Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2958/2019 22.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-2958/2019 22 aprel 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, İddiaçı nümayəndəsi X4, Cavabdeh və onun vəkili *** iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28.11.2018-ci il tarixli, 2(103)-12726/2018 nömrəli qətnaməsindən Cavabdeh kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim T.C.Xəlilova) 14 dekabr 2017-ci il tarixli, 2(004)-8353/2017 saylı qətnaməsi ilə idda tələbinin təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər T.S.Səmədov, İ.S.Şirinov və E.C.Kazımov) 26 aprel 2018-ci il tarixli, 2(103)-3380/2018 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 dekabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Ə.A.Əhmədov, A.Ə.İskəndərov və İ.K.Dəmirov) 25 sentyabr 2018-ci il tarixli, 2(102)-6193/2018 saylı qərarı ilə kassasiya şikayəti təmin edilərək hazırki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 26 aprel 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün apellyasiya ins tansiyası məhkəməsinə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər A.N.İmanov, A.Q.Hüseynov və V.N.Sadıqov) 28.11.2018-ci il tarixli, 2(103)-12726/2018 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 dekabr 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbi təmin edilmişdir. Cavabdeh və onun vəkili X1 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28.11.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 1991 -ci ildən *** ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatda olmaqla yaşamışdır. 24.06.2007-ci ildə X5 i lə rəsmi nikaha daxil olmuşdur. Bu nikahından 09.08.2008-ci ildə qızı X6 və 15.03.2011-ci ildə qızı X7 doğulmuşdur. Həyat yoldaşı ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə gəlin köçmüş və ona məxsus bütün cehiz əşyaları da həmin evdədir. Hal-hazırda həmin evdə qeydiyyatdadır, uşaqları da həmin evdə doğulmuşlar. A***da vəfat etdiyi günə qədər Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava, ev 24 ünvanda qeydiyyatda olsa da, idiaçıya məxsus evdə yaşayırdı. İddiaçı işi ilə bağlı tez-tez Rusiya Federasiyasına gedib gəlir. O, 2012-ci ildə Rusiya Federasiyasında olduğu zaman cavabdeh iddiaçının arvadını və uşaqlarını *** ünvandakı evdən qovaraq çıxarmış və evi zəbt etmişdir. Hazırda da həmin evdə ailəsi ilə birlikdə yaşamasına cavabdeh tərəfindən maneələr yaradılır. Ona görə də cavabdehin qanunsuz zəbt etdiyi, iddiaçıya məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması, iddiaçının və azyaşlı uşaqları X2 və X3 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi, Cavabdeh qanunsuz hərəkətlərinə son qoyulması, onun tərəfindən iddiaçının və ailəsinin həmin evdə yaşamalarına heç bir maneə törətməyəcəyi barədə qətnamənin qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh və onun vəkili X1 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28.11.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv, iddianın rədd edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdirlər. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, ümumiyyətlə belə bir adda yaş ayış evi mövcud deyil və heç bir dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Bəzi işıq, su və s. bildirişlərində Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava, ev 24 A ünvanının qeyd edilməsi bu adda evin mövcudluğunu və həmin evin iddiaçıya məxsusluğunu sübut edən hal ola bilməz. İddia tələbi ilə bağlı, tələb uydurma və tam əsassızdır. Əslində iddiaçının hazırki iddianı qaldırmaqda əsl niyyəti mərhum onun atası Hüseyn Eyvazovdan ona miras qalmış Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava, ev 24 ünvanında yerləşən evə dolayısı yolla öz hüquqlarını tanıtmaqdır. Hansı ki, Mərhum a***Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava küçəsində yerləşən 24 saylı evdə uzun müddət yaşamışdır. O, evin sənədləşdirilməsi ilə bağlı İcra Hakimiyyətinə müraciət etmiş, İcra Hakimiyyəti isə ona imtina etmişdir. Bund an sonra mərhum a***qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmiş, bununla bağlı uzun illər məhkəmə çəkişmələri olmuşdur. Atasının vəfatından sonra məhkəmə çəkişmələri yarımçıq qalmışdır. A***31.08.2017-ci il tarixdə vəfat etmişdir. Atası vəfat etməmişdən əvvəl 19.05.2017-ci il tarixdə ona məxsus olan bütün əmlakını ona vəsiyyət etmiş, qanun üzrə digər vərəsələri vərəsəlik hüququndan məhrum etmişdir. O, Cavabdeh atası Eyvazov Hüseyn Bilal oğlunun həm qanun üzrə, həm də vəsiyyət üzrə vərəsəsidir. Atalarının vəfatından sonra, onun vəsiyyətinə mane olmaq üçün, mərhum atası Hüseyn Eyvazovdan ona miras qalmış Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava, ev 24 ünvanında yerləşən e və dolayısı yolla öz hüquqlarını tanıtmaqla, vəsiyyət üzrə vərəsə olan onu atasından miras qalmış evə dair hüquqlarından məhrum etməyə çalışmışdır. İddiaçı Eyvazov X8 rayonunda doğulmuş, heç vaxt Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava, ev 24 A ünvanında yerləşən fərdi yaşayış evində yaşamamışdır. Bu xüsusatı təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etmişdir. İddiaçı ərizəsində qeyd edir ki, guya həyat yoldaşı Mənzər Muxtarovanın bütün cehiz əşyaları həmin evdədir. Bu tam yalandır, iddiaçının həyat yoldaşının heç bir əşyası atasına məxsus evdə qalmamış və hazırda da yoxdur. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili *** kassasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın r ədd edilməsi barədə qərarın qəbul olunmasını xahiş etmişdir. Cavabdeh vəkilinin dediklərinə uyğun izahat vermişdir. İddiaçı nümayəndəsi X11 məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə AR MPM-nin 67-ci maddəsinə əsasən işə onun izahatı alınmadan baxılmışdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 28.11.2018-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 dekabr 2017-ci il tarixli qətnaməsini ləğv edib, iddianı təmin edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iş üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, a pellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, “xxxx” ASC-nin 10.02.2017-ci il tarixli bildirişinə əsasən Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava.ev 24A-da elektrik enerjisinin istehlakçısı kimi İddiaçı göstərilmişdir. Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 12.06.2012-ci il tarixli akta əsasən Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava.ev 24 mənzil 10-da təbii qazın istehlakçısı qismində İddiaçı göstərilmişdir. 56 nömrəli Mənzil Kommunal İstismar Sahəsinin 13.10.2017-ci il tarixli və 05.09.2017-ci il tarixli arayışlarına əsasən iddiaçı ünvan 2-da qeydiyyatdadır, arvadı X9, qızları X6 və X7 həmin evə 08.05.2014-cü ildən qeydiyyata düşmüşlər. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1334/2016 nömrəli, 26.02.2016- cı il tarixli qərarına əsasən Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava ünvanda yerləşən 24 saylı evin Eyvazov Hüseyn Bilal oğlunun adına hüquqi qeydiyyata alınması barədə sərəncam verilməsi Yasamal rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyəti Başçısının 278 nömrəli, 26.08.2016-cı il tarixli sərəncamına əsasən Yasamal rayonu, 2-ci Alatava küçəsində yerləşən, vətəndaş Eyvazov Hüseyn Bilal oğluna məxsus 24 saylı evin onun adına sənədləşdirilməsi və hüquqi qeydiyyata alınması qərara alınmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-939/2017 nömrəli, 12.01.2017-ci il tarixli qərarına əsasən Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava, ev 24-ə dair Eyvazov Hüseyn Bilal oğlunun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ın və texniki pasportun verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilmiş, sonradan həmin qərar Bakı Apellyasiya Məhkəməsinin inzibati- iqtisadi kollegiyasının 02.05.2017-ci il tarixli, 21(103)-894/2017 nömrəli qərarı ilə ləğv edilmişdir. Apellyasiya instansiyası məhkəməsi iddianın qanuni əsaslarını aşağıdakı kimi müəyyən etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır; 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasınd a təsdiq edildiyi andan əmələ gəlir; 180.2-ci maddəsinə görə isə, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Qeyd olunan bu maddələr tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarını istisna etsə də, onun özbaşına tikilidən yaşamaq məqsədilə istifadə etməsini qadağan etmir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsi insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi mənzildə yaşayıb və hazırda cavabdeh onun burada yaşamasına maneçilik törədir. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilən şəxsin mənzil və digər bu kimi yerlər üzərində hər hansı hüququ olmasın. Tərəflərin heç birinin ev üzərində qanunla qorunan hər hansı hüquqları olmadığından tərəflər həmin evə münasibətdə faktiki olaraq bərabər statusa malik olmuşlar. Lakin iş materiallarından iddiaçının ailə üz vləri ilə birlikdə həmin ünvanda qeydiyyatda olduqları və mənzilin kommunal haqlarının iddiaçı tərəfindən ödənildiyi məlum olur. Buna görə də cavabdehin iddiaçıya qarşı törətdiyi məhrumetmə qanunsuz olmuşdur. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi iddiaçılarla cavabdehin istinad edilən fərdi yaşayış evinə münasibətdə eyni statusda olmalarına istinad etsə də, gəldiyi bu qənaətlə hec cür uzlaşmayan və hər hansı əsaslandırmaya söykənməyən cavabdehin həmin fərdi yaşayış evindən çıxarılmasına dair nəticəyə gəlmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutlar ı və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir; 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır; 392.2-ci maddəsinə əsasən apellyasiya şik ayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarına qiymət vermədən həmçinin qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi bu qənaətə gələrkən cavabdehin iddiaya etirazının əsası kimi 24a saylı müstəqil tikilinin mövcud olmaması (i.v.92), habelə bununla bağlı iddiaçı tərəfin təqdim etdiyi arayışlar arasında ziddiyyətlərin olmasından ibarət dəlillərinə də qiymət verməmişdir. Bununla bağlı xüsusilə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hazırki iş üzrə çıxardığı 25 sentyabr 2018-ci il tarixli Qərarında apellyasiya instansiyası məh kəməsinin işə əlavə edilmiş sübutlara, o cümlədən işdə iştirak edən şəxslərin izahatlarına Mülki Prosessual Məcəllənin 88, 106.1-ci maddələrinin tələblərinə uyğun olaraq hüquqi qiymət vermədən, mübahisəli ünvana, tikiliyə dair eyni qurum tərəfindən verilmiş çoxsaylı arayışlar arasındakı ziddiyyətlərə aydınlıq gətirmədən, iddiaçının iddia etdiyi tikilininn yerində mövcud olubolmamasını, həmin tikili ilə cavabdehin bilavasitə yaşadığı evin eyni və ya fərqli tikililər olmasını və sair araşdırmadan, zərurət yarandığı halda xüsusi bilik tələb edən qeyd olunan suallara, o cümlədən 2-ci Alatava yaşayış massivində faktiki olaraq neçə tikilinin olmasını və s. aydınlıq gətirmək üçün iş üzrə zəruri hesab etdiyi halda müvafiq ekspertiza təyin edib rəy almadan, iddiaçının bilavasitə kommunal xərcləri h ansı tikiliyə görə ödəməsini, onunla sözügedən müqavilələrin hansı tikiliyə görə bağlanmasını aydınlaşdırmadan, həmin müqavilələrin bağlanmasına əsas olmuş sənədlərin surətini məhkəməyə təqdim etməyi tərəflərə təklif etmədən, Yasamal rayonu 56-saylı MKİS tərəfindən 2-ci Alatava yaşayış massivində yerləşən, 24 saylı və 24 “A” saylı evlərin ayrı-ayrı tikililər olması, onların biri-birinə bitişik olmaması, giriş-çıxışlarının ayrı olmasına dair çoxsaylı arayışların hansı mötəbər sübutlarla əsaslanmaqla verilməsini dəqiqləşdirmədən gəldiyi qənaətə səhv hesab edərək, işə yenidən baxılan zaman iş üzrə yekun qərarın qəbul edilməsi üçün zəruri olan qeyd edilən halların aydınlaşdırılmalı olmasına dair göstəriş vermişdir. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi qeyd edilən göstərişlərə mə həl qoymayaraq, sadəcə olaraq iddiaçıların ünvan 2 saylı fərdi yaşayış evində qeydiyyatda olmalarına, habelə kommunal xidmətlərin göstərilməsinə dair müqavilələrə istinad etməklə Mülki Prosessual Məcəllənin 420-ci maddəsinin tələblərini pozmuşdur. Halbuki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya kollegiyası qeyd etməyi zəruri hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin əvvəlki qərarından fərqli nəticə verən qərar qəbul etməsi kassasiya instansiyası məhkəməsinin məcburi olan göstərişlərinin icrasından azad etmir. Belə ki, S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarında nümayiş etdirilmiş hüquqi mövqeyə əsasən mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səb əbləri aydın göstərilməlidir. Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Sözügedən hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra - Avropa Məhkəməsi) məhkəmələr tərəfindən məhkəmə akt larına irəli sürülən əsaslılıq tələbinə əməl edilməməsinin ədalətli məhkəmə araşdırılması hüququnun pozulması kimi qəbul edir və özünün bir sıra qərarlarında bununla bağlı hüquqi mövqelərini ifadə etmişdir. Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırılması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsi sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə belə dəlillərin rədd edilməsinə dair nəticəsinin əsaslandırmamasına dəlalət edir (Kuznetsov və digərlərinin işi üzrə 21 yanvar 2007-ci il tarixli qərarı; Hiro Bilani işi ü zrə 9 dekabr 1994-cü il tarixli qərarı). Göstərilənlərə əsasən Kassasiya kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin tərəflərin dəlillərinə qiymət vermək üçün zəruri araşdırma aparmalı olduğu halda bunu etməmiş, kassasiya instasniyası məhkəməsinin bununla bağlı olan məcburi göstərişlərini icra etməmiş və nəticədə Mülki Prosessual Məcəlləsinin yuxarıda istinad edilən müddəalarını pozmuşdur. Azərbaycan Respublikası MPM-in 417.1.3-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-in 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Beləliklə, kassasiya kollegiyası işin faktiki hallarının araşdırılması ilə bağlı zərurətin olmasını nəzərə alıb belə nəticəyə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İşə yenidən apellyasiya qaydasında baxılan zaman prosessual qanunvericiliyin istinad edilən tələbinə riayət olunmaqla, habe lə istinad edilən göstərişlərə riayət edilməklə mübahisənin düzgün həllinə dair qanuni və əsaslı qərar qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 418.1, 418.3, 419, 420, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28.11.2018-ci il tarixli, 2(103)12726/2018 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür Ali Məhkəmənin
Məhkəmə qərarları › İş №2(102)-2958/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2958/2019
22.04.2019 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver