Məhkəmə qərarları › İş №2(102)-2769/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2769/2025

10.10.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2769/2025 10.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2 və Xaçmaz rayon Çarxı Bələdiyyəsi) qarşı iş üzrə QƏRARI (Açar sözlər: mülkiyyət hüququnun müdafiəsinə dair tələblər, mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri almaq tələbi (vindikasiya tələbi)) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər: Maraqlı şəxs1, Maraqlı şəxs2 və Xaçmaz rayon Çarxı Bələdiyyəsi) qarşı evdən çıxarılma tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-839/2025 nömrəli, 02 iyun 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 10 oktyabr 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Xaçmaz rayonu, Çarxı kəndində yerləşən ümumi sahəsi 0.10 ha olan torpaq sahəsi və 158.60 kv.m. sahəsi olan fərdi yaşayış evi ümumi birgə mülkiyyət hüququ ilə İddiaçı, anası Maraqlı ş əxs1 və atası Maraqlı şəxs2 xüsusi mülkiyyətindədir.

2. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubunda xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın verilməsinə əsas kimi xx.xx.2004-cü il tarixli, JN-050A saylı Kod 30224018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin olduğu göstərilmişdir. Həmin məktuba əlavə olunmuş sözügedən şəhadətnaməyə əsasən Xaçmaz rayonu, Çarxı kəndində yerləşən ümumi sahəsi 0.10 ha olan torpaq sahəsi və üzərində inşa olunmuş fərdi yaşayış evi İddiaçı, anası Maraqlı şəxs1 və atası Maraqlı şəxs2 xüsusi mülkiyyətindədir.

3. Xaçmaz rayonu Çarxı Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli 5 nömrəli arayışında Cavabdeh Xa çmaz rayonu, Çarxı kəndində yaşadığı evin mərhum qayınatası X4 məxsus olduğu qeyd edilsə də, bununla bağlı hər hansı hüquqmüəyyənedici sənədə istinad edilməmiş və hər hansı təsdiqedici sənəd məhkəməyə təqdim olunmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh və onunla birgə yaşayan 2 azyaşlı övladları X1 və X2 özünün və valideynlərinin ümumi birgə mülkiyyətində olan Xaçmaz rayonu, Çarxı kəndində yerləşən 0.10 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 158.60 kv.metr fərdi yaşayış evindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi, cavabdehin övladları ilə birgə özlərinə məxsus əmlakları ilə birlikdə qeyd olunan torpaq sahəsi və fərdi yaşayış evindən çıxarılması, 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2024-cü il tarixdə verilmiş ********** saylı qeydiyyat nömrəli çıxarışa əsasən Xaçmaz rayonu Çarxı kəndində yerləşən 0.10 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 158.60 kv.metr fərdi yaşayış evi ümumi birgə mülkiyyət hüququ əsasında iddiaçıya, iddiaçının anası Maraqlı şəxs1 və atası Maraqlı şəxs2 məxsusdur. Lakin, Cavabdeh 2 yetkinlik yaşına çatmayan övladları X3 və X5 ilə birgə qanunsuz olaraq onların Xaçmaz rayonu Çarxı kəndində yerləşən evlərindən istifadə edərək onların mülkiyyət hüquqlarını pozurlar. Evi boşaltmağı cavabdehdə n dəfələrlə tələb etsələr də, cavabdeh evdən çıxmır. Cavabdehin və onun ailə üzvlərinin günahı səbəbindən onların mülkiyyət hüquqları pozulmuşdur. Həmin hüquqların müdafiəsi üçün məhkəməyə müraciət etməli olmuşdur.

6. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi, Nümayəndə izahatında göstərmişdir ki, Cavabdeh 2 azyaşlı övladları X3 və X5 ilə birlikdə iddiaçı və maraqlı şəxslərin birgə mülkiyyəti olan Xaçmaz rayonu, Çarxı kəndində yerləşən 0.10 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 158.60 kv.metr fərdi yaşayış evindən mülkiyyətçinin iradəsi əleyhinə istifadə edirlər. Ona görə də, cavabdehin həmin torpaq sahəsi və fərdi evdən istifadə hüquqlarının itirilmiş hesab edilməsi, onların həmin torpaq sahəsindən və evdən çıxarılması barədə qətnamə qəbul edilməs ini xahiş etmişdir. İddiaçıya məxsus ev üzərində mülkiyyətçi hüquqları pozulur. Cavabdehə kompensasiya verilməsindən söhbət gedə bilməz.

7. İş üzrə Cavabdeh izahatında göstərmişdir ki, o, iddianı qəbul etmir, torpaq Maraqlı şəxs2 adına alınıb, üzərindəki ev keçmiş qayınatası Əzizindir. 2016-cı ildə həmin evə gəlin köçüb, həmin evdə yaşayır və qeydiyyatdadır. Evin satılması və ya bağışlanmasından onun xəbəri olmayıb. O, həmin evə gəlin gəlib və 2 uşağı olub. Onların gedəcək yeri yoxdur. O, həmin evdə kommunal xidmətləri ödəyir və 2 azyaşlı uşaqla yaşayır. X8 ayrılmış, keçmiş qayınatası Əziz Məmmədov isə vəfat etmişdir. Əgər evdən çıxarmaq istəyirlərsə, kompensasiya ödəsinlər. İddiaçı Bakıda yaşayır, onun valideynləri isə Çarxı kəndində başqa evdə yaşayırlar.

8. Xaçmaz Rayon Məhkəməsinin 2(0 67)-427/2025 nömrəli iş üzrə 08 aprel 2025-ci il tarixli qətnaməsi ilə (hakim Samir Bayramov) iddia təmin edilmişdir.

9. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Xaçmaz rayonu Çarxı Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli 5 nömrəli arayışında Cavabdeh Xaçmaz rayonu, Çarxı kəndində yaşadığı evin mərhum qayınatası X4 məxsus olduğu qeyd edilsə də, bununla bağlı hər hansı hüquqmüəyyənedici sənədə istinad edilməmiş və hər hansı təsdiqedici sənəd məhkəməyə təqdim olunmamışdır.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respubikasının Konstitusiyasının 25-ci maddəsi, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın” 1 saylı Protokolunun 1-ci maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157, 213.1, 213.2, 213.6, 228.1, 228.2, 228.3, 228.4, 228.5-ci maddələrinə və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olmuş) 30.1, 30.2, 30.3, 30.4, 30.5, 53, 123-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, birinci instansiyada müəyyən olunmuş hallar və sübutlarla yeni qətnamə qəbul edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

12. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassız və qanunsuzdur. Belə ki, o 2016-cı ildə el adəti ilə keçmiş həyat yoldaşı Pərviz Məmmədovla ailə həyatı quraraq, mübahisə predmeti olan fərdi yaşayış evinə gəlin köçüb. Hal-hazırda da orada yaşayır. Həmin evdə 2 uşağı anadan olub və bu ünvanda qeydiyyatdadır. Həmin evin bütün kommunal ödənişləri onun tərəfindən ödənilmişdir. Münasibətləri uyğun gəlmədiyindən keçmiş həyat yoldaşı Pərviz Məmmədovla ayrılmışlar. Lakin o, 2 azyaşlı uşağı ilə birlikdə hələ də bu evdə yaşayır. Mübahisəli ev keçmiş qayınatası Əziz Məmmədova məxsus olmuşdur. Bu halı həm də Xaçmaz rayonu, Çarxı Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli arayışı təsdiq edir. İddiaçıların evi isə eyni kənddə yerləşməklə tamam başqa, şəraiti daha da yaxşı evdir. Onların heç zaman bu evlə bağlılıqları olmamışdır. Sadəcə o boşandığı üçün keçmiş həyat yoldaşı və ailəsi onu evdən çıxarmaq üçün mübahisə predmeti olan evi yaxın qohumları İddiaçı adına keçirmişlər. Məhkəmə qətnaməsinin nəticə hissəsində onun və övladlarının yaşayış sahəsindən istifadə hüquqlarının itirilm iş hesab olunması qeyd olunmuşdur. Məhkəmə özü artıq qəbul etmişdir ki, onun mübahisə predmeti olan evdə yaşayış hüququ vardır. Onun hazırkı halda o evdən başqa yaşayış yeri yoxdur. Əgər həmin evdən çıxarılmaları təmin edilərsə, bunun müqabilində ona kompensasiya verilməlidir. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən məhkəmə onun maddi vəziyyətini, 2 azyaşlı uşağını nəzərə alıb, mülkiyyətçiyə məxsus yaşayış sahəsindən müəyyən müddət istifadə hüququnu saxlaya bilərdi. Hazırkı halda mübahisəli evdən çıxarıldıqları təqdirdə onların qalmağa başqa yaşayış yerləri yoxdur.

13. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirmişdir ki, mübahisəli fərdi yaşayış evinə o, 2016-cı ildə gəlin köçmüşdür. Həmin vaxtdan hal-hazıradək bu evdə yaşayır. Həmin evdə onun iki övladı doğulmuşdur. Gəlin gəldiyi vaxtdan evin qayınatası Əziz Məmmədova məxsus olduğunu bilmişdir. Lakin sonradan onunla keçmiş əri Pərviz Məmmədov arasında ailə münasibətləri pozulduğundan keçmiş ərinin anası fərdi yaşayış evinin iddiaçının adına sənədləşdirilməsi məsələsini həll etmiş və ona qarşı hazırkı iddia tələbinin irəli sürülməsinə nail olmuşdur. İddiaçı onun keçmiş əri Pərvizin qohumudur. Hazırkı iddia tələbi məhz onun keçmiş ərinin anası tərəfindən qaldırılmışdır. O, iddia tələbini qəbul etmir. Onun və övladlarının başqa yaşayış yeri yoxdur.

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, mübahisəli fərdi yaşayış evi habelə onun yerləşdiyi torpaq s ahəsi İddiaçı, anası Maraqlı şəxs1 və atası Maraqlı şəxs2 xüsusi mülkiyyətindədir. Bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarış iş materiallarına əlavə edilmişdir. Hazırda iddiaçı tərəf cavabdehin övladları ilə birlikdə onlara məxsus əmlakdan çıxarılmalarını tələb edir.

15. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-839/2025 nömrəli mülki iş üzrə 2 iyun 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Ayaz Mahmudov (sədrlik edən və məruzəçi), Afiq Hüseynzadə və Qafari Səyyad) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, yeni qətnamə qəbul edilərək, Cavabdeh və onunla birgə yaşayan 2 azyaşlı övladı- X3 və X2 Xaçmaz rayonu, Çarxı kənd ində yerləşən 0.10 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 158.60 kv.metr fərdi yaşayış evindən çıxarılması, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

16. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə iddia tələbini təmin etsə də, maddi hüquq normalarını sadalamaqla kifayətlənmiş, iddianı təmin edərkən məhz hansı maddi hüquq normalarına istinad etdiyini göstərməmiş, gəldiyi nəticə üzrə əsaslandırma aparmamışdır. Eyni zamanda mübahisəli yaşayış sahəsində istifadə hüququ yaranmayan şəxsin, həmin hüquqlarının itirilməsi barədə qərar qəbul etmişdir. Olmayan hüququn isə məhkəmə qaydasında itirilməsi qeyrimümkündür. Kollegiyanın qənaətincə bu k imi qeyri-müəyyənlik apellyasiya icraatı zamanı aradan qaldırılmalıdır.

17. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırkı mübahisənin həllində ən həlledici məqam evin kimin mülkiyyətində olması və cavabdehin həmin evdə hansı hüquqlarının olub-olmamasını müəyyən etməkdir. Çünki, qeyd olunan hallar hazırkı iş üçün mühüm əhəmiyyət kəsb edir. Araşdırma zamanı müəyyən edilmişdir ki, mübahisəsi gedən ev və onun altında yerləşən torpaq sahəsi ilk vaxtlardan iddiaçı tərəfin mülkiyyətində olmuş, cavabdeh, hətta onun keçmiş əri iddiaçı tərəfin ailə üzvü olmamaqla, onların mübahisəli yaşayış evinə istifadə hüququ olduğu və ya ev üzərində hər hansı əşya hüququnun qeydə alındığı müəyyən edilməmişdir. Belə olan halda kollegiya cavabdehin hazırda mənzilə sahibliyinin qanunsuz olması qənaətinə gəlmişdir. Bundan əlavə sonuncu həmin evin əvvəllər keçmiş qayınatasının adına olmasını bildirsə belə, bu hal onun həmin evdə daimi yaşaması anlamına gəlmir. Məhz bu kontekstdən, yəni mülkiyyət hüququna daha üstün mövqedən yanaşıldıqda, cavabdehin hərəkəti iddiaçının mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilməlidir. Nəzərə alınmalıdır ki, torpaq sahəsində mülkiyyətçinin razılığı olmaqla və ya onun iradəsinə uyğun hətta başqası tərəfindən tikili inşa edildikdə, mülkiyyətçi öz hüququnun müdafiəsi çərçivəsində həmin torpaq sahəsində inşa edilmiş tikilidən kənar şəxsin çıxarılmasını tələb etmək üçün subyektiv hüququn daşıyıcısıdır. Əks yanaşmada, yəni mülkiyyətçinin iradəsinə zidd və özbaşına şəkildə torpaq sahəsinə və onun üzərində inşa edilmiş tikilidə kənar şəxsin yaşamaqda davam etməsi mülki hüquq pozuntusu hesab edilmiş və mülkiyyət hüququna bu xarakterli müdaxilə qanunsuz sayılmışdır. Mülkiyyətə müdaxilə kimi təqdim edilən hərəkətin qanuni və ya qanunsuz olmasını müəyyən etmək üçün mühüm meyarlardan biri mülkiyyətçinin iradəsidir. Bu baxımdan mülkiyyətin qorunmasına dair normalar nəzərə alınarkən, mülkiyyətçinin əmlak (o cümlədən gözlənilən əmlak hüququ) mənafeləri gözardı edilməməlidir.

18. Məhkəmə kollegiyası qeyd etmişdir ki, göstərilən xüsusаtlаr və işin faktiki halları bir daha onu deməyə əsas verir ki, iddiaçı tərəf qeyd olunan daşınmaz əmlaka mülkiyyət hüququna malik olmaqla hazırkı iddianı qaldırmaq üçün subyektiv hüquq və vəzifəsinin daşıyıcısıdır. Cavabdehin bu kimi müdaxiləsi mülkiyyətçi kimi iddiaçının qanunla qorunan mülkiyyət hüquqlarının məhdudlaşdırılması k imi qiymətləndirilir. Məhz bu səbəblərdən də apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır.

19. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin 3-cü hissəsi, 43-cü maddəsinin 1-ci hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2, 213.6, 228.1, 228.2-ci maddələrinə və Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 29,2 30.1, 30.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ”Cavabdeh və onunla birgə yaşayan 2 azyaşlı övladı - X3 və X2 Xaçmaz rayonu, Çarxı kəndində yerləşən 0.10 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 158.60 kv.metr fərdi yaşayış evindən çıxarılması hissəsində və ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməsi” hissəsində, yəni iddianın təmin olunduğu hissədə əsasız sayılması, həmin hissənin ləğv edilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

21. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası yanlış olaraq Cavabdeh mübahisəli evə gəlin köçdyü vaxt mübahisəli fərdi evin mülkiyyətdə olduğunu, yəni dövlət reyestrində qeydiyyatda alındığını qeyd edib. Halbuki, həmin vaxt mübahisəli fərdi ev daşınmaz əmlakın dövlət reyestrində heç kəsin adına qeydiyyatdan keçməyib. Fərdi evin dövlət reyestrində ilkin qeydiyyatı, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan göründüyü kimi, Xaçmaz rayonu, Çarxı kəndində yerləşən ümumi sahəsi 0.10 ha olan torpaq sahəsi və 158.60 kv.m. sahəsi olan fərdi yaşayış evi ümumi birgə mülkiyyət hüququ ilə İddiaçı, anası Maraqlı şəxs1 və atası Maraqlı şəxs2 xüsusi mülkiyyətindədir. Qeyd olunan faktlar, eləcə də istinad edilən maddi hüquq normaları tərəflər arasında mübahisəli evə yaranmış faktiki hüquq münasibətləri üzrə istər birinci instansiya məhkəməsinin, istərsə də apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticənin düzgün olmadığını təsdiq edir. Kassator iddianın təmin olunduğu hissəni iş üzrə tərəf lərin qarşılıqlı münasibətlərinə uyğun hesab etmədiyini bildirmişdir.

22. Kassasiya şikayəti Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1, 146.2 və 146.7-ci maddələrinə, xx.xx.2009 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan SSR Mənzil Məcəlləsinin 53, 54 və 123-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13, 14, 88, 217.3, 217.4-cü maddələrinə istinad edilərək əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

24. Maddə 29 (hissə İİİ). Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə bi rlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

25. Maddə 43 (hissə İ). Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

26. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

27. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətl əri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

28. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

29. Maddə 213.6. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər.

30. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.

31. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

32. Maddə 29.2. Yaşayış sahəsinin mülkiyyətçisi mülki qanunvericiliklə, bu Məcəllə ilə həmçinin digər qanunlarla müəyyən edilmiş tələblər nəzərə alınmaqla ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsini kirayə müqaviləsi, əvəzsiz istifadə və ya digər qanuni əsaslarla fiziki və ya hüquqi şəxslərin istifadəsinə vermək hüququna malikdir.

33. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçis inin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

34. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

35. M addə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

39. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki hall arın aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

41. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

42. Hazırkı kassasiya şikayətində qətnamə qismən-iddianın təmin olunduğu hissədə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

44. Belə ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət vermiş və məhkəmə kollegiyası həmin dəyərləndirmə ilə tam razılaşır.

45. Qeyd olunmalıdır ki, mübahisəli yaşayış evi digər payçılarla birlikdə iddiaçının mülkiyyətində olmaqla, dövlət qeydiyyatına alınmış, cavabdeh isə həmin sahədən istifadə hüququnun olmasını təsdiq edən hər hansı sübutu təqdim etməmişdir. Belə olan halda, iddianı təmin etməkdən ibarət işin faktiki hallarını araşdıran məhkəmələrin mövqeyi Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Mülki Məcəllənin 152.1 və 157.2-ci maddələrin dispozisiya şərtlərinə uyğun olmuşdur.

46. Cavabdehin kassasiya şikayətinin dəlilləri onun uşaqları ilə birlik də uzun müddət ərzində mübahisəli mənzildə yaşaması və müvafiq kompensasiya verilmədən yaşayış evindən çıxarılmasının onun mənafelərinə uyğun olmamasından ibarətdir.

47. Qeyd olunmalıdır ki, cavabdehin mübahisəli mənzilə istifadə hüququnun olması müəyyən olunmadığından, ona kompensasiya verilməsi ədalətli olmamaqla mülkiyyətçinin üzərinə belə bir vəzifə qoyula bilməz.

48. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsini n qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

49. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2 iyun 2025-ci il tarixli, 2(105)-839/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar