Məhkəmə qərarları › İş №2(102)-2824/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2824/2023

27.07.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2824/2023 27.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X5 cavabdeh X3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, iddiaçı X5 cavabdeh X3 qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1150/2023 nömrəli, 17 fevral 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati bin asında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Səbail rayonu, Bünyad Sərdarov küçəsi, 17 saylı evin 22 saylı mənzili Bakı şəhəri, Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2000-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən İddiaçı (bundan sonra - iddiaçı) mülkiyyətindədir. Cavabdeh X6 (bundan sonra – cavabdeh) iddiaçının oğludur.

2. Tərəflərin arasında müxtəlif tələblərlə məhkəmə çəkişmələri olmuş və həmin çəkişmələr üzrə qəbul edilmiş qanuni qüvvəsini alımış məhkəmə qətnamələri ilə müəyyən olunmuşdur ki, cavabdeh 1983-2007-ci ilərdə anasına məxsus olan Səbail rayonu, Bünyad Sərdarov küçəsi, 17 saylı evin 22 saylı mənzilində yaşamışdır.

3. Cavabdeh xx.xx.2007-ci il tarixdə X10 ilə evlənmişd ir və həmin ildə mübahisəli mənzildən çıxıb başqa yerdə yaşayırlar.

4. Səbail Rayon Məhkəməsinin 01 iyun 2010-cu il tarixli qətnaməsi ilə hazırkı iş üzrə iddiaçının cavabdehə qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və pasport qeydiyyatından çıxarılma haqqında iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 24 iyun 2011-ci il tarixli qətnaməsi ilə sözügedən qətnamə dəyişdirilmədən saxlanılmışdır.

5. Səbail Rayon Məhkəməsinin 16 iyun 2011-ci il tarixli qətnaməsi ilə hazırkı iş üzrə cavabdehin iddiaçıya qarşı mənzilin əvvəlki vəziyyətə qaytarılması və özəlləşdirilməsinin ləğvi tələbi təmin edilməmişdir. Cavabdeh iddiaçıya qarşı özbaşına tikililərin cavabdehin hesabına sökülərək mənzilin ilkin vəziyyətə qaytarılması barədə iddia ilə yenidən məhkəməyə müraciət etmiş, S əbail Rayon Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli qərardadı ilə mülki işin icraatına xitam verilmişdir.

6. Səbail Rayon Məhkəməsinin 16 yanvar 2012-ci il tarixli, 2(009)-237/2012 saylı qətnaməsi ilə cavabdeh ünvan 1 ünvanında yerləşən mənzilə köçürülmüşdür. Sözügedən qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilmiş, icra edilməsi ilə bağlı akt tərtib edilərək, icra məmuru tərəfindən icra sənədi üzrə icraata xitam verilməsi barədə xx.xx.2012-ci il tarixli təqdimat verilmişdir. 7. 29.12.2021-ci il tarixdə cavabdehin arvadı X4 adına xüsusi mülkiyyət hüququ əsasında aşağıdakı iki mənzil qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir: 8. - Bakı şəhəri, Nərimanov rayonu, Səməd Vurğun küçəsi, ev 140, 21 saylı mənzil (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, Səməd Vurğun küçəsi 23 4, M8, m2). Bu mənzil cavabdehin qaynatası X11 müliyyətində olmuş və xx.xx.2021-ci il tarixdə bağışlama müqaviləsi əsasında sonuncu tərəfindən cavabdehin arvadı X7 bağışlanmışdır. 9. - Bakı şəhəri, Binəqədi rayonu, X15 küçəsi, 3123-cü məh., ev- 718 saylı mənzil (yeni qaydalarla: Bakı şəhəri, Binəqədi rayonu, Bakı-Qars küçəsi 129, M7, m3). Bu mənzil cavabdehlə "xxxx" MMC arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqavilə əsasında MMC tərəfindən cavabdehə satılmışdır. xx.xx.2010-cu il tarixdə sözügedən müqaviləyə xitam verilərək mənzil MMC-yə geri qaytarılmışdır. Həmin mənzil xx.xx.2010-cu il tarixdə MMC ilə bağlanmış müqavilə və qiymətin razılaşma protokolu əsasında cavabdehin qayınanası X1 adına sənədləşdirilmiş, xx.xx.2021-ci il tarixdə onun xüsusi mülkiyyətinə keçmiş və sonuncu xx.xx.2 021-ci il tarixdə bağışlama müqaviləsi ilə mənzili X7 bağışlamışdır.

10. Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində çalışır, orta aylıq gəliri 5250 manat təşkil edir, xx.xx.2021-ci il tarixdən etibarən cavabdehdən iddiaçının xeyrinə 300 manat məbləğində aliment tutulur.

11. Səbail Rayon MKTB 8 saylı MKİS tərəfindən verilən arayışda göstərilir ki, cavabdeh 1983-cü ildən 2007-ci ilin yanvar ayına kimi mübahisəli ünvanda yaşamışdır, 2007-ci ilin yanvar ayından həmin ünvanda yaşamır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

12. İddiaçı məhkəməyə müraciət edərək, cavabdehin Bakı şəhəri, Səbail rayonu, Bünyad Sərdarov küçəsi, 17 saylı evin 22 saylı mənzilinə istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, qoca və xəstə olduğu halda cavabdeh ona məhkəmə qərarı olmadan heç bir maddi və mənəvi yardım etmir. Cavabdehdən aldığı alimenti də məhkəmə qərarı əsasında alır. Cavabdeh hətta onu 2010-cu ildə qanunsuz olaraq psixiatrik xəstəxanaya yerləşdirmək istədiyindən onunla arasında olan münasibətlər pisləşmişdir. Cavabdehin ona məxsus mənzildə qeydiyyatı formal xarakter daşıyır. Belə ki, cavabdeh 2007-ci ildə X10 ilə ailə qurduqdan sonra daimi yaşamaq üçün başqa ünvana köçmüşdür. Cavabdehin özünün Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr-n, S.S.Axundov küçəsi, 31/23-ci məhəllədə “Everest Konstruktion“ MMC-nin inşa etdiyi “Union Park” yaşayış kompleksində 4-cü blok, 7-ci mərtəbə, 1 otaqlı, 64 kv.m sahəsi olan 718 saylı mənzili vardır. Sonradan, yəni xx.xx.2010-cu il tarixdə cavbdehin ərizəsi əsasında onunla “Everest Konstruktion“ MMC arasındakı xx.xx.2008-ci il tarixli müqaviləyə xitam verilmiş və mənzil cavabdehin qayınanası X1 adına sənədləşdirilmişdir. Mənzilə dair sonralar X1 adına mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alındıqdan sonra həmin mənzil xx.xx.2021-ci il tarixdə notarial qaydada cavabdehin arvadı X7 bağışlanmışdır. Hazırda həmin mənzil cavabdehin arvadının mülkiyyətindədir. Göründüyü kiıui, cavabdeh 2007-ci ildən ona məxsus mənzildən daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə və sahəsinə getmişdir. Onu da qeyd edir ki, cavabdeh Dövlət Gömrük Komitəsində məsul vəzifədə çalışır, onun yaşamaq və özünü yaşayış sahəsi ilə təmin etmək üçün hər cür maddi imkanı vardır. Lakin cavabdeh ona məxsus mənz ildən qəsdən qeydiyyatdan çıxmayaraq onu özündən asılı vəziyyətdə saxlayır. Belə ki, o, mənzil üzərində mülkiyyət hüquqlarını tam və sərbəst həyata keçirə bilmir ki, bu da onun mülkiyyət hüquqlarının pozulması deməkdir.

14. Birinci instansiya məhkəməsində iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, həmçinin bildirmişdir ki, xx.xx.2020-ci ildən cavabdehin “BMW 5401" markalı **-ES-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Avtomobilin qiyməti ən azı 60.000 manat olduğu halda, qeydiyyat nişanının qiyməti ən azı 10.000 manatdır. Cavabdehin yaşayış hüququnun hazırkı mülki və mənzil qanunvericiliyinin qüvvəyə minməsindən əvvəl, yəni 1983-cü il tarixdə yaranmasını, cavabdehə və onun arvadına məxsus mənzillərin olmasını, yüksək gəlirlərini, digər əmlaklar a malik olmasını və 2007-ci ildən bəri daimi yaşamaq üçün başqa ünvana köçməsini və bir dəfə də olsa, iddiaçıya məxsus mənzilə yaşamaq üçün gəlməməsini nəzərə alaraq hesab edir ki, hazırkı mübahisəyə 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsi ilə yanaşı "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli Qərarında qeyd olunan müddəalar tətbiq oluna bilər.

15. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi və vəkili iddia tələbini qəbul etməyərək bildirmişdir ki, əvvəllər hazırkı tələbə eyni tərəflər arasında baxılmışdır. Belə ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1125/2010 saylı, 01 iyun 2010-cu il tarixli qətnamə si ilə iddiaçının cavabdehə qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və pasport qeydiyyatından çıxarılması tələbinə dair iddiası rədd edilmişdir. Yuxarı instansiya məhkəmələrində iddiaçının şikayətləri təmin edilmədiyindən rayon məhkəməsinin qətnaməsi qanuni qüvvəsini almışdır. Həmin qətnamələrlə məhkəmələr müəyyən etmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsi ilə müəyyən olunmuş hallar mövcud deyil. Cavabdeh daimi yaşamaq üçün B.Sərdarov küçəsi 17 saylı evin 22-ci mənzilindən köçüb getməmişdir, mənzilin mülkiyyətçisi olan anası ilə arvadının münasibətlərinin pozulması səbəbindən aralarında narazılıq yaranmış, buna görə də, üzrlü səbəbdən mübahisəli mənzildən müvəqqəti olaraq getmişdir. Bu günə kimi tərəflər arasında münasibətlər kəskin şəkildə pozulduğundan cavabdeh yuxarıda göstərilən mənzildə yaşaya bilmir. Həmçinin iddiaçı mübahisəli mənzilə mülkiyyət hüququnu məhz cavabdehn mənzili anasının adına özəlləşdirməyə verdiyi razılığı əsasında əldə etmişdir. Oğul-ana arasında münasibətlər gərgin olduğundan cavabdeh qeydiyyatda olduğu mənzildə yaşaya bilmir. İddiaçı əsassız olaraq onun barəsində iş yerinə, hüquq mühafizə orqanlarına ərizələr verməklə onun mübahisəli mənzildə yaşamasını mümkünsüz edir. Bu səbəbdən, cavabdeh məcburiyyət qarşısında qalıb kirayədə yaşayır. Cavabdehin mülkiyyətində heç bir ev yoxdur. Bundan başqa, iddiaçı həmin binada yerləşən 21 saylı mənzilin mülkiyyətçisidir, 2 mənzili qanunsuz olaraq birləşdirərək bir giriş-çıxış etmişdir, mənzillərin daxilində, həmçinin binanın fasadında özbaşına tikinti işləri apar mış, eyvan tikmişdir. 21 və 22 saylı mənzillər ayrı-ayrılıqda dövlət qeydiyyatına alınan mənzillərdir. Lakin iddiaçı qanunsuz olaraq, müvafiq sənədlər, icazələr almadan 21 və 22 saylı mənzilləri birləşdirmişdir, vahid 5 otaqlı mənzil etməklə bir sanitar qovşağı saxlamışdır. Cavabdeh 22 saylı mənzildə qeydiyyatdadır, Səbail Rayon Məhkəməsinin 2(009)-237/2012 saylı, 16 yanvar 2012-ci il tarixli qətnaməsi ilə həmin mənzilə köçürülmüşdür. Lakin artıq 22 saylı mənzilin nə girişi var, nə də sərhədləri bəlli deyil, sanitar otağı belə mövcud deyildir. Kirayədə yaşamağa artıq maddi dürumu imkan vermir. Hazırda cavabdeh Səbail Rayon Məhkəməsinə qanunsuz tikililərin sökülməsi, 22 saylı mənzilin 21 saylı mənzildən ayrılması, ilkin vəziyyətə gətirilməsi tələbi ilə məhkəmədə iddia qaldırmışdır ki, mənzi llə bağlı hüquqlarını həyata keçirsin. Səbail Rayon Məhkəməsinin e-2(009)-2296/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. Həmin qərardadı mübahisələndirdiyi üçün hazırda iş Bakı Apellyasiya Məhkəməsinin icraatındadır

16. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e-2(009)-2028/2022 nömrəli, 28 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Mədinə Bağırova) iddia rədd edilmişdir.

17. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, cavabdehin evdən istifadə hüququnun itirilmiş hesab edilməsi, onun həmin evdən istifadə hüququnun olmamasının müəyyən edilməsi üçün xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 87-ci maddəsində göstərilən əsas müəyyən olunmalıd ır. Həmin əsas isə ondan ibarətdir ki, şəxs daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməli və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçməlidir.

18. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olunmuşdur ki, cavabdeh iddiaçının oğludur və o, iddiaçı ilə birlikdə Bakı şəhəri Səbail rayonu, B.Sərdarov küçəsi, 17 saylı evin 22 saylı mənzilində 1983-cu il tarixdən 2007-ci ilin yanvar ayına kimi yaşamışdır. 2007-ci ildə cavabdeh ailə qurduqdan sonra həyat yoldaşı ilə iddiaçı arasında münasibətlər pozulduğu üçün həyat yoldaşı ilə birlikdə mübahisəli mənzildən gedərək başqa ünvanda yaşamağa məcbur olmuşdur. 2012-ci ildə cavabdehin iddiaçıya qarşı mənzilə köçürülmə barədə iddiası təmin olunaraq, mübahisəli mənzilə köçürülmüş olsa da, tərəflər arasında yaranmış münaqişəli v əziyyət cavabdehin mübahisəli mənzildə yaşamasını mümkünsüz etmişdir.

19. Cavabdehin mübahisəli evdən başqa digər daimi yaşayış yeri yoxdur, cavabdehin mübahisəli mənzildən getməsi məcburiyyət qarşısında, tərəflər arasında yaranmış münaqişəli münasibətin nəticəsində olmuşdur. Bu isə cavabdehin mübahisəli mənzili daimi olaraq tərk etməsinə dəlalət etmir.

20. Məhkəmə öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 53-cü maddəsinə, 54-cü maddəsinin 3-cü hissəsinə, 87-ci maddəsinin 2-ci hissəsinə, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli Qərarına, “Məsumə Vəzirovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər ü zrə məhkəmə kollegiyasının 14 may 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 21 iyun 2010-cu il tarixli Qərarına, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

21. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.

22. Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda tərtib edilərək onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir.

23. A pellyasiya instansiyası məhkəməsində cavabdehin vəkili (nümayəndəsi) şikayətin dəlillərinə etiraz etmiş və birinci instansiya qətnaməsinin əsaslarına və məzmununa uyğun izahat vermişdir.

24. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1150/2023 nömrəli, 17 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər - Məmməd Məmmədov (sədrlik edən və məruzəçi), Cəmilə Musayeva, Rəşad Həsənov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia təmin edilmişdir.

25. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı cavabdehin 2007-ci ildə mübahisəli mənzili tərk etməsini, yalnız 2012-ci ildə mənzilə qısa müddətə qayıtmasını, "xxxx" MMC ilə bağladığı xx.xx.2008-ci il tarixli müqavilə ilə əldə etdiyi mənzilin həmin MMC-nin vasitəsi ilə xx.xx.2010-cu il tarixdə qayınanası Güləbətin Salahovanın adına rəsmiləşdirməsini, bununla da mənzil şəraitinin çətin olması görünüşünü yaratmasını, cavabdehin arvadının yaşayış evlərinin olmasını sübuta yetirmişdir.

26. Lakin cavabdeh məhkəmə qətnaməsinin icrası ilə bağlı 2012-ci ildə mənzilə köçürüldükdən bir qədər sonra mənzili tərk etdiyi vaxtdan hazıra kimi mənzilə qayıtmasının qeyri-mümkün olmasını, bununla bağlı 10 il ərzində ona iddiaçı tərəfindən maneçilik yaradılmasını təsdiq edə biləcək sübutları (məsələn: mübahisəli mənzilə təkrar köçürülməsi ilə bağlı müvafiq İcra şöbəsinə müraciət etməsini) məhkəmələrə təqdim etməmişdir.

27. Beləliklə, məhkəmə kollegiyası tərəflərin təqdim etdikləri sübutlar əsasında müəyyən etmişdir ki, cavabdehin mübahisəli mənzildə yer ləşən yaşayış sahəsinə ehtiyacı yoxdur, onun yaşamaq üçün başqa yaşayış sahəsi var. Ona görə də, cavabdehin mübahisəli mənzildə yerləşən yaşayış sahəsinə olan istifadə hüququna xitam verilməsi barədə iddia əsaslıdır. Rayon Məhkəməsi əsaslı olan iddianı rədd etməklə səhv və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir.

28. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü maddəsinə, 54-cü maddəsinin 3-cü hissəsinə, 87-ci maddəsinin 2-ci hissəsinə, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.1999-cu il tarixli qərarına, “Məsumə Vəzirovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məh kəmə Kollegiyasının xx.xx.2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2010-cu il tarixli qərarına istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

29. Cavabdeh (vəkil X12) qətnamədən kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir.

30. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin 2012-ci ildən mənzilə köçürülmə barədə məhkəmə qətnaməsinin olmasına baxmayaraq, anası ilə yaşamaq mümkün olmadığı üçün mübahisəli mənzildə yaşamır. Bu səbəb məhkəmədə dəfələrlə bəyan edilsə də, qətnamədə buna qiymət verilməmişdir. İddiaçı ilə aralarında münasibətlər çox kəskindir, indiyə kimi ondan hüquq mühafizə orqanlarına, iş yerinə sistemli şəkildə müraciətlər edir. Onu əsassız olaraq oğurluqda ittiham edir. Bu fakt da aralarında olan kəskin münasibətləri sübut edir. Bununla da iddiaçı bu hərəkətləri ilə onun istifadə hüququ olan mənzildən istifadə etməyini mümkünsüz edir. Mənzilə köçürülməsi aralarında olan münaqişələrin artmasına sədəb olacaqdır və bunun da nəticəsi bəlli deyildir. Beləliklə, iddiaçı ona qarşı əsassız şikayətləri ilə onu evdən didərgin salıb.

31. Digər tərəfdən, iş materialları ilə sübut olunur ki, iddiaçının mülkiyyətində həmin ünvanda 21 saylı mənzil də vardır. 21 və 22 saylı mənzillər ayrı-ayrılıqda dövlət qeydiyyatına alınan mənzillərdir. Lakin cavabdeh qanunsuz olaraq müvafiq sənədlər, icazələr almadan 21 və 22 saylı mənzilləri birləşdirərək, vahid 5 otaqlı mənzil etməklə bir sanitar qovşağı saxlamışdır. Mənzillərin ilkin vəziyyətə salınması barədə tələbi üzrə işin icraatına xitam verilmişdir. Bu iddianın verilməsinə əsas məhz 22 saylı mənzilin sərhədlərini müəyyən etməklə 21 saylı mənzildən ayırmaq olmuşdur ki, o, yaşayış sahəsindən istifadə hüququnu necəsə həyata keçirə bilsin. Lakin yuxarı instansiya məhkəmləri iş üzrə icraata xitam verməni düzgün hesab etməklə faktiki 22 saylı mənzildən istifadə hüququnu mövcud vəziyyətdə qeyri-mümkün hesab etmişlər. Çünki 22 saylı mənzilin girişi və çıxışı yoxdur. Beləliklə, iddiaçı mübahisəli mənzildən istifadə hüququnun həyata keçirilməsində maneələr törədib və orada yaşamağını mümkünsüz etmişdir.

32. Bundan əlavə, məhkəmənin qayı natası və qayınanasının adına evlərin olmasını qətnamədə göstərməsi ağlabatan deyildir. Onların mülkiyyətində olan mənzillərin cavabdehə aidiyyəti yoxdur. Bu evlərin olması cavabdehin evinin olmasının göstəricisi deyildir. Belə məntiqlə məhkəmlər yaxın və uzaq qohumların adına evlərin olmasını əsas gətirib vətəndaşın istifadə hüququna xitam verə bilərlər.

33. Aralarında yaranmış hüquq münasibətləri Azərbaycan Respublikasında xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin təsiri altına düşür. Apellyasiya məhkəməsi iş üzrə səhv maddi normaya istinad etməklə səhv nəticəyə gəlmişdir. xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 60 və 87-ci maddələri dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadəni nəzərdə tutur. İş üzrə müəyyən edilmişdir ki, mübahisəli 22 saylı mənzil iddiaçının mülkiyyətindədir. Belə olan halda iş üzrə mübahisə ilə bağlı xx.xx.2009-cu il tarixədək qüvvədə olan Məcəllənin 6-cı fəslində nəzərdə tutulan fərdi mənzil fondu evlərində yaşayış sahələrindən istifadəni nəzərdə tutan müddəalar tətbiq edilməlidir. Göründüyü kimi iş üzrə məhkəmə səhv olaraq mübahisə üzrə mənzilin dövlət fonduna aid mənzillər üzrə maddi normasını tətbiq etmişdir. Mübahisəli mənzil fərdi mənzil fonduna aid olduğuna görə Mənzil Məcələsinin 123-cü maddəsi tətbiq edilməlidir. Həmin normanın tətbiqi isə onun yaşayış sahəsindən istifadə hüququna xitam verilməsini kompensasiya verməklə mümkün etdiyi üçün məhkəmə qəsdən bu normaya istinad etməmişdir. Çünki belə olan halda iddia rədd edilməli idi. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mənzil M əcəlləsinin 123-cü maddəsi ilə əlaqədar əvvəllər yaranmış münasibətlərdən irəli gələn mübahisələrə Mülki Məcəllənin 228.2-ci maddəsindəki yaşayış sahəsindən istifadə hüququna kompensasiya verilməsi ilə xitam verilməsi mümkündür.

34. Kassator şikayətində Azərbaycan SSR Mənzil Məcəlləsinin 60, 123-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli qərarına və MPM-in 88, 217.1, 217.3-cü maddələrinin tələblərinin pozulmasını qeyd etmişdir. a) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

35. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır Tətbiq edilən hüquq 01 oktyabr 2009-cu il tarixədək olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

36. Maddə

53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar.

37. Maddə

60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. İcarəd ar və ya onun ailə üzvləri üzürlü səbəblərə görə altı aydan artıq müddətə başqa yerə getdikdə, bu müddət başqa yerə gedənin ərizəsi üzrə kirayədar tərəfindən, mübahisə yarandıqda isə məhkəmə tərəfindən uzadıla bilər. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir.

38. Maddə

87. Yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların g etdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” 12 mart 1999-cu il tarixli Qərar 39.... Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. 40....mənzil mübahisələrinə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Mübahisəli mənzillə bağlı tətbiq edilən 2009-cu ilədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 10-cu maddəsinə əsasən, Qanunda nəzərdə tutulmuş əsaslarla və qaydada müəyyən edilən hallardan başqa, heç kim yaşadığı sahədən çıxarıla bilməz və heç kimin yaşadığı sahədən istifadə hüququ məhdudlaşdırıla bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli qərarı

41. Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüquq un kompensasiya odəmədən xitamı zamanı Mülki Məcəllənin "Servituta xitam verilməsi" adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır.

42. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır.

43. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessua l Məcəlləsi

44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

46. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

47. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

48. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılmas ı zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

49. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

50. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

51. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasi ya baxışının hədləri

52. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

53. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirdiyindən apellyasiya instasniyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

55. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən əsasən qiymət verilmişdir. Məhkəmə kollegiyası həmin əsaslandrıma ilə razılaşaraq, həmçinin aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

56. Baxılan işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, mübahisəli mənzil iddiaçının mülkiyyətindədir. Cavabdeh 1983-cü ildən 2007-ci ilədək həm in mənzildə yaşamaqla istifadə hüququna malik olmuşdur.

57. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin şərh edilməsinə dair” 12 mart 1999-cu il tarixli qərarında vurğulamışdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir.

58. Həmin maddəyə əsasən, yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış mənt əqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

59. Cavabdeh özünün də bildirdiyinə görə 2007-ci ildə ailə həyata qurduqdan sonra anası (iddiaçı) ilə arvadı arasındakı münasibətlərin pozulması səbəbindən mənzildən çıxmışdır. Bir neçə il sonra cavabdeh iddiaçıya qarşı mübahisəli mənzilə köçürülmə barədə iddia qaldırmış, Səbail Rayon Məhkəməsinin 16 yanvar 2012-ci il tarixli qətnaməsi ilə iddiası təmin edilmişdir. Sözügedən qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilmiş, icra məmuru tərəfindən icra edilməsi ilə bağlı akt tərtib edilərək, icra sənədi üzrə icraata xitam verilməsi barədə xx.xx.2012-ci il tarixli təqdimat verilmişdir. Lakin cavabdeh bundan sonra da qeyd olunan ünvanda yaşamamış, bunu iddiaçı ilə münasibətlərinin kəskinləşməsi, ona həmin mənzildə yaşamağa imkan verməməsi ilə əsaslandırmışdır. Buna baxmayaraq, həmin vaxtdan indiyədək keçən uzun müddət ərzində mənzilə dair hüquqlarının bərpa edilməsi ilə bağlı dövlət orqanlarına və məhkəməyə müraciət etməmiş, yaşayış sahəsinə olan ehtiyacını başqa ünvanda yaşamaqla qarşılamışdır.

60. Bu hallar onu göstərir ki, cavabdeh uzun illər ərzində və davamlı olaraq mənzildə yaşamaq ehtiyacını könüllü olaraq başqa yerdə qarşıladığı üçün onun mübahisə predmeti olan evdə yaşamaqla bağlı mənafeyi aradan qalxmışdır.

61. Kollegiya, bu mövqe ilə razılaşaraq, həmçinin qeyd edir ki, yaşayış sahəsindən istifadə hüququ ailə münasibətləri çərçivəsində mənzil ehtiyacını qarşılamağı (başqa yaşayış sahəsi olmad ığı üçün) təmin edən bir hüquqdur. Bu hüququn yaranmasına səbəb olan hallar (ailə münasibəti, mənzil ehtiyacının başqa yerdə təmin edilməsinin mümkünsüzlüyü və s.) aradan qalxdıqdan və uzun müddət keçdikdən sonra ondan əvvəlki qaydada (ehtiyat hüquq kimi) istifadə edilməsi yolverilməzdir.

62. Bundan əlavə, iş materiallarından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Səməd Vurğun küçəsi, ev 140, 21 saylı mənzil cavabdehin qayınatasının mülkiyyətində olmuş və xx.xx.2021-ci il tarixdə bağışlama müqaviləsi əsasında sonuncu tərəfindən cavabdehin arvadına bağışlanmışdır. Eyni zamanda, Bakı şəhəri, Binəqədi rayonu, X15 küçəsi, 3123-cü məh., ev 718 saylı mənzil "xxxx" MMC arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqavilə əsasında cavabdehə satılmış, xx.xx.2010-cu il tarixdə sözügedən müqavilə yə xitam verilərək mənzil MMC-yə geri qaytarılmışdır. Həmin mənzil xx.xx.2010cu il tarixdə MMC ilə bağlanmış müqavilə əsasında cavabdehin qayınanasının adına sənədləşdirilmiş, xx.xx.2021-ci il tarixdə onun xüsusi mülkiyyətinə keçmiş və sonuncu xx.xx.2021-ci il tarixdə bağışlama yolu ilə mənzili cavabdehin arvadına bağışlamışdır.

63. Sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi həmin sübutlara mülki prosessual normalara əsasən hüquqi qiymət verməklə belə qənaətə gəlmişdir ki, cavabdehin mənzil ehtiyacını qarşılayacaq yaşayış sahələri mövcud olduğu halda, mənzilləri arvadının və onun valideynlərinin adına rəsmiləşdirməklə qeyd olunan üsullarla mənzil şəraitinin çətin olması görünüşü yaratmaq məqədi daşımışdır. Belə olan halda, mübahisəli mənzilə ca vabdehin istifadə hüququ saxlanılmaqla iddiaçının mülkiyyət hüququ əsassız məhdudlaşdırıla bilməz.

64. İddiaçı kassasiya şikayətində onun mübahisəli mənzilə köçürülməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğu halda orada uzun müddət yaşamamasının üzürlü səbəbdən baş verdiyini əsaslandırmağa çalışır və bu mövqeyini belə izah edir ki, köçürülməli olan mənzili iddiaçı başqa mənzillə birləşdirərək genişləndirmişdir və 22 saylı mənzilin girişi və çıxışı yoxdur. Məhz buna görə də mənzillərin ilkin vəziyyətə salınması barədə tələblə məhkəməyə müraciət etmiş, lakin tələbi təmin olunmamışdır.

65. Kassatorun bu dəlili, mənzildə uzun müddət üzürlü səbəb olmadan yaşamadığı barədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni dəyişmir. Çünki əvvəla, X2 X9 qarşı mənzilin əvvəlkli v əziyyətinə qaytarılması və özəlləşdirmənin ləğv olunması barədə iddia tələbi Səbail Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(009)-1454/2011 saylı qətnaməsi ilə rədd olunub. Yəni, Həsən Sultanzadə mənzilin vəziyyətinin dəyişməsi ilə bağlı məhkəməyə, onun mənzilə köçürülməsi barədə 16 yanvar 2012-ci il tarixli, 2(009)237/2012 saylı qətnamə çıxarılanadək müraciət etmişdi. Başqa sözlə, cavabdehin mənzilə həmin vəziyyətdə köçürülməsi qət edilmişdi və mənzilin genişləndirilməsi, başqa mənzilə birləşdirilməsi onun mənzilə köçürülməsinə maneə deyildi.

66. Bundan başqa, cavabdehin mübahisəli mənzilə köçürülməsi barədə qanuni qüvvədə olan məhkəmə qətnaməsi vardı və onun mənzildə yaşamasına hər hansı maneə törədildiyi halda, icra məmuruna müraciət etməklə bu hüququnun təmin olunmasını tələb etm ək üçün onun sadə, asan və əlçatan hüquqi müdafiə vasitəsi vardı. Belə ki, “İcra haqqında” Qanunun 73.5-ci maddəsinə görə tələbkarın köçürülməsi barədə akt tərtib edildikdən sonra, borclu tələbkarın yaşamasına (olmasına) yenidən maneçilik törətdikdə, icra sənədi üzrə icraat təzələnməlidir.

67. Lakin cavabdeh onun üçün əlçatan olan bu vasitədən istifadə etməmişdir. Nəzərə alınmalıdır ki, mənzildən istifadə gündəlik ehtiyacdır və məhkəmə qətnaməsi ilə tanınmış və icra edilərək təmin olunmuş həmin hüquqdan illərlə istifadə olunmaması, özlüyündə bu hüquq sahibinin həmin yaşayış sahəsinə artıq ehtiyacının olmadığına (aradan qalxmasına) dəlalət edən fakt kimi nəzərə alınması mümkündür.

68. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instan siyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

69. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Cavabdeh X6 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1150/2023 nömrəli, 17 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar