiya məhkəməsində baxılan zaman irəli sürülməmiş, aşağı instansiya məhkəmələrində məhkəmə araşdırmalarının predmeti olmamışdır. Bundan başqa iş materiallarında alqı-satqı predmeti olacaq ünvan 1 ünvandakı yaşayış evinin həyətyanı torpaq sahəsinin 15 sot olm ası hər hansı bir sənəd mövcud deyildir, əksinə həm yaşayış evinə dair dövlət reyestrindən çıxxarışda, həm də beh süqaviləsində evin həyətyanı torpaq sahəsinin 0,07 ha olması gjöstərilmişdir.

48. Qeyd olunanları nəzərə alınmaqla məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1595/2023 nömrəli iş üzrə 28 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar