Məhkəmə qərarları › İş №2(102)-271/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-271/2023

31.01.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-271/2023 31.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh7, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşayış sahəsindən istifadə hüququnun itirilməsi, evdən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh7, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilməsi və evdən çıxarılma tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4263/2022 nömrəli, 28 iyun 2022-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə 31 yanvar 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Notarial qaydada təsdiq olunmuş 01 oktyabr 2018-ci il tarixli 3M-1177 saylı kredit müqaviləsinə əsasən, İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh2 01 yanvar 2019cu il tarixədək qaytarmaq şərtilə 60.000 ABŞ dolları məbləğində borc vermiş, həmin tarixli 3M-1178 saylı ipoteka müqaviləsinə əsasən kreditin qaytarılmasının təminatı kimi Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 1 saylı evi və onun həyətyanı 0,958 ha torpaq sahəsini ipoteka ilə yüklü etmişdir.

2. İpoteka müqaviləsi bağlanarkən cavabdehlər Cavabdeh1, Cavabdeh7, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 notarial qaydada təsdiq olunmuş ərizə verərək, ipoteka qoyulmuş əmlaka tutma yönəldiyi halda heç bir məhkəmə qətnaməsi tələb etmədən və məhkəməyə müraciət etmədən evi qeyd-şərtsiz tərk edəcəkləri barədə öhdəlik götürmüşlər.

3. Borc ödənilmədiyinə görə ev açıq hərraca çıxarılmış və 03 may 2021-ci il tarixli hərracın yekunları barədə protokola və alqı-satqı müqaviləsinə əsasən iddiaçı tərəfindən əldə edilmişdir. 18 may 2021-ci il tarixdə həmin ev və həyətyanı 0,958 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınmışdır.

4. Cavabdehlər mübahisəli evdə qeydiyyatdadırlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ona məxsus mübahisəli evdən istifadə hüquqlarının itirilmiş hesab edilməsi, həmin evdən və 0,958 ha torpaq sahəsindən əşyaları ilə birlikdə çıxarılmaları, evin və torpaq sahəsinin onun istifadəsinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, mübahisəli evi və 0,0958 ha torpaq sahəsini keçirilmiş hərrac zamanı hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 03 may 2021-cu il tarixli müqaviləyə əsasən almış, həmin müqavilə əsasında evi öz mülkiyyətinə qəbul etmiş və bu barədə ona 18 may 2021-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Bütün bunlara baxmayaraq, cavabdehlər evindən və torpaq sahəsindən çıxmır, evi və to rpaq sahəsini onun istifadəsinə vermirlər. Cavabdehlər, həmçinin onun evində pasport qeydiyyatında qalmışlar. Cavabdehlərin müdaxiləsi onun qanunla qorunan mülkiyyət hüquqlarını pozur.

7. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(003)-2525/2021 nömrəli, 10 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakim Sabit Bəhramzadə) iddia təmin edilmişdir.

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, mübahisəli evə dair daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh2 adına olan qeydiyyat yazısı ləğv edilərək, həmin evə dair iddiaçının adına qeydiyyatın aparılması ilə mübahisəli ev üzərində cavabdehlərin hüquqları itirilmiş, iddiaçının isə bu ev üzərində mülkiyyət hüququ əmələ gəlmişdir. Buna görə də, cavabdehlərin mübahisəli evdən i stifadə hüquqları qala bilməz və itirilmiş hesab edilməli, cavabdehlər evdən əşyaları ilə birlikdə çıxarılmalıdırlar.

9. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 178.1, 203.1-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Cavabdeh2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı ona heç vaxt 60.000 ABŞ dolları məbləğində pul verməmiş, məhkəmə isə işin hallarını ətraflı araşdırmadan iddianı təmin etmişdir.

12. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(106)-4263/2022 nömrəli, 28 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – İ.Kərimli (sədrlik edən və məruzəçi), E.Kazımov və A.İsgəndərov) apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh2 apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq, qeyd etmişdir ki, iddiaçı mübahisəli evin mülkiyyətçisi olduğundan, cavabdehlərin isə həmin evə dair hər hansı hüquqları qalmadığından, hazırkı iddianı qaldırmaqda haqlı olmuşdur.

14. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçının Cavabdeh2 60000 ABŞ dolları məbləğində borc verməməsi barədə yeganə d əlilinə münasibətdə vurğulamışdır ki, pulun verilməsi iş materiallarında olan notarial qaydada təsdiq olunmuş borc müqaviləsi ilə təsdiq olunur. Cavabdeh həmin borc müqaviləsini, habelə hərracın nəticələrini mübahisələndirməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

15. Cavabdeh2 (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.

16. Şikayət belə əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlamaqla məhkəmə qərarlarının əsaslılıq meyarı ilə bağlı mülki prosessual qanunvericiliklə müəyyən edilmiş göstərişlərə riayət etməmiş, çə kişmə prinsipinin təmin edilməsinə dair vəzifələrini yerinə yetirməmiş, bununla da MPMin 9, 14,88, 217.4, 372.7 və 387.1-ci maddələrinin tələblərinin pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

18. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.

19. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

20. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir.

21. Maddə 203.1. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

25. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikay ət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

26. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

27. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

28. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

29. Hazırkı iş üzrə qətnamədən yalnız Cavabdeh2 kassasiya şikayəti verdiyindən apellyasiya instansiyası məhkəməsinin aktı yalnız X1 aid hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Cavabdeh2 aid hissədə iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, Cavabdeh2 aid hissədə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır.

32. Kollegiya, həmçinin bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

33. Məhkəmə kollegiyası qe yd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Cavabdeh2 aid hissədə dəyişdirilmədən saxlanılmalıdır.

34. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4263/2022 nömrəli, 28 iyun 2022-ci il tarixli qətnaməsi Cavabdeh2 aid hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar