Məhkəmə qərarları › İş №2(102)-2879/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2879/2019

02.05.2019 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2879/2019 02.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, kassatorun vəkili X4, İddiaçı, vəkili X6 iştirakı lə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 noyabr 2018-ci il tarixli qətnaməsindən X7nun kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Zərdab Rayon Məhkəməsinin 22 yanvar 2018-ci il tarixli qətnaməsi ilə (hakim T.M.Qubadov, iş 2(035)-06/2018)İddiaçı X5 qarşı iddiası qismən təmin edilmiş, cavabdehin iddiaçının icarəsində olan torpaq sahəsinin zəbt edilmiş 49,5 ha hissəsindən çıxarılması qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.F.Quliyev, Ə.T.Məcidov, M.A.Əsədli, iş 2(107)-1199/2018) X7nun apellyasiya şikayəti təmin edilməmiş, Zərdab Rayon Məhkəməsinin 22 yanvar 2018-ci il tarixli qətnaməsi X5 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdeh verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: Zərdab Rayon İcra Hakimiyyəti Baçşısının 02.12.2011-ci il tarixli sərəncamı ilə Zərdab rayonu, Bəyimli qəsəbəsində məskunlaşan Kəlbəcər rayonu Soyuqbulaq kənd sakini İddiaçı Zərdab rayonunun inzibati ərazisinə daxil olan X13 Bəyimli qəsəbəsi ərazisindən 25 il müddətinə heyvandarlığın inkişafı üçün 80 ha, əkinçiliyin inkişafı üçün 20 ha, cəmi 100 ha torpaq sahəsi ayrılmış, Zərdab Rayon İcra Hakimiyyətinin Baçşısı ilə İddiaçı arasında həmin torpaq sahəsinin sonuncuya icarəyə verilməsinə dair müqavilə bağlanılmışdır. 18 may 2017-ci il tarixdə Əhmədov X3 Vahid Mürvət oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin ona məxsus X15 kitabında 22.09.2014-cü il tarixdə 775 nömrə ilə uçota alınmış torpaq sahəsinin zəbt etdiyi 50 ha hissəsindən məcburi qaydada çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi qətnaməsində qanunvericiliyin normalarına istinad edərkən onların işin müəyyən olunmuş hallarına tətbiqinə dair öz mövqeyini əsaslandırmamış, maddi və prosessual hüquq normalarını pozmuş, hazırki iddianın hüquqi əsasını təşkil edən sərəncamın ləğvi barədə işə İnzibati-İqtisadi Məhkəməsində baxılmasını nəzərə almamış, iş üzrə icraatı dayandırmamışdır. Məhkəmə kollegiyasının iclasında kassatorun vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçı və vəkili isə kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər: Aşağıdakılara əsasən kassasiya şikayəti təmin edil məli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İşin mübahisələndirilməyən hallarından görünür ki, Zərdab Rayon İcra Hakimiyyəti Baçşısının 02.12.2011-ci il tarixli sərəncamı ilə iddiaçıya Zərdab rayonunun Bəyimli qəsəbəsi ərazisindən 25 il müddətinə heyvandarlığın inkişafı üçün 80 ha, əkinçiliyin inkişafı üçün 20 ha, cəmi 100 ha torpaq sahəsi ayrılmış, həmin tarixdə Zərdab Rayon İcra Hakimiyyəti Baçşısı ilə İddiaçı arasında həmin torpaq sahəsinin icarəyə verilməsinə dair müqavilə bağlanılmışdır. İddiaçının tələbinin əsasını cavabdehin həmin torpaq sahəsindən çıxarılması təşkil edir. Cavabdeh iddaya etiraz edərək göstərmişdir ki, iddiaçının adına olan torpaq sahəsinin plan və ölçü sənədi düzgün tərtib edilməmiş, sərəncam əsasında verilən torpaq sahəsi iddiaçıya naturada verilən torpaq sahəsi ilə uyğun gəlmir. Eyni zamanda cavabdeh apellyasiya instansiyası məhkəməsinə vəsatətlə müraciət edərək iddiaçıya torpaq sahəsinin ayrılması barədə Zərdab rayon İcra Hakimiyyətinin sərəncamını mübahisələndirdiyini göstərmişdir. Apellyasiya məhkəməsi cavabdehin hazırki işlə bağlı başqa bir məhkəmənin icraatında işin olmasına dair heç bir sübur təqdim etmədiyinə istinad edərək vəsatəti təmin etməmişdir. Halbuki, iş materaillarından görünür ki, X7, X1 və X2 rayon İcra Hakimiyyətinə qarşı “Zərdab rayon İcra Hakimiyyəti başçısının 02.12.2011-ci il tarixli 123 saylı sərəncamının ləğv edilməsi” tələbinə dair iddia qaldırmış, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 21 dekabr 2018-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. Həmin iş üzrə iddiaçılar qərarı apellyasiya qaydasında mübahisələndirmiş, Şəki Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 04 aprel 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmədən, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 21 dekabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin məhkəmənin icraatı daya ndırmaq vəzifəsini müəyyən edən 254-cü maddəsi ilə hakimin iş üzrə icraatı dayandırmalı olduğu hallar sadalanmışdır. Həmin maddənin tələblərinə görə Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa hakim iş üzrə icraatı dayandırmalıdır. Yuxarıda qeyd edildiyi kimi hazırki tələbin hüquqi əsasını iddiaçıya icarəyə verilmiş torpaq sahəsindən cavabdehin çıxarılması təşkil edir. Digər iş isə həmin torpaq sahəsinin verilməsinə əsas olmuş Zərdab rayon İcra Hakimiyyəti başçısının 02.12.2011-ci il tarixli 123 saylı sərəncamının ləğv edilməsi barədədir. Hazırkı iş üzrə iddia tələbinin hüquqi əsasını torpaq sahəsindən çıxarılma təşkil etdiyindən və onun verilməsinə əsas olmuş müvafiq icra hakimiyyəti orqanının sərəncamının ləğv edilməsi başqa bir inzibati iş üzrə məhkəmə mübahisəsinin predmeti olduğundan həmin mübahisə mahiyyəti üzrə həll edilənədək hazırki iş üzrə icraat dayandırılmalıdır. Apellyasiya məhkəməsi tərəfindən işin qeyd olunan halına ümumiyyətlə heç bir hüquqi qiymət verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin icraatı dayandırma müddətlərini müəyyən edən 256-cı maddəsinin tələblərinə görə bu halda icraat digər mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənə kimi dayandırılmalıdır. Beləliklə, kassasiya şikayəti əsaslı olmaqla, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən prosessual hüquq normaları pozulmuşdur. Bu halda məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilm əli, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməklə, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası işin faktiki halları barədə cavabdehin kassasiya şikayətində irəli sürdükləri dəlillərin mahiyyətinə toxunmadan hesab edir ki, həmin dəlillər apellyasiya məhkəməsi tərəfindən araşdırılaraq qanuni və əsaslı qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 noyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar