Məhkəmə qərarları › İş №2(102)-2720/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2720/2021

21.06.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2720/2021 21.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh3 qarşı iddia tələbinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: yaşayış sahəsindən çıxarma, paylı mülkiyyətdə olan əmlaka sahiblik və istifadə, mülkiyyətçilərin razılaşması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, iddiaçının vəkili Vəkil, Cavabdeh3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5067/2020 nömrəli iş üzrə 06 oktyabr 2020-ci il tarixli qətnamə sindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 21 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Bakı Şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş, FM seriyalı, 040804 nömrəli Qeydiyyat vəsiqəsinə əsasən, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin (bundan sonra – mübahisəli ev) 3/12 hissəsinə mülkiyyət hüququ 18.01.2006-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində İddiaçı (bundan sonra – iddiaçı) adına qeydə alınmışdır. Mübahisəli evin digər hissələri payçılar X11, X9, X5, X18, X1, X6, X7 və Umbulbani İbrahimovaya məxsusdur. Cavabdeh3 (bundan sonra – cavabdeh) 2007-ci ildə iddiaçının oğlu X8 ilə nikaha daxil olaraq mübahi səli evə köçmüşdür. Həmin şəxslər arasında nikah 2018-ci ildə məhkəmə qaydasında pozulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehin mübahisəli evin onun mülkiyyətində olan 3/12 hissəsindən əşyaları ilə birlikdə çıxarılması və cavabdeh tərəfindən mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlə oğlu ailə qurmuş, bundan sonra onlar həm iddiaçının evində, həm də ünvan 2 ünvanında yerləşən cavabdehə məxsus evdə yaşamışlar. Sonradan cavabdehlə oğlu arasında münasibətlər pisləşmiş və nikahları pozulmuşdur, lakin cavabdeh onun evindən çıxmır, mənzildən normal is tifadəsinə mane olur. Onun cavabdehlə artıq bir evdə yaşaması mümkünsüzdür. Cavabdehə yaşayış evindən heç vaxt istifadə hüququ verməmiş və ona münasibətdə digər ailə üzvü kateqoriyasına daxildir. Bir mülkiyyətçi kimi cavabdehlə arasında heç bir hüquqi və sair bağlılıq yoxdur. Mülkiyyətçi kimi cavabdeh qarşısında hər hansı öhdəliyi yoxdur. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddiaya etiraz edərək göstərmişdir ki, mübahisəli evə 2007-ci ildə gəlin köçmüş, uşaqları həmin evdə anadan olmuşlar və təhsil aldıqları orta məktəb həmin evə yaxın ünvanda yerləşir. Bu səbəbdən onun həmin evdə yaşaması zəruridir. Mübahisəli evin digər payçıları iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuşlar. Üçüncü şəxs X4 birinci instansiya məhkəməsinə ünvanlanmış ərizəsində göstərmişdir ki, mübahisəli evin vaxtı ilə X2 aid olan 2/12 hissə payı hazırda ona məxsusdur və evin naturada bölgüsü aparılmamışdır. Cavabdeh 16.06.2007-ci il tarixdə mübahisəli evə gəlin köçmüş və həmin vaxtdan hazırkı müddətə qədər həmin ünvanda yaşamışdır. O, paylı mülkiyyətçi kimi cavabdehin mənzildən çıxarılmasına etiraz edir. Üçüncü şəxs X18 birinci instansiya məhkəməsinə ünvanlanmış ərizəsində göstərmişdir ki, mübahisəli evin 2/12 hissə payı ona məxsusdur. Ümumi mülkdə hazırda naturada bölgü aparılmamışdır. O, paylı mülkiyyətçi kimi cavabdehin həmin mənzildən çıxarılmasına etiraz edir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-2926/2019 nömrəli iş üzrə 25 iyun 2019-cu il tarixli qətnaməs i ilə (hakim O.Məmmədli) iddia rədd olunmuşdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli evin mülkiyyətçilər tərəfindən naturada ayrılması həyata keçirilmədiyindən, həmin evdə iddiaçıya məxsus 3/12 hissənin evin hansı hissəsinə düşdüyü müəyyən edilmədiyindən, habelə evin digər payçılarının bir qismi cavabdehin mübahisəli evdən çıxmasına etiraz etdiklərindən, iddia tələbi təmin oluna bilməz. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 152.1, 152.5, 157.4, 215.1, 215.3, 215.4, 215.5, 220.1, 220.2, 220.3-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Qətnamə dən iddiaçı apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-11692/2019 nömrəli iş üzrə 24 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – X.Mərdanova (sədrlik edən və məruzəçi), E.Həsənov və Ş.Məhərrəmova) apellyasiya şikayəti təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, iddia təmin edilmişdir. Apellyasiya instansiyası məhkəməsi cavabdehin iddiaçının ailə üzvü olmamasını əsas tutaraq hesab etmişdir ki, cavabdehin mübahisəli mənzildən istifadə hüququ yaranmamışdır və onun belə hüquqları yoxdur. Hazırda onun mübahisəli evdə yaşaması və əşyalarının həmin evdə qalması iddiaçının mülkiyyət hüquqlarını pozur. Məhkə mə öz mövqeyini Mülki Məcəllənin 228.1, 228.2, 228.5-ci, MPM-in 9.1, 9.3, 88, 217.1, 217.3, 217.4-cü maddələrinə, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27.05.2008-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinin şərh edilməsinə dair” 27.07.2001-ci il tarixli Qərarlarının müddəalarına istinadla əsaslandırmışdır. Qətnamədən cavabdeh kassasiya şikayəti vermişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-1028/2020 nömrəli iş üzrə 12 fevral 2020-ci il tarixli qərarı ilə (hakimlər – İ.Xə ləfov (sədrlik edən və məruzəçi), Q.Allahverdiyev və G.Quliyev) kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin 24 sentyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına göndərilmişdir. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ümumi mülkiyyətdə olan mübahisəli evin payçılar arasında hansı qaydada bölünməsi və onlardan hansının evin hansı hissəsindən istifadə etməsi, iddiaçının payına ayrılmış hissənin nədən, o cümlədən neçə yaşayış otağından ibarət olması, həmin sahənin iddiaçının ümumi mülkiyyətdəki payına (3/12) uyğun olub-olmaması iş materiallarından görünmür. Apellyasiya məhkəməsi cavabdehin iddiaçıya məxsus 3/12 hissəyə köçməsi barədə nəticəyə gəlib onun həmin sahədən çıxarılması barədə qərar qəbul edərkən işin yuxarıda göstərilən mühüm hallarını araşdırmamış, cavabdehin məhz iddiaçının qanuni istifadəsində olan sahədə yaşamasını evin digər paylı mülkiyyətçilərini işə cəlb etməklə yoxlamamışdır. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 215.1-ci maddəsinə istinadla əsaslandırmışdır. c) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat Apellyasiya icraatı zamanı yerində müayinə keçirilmiş, müəyyən olunmuşdur ki, cavabdeh yaşayın evinin ikinci mərtəbəsində bir yaşayış otağında iki azyaşlı uşağı ilə yaşamaqla, əşyalarını ora yığmışdır. Eyni zamanda həmin yaşayış otağına xidmət edən mətbəxdən də istifadə edilir. Mətbəxə çıxışı olan digər yaşayış otağı da mövcuddur. Cavabdeh həmin yaşayış otağından istifadə etməməsini, oranın iddiaçının sahibliyində olmasını bildirmişdir. Həmin yaşayış ot ağına baxış zamanı otağın faktiki istifadə olunmadığı aydın olmuşdur. Belə ki, iddiaçı müəyyən müddətdir ki, başqa yaşayış sahəsində yaşadığını bildirmişdir. Müayinə zamanı paylı mülkiyyətçilərdən X3 bildirmişdir ki, birinci instansiya məhkəməsində üçüncü şəxs qismində iştirak etmiş və cavabdehin fərdi yaşayış evindən çıxarılmasına etirazını bildirmişdir. Fərdi yaşayış üzərində paylar müəyyən olunsa da, rəsmiyyətdə naturada bölgü aparılmamışdır. Lakin, hər bir mülkiyyətçinin faktiki olaraq yaşayış sahəsi vardır. İddiaçının ikinci mərtəbədən savayı, birinci mərtəbədə də yaşayış otaqları vardır. Cavabdeh uzun müddətdir ki, uşaqları ilə burada yaşayır, getməyə başqa yeri yoxdur, iddiaçının isə başqa yaşayış sahəsi vardır, burada yaşamır. Hesab edir ki, cavabdehin çıxarılması düzgün deyildir. Apellyasiya instansiyası məhkəməsinin 2(103)-5067/2020 nömrəli iş üzrə 06 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – R.Eyvazov (sədrlik edən və məruzəçi), Z.Şirinov və F.Talışinski) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayaraq, həmçinin kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq qeyd etmişdir ki, cavabdehin iddiaçının keçmiş gəlini kimi 2007-ci ildə ailə həyatı quraraq mübahisəli yaşayış sahəsinə gəlin köçməsi, iki azyaşlı uşaqlarının olması, halhazıradək orada yaşaması, cehiz və digər əşyalarının həmin yaşayış sahəsində olması işin m übahisə olunmayan hallarıdır. İşin faktiki hallarından və tərəflərin izahatlarından göründüyü kimi, cavabdeh uzun müddətdir iddiaçının ona məxsus olmasını iddia etdiyi əmlakdan yaşayış sahəsi kimi istifadə etməklə, orada yaşayır. Mübahisəli yaşayış sahəsi tam pay hüququ üzrə deyil, paylı mülkiyyət üzrə iddiaçıya məxsusdur. Yəni, iddiaçı fərdi yaşayış evinin yalnız 3/12 hissədə paylı mülkiyyətçisidir və hazırkı vaxtda paylar naturada müəyyən olunmamışdır. Belə olan halda isə, 3/12 hissədə payın fərdi yaşayış evinin konkret olaraq hansı hissəsinə düşməsi müəyyən deyildir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, hazırkı vəziyyətdə cavabdehin müvafiq yaşayış sahəsindən çıxarılması barədə iddiaçının tələbi təmin oluna bilməz. İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 43-cü, Mülki Məcəllənin 157.2, 215.5, 220.1, 220.2, 220.3-cü, MPM-in 14.2, 77.1, 81-ci maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iş üzrə qanuni qərar çıxarılmasını xahiş etmişdir. Kassator göstərmişdir ki, apellyasiya instansiya məhkəməsinin qətnaməsi ədalətsizdir. Məhkəmə maddi hüquq normalarını pozmuş, düzgün tətbiq etməmişdir. Məhkəmənin gəldiyi nəticə işin hallarına qətiyyən uyğun gəlmir. Belə ki, ca vabdeh ona məxsus payda yaşayır. Onun ailə üzvü deyildir. Onların birlikdə yaşaması mümkün deyil. Yerində baxış keçirərkən məhkəməyə məlum olmuşdur ki, onun payının digər payçıların yaşadığı sahəyə aidiyyəti yoxdur. Ona məxsus sahənin giriş-çıxışı ayrıdır. Digər payçılar sadəcə cavabdehin evdən çıxarılmasına etiraz edirlər. Bundan belə nəticə çıxır ki, onlar da öz evlərindən kimisə çıxarmaq istəsələr, o da etiraz edə bilər. Bu, qanunazidd haldır. Məhkəmə hansı əsasla iddianı rədd etdiyini göstərməmişdir. Sadəcə payların naturada ayrılmadığını qeyd etmişdir. Bundan belə nəticə çıxır ki, o, payların naturada ayrılması barədə iddia qaldırmalıdır. Bu isə, heç bir məntiqə və qanuna sığmır. Buna zərurət yoxdur. Hər kəsin payı ayrıdır. Məhkəmənin bu hala istinad etməsinin hüquqi əsası yoxdur. Məh kəmə qeyd etmişdir ki, cavabdehin yaşamağa başqa yeri yoxdur. Lakin onun cavabdeh qarşısında heç bir öhdəliyi yoxdur. Kassasiya şikayətinin əsası kimi, MPM-in 217.3-cü maddəsinin tələbinə istinad olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən kassatorun vəkili kassasiya şikayətinin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən, MPM-in 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq üçüncü şəxslər hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməm işlər. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416 ). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətində a pellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 213.6. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Maddə

215. Paylı mülkiyyətdə olan əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam verilməsi 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 215.2. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. 215.3. Paylı ümumi mülkiyyətin mülkiyyətçil əri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. Lakin onlar mülkiyyətçilərdən hər birinə mənsub olan aşağıdakı səlahiyyətləri ləğv edə və ya məhdudlaşdıra bilməzlər: 215.3.1. əşyanın dəyərini və işlənməyə yararlığını saxlamaq üçün ondan istifadə üzrə hərəkətlərin yerinə yetirilməsini tələb etmək, belə hərəkətlər yerinə yetirilmədikdə isə onların yerinə yetirilməsi barədə məhkəmənin qərar çıxarmasını tələb etmək səlahiyyəti; 215.3.2. əşyaya dəymək qorxusu olan və ya dəyə biləcək zərərin qarşısını almaq üçün dərhal görülməli olan tədbirləri bütün şərikli sahiblər hesabına müstəqil həyata keçirmək səlahiyyəti. 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dai r sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər. Maddə

228. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi il ə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər… 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2001-ci il tarixli qərarı 2000-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən istifadə ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı olan mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2 maddələrinə uyğun, bu tarixə qədər yaranmış hüquq münasibətləri isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidi r. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli qərarı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin “mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydada müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Mülkiyyətçinin ailə üzvlərinin vəziyyəti ilə bağlı MM-in 228.5-ci maddəsindəki qaydanın əks olunması Konstitusiyanın 17-ci maddəsinin İİ hissəsindən və 34-cü maddəsinin İV və V hissələrindən, eləcə də Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.3-cü maddəsindən və MM-in 27.2-ci maddəsindən irəli gəlir. Göstərilən normaların müddəaları ilə digər məsələlərlə yanaşı ər ilə arvadın hüquql arının bərabər olması, uşaqlara qayğının göstərilməsinin, onları tərbiyə edilməsinin valideynlərin həm hüququ, həm də borcunun olması, valideynlərə hörmət edilməsinin, onların qayğısına qalmasının isə uşaqların borcunun olması, eləcə də ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyəti, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunması və bu hüquqların məhkəmədə müdafiəsi, on dörd yaşına çatmamış şəxslərin yaşayış yerinin valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yerinin olması təsbit olunmuşdur. Beləliklə, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır. MPM Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.4. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər;... 417.2.Bu Məcəllənin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş qərar yalnız o halda qəbul edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya ins tansiyası məhkəməsi tərəfindən işə baxılarkən maddi hüquq normalarının pozuntusuna yol verilmişdir. Belə ki, baxılan işin mübahisəsiz hallarına görə mübahisəli evin 3/12 hissəsi 18.01.2006-cı ildən iddiaçının mülkiyyətindədir. Cavabdeh 2007-ci ildə iddiaçının oğlu ilə nikaha daxil olaraq mübahisəli evin iddiaçının yaşadığı hissəsinə köçmüş və həmin şəxslər arasında nikah 2018-ci ildə məhkəmə qaydasında pozulmuşdur. Tərəflər arasında mənzildən istifadə ilə bağlı hüquq münasibətləri 2006-cı ildə yarandığından MPM-in 217.2-ci maddəsinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2001-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövelərə əsasən həmin münasibətlər qüvvədə olan Mülki Məcəllənin 228-ci maddəsi ilə tənzimlənir. Məhkəmələr tərəfindən cavabdehin iddiaçını n ailə üzvü olması və tərəflər arasında Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı ilə bağlı yazılı razılaşma bağlandığı müəyyən edilmədiyi üçün cavabdehin mübahisəli evə (onun faktiki yaşadığı hissəsinə) istifadə hüququ yaranmamışdır. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi də haqlı olaraq iddianın rədd olunması barədə mövqeyini cavabdehin mübahisəli evə istifadə hüququnun yarandığı ilə əsaslandırmamışdır. Lakin məhkəmə mülki qanunvericiliyin mülkiyyətçinin hüquqlarını və paylı mülkiyyətçilərin ümumi əmlakdan istifadə qaydalarını tənzimləyən normalarına zidd olaraq belə nəticəyə gəlmişdir ki, yaşayış sahəsi tam pay hüququ üzrə deyil, paylı mülkiyyət üzrə iddiaçıya məxsus old uğu üçün, payların naturada müəyyən olunmadığı və 3/12 hissədə payın fərdi yaşayış evinin konkret olaraq hansı hissəsinə düşməsi qeyrimüəyyən olduğu üçün iddia təmin oluna bilməz. Halbuki Mülki Məcəllənin 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Məcəllənin 215.3-cü maddəsinə əsasən paylı mülkiyyətçilər ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında öz aralarında razılığa gələ bilərlər. Onlar mülkiyyətçilərdən hər birinə mənsub olan aşağıdakı səlahiyyətləri ləğv edə və ya məhdudlaşdıra bilməzlər: əşyanın dəyərini və işlənməyə yararlığını saxlamaq üçün ondan istifadə üzrə hərəkətlərin y erinə yetirilməsini tələb etmək, belə hərəkətlər yerinə yetirilmədikdə isə onların yerinə yetirilməsi barədə məhkəmənin qərar çıxarmasını tələb etmək səlahiyyəti və əşyaya dəymək qorxusu olan və ya dəyə biləcək zərərin qarşısını almaq üçün dərhal görülməli olan tədbirləri bütün şərikli sahiblər hesabına müstəqil həyata keçirmək səlahiyyəti. Mülki Məcəllənin 215.4-cü maddəsi hər bir mülkiyyətçinin qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarını tanıyır və yalnız əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığını tələb edir, həm də bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəmə si mübahisəli evin yerində müayinəsi zamanı müəyyən etmişdir ki, cavabdeh mübahisəli yaşayış evinin ikinci mərtəbəsində bir yaşayış otağında iki azyaşlı uşağı ilə yaşamaqla, əşyalarını ora yığmışdır. Eyni zamanda həmin yaşayış otağına xidmət edən mətbəxdən də istifadə edilir. Mətbəxə çıxışı olan digər yaşayış otağı da mövcuddur və həmin hissə iddiaçının sahibliyindədir. Müayinə zamanı, həmçinin müəyyən edilmişdir ki, fərdi yaşayış evi üzərində paylar müəyyən olunsa da, rəsmi olaraq naturada bölgü aparılmamışdır. Lakin, hər bir mülkiyyətçinin faktiki olaraq yaşayış sahəsi vardır. İddiaçının ikinci mərtəbədən savayı, birinci mərtəbədə də yaşayış otaqları vardır. Beləliklə baxılan iş üzrə məhkəmə tərəfindən mübahisəli evin paylı mülkiyyətçiləri arasında Mülki Məcəllənin 215.1 və 215.3-cü madd ələrinə uyğun evdən istifadə qaydası ilə bağlı ümumi razılığın olduğu, hər bir paylı mülkiyyətçinin ayrıca sahədən istifadə etdiyi müəyyən edilmiş, iş üzrə üçüncü şəxs qismində cəlb olunmuş paylı mükiyyətçilər bununla bağlı hər hansı mübahisə etməmişlər. Belə olan halda baxılan iş üzrə iddiaçının digər paylı mülkiyyətçilər arasında əldə olunmuş şifahi razılıq əsasında ümumi əmlakın faktiki istifadəsində olan hissəsinə Mülki Məcəllənin 152.5-ci maddəsində müəyyənləşdirilmiş hədlərdə sərbəst surətdə sahib olmaq, ondan istifadə edə etmək, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməmək, öz əmlakını özgəsinin qanunsuz sahibliyindən tələb etmək hüquqları vardır. Yuxarıda qeyd olunanlara əsasən, habelə Mülki Məcəllənin 213.6-cı maddəsinə müvafiq olaraq iddiaçının hazırkı iddianı irəli sürm əsi üçün digər paylı mülkiyyətçilərin razılığı tələb olunmur, həmçinin digər paylı mükiyyətçilərin iddiaya etiraz etməsi hər hansı digər qanuni əsaslar mövcud olmadığı təqdirdə iddianın rədd olunması üçün əsas deyil. Belə ki, mülkiyyətçilər arasında ümumi əmlakın hissələrindən istifadə ilə bağlı mübahisə olmadığından və hazırkı iddia əşyanı özgəninkiləşdirmək və ya onu yüklü etməklə bağlı olmadığından iddianın təmin olunması digər paylı mükiyyətçilərin hüquqlarını pozmur. Eyni zamanda hazırkı iddianın təmin olunması və gələcəkdə qətnamənin icra edilməsi digər paylı mülkiyyətçilərin cavabdehi qanunla müəyyən edilmiş qaydada öz istifadələrində olan hissəyə köçürməklə orada yaşamasına icazə vermələrinə mane olmur. Bu cür hal isə yeni hüquq münasibəti olmaqla hazırkı mülki işin baxış predmetin dən kənardır. Ona görə də kassasiya şikayəti təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, MPM-in 417.1.4 və 417.2-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmədiyi üçün apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməli, uddia təmin olunmalı, cavabdeh mübahisəli evin iddiaçının mülkiyyətində olan 3/12 hissəsindən əşyaları ilə birlikdə çıxarılmalıdır. Cavabdehin qeyd olunan hissədən əşyaları ilə birlikdə çıxarılması, həmçinin yaşayış sahəsinin cavabdeh tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilməsini ehtiva etdiyindın Məhkəmə kollegiyası tələbin həmin hissəsinin ayrıca münasibət bildirilməsinə zərurət görmür. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərar a aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunsun. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5067/2020 nömrəli iş üzrə 06 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qərar qəbul olunsun. İddia təmin edilsin. Cavabdeh3 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin İddiaçı mülkiyyətində olan 3/12 hissəsindən əşyaları ilə birlikdə çıxarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar