Məhkəmə qərarları › İş №2(102)-2818/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2818/2024

22.10.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2818/2024 22.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı qızının cavabdehlər Cavabdeh1 Mübaiz qızına, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzil mübahisələri, mənzildən çıxarılma ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlundan və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı qızının cavabdehlər Cavabdeh1 Mübaiz qızına, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı «mənzildən çıxarılma» tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-442/2024 nömrəli, 23 aprel 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. X7 ilə İddiaçı nikahlarını rəsmi qeyd etdirməklə evlənmiş, birgə nikahlarından 2012ci il təvəllüdlü Yeganə, 2013-cü il təvəllüdlü Zəhra adlı uşaqları doğulmuşdur. Tərəflər birgə nikah dövründə birgə vəsaitləri hesabına mübahisəli fərdi yaşayış evini və torpaq sahəsini əldə etmişlər. Sonradan tərəflərin qarşılıqlı münasibətləri pozulmuş, məhkəmə qətnaməsi ilə aralarında qeydə alınmış nikah pozulmuşdur.

2. Məhkəmə qərarına əsasən tərəflərin birgə nikah dövründə birgə qazancları hesabına əldə etdikləri ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən onun və keçmiş əri X3 hər birinin ½ hissədə payları müəyyən edilmişdir.X7 və cavabdehlər hazırda paylı mülkiyyətdə olan mübahisəli fərdi yaşayış evində yaşayırlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdehlər Cavabdeh1 Mübaiz qızının, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən və həyətyanı torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İşin məhkəmədə baxılmağa hazırlanması zamanı Mingəçevir şəhər məhkəməsinin 2(051)-2433/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə digər paylı mülkiyyətçi X7 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.

5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə təl əbini belə əsaslandırmışdır ki, məhkəmə qərarına əsasən birgə nikah dövründə birgə qazancları hesabına əldə etdikləri ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən onun və keçmiş əri X3 hər birinin ½ hissədə payları müəyyən edilmiş, mülkiyyət hüquqları xx.xx.2023-cü il tarixdə qeydə alınmışdır. Hazırda uşaqları ilə birgə mülkiyyətçisi olduğu evə köçüb yaşamaq istəyir, çünki uşaqlarının sərbəst dərs oxumaları üçün şərait tələb olunur. Buna baxmayaraq, cəmi 57.80 kv.metr sahədən ibarət olan bu yaşayış evinə digər paylı mülkiyyətçi, keçmiş əri Ruslan İsmayılov öz ailə üzvləri olan anası Cavabdeh2, bacısı Cavabdeh1, onun oğlu X2, atası Cavabdeh3, hazırda nikahda olduğu arvadı Cavabdeh4 həmin ünvana qeydiyyata salmaqla fərdi yaşayış evinə köçürmüşdür. Həmin şəxslər onun yaşayış sahəsindən is tifadə etməsinə mane olurlar. Onların həmin evdə qalmasını istəmir, həmçinin cavabdehlərin yaşayış sahəsinə köçməsinə və qeydiyyata düşməsinə ondan heç bir razılıq alınmamışdır. Cavabdehlər onun ailə üzvləri deyil. Əksinə nikahda olduqları vaxt ümumi birgə mülkiyyətlərində olan torpaq sahəsinin bir hissəsini əri ilə birlikdə keçmiş baldızına bağışlamışlar. Cavabdehlər X7 ilə nikahda olduqları vaxtda da həmin yaşayış evində yaşamışlar.

6. Üçüncü şəxs X7 məhkəmə iclası zamanı iddia ərizəsinə qarşı etiraz ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, ünvan 1 saylı evin paylı mülkiyyətçisidir. ½ hissədə pay onun mülkiyyətində olsa da, iddiaçı ilə payları naturada ayrılmamışdır. Cavabdehlər onun ailə üzvləridir. Onun evində yaşayır və yaşamağa başqa yerləri yoxdur. Atası və anası pensiyaçıdırlar, bacısı Aynurə isə heç yerdə işləmir. Digər Cavabdeh4 isə onun həyat yoldaşıdır.

7. Cavadeh Cavabdeh1 məhkəməyə yazılı müraciət göndərərək göstərmişdir ki, Mingəçevir şəhəri, Günəşli 2 küçəsində yerləşən 11 A nömrəli mənzildə oğlu X4 ilə birgə yaşayır və həmin yaşayış sahəsində onlardan başqa heç kəs yaşamır.

8. Mingəçevir Şəhər Məhkəməsinin 19 dekabr 2023-cü il tarixli, 2(051)-2433/2023 nömrəli qətnaməsi ilə (hakim N.Paşayev) iddianın rədd edilməsi qət edilmişdir.

9. Məhkəmə hesab etmişdir ki, hazırki iş üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində göstərilən şərtlər məcmu halında mövcud deyildir. Belə ki, hazırda iddiaçının mübahisəli fərdi yaşayış evi üzərində ½ hissədə paylı mülkiyyət hüququ olsa da, payı naturada ayrılmamış, cavabdehlə r isə digər paylı mülkiyyətçi X3 razılığı əsasında fərdi yaşayış evinin tərkib hissəsindən istifadə edirlər. Hazırda mübahisəli fərdi yaşayış evi cavabdehlərin və digər paylı mülkiyyətçi X1. Cavabdehlərin sahibliyi digər paylı mülkiyyətçi X7 tərəfindən mübahisələndirmədiyinə görə, cavabdehlərin sahibliyi qanunidir. Ona görə də iddiaçının cavabdehlərə qarşı tələb hüququ yaranmamışdır.

10. Məhkəmə həmçinin hesab etmişdir ki, hazırki iş üzrə iddiaçı ümumi paylı mülkiyyətdə olan fərdi yaşayış evindən digər paylı mülkiyyətçinin ailə üzlərinin çıxarılmasını tələb etməkdə haqlı olmamışdır. Belə ki, hazırkı vəziyyətdə paylar naturada ayrılmadığına görə cavabdehlərin məhz iddiaçıya, yoxsa digər paylı mülkiyyətçi X5 məxsus hissədən istifadə etdiklərini müəyyən etmək mümkün deyildir. Ona görə də payl ı mülkiyyətçi olan iddiaçının tələbi ilə digər paylı mülkiyyətçi X3 ailə üzvlərinin mənzildən çıxarılması, ona münasibətdə mülkiyyət hüququnun pozulmasına səbəb ola bilər. Hansı ki, paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir. Belə olan halda digər paylı mülkiyyətçi X3 öz ailə üzvlərini paylı mülkiyyətində olan fərdi evinə köçürmək və onlarla birlikdə yaşamaq hüququ vardır.

11. Məhkəmə belə qənaətə gəlmişdir ki, mübahisəli fərdi yaşayış evi ümumi paylı mülkiyyətdə olduğuna, digər paylı mülkiyyətçi öz payına mütənasib olaraq mübahisəli fərdi yaşayış evinin tərkib hissəsindən cavabdehlərin istifadə etməsinə razılıq verdiyinə, iddiaçının isə payı naturada ayrılmadığına görə iddia tələbi təmin edilməməlid ir.

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, 213.1, 213.2, 215.1, 215.2, 215.6, 218.1-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının əşyanın mülkiyyətçisi olması, əşyanın cavabdehin sahibliyində olması və cavabdehin əşyaya sahiblik hüququnun olmamasına dair 3 şərtin hər biri mövcuddur: İşdə olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, 0.0361 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsində yerləşən ünvan 1 saylı fərdi yaşayış evi üzərində X3 ½ hissədə payı xx.xx.2017-ci il tarixdə ********** nömrə ilə X6 ½ hissədə payı xx.xx.2023-cü il tarixdə ********** nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin fərdi yaşayış evində cavabdehlərin yaşaması cavabdehlərin izahatları ilə öz təsdiqini tapmışdır. İş üzrə Ruslan İsmayılov paylı mülkiyyətdən istifadə ilə bağlı məhkəməyə müraciət edərək hər hansı qayda müəyyən edilməsinə dair iddia qaldırmamış və müəyyən edilmiş qayda mövcud deyildir. Məhkəmənin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.2-ci maddəsinə istinad etməklə onun payına düşən hissənin ayrılmasını tələb etmək hüququnun olmasına istinad edərək iddiasının rədd edilməli olması əsassızdır. Bel ə ki, həmin məsələ onun hüququdur və bu hüquqdan istifadə etmək də ona aid məsələdir. Bu qayda imperativ deyildir. Paylı mülkiyyət hüququ olan Ruslan İsmayılov isə belə bir iddia qaldırmamışdır. Onun da belə bir iddia qaldırmaq niyyəti yoxdur. Halbuki, Məcəllənin 215.4cü maddəsinə əsasən hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. İş materiallarından görünür ki, Ruslan İsmayılov onun hüquqlarını məhdudlaşdıraraq 4 nəfər ailə üzvünə paylı mülkiyyətdə olan əmlaka sahiblik və istifadə ü çün şərait yaratmaqla onun və 2 yetkinlik yaşına çatmayan qızlarının istifadə etməsinə maneçilik törədir. Halbuki, fərdi yaşayış evində cəmi 2 yataq otağı vardır. Məhkəmənin istinad etdiyi Mülki Məcəllənin 215.6-cı maddəsində göstərilən şərtlər də onun hüququ ilə bağlı məsələdir. Mülki Məcəllənin 218.1-ci maddəsini isə işə heç bir aidiyyatı yoxdur. Məhkəmə Mülki Məcəllənin 215.4-cü maddəsinin tələblərini səhv tövsif edərək və işin hallarına tətbiq etməyərək hesab etmişdir ki, Ruslan İsmayılovun ailə üzvlərinin fərdi yaşayış evindən çıxarılması onun mülkiyyət hüquqlarının pozulmasına səbəb ola bilər. Məhkəmə maddi hüquq normalarını səhv tövsif etdiyindən qanunsuz qətnamə qəbul etmişdir. Məhkəmə işin həqiqi hallarına uyğun olaraq onun paylı mülkiyyət hüquqlarının olmasına baxmayaraq qanuns uz sahiblərdən əmlakının sahibliyinə qaytarılmalı olmasını nəzərə almamışdır.

15. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Elçin Mehdiyev (sədrlik edən və məruzəçi), Ələddin Məcidov və Mahir Əsədli) 2(107)-442/2024 nömrəli, 23 aprel 2024-cü il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)-2433/2023 nömrəli qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

16. Məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin fərdi yaşayış evində cavabdehlərin yaşamasının cavabdehlərin izahatları ilə öz təsdiqini tapmasına dair dəlilinə münasibətdə qeyd etmişdir ki, cavabdehlərdən Cavabdeh2, Cavabdeh3 ünvan 1 saylı mənzildə yaşamaları onların bir inci instansiya məhkəməsinin iclasında verdikləri öz izahatları ilə təsdiq edildiyi halda cavabdehlərdən Cavabdeh1 birinci instansiya məhkəməsinə yazılı müraciətində Mingəçevir şəhəri, Günəşli 2 küçəsində yerləşən 11 A nömrəli mənzildə oğlu X4 ilə birgə yaşadığını, həmin yaşayış sahəsində onlardan başqa heç kəsin yaşamadığını göstərmişdir. Yəni cavabdehlərdən Cavabdeh1 oğlu X4 ilə birlikdə mübahisə predmeti olan deyil, digər bir evdə yaşadığını göstərmişdir.

17. Məhkəmə kollegiyası apellyasiya şikayətinin cavabdehlərin həmin fərdi yaşayış evinə münasibətdə mülkiyyət hüquqları olmadığına görə onların özgə əşyasının sahibi olmaları, məhkəmənin onun paylı mülkiyyət hüquqlarının olmasına baxmayaraq qanunsuz sahiblərdən əmlakının sahibliyinə qaytarılmalı olmasını nəzərə almamasına dair dəlillər inə münasibətdə qeyd etmişdir ki, işdə olan daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışdan görünür ki, 0.0361 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsində yerləşən ünvan 1 saylı fərdi yaşayış evi üzərində X3 ½ hissədə payı xx.xx.2017-ci il tarixdə ********** nömrə ilə X6 ½ hissədə payı xx.xx.2023-cü il tarixdə ********** nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Yəni həmin fərdi yaşayış evinin və onun yerləşdiyi torpaq sahəsinin ½ hissəsinin mülkiyyətçisinin X7 olması işin mübahisəsiz halıdır. Cavabdehlərdən Cavabdeh3 mübahisə predmeti olan evin, torpaq sahəsinin paylı mülkiyyətçisi X3 atası, Cavabdeh2 anası, Cavabdeh4 isə arvadı olmaqla həmin şəxslər Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin tələbi baxımından ünvan 1 saylı fər di yaşayış evinin paylı mülkiyyətçisinin onunla birlikdə yaşayan ailə üzvləridirlər. Hansı ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsinin tələbi baxımından adıçəkilən şəxslərin oradan istifadə etmək hüquqları vardır.

18. Paylı mülkiyyətdən istifadə ilə bağlı müəyyən edilmiş qaydanın mövcud olmamasına dair dəlilinə də münasibətdə məhkəmə kollegiyası bildirmişdir ki, buna dair qaydanın mövcud olmaması evdən istifadə hüququ olan şəxsin həmin hüququnu aradan qaldıran hal deyildir.

19. Apellyasiya instansiya məhkəməsi bildirmişdir ki, cavabdehlərdən Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 ünvan 1 saylı fərdi yaşayış evindən, evin yerləşdiyi torpaq sahəsindən qanuni əsaslarla istifadə etmələri halı müəyyən edilsə də, digər Cavabdeh1 oğlu X4 ilə birlikdə paylı mülkiyyətdə olan evdə yaşaması, həmin evdən və torpaq sahəsindən istifadə etməsi, mübahisə predmeti olan əmlaka sahiblik etməsi halı müəyyən edilməmişdir.

20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iş üzrə Ruslan İsmayılovun paylı mülkiyyətdən istifadə ilə bağlı məhkəməyə müraciət edərək hər hansı qayda müəyyən edilməsinə dair iddia qaldırmamasına dair dəlilini əsaslı hesab etməyərək qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Yəni məhkəməyə müraciət etmək tərəfin hüququdur.

21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin Ruslan İsmayılovun onun hüquqlarını məhdudlaşdıraraq 4 nəfər ailə üzvünə paylı mülkiyyətdə olan əmlaka sahiblik və istifadə üçün şərait yaratmaqla onun və 2 yetkinlik yaşına çatmayan qızlarının istifadə etməsinə maneçilik törətməsinə dair dəlilinə də münasibətdə hesab etmişdir ki, cavabdehlər tərəfindən iddiaçıya və övladlarına paylı mülkiyyətdə olan əmlakdan istifadə etmələrinə maneçilik törədilməsi halı vardırsa o, zaman iddiaçının da paylı mülkiyyətdə olan evdən, evin yerləşdiyi torpaq sahəsindən istifadəyə maneələrin aradan qaldırılması tələbi ilə məhkəmədə iddia qaldırmaq hüququ vardır.

22. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, 213.1, 213.2-ci maddələrinə və Azərbaycan Respublikası Mül ki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

23. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir.

24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi maddi normanı səhv tövsif edərək iş üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215-ci maddəsinin işığında qərar qəbul etməli olduğu halda Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.2-ci maddələrinə istinad edərə k apellyasiya şikayətini təmin etməmişdir. Məhkəmə maddi hüquq normalarını səhv tövsif etdiyindən qanunsuz qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin

26. Maddə 157.2.Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

27. Maddə 213.1.İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.

28. Maddə 213.2.Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin

29. Maddə 30.1.Yaşayış sahəsi mülkiyyətç isinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailəüzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

30. Maddə 30.2.Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2 -ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarı

31. Yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsid ir. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoru yan publik hüquq komponentləri də mövcuddur. Beləliklə, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə

88. Məhkəmə sübutlara obyekti v, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

35. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

36. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəli llər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

39. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

40. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

41. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

42. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq norm alarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslıdır, qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, gəlinmiş nəticələr qanunvericiliyin tələblərinə uyğundur.

45. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

46. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

47. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-442/2024 nömrəli, 23 aprel 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar