Məhkəmə qərarları › İş №2(102)-2890/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2890/2022

17.05.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2890/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh Yasamal Rayon icra və probasiya şöbəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: məhkəmə aidiyyəti ilə bağlı icraata xitam verilib 17.05.2022 Hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Xəlilov İsmayıl Kamil oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Yasamal Rayon icra və probasiya şöbəsinə qarşı “icra məmurunun hərəkətinin qanunsuz hesab edilməsi, icra sənədinin geriya icra olunması və icra məmurunun üzərinə qeyri-yaşayış sahələrinin təhvil verilməsi vəzifəsinin qoyulması” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1172/2021 nömrəli, 28 y anvar 2022-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ilə X9 arasında mənzilin alğı-satqısına dair müqavilə bağlamış, tərəflər müqavilə üzrə öhdəliyini yerinə yetirərək, müqavilədə nəzərdə tutulmuş qeyriyaşayış sahəsi iddiaçıya təhvil verilmişdir. Daha sonra Yasamal rayon Məhkəməsinin qətnaməsi ilə X3 X5 qarşı mənzilin təhvil verilməsi barədə iddia tələbi təmin olunaraq ünvan 1 ünvanında yerləşən müəyyən mənzillərin-yaşayış sahələrinin X6 verilməsi qət edilmişdir. Lakin icra mərhələsində icra məmurunun səhvi nəticəsində X6 məhkəmə qətnaməsi ilə müəyyən edilmiş yaşayış sahələri ilə yanaşı İddiaçı məxsus qeyri-yaşayış sahəsi də təhvil verilm işdir.

2. Hazırda İddiaçı onun mülkiyyətində olan qeyri-yaşayış sahəsinin ona təhvil verilməsini xahiş edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. Həsənov X8 rayon icra və probasiya şöbəsinə qarşı (X1, X2, X3 və "xxxx" MTK-nın üçüncü şəxslər qismində göstərildiyi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, icra məmurunun hərəkətinin qanunsuz hesab edilməsi, icra sənədinin geriyə icra olunması və icra məmurunun üzərinə qeyri-yaşayış sahələrinin təhvil verilməsi vəzifəsinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Yasamal Rayon Məhkəməsinin 2(004)-553/2021 nömrəli, 06 may 2021-ci il tarixli qətnaməsi ilə (hakim G.Axundova) iddia tələblərinin qismən təmin olunması, ünvan 2 ünvanında yerləşən binanın 1-ci blokunun 1-ci mərtəbəsi ndə yerləşən 140,5 m2 və ikinci blokun 1-ci mərtəbəsində yerləşən 164,5 m2 qeyri-yaşayış sahələrinin X2 və X1 nümayəndəsi X6 təhvil verilməsində ifadə olunan hərəkətin qanunsuz hesab edilməsi, Yasamal Rayon icra və probasiya şöbəsinin üzərinə ünvan 3 ünvanında yerləşən binanın 1-ci blokunun 1-ci mərtəbəsində yerləşən sahəsi 140,5 m2 və ikinci blokun 1-ci mərtəbəsində yerləşən sahəsi 164,5 m2 olan qeyri-yaşayış sahələrinin boşaldılaraq İddiaçı təhvil verilməsi vəzifəsinin qoyulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur.

5. Məhkəmə iş üzrə gəldiyi qənaəti Mülki Məcəllənin 442, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələri ilə əsaslanmışdır.

6. Üçüncü şəxslər X7, X10 həmin qətnamədən apellyasiya şikayəti vermişdirlər. Apellyasiya instansiyası məhkəməsində ki icraat

7. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər A.Tanrıverdiyev sədrlik edən və məruzəçi, İddiaçı və F.Babayev) 2(103)-1172/2021 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-553/2021 saylı iş üzrə 06 may 2021-ci il tarixli qətnaməsi ləğv edilərək, İddiaçı Yasamal rayon icra və probasiya şöbəsinə qarşı (X1, X2, X3 və "xxxx" MTK-nın üçüncü şəxslər qismində göstərildiyi) “icra məmurunun hərəkətinin qanunsuz hesab edilməsi, icra sənədinin geriyə icra olunması və icra məmurunun üzərinə qeyri-yaşayış sahələrinin təhvil verilməsi vəzifəsinin qoyulması” tələblərinə dair mülki işin icraatına xitam verilməsi qərara alınmış, iddiaçıya icra məmurunun qərar və hərəkətlərini (hərəkətsizliyini) ayrıca iddia qaldırmaqla deyil, müvaf iq məhkəməyə şikayət verməklə mübahisələndirə bilməsi izah olunmuşdur.

8. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər.

9. Apellyasiya məhkəməsi belə qənaətə gəlmişdir ki, tərəflər arasında yaranan mübahisə inzibati mübahisəsidir.

10. İddiaçı qərardaddan kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Kassasiya şikayətinin dəlilləri

11. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi, işə mahiyyəti üzrə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qə bul edilməsini xahiş etmişdir.

12. Kassasiya şikayətini belə əsaslandırılmışdır ki, İddiaçı icra işi üzrə borclu və ya tələbkar olmamışdır. Belə ki, iddiaçının icra işi üzrə tərəf olmadığını, lakin icra hərəkətləri nəticəsində hüquqları pozulduğu üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququndan istifadə etməsi məhkəmə tərəfindən nəzərə alınmalı idi.

13. Beləliklə, hazırki mübahisənin predmeti icra icraatı üzrə tərəf olmayan iddiaçının qanuni sahibliyində olan qeyri-yaşayış sahəsinin icra məmuru tərəfindən məhkəmə qətnaməsinin icrası zamanı mənzil kimi tələbkara verməsidir. Belə olan halda iddiaçının mülkiyyət hüququ pozulmuş və iddiaçı da həmin halı icra vərəqəsini vermiş, icra məmurunun olduğu yer üzrə və qanunsuz olaraq məhrum olduğu əmlakın yerləşdiyi yer üzrə məhkəməyə iddia ərizəsi verməklə mübahisələndirmişdir. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu:

15. Maddə 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir.

16. Maddə 2.0.1. İnzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir.

17. Maddə 2.0.2. İnzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

18. Maddə 24.1. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir.

19. Maddə 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir.

20. Maddə 32.3. Hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər.

21. Maddə 261.0 və 261.0.1. İş məhkəmədə və ya mülki məhkəmə icr aatı qaydasında baxılmalı deyildirsə, Hakim iş üzrə icraata xitam verir.

22. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2017-ci il tarixli Konstitusiya Məhkəməsinin qərarı: 23. “...İcra icraatının gedişində icra qurumu tərəfindən həyata keçirilən fəaliyyət şərti olaraq iki hissəyə ayrıla bilər: 1) icra sənədinin icra olunmasının təmin edilməsinə yönəlmiş fəaliyyət - bu zaman icra məmuru tərəfindən qəbul edilən qərarların və edilən hərəkətlərin qanuniliyinin və əsaslılığının qiymətləndirilməsi həm in fəaliyyətin icra sənədinin icrasının təmin edilməsi baxımından zəruri olub-olmaması meyarı üzrə aparılır; 2) icra sənədinin icrasının təmin edilməsi zamanı icra orqanı tərəfindən qanunsuz hərəkətlərə yol verilməklə ziyan vurulmasına gətirib çıxarmış hüquqazidd fəaliyyət - bu zaman isə icra sənədinin icrasının təmin edilməsindən kənara çıxan hərəkətlərin qanuniliyi yoxlanılır. 24. “İcra haqqında” Qanunun 87.1-ci maddəsi birinci hal üzrə icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən verilən şikayətlərə dair məsələni tənzimləyir. Həmin halla bağlı aydınlaşdırılmalı məsələ ondan ibarətdir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə məhkəmələrdə necə baxılmalıdır. Bunun üçün isə aşağıdakı məsələ lər nəzərə alınmalıdır: 25. “İcra haqqında” Qanunun 29.1-ci maddəsinə görə, icra icraatının tərəfləri olan borclu və tələbkar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn məsələləri mübahisələndirmək hüququna malikdirlər. 26. “İcra haqqında” Qanun icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilə biləcəyini təsbit edir. Bununla da, qanunverici hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddianın qaldırılmasını istisna etmişdir. Burada inzibati iddia olmayan şikayət nəzərdə tutulur. Məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. Sözügedən şikayətlərə bu qaydada baxılmasının təmin edilməsi ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi və prosessual qənaətə nail olunması baxımından da önəmlidir.

27. Beləliklə, icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlər (o cümlədən hərəkətsizliklər) inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən onların inzibati iddia qaydasında ayrıca iddia verməklə inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir. Bununla yanaşı, icra məmurunun icra sənədinin icrasının təmin edilməsindən kənara çıxan qanunsuz qərarları, eləcə də hərəkət və ya hərəkətsizliyi nəticəsində hər hansı bir tərəfə (borclu və ya tələbkara, eləcə də üçün cü şəxslərə) ziyan vurulduğu iddia edilirsə, həmin mübahisələrə İPM-ə müvafiq olaraq inzibati məhkəmədə baxıla bilər”. Kassasiya baxışının hədləri

28. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

29. Hazırki kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyinə görə məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

1. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması üçün əsas yoxdur.

2. Belə ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün qanuni əsas ola bilməz.

3. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayət i təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

4. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1172/2021 nömrəli iş üzrə 28 yanvar 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar