Məhkəmə qərarları › İş №2(102)-2950/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2950/2019

24.04.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2950/2019 24.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 aprel 2018-ci il tarixli 2(103)3261/2018 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai rayon məhkəməsinin 04 dekabr 2017-ci il tarixli qətnaməsi ilə (hakim F.Ə.Məmmədov, iş № 2(011)-9958/2017) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilərək cavabdehdən maddi z iyana görə 4000 manat, hüquqi yardıma görə 200 manat, dövlət rüsumuna görə 30 manat, cəmi 4230 manat iddiaçının xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 aprel 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: R.Ə.Eyvazov, S.F.Hacıyev və F.Ş.Talışınski) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı 2017-ci ilin sentyabr ayında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2014-cü ilin dekabr ayında oğlunun və özünün Cavabdeh köməyi ilə qəbul olunduqları Ukrayna Respublikasının Kiyev şəhərində yerləşən MAUP Universitetinə təhsil haqqı kimi 6000 ABŞ dolları verməsini, lakin sonuncunun həmin pulu universitetə ödəmədiyi üçün oradan kənarlaşdırılmalarını ə sas göstərməklə həmin məbləğin, Kiyev şəhərində yaşamaq üçün kirayə haqqı olaraq ödədiyi 3200 manatın, Universitetə təhsil haqqı kimi ödədiyi 2000 ABŞ dollarının, məhkəmədə təmsil olunması üçün hüquqi nümayəndəyə ödədiyi 700 manatın, nümayəndəyə xidmət haqqı kimi ödədiyi 800 manatın, mənəvi ziyana görə 5000 manatın cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə Cavabdeh kassasiya şikayəti verərək işə onun iştirakı olmadan baxılmasını, qanunun normasının düzgün tətbiq olunmamasını əsas göstərməklə qətnamənin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materialla rından görünür ki, İddiaçı tələbini təsdiq edən sübut kimi məhkəməyə onun və oğlunun universitet tərəfindən verilmiş tələbə biletlərini və arayışı, eləcə də cavabdeh tərəfindən verilmiş iltizamı təqdim etmişdir. İşin 18-ci səhifəsində olan cavabdeh tərəfindən verilmiş 16 mart 2017-ci il tarixli iltizamda Cavabdeh iddiaçıdan 6000 manat məbləğində pul almasını təsdiq etmiş və həmin pulu 1 ay ərzində qaytaracağı barədə üzərinə öhdəlik götürmüşdür. İşdən həmçinin görünür ki, İddiaçı cavabdehin hərəkətindən əvvəlcə Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə müraciət etmiş və şikayəti polis orqanı tərəfindən araşdırılaraq cinayət işinin başlanmasından imtina olunması barədə 09 sentyabr 2017-ci il tarixli qərar qəbul edilmişdir. Həmin qərardan görünür ki, Cavabdeh iddiaçının şikayətinin araşdırı lması ilə əlaqədar verdiyi izahatında iddiaçıdan 6000 manat almasını təsdiq etmiş, lakin onun 2000 manatını iddiaçıya qaytarmasını bildirmişdir. Kollegiya hesab edir ki, cavabdeh iddiaçıdan götürdüyü pulu tam qaytarmamaqla ona ziyan vurmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (21.1). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraiti ndə əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2). İşin müəyyən olunmuş yuxarıda göstərilən halları iddianın qismən əsaslı olması barədə nəticəyə gəlmək üçün əsas verdiyindən kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə qanuni və əsaslıdır. İşin baxılma vaxtı və yeri barədə cavabdeh qanunla müəyyən olunmuş qaydada xəbərdar edildiyindən, kollegiya işin baxılma vaxtı barədə məlumatlandırılmamasına dair cavabdehin kassasiya şikayətinin dəlillərini əsassız sayır. Qətnamənin ləğv edilməsi üçün əsas verən maddi və prosessual hüquq normalarının pozulmasına yol verilmədiyindən, kollegiya hesab edir ki, qətnamənin ləğv edilməsi üçün əsaslar yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 17 aprel 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar