Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2969/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: hüquqdan sui-istifadənin yolverilməzliyi 24.06.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, İddiaçı2 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2750/2020 nömrəli iş üzrə 23 noyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 24 iyun 2021-ci il tarixdə Ali Məh kəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı2 və İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba rayon AİK-nın 10.06.1997-ci il tarixli qərarı əsasında JN424F, KOD 30319018 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə ilə mülkiyyət hüququ əsasında onların və X1 adına xxx kəndi ərazisində verilmiş 0.20 ha həyətyanı torpaq sahələrində Cavabdeh tikdiyi yaşayış evinin cavabdehin vəsaiti hesabına sökülməsi və torpaq sahələrinin Cavabdeh qanunsuz sahibliyindən geri alınması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
2. İş materaillarından görünür ki, İddiaçı2 və onun ailə üzvlərinə Quba rayon AİK-nın 10.06.1997-ci il tarixli qərarına əsasən 16.05.2005-ci il tarixdə 0.20 ha torpaq sahəsi JN424F, KOD 30319018 saylı Şə hadətnamə tərtib edilərək onların mülkiyyətinə verilmişdir.
3. Məhkəmə Ekspertiza Mərkəzinin tikinti-texniki ekspertizasının 18.12.2018-ci il tarixli rəyindən görünür ki, mübahisəli torpaq sahəsi 0.39 ha olmaqla bütünlüklə Cavabdeh faktiki istifadəsindədir. Lakin, ərazinin istifadə vəziyyəti ilə vahid elektron baza məlumatları arasında kəskin fərq olduğundan istifadənin hansı hissədən və hansı ölçülərdə olmasını araşdırmaq mümkün deyildir. Bu səbəbdən də Cavabdeh tərəfindən tikintisi aparılmış yaşayış evinin İddiaçı2, İddiaçı1 və X2 mülkiyyətində olan 0.20 ha torpaq sahəsində yerləşib-yerləşmədiyini təyin etmək mümkün olmamışdır. 4. “xxxx”MMC-nin 05.03.2020-ci il tarixli mütəxəssis rəyindən görünür ki, torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamədə (JN-424F, KOD 30319018, 2005-cı il ta rixli) göstərilən döngə nöqtələri arasındakı məsafə xəritədə görülən yolun konturlarına əsasən otuzdurulmuşdur. Eyni zamanda Cavabdeh faktiki istifadə etdiyi torpaq sahəsinin nöqtələri elektron xəritə üzərinə yerləşdirilmiş, bu sahənin 0.36 ha olduğu, iddiaçılar İddiaçı2, İddiaçı1 və X1 mülkiyyətində olan 0.20 ha torpaq sahəsinin tam olaraq (0.20 ha) cavabdeh tərəfindən istifadə olunduğu müəyyən edilmişdir. İddiaçı2, İddiaçı1 və X1 mülkiyyətində olan 0.20 ha torpaq sahəsi faktiki olaraq Cavabdeh tərəfindən tam olaraq istifadə olunur. Cavabdeh tərəfindən tikintisi aparılmış yaşayış evi cədvəl 1-də qeyd olunan ölçülər daxilində 85.3 kv.m hissədə İddiaçı2, İddiaçı1 və X1 mülkiyyətində olan 0.20 ha torpaq sahəsində yerləşir.
5. Məhkəmə Ekspertiza Mərkəzinin tikinti-texniki ekspertizasının 14.0 5.2020-ci il tarixli rəyindən görünür ki, xxxx”MMC-nin 05.03.2020-ci il tarixli mütəxəssis rəyinə əsasən, İddiaçı2, İddiaçı1 və X1 mülkiyyətində olan 0.20 ha torpaq sahəsinin faktiki olaraq bütövlükdə Cavabdeh tərəfindən istifadə olunduğu və həmin torpaq sahəsinin 85.3 kv.m hissəsində Cavabdeh tərəfindən tikintisi aparılmış yaşayış evinin yerləşdiyi müəyyən olunur.
6. İddiaçılar bildirirlər ki, Quba rayon AİK-nın 10 iyun 1997-ci il tarixli qərarı əsasında JN-424F Kod 30319018 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə ilə mülkiyyət hüququ əsasında onlara və X1 adına xxx kəndi ərazisində 0,20 ha həyətyanı torpaq sahəsi vardır. X6 20 ildən çoxdur ki, Rusiya Federasiyasında yaşayır. Atasına məxsus həyətyanı torpaq sahəsi və yaşayış evi onların torpaq sahələrinə bitişik yerləşir və onlar həmişə atasına məxsus yaşayış evinə öz həyətyanı torpaq sahələrindən keçərək gedib gəlmişlər. Cavabdeh 0.20 ha mülkiyyət hüququ əsasında onlara məxsus həyətyanı torpaq sahəsində yaşayış evi tikmək istədiyini bildirmiş, onlar da ona həmin torpaq sahəsində yaşayış evi tikməsinə razılıq vermişlər. Bir müddətdən sonra Cavabdeh onlara nə atasına məxsus yaşayış evinə və həyətyanı torpaq sahəsinə, nə də özlərinə məxsus həyətyanı torpaq sahəsinə gediş-gəlişə icazə vermədi. Belə ki, onlar mülkiyyət hüququ əsasında onlara məxsus olan həyətyanı torpaq sahələrindən cavabdehin təqsiri üzündən istifadə edə bilmirlər. Cavabdeh torpaq sahələrindən çıxmasını təklif etsələr də o, onları eşitmir və torpaq sahələrindən könüllü olaraq çıxmaq fikrində deyildir.
7. Cavabdeh bildirir ki, kodu 30319018 ol an JN-424F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə Quba Rayon Məhkəməsinin 12 iyun 2020-ci il tarixli, 2(027)-473/2020 saylı qətnaməsi ilə etibarsız hesab edilmiş, X7, X3, X, X8, X9, X, İddiaçı2, Cavabdeh və X1 mərhumə X4 qalmış mirası qəbul etmələri faktı müəyyən edilmiş və mərhumə X4 miras qalmış xxxx kəndində yerləşən ümumi sahəsi 65 kv.metr, yaşayış sahəsi 45 kv.metr olan fərdi yaşayış evinə və həmin evin altı və ətrafında yerləşən 0,20 ha torpaq sahəsinə vərəsəlik üzrə payları müəyyən olunmuşdur. Bundan başqa, İddiaçı2 və İddiaçı1 iddialarında guya atasına məxsus həyətyanı torpaq sahəsinin və yaşayış evinin onların torpaq sahələrinə bitişik yerləşdiyi və onların həmişə atasına məxsus yaşayış evinə öz həyətyanı torpaq sahələrindən keçərək gedib-gəldiyini, onun mülkiyyət hüququ əsasında özlərinə məxsus 0,20 ha həyətyanı torpaq sahəsində yaşayış evi tikmək istədiyini, ona həmin torpaq sahəsində yaşayış evi tikməyinə razılıq vermələri kimi yalan izahatlar vermişlər. Halbuki, 0,20 ha torpaq sahəsi və 1918-ci ildə həmin torpaq sahəsində tikilən ev atası X şəxsi istifadəsində olmuş, 1973-cü ildə atasının ölümündən sonra həmin 0,20 ha torpaq sahəsi və üzərində yerləşən yaşayış evi anası X5 şəxsi istifadəsində olmuşdur. İddiaçılar saxta yolla həmin 0,20 ha torpaq sahəsini adlarına rəsmiləşdirərək, qanunsuz şəhadətnamə əldə etmiş, həmin şəhadətnaməni də gizli saxlamışlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
8. Quba Rayon Məhkəməsinin 12 iyun 2020-ci il tarixli, 2(027)-57/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Rahi m Həsənov) iddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı həyətyanı torpaq sahəsinin boşaldılıb özgənin qanunsuz sahibliyindən geri qaytarılması və tikintinin cavabdehin hesabına sökülməsi tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, JN-424F, KOD 30319018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə iddiaçılar İddiaçı2 və İddiaçı1 mülkiyyətində olan xx kəndində yerləşən 0,20 ha torpaq sahəsində Cavabdeh tərəfindən qanunsuz olaraq özbaşına inşa edilmiş yaşayış evinin Cavabdehnın hesabına sökülməsi və iddiaçılara məxsus torpaq sahəsinin Cavabdeh qanunsuz sahibliyindən geri alınaraq iddiaçılara verilməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Cavabdeh iddiaçılara məxsus xxx kəndində yerləşən 0.20 ha torpaq sahəsində n qanunsuz olaraq istifadə edilməsi iş üzrə təyin edilmiş ekspertiza və mütəxəssis rəyləri ilə, iş materialları ilə tam sübuta yetirilmişdir.
10. Məhkəmə öz mövqeyini, Mülki Məcəllənin 152.1, 157.2, 157.8, 158.2, 180.1, 180.4, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdeh apellyasiya şikayəti vermişdir.
12. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2750/2020 nömrəli iş üzrə 23 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər T.Məmmədov -sədrlik edən və məruzəçi, Ş.Abasov və F.Məmmədov) Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Quba Rayon Məhkəməsinin 12 iyun 2020-ci il tarixli, 2(027)-57/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
13. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, mübahisəli torpaq sahəsi iddiaçıların mülkiyyətində olduğundan, qanunvericiliyə görə mülkiyyət hüququ istənilən şəxs tərəfindən pozulmaqdan müdafiə edilməli olduğundan, iddiaçıların mülkiyyət hüquqları hər hansı bir şəkildə məhdudlaşdırılmadığından və mülkiyyətlərindən sərbəst istifadə başqa şəxslərin hüquqlarını pozmadığından, cavabdeh qanuni əsas olmadan mübahisəli torpaq sahəsindən istifadə etdiyindən iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır.
14. Belə ki, iş üzrə keçirilmiş ekspertizanın 10/696 saylı, 14 may 2020-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı2, İddiaçı1 və X1 mülkiyyətində olan 0,20 ha torpaq sahəsi faktiki olaraq bütövlükdə Cavabdeh tərəfindən istifadə olunur və həmin torpaq sahəsinin 85.3 kv.metr hissəsində Cavabdeh tərəfindən tikintisi aparılmış yaşayış evi yerləşir.
15. Cavabdeh apellyasiya şikayətində qətnamənin çıxarılması üçün əsas olmuş kodu 30319018 olan JN-424F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin Quba Rayon Məhkəməsinin 12 iyun 2020-ci il tarixli, 2(027)-473/2020 saylı qətnaməsi ilə etibarsız hesab edildiyinə istinad etmişdir.
16. Bununla bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, Quba Rayon Məhkəməsinin 12 iyun 2020-ci il tarixli, 2(027)-473/2020 saylı qətnaməsi Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 sentyabr 2020-ci il tarixli, 2(105)-2454/2020 saylı qərardadı ilə ləğv edilmiş və həmin iş üzrə icraata xitam verilmişdir.
17. Cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyləri ilə tam təkzib edilir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
18. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Məhkəmə Ekspertiza Mərkəzinin tikinti-texniki ekspertizasının 14.05.2020-ci il tarixli rəyi əsassızdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izaha tları
21. İddiaçı2 məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 67-ci maddəsinə əsasən onun izahatı dinlənilməmişdir.
22. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri
23. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
24. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
25. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya inst ansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
26. Hazırkı kassasiya şikayətində cavabdeh apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdikləri üçün həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə
27. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol ve rilmir. (maddə 16.1)
28. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. (maddə 152.1)
29. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. (maddə 157.2)
30. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın (maddə 152.5)
31. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. (maddə 152.6)
32. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. (maddə 180.1)
33. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər (maddə 180.4) Mülki Prosessual Məcəllə
34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)
36. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
37. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (maddə 217.1)
38. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. (madd ə 217.3)
39. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. (maddə 218.1)
40. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. (maddə 417.1.3)
41. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardad ının ləğv edilməsi üçün əsasdır. (maddə 418.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası izahatları dinləyib, kasasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kasasiya şikayəti qismən təmin edilməklə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmalıdır.
43. Belə ki, aşağıdakı əsaslara görə apelyasiya məhkəməsinin qətnaməsi iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır və qanuni və əsaslı deyildir. (33-34)
44. İş materiallarından görünür ki, Quba rayon AİK-nın 10.06.1997-ci il tarixli qərarına əsasən 16.05.2005-ci il tarixdə İddiaçı2 və onun ailə üzvlərinə Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə tərtib e dilərək, 0.20 ha torpaq sahəsi onların mülkiyyətinə verilmişdir. Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə əsasında İddiaçı2 məxsus olan, xxx kəndidə yerləşən 0.20 ha həyatyanı torpaq sahəsində Cavabdeh iddiaçıların razılığı ilə fərdi yaşayış evi tikmişdir. İddiaçılar fərdi yaşayış evinin tikintisinə razılıq verdiklərini həm iddia ərizəsində həm də məhkəmədə verdikləri izahatlarında göstərmişlər. Hazırda iddiaçılar cavabdeh tərəfindən onların torpaq sahəsindən istifadə etməsinə maneə yaradıldığından həmin fərdi yaşayış evinin sökülməsini və torpaq sahəsinin boşaldılmasını tələb edirlər.
45. İş üzrə təyin edilmiş xxxx”MMC-nin 05.03.2020-ci il tarixli mütəxəssis rəyi və Məhkəmə Ekspertiza Mərkəzinin tikinti-texniki ekspertizasının 14.05.2020-ci il tarixli rəyi ilə müəyyən olunmuşdur k i, torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamədə (JN-424F, KOD 30319018, 2005-cı il tarixli) göstərilən döngə nöqtələri arasındakı məsafə xəritədə görülən yolun konturlarına əsasən otuzdurulmuşdur. Eyni zamanda Cavabdeh faktiki istifadə etdiyi torpaq sahəsinin nöqtələri elektron xəritə üzərinə yerləşdirilmiş, bu sahənin 0.36 ha olduğu, iddiaçılar İddiaçı2, İddiaçı1 və X1 mülkiyyətində olan 0.20 ha torpaq sahəsinin tam olaraq (0.20 ha) cavabdeh tərəfindən istifadə olunduğu müəyyən edilmişdir. İddiaçı2, İddiaçı1 və X1 mülkiyyətində olan 0.20 ha torpaq sahəsi faktiki olaraq Cavabdeh tərəfindən tam olaraq istifadə olunur. Cavabdeh tərəfindən tikintisi aparılmış yaşayış evi qeyd olunan ölçülər daxilində 85.3 kv.m hissədə İddiaçı2, İddiaçı1 və X1 mülkiyyətində olan 0.20 ha torpaq sahəsind ə yerləşir.
46. Göründüyü kimi iş materialları ilə mübahisəli torpaq sahəsinin iddiaçılara məxsus olması və həmin torpaq sahəsində cavabdeh tərəfindən tikilmiş fərdi yaşayış evinin qanunsuz tikili olması öz təsdiqini tapsa da iddiaçılar həmin fərdi yaşayış evinin tikintisinə razılıq verdiklərini etiraf etmişlər.
47. Bununla bağlı qeyd edilməlidir ki, mübahisə predmeti olan ev iddiaçıların razılığı ilə tikildiyindən hazırkı iddianın verilməsi hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir. Belə ki, həmin fərdi yaşayış evi razılıq əsasında tikildiyindən onun sökülməsi yalnız ədalətli kompensasiya verilməklə tələb edilə bilərdi.
48. Apelyasiya instansiyası məhkəməsi bu halı nəzərə almamış və həmin hala hüquqi qiymət verməmişdir.
49. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apelyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərə uyğun əsaslandırılmamışdır.
50. Məhkəmə Ekspertiza Mərkəzinin tikinti-texniki ekspertizasının 14.05.2020-ci il tarixli rəyinin əsassız olması ilə bağlı kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edilməlidir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, hazırkı iş üzrə yuxarıda qeyd edilən ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olduğundan və ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən ekspert rəyi sübut kimi qəbul edilməlidir.
51. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinin məzmununa görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
52. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2750/2020 nömrəli iş üzrə 23 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.