Məhkəmə qərarları › İş №2(102)-2939/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2939/2023

13.09.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2939/2023 13.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X1 Cavabdeh qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti cəlb edilməklə) iş üzrə QƏRARİ (Açar sözlər: müqavilə üzrə öhdəliyin pozulması, alqı-satqı müqaviləsindən imtina, torpaq sahəsinin qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı X1 Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-99/2023 nömrəli, 15 mart 2023-cü il tarixli qətnaməsindən c avabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 13 sentyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinin 30 dekabr 2005-ci il tarixli, 1900 nömrəli qərarı ilə Binəqədi qəsəbə ərazisində yerləşən 300 kv.m torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə X1 (bundan sonra – iddiaçı) mülkiyyətinə ayrılması qərara alınmışdır.

2. Həmin qərar əsasında Bələdiyyə ilə iddiaçı arasında torpağın alqı-satqısına dair akt tərtib edilmiş və iddiaçı tərəfindən torpaq sahəsinin dəyəri ödənilmişdir.

3. İddiaçı aralarındakı şifahi razılaşmaya əsasən, qeyd olunan 300 kv.m torpaq sahəsindən əvvəlcə 50 kv.m hissəni Cavabdeh (bundan sonra – cavabdeh) sat mış, sonradan isə daha 50 kv.m hissənin alqı-satqısına dair aralarında şifahi razılıq əldə olunmuşdur.

4. Hazırda iddiaçı aralarındakı alqı-satqı barədə ikinci razılaşmaya əsasən tərəfindən 50 kv.m torpaq sahəsinin cavabdehə verilməsinə baxmayaraq, sonuncu tərəfindən torpaq sahəsinin dəyərinin ödənilmədiyini bildirərək, cavabdehin həmin torpaq sahəsindən çıxarılmasını tələb edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Binəqədi rayonu, Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində yerləşən ona ayrılmış 300 kv.m torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunmuş 50 kv.m hissəsinin cavabdehin istifadəsindən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 2015-ci ildə ona məxsus 300 kv.m torpaq sahəsinin 50 kv.m hissəsini aralarındakı razılaşmaya əsasən cavabdehə satmışdır. Cavabdehin istəyinə uyğun olaraq sonradan daha 50 kv.m torpaq sahəsinin alqı-satqısı barədə razılaşmışlar. Cavabdeh torpaq sahəsindən istifadə etməyə başlasa da, pulunu verməmişdir. Bu səbəbdən, tərəfindən ərazinin boşaldılması bildirilsə də, cavabdeh buna heç bir reaksiya verməmişdir.

7. Cavabdehin nümayəndəsi (vəkili) məhkəmənin iclasında verdiyi izahatında iddiaya etiraz edərək, bildirmişdir ki, iddiaçı mübahisəli torpaq sahəsini cavabdehə 18500 manata satmışdır. Alqısatqı zamanı iddiaçı torpaq sahəsinin heç bir hüquq müəyyənedici sənədinin olmadığını bildirmiş, sonradan torpaqla bağlı Binəqədi qəsəbə bələdiyyəsinin qərarının olma sı müəyyən olunmuşdur. Torpaq sahəsi cavabdehin istifadəsində olduğu müddətdə Biləcəri bələdiyyəsi tərəfindən torpaq sahəsinin həmin bələdiyyənin mülkiyyətində olduğu bildirilmiş və cavabdehdən torpaq vergisi alınmışdır. Cavabdeh torpaq sahəsinin onun adına qeydiyyata alınması üçün Biləcəri bələdiyyəsinə müraciət etmiş, hazırda müraciəti araşdırılmaqdadır. Həmin torpaq sahəsi Binəqədi qəsəbə bələdiyyəsinin mülkiyyətində olmadığı üçün göstərilən qərarla iddiaçının adına ayrıla bilməzdi.

8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(001)-5157/2021 nömrəli, 07 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Etibar Mustafayev) iddia təmin edilmişdir.

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin nümayəndəsinin izahatından belə məlum olur ki, cavabdeh həqiqətən də iddiaçıya məxsus torpaq sahəsindən istifadə edir və məhkəmənin qəanətinə görə iddiaçıya məxsus torpaq sahəsini zəbt etmişdir. Belə ki, cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə sübut kimi təqdim edilmiş Bakı şəhəri Biləcəri Bələdiyyəsinin 09 oktyabr 2020-ci il tarixli arayışında göstərilmişdir ki, iddiaçının adına Biləcəri bələdiyyəsi tərəfindən hər hansı məqsəd üçün torpaq sahəsi ayrılmamışdır. Yenə cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş Bakı şəhəri Biləcəri Bələdiyyəsinin 04 sentyabr 2020-ci il tarixli məktubunda göstərilmişdir ki, cavabdehin Binəqədi rayon Biləcəri qəsəbəsi 1 X3 massivi ünvanında yerləşən 300 kv.m torpaq sahəsinə 01 yanvar 2021-ci ilədək vergi borcu yoxdur. Göründüyü kimi, iddiaçıya ayrılmış və hazırkı iş üzrə mübahis ələndirilən torpaq sahəsinin Binəqədi qəsəbəsi ərazisində yerləşməsinə baxmayaraq, cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə Biləcəri qəsəbəsi ilə bağlı arayışlar təqdim edilmişdir. Bununla belə, Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinin 30 dekabr 2005-ci il tarixli, 1900 nömrəli qərarından, 2005-ci il dekabr tarixli kassa mədaxil orderinin qəbzindən və torpaqların alğı-satqısına dair aktdan görünür ki, Binəqədi qəsəbə bələdiyyəsi ərazisində 300 kv.m torpaq sahəsi alğı-satqı yolu ilə iddiaçıya satılmışdır.

10. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 17-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci maddələrinə istinadla əsaslan dırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmişdir. Məhkəmə hazırkı mübahisəni həll edərkən ilk növbədə torpaq sahəsinin hansı bələdiyyənin ərazi hüdudları daxilində olduğunu, zəbt olunub-olunmadığını aydınlaşdırmaq üçün ekspertiza təyin etməli və müvafiq rəy almalı olduğu halda, bunu etməmişdir. Cavabdeh tərəfindən məhkəmə torpaqşünaslıq ekspertizasının keçirilməsi barədə vəsatət təqdim olunsa da, məhkəmə tərəfindən heç bir əsas olmadan vəsatət təmin edilməmişdir.

13. Apellyasiya baxışında təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 dekabr 2022-ci il tarixli, 10/5841 saylı rəyinə əsasən, mübahisələndirilən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərhədləri daxilində olmaqla heç bir Bələdiyyə mülkiyyətində deyildir. Bundan əlavə olaraq torpaq sahəsi magistral qaz kəmərinin yaxın məsafəsində yerləşməklə mühafizə zonasıdır (Təhlükə potensiallı ərazi). Göstərilən torpaq sahəsi sənəd üzrə 300,0 kv.m olsa da, faktiki olaraq 169,0 kv.m təşkil edir. İddiaçının şifahi məlumatına əsasən faktiki göstərilən torpaq sahəsinin 50,0 kv.m hissəsi mübahisəli olmaqla cavabdehin faktiki istifadəsindədir. Mübahisəli torpaq sahəsinin üzərində cavabdehə aid tiki linin (market) bir hissəsi yerləşir.

14. Cavabdehin nümayəndəsi (vəkili) məhkəmə kollegiyasının iclasında verdiyi izahatında apellyasiya şikayətini müdafiə edərək, əlavə olaraq bildirmişdir ki, ekspert rəyi mötəbər sübut hesab olunmalıdır. İddiaçıya torpaq sahəsi ayrılması barədə 2005-ci il tarixli bələdiyyə qərarı qanunsuzdur, ekspert rəyindən də göründüyü kimi, həmin torpaq sahəsi heç bir bələdiyyə mülkiyyətində deyildir. Belə olan halda, bələdiyyə tərəfindən onun mülkiyyətində olmayan torpaq sahəsinə dair sərəncam verilə bilməzdi. Tərəflər arasında torpaq sahəsi ilə bağlı qeyri-rəsmi alqısatqı müqaviləsi olub, sonradan isə müəyyən olunub ki, həmin torpaq sahəsi bələdiyyə mülkiyyətində deyildir. Cavabdeh torpaq sahəsindən istifadəyə görə Biləcəri bələdiyyəsinə vergi ödəyibdir.

15. Apelly asiya baxışında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş, nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında mübahisənin həllinin məhkəmə kollegiyasının mülahizəsinə buraxdığını bildirmişdir.

16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-99/2023 nömrəli, 15 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – C.Musayeva (sədrlik edən və məruzəçi), M.Məmmədov və R.Həsənov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmış, ekspertiza xərci cavabdehə aid edilmişdir.

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq, qeyd etmişdir ki, işin müba hisələndirilməyən hallarından göründüyü kimi bələdiyyə ilə bağlanmış müvafiq alqı-satqı müqaviləsinə əsasən iddiaçıya məxsus torpaq sahəsinin cavabdehlə ikinci razılaşmanın predmeti olan müəyyən hissəsi (ikinci dəfə satılmalı olan 50 kv.m) hazırda cavabdehin sahibliyindədir. Müvafiq torpaq sahəsinin müqabilində cavabdeh tərəfindən pul ödənilmədiyi də işin mübahisəsiz hallarına aiddir.

18. Cavabdeh apellyasiya şikayətində iddiaçının hazırkı iddianı verməyə subyektiv hüququnun olmadığını bildirsə də, Mülki Məcəllənin 166.3-cü maddəsinə görə torpaq sahəsinin faktiki sahibinin sahiblikdən özbaşına məhrum edilmə və ya sahibliyin pozulması barədə iddia verməsi bilavasitə onun sahibliyinin dövlət qeydiyyatı ilə şərtləndirilmir. Belə olan halda, iddiaçı hazırkı iddia tələbi irəli sürmək üzrə subye ktiv hüquqa malikdir.

19. İş üzrə alınmış ekspert rəyi ilə mübahisələndirilən torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərhədləri daxilində olması müəyyən edilsə də, bu hal hazırki mübahisə predmeti kontekstində bu icraat çərçivəsində işin nəticəsinə təsiri olan amil kimi nəzərə alına bilməz. Belə ki, torpaq sahəsinin iddiaçının mülkiyyətinə keçməsinin dövlət qeydiyyatına alınıb-alınmaması, alqı-satqı müqaviləsinin etibarsız olub-olmaması, həmin torpaq sahəsinə münasibətdə iddiaçının mülkiyyət hüququna dair hüquqi gözləntisi olub-olmaması və digər bu kimi məsələlər maraqlarına toxunan (fiziki və ya hüquqi) şəxsin iddiasına əsasən başqa məhkəmə icraatı qaydasında yoxlanılmalı olan məsələlərdir və cavabdehin həmin halların məhkəmə tərəfindən araşdırılmamasına istinad ı yolverilməzdir. O, hazırkı iddiaya etirazının əsası kimi mübahisəli əşyaya sahiblik hüququnun qanuni olmasını sübut etməyə çalışmalı idi.

20. Mübahisələndirilən torpaq sahəsinin mülkiyyət hüququ ilə iddiaçıya məxsus olması mübahisə doğurduğu halda belə, sonuncu Mülki Məcəllənin 157.2, 157.8, 165.1 və 166.3-cü maddələrinə istinad edərək, torpaq sahəsinin faktiki sahibi kimi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər. Belə ki, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

21. İddiaçının istinad etdiyi hallara əsasən iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. İşin halları həmin maddənin dizpozisiya şərtləri əsasında yoxl anılarkən iddiaçının tələbinin təmin edilməsi üçün zəruri olan bütün əsasların mövcudluğu müəyyən edilmişdir: iddiaçı mübahisəli torpaq sahəsinin mülkiyyətçisi olmasa da, mülki qanunvericilikdə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsdir, o, öz əmlakı üzərində faktiki sahiblikdən məhrum olmuşdur, onun məhrum olduğu əmlak naturada mövcuddur, cavabdehin faktiki sahibliyindədir, onun isə öz növbəsində həmin əşyaya sahiblik hüququ yoxdur. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

22. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

23. Şikayət belə əsaslandırılmışdır ki, məhkəmə tərəfindən iddiaçının bəl ədiyyə qərarı əsasında mübahisəli torpaq sahəsinin faktiki sahibi olması, bu səbəblə də hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olması barədə gəlinən düzgün olmayan nəticədir. Ekspertizanın rəyindən açıq şəkildə görünür ki, Binəqədi bələdiyyəsi tərəfindən iddiaçının adına verilən qərar saxtadır, nəinki sahiblik, heç bir hüquq yaratmır.

24. Həmçinin, apellyasiya məhkəməsi Mülki Məcəllənin 152.1, 157.2-ci maddələrinə istinadla belə qənaətə gəlmişdir ki, iddiaçının mübahisəli torpaq sahəsinə mülkiyyət hüququ vardır və mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb etmək hüququ vardır. Halbuki, daşınmaz əmlaka mülkiyyət hüququnun əmələ gəlməsi həmin hüququn müvafiq reyestrdə qeydə alındığı və ya daşınmaz əmlakın barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. İddiaçının mübahisəli torpaq sahəsinə məhkəmə kollegiyasının israrla iddia etdiyi mülkiyyət hüququ nə reyestrdə qeydə alınmamış, nə də notarial qaydada təsdiq edilmiş qeydə əsaslanmamışdır. İddiaçının hazırkı hərəkətləri hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir. Çünki ona aidiyyəti olmayan torpaq sahəsini cavabdeh və digər şəxslərə saxta bələdiyyə qərarı ilə satmaqla məşğul olmuşdur.

25. Beləliklə, apellyasiya məhkəməsi maddi hüquq normalarını işin hallarına düzgün tətbiq etməmiş, nəticədə prosessual hüquq normasının tələbini pozmuşdur ki, bu da MPM-in 418.3-cü maddəsinin tələbinə əsasən düzgün olmayan qətnamənin çıxarılması ilə nəticələnmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

27. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

28. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

29. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

30. Maddə 424.2. Müqavilə ləğv edilərkən tərəf lərin öhdəliklərinə xitam verilir.

31. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

32. Maddə

567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi

33. Maddə 84.1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

34. Maddə

111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpa q sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir (1, 2 və 3-cü bəndlər). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə v ə qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

39. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

40. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

41. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq n ormalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

43. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.

44. Kollegiya, kassasiya şikayətinin dəlilləri ilə bağlı əlavə olaraq qeyd edir ki, mübahisələndirilən torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərhədləri daxilində olması müəyyən edilsə də, bu hal hazırki mübahisənin kontekstində işin nəticəsinə təsir edən arqument deyil. Çünki, torpaq sahəsinin iddiaçının mülkiyyətinə keçməsinin dövlət qeydiyyatına alınmaması, alqı-satqı müqavil əsinin etibarsızlığı, həmin torpaq sahəsinə münasibətdə iddiaçının mülkiyyət hüququna dair hüquqi gözləntisi məsələsi və digər bu kimi məsələlər maraqlı şəxslərin iddiasına əsasən başqa məhkəmə icraatı qaydasında yoxlanılmalı olan məsələlərdir və cavabdehin həmin halların məhkəmə tərəfindən araşdırılmamasına istinadı yolverilməzdir. O, hazırkı iddiaya etirazının əsası kimi mübahisəli əşyaya sahiblik hüququnun qanuni olmasını sübut etməyə çalışmalı idi.

45. Kollegiya, həmçinin bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

46. Məhkəmə kollegiyası qeyd olun anları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

47. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-99/2023 nömrəli, 15 mart 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar