Məhkəmə qərarları › İş №2(102)-2969/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2969/2023

09.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bor
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2969/2023 09.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (məruzəçi), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə İddiaçı Cavabdeh qarşı nisyə alqı-satqı müqaviləsindən yaranan pul tələbinə dair iddia ərizəsi ilə bağlı Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)696/2023 nömrəli iş üzrə 14 mart 2023-cü il tarixli qətnaməsindən cavabdehin kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İ ŞİN HALLARİ

1. Tərəflər arasında nisyə alqı-satqı müqaviləsindən irəli gələn münasibətlər mövcud olmuş, iddiaçı cavabdehə cəmi 9.996 manat dəyərində cücə satmışdır. 2. 09.04.2019-cu il tarixli satıcı İddiaçı, alıcı Cavabdeh, şahid X2 və Bələdiyyənin nümayəndəsi X5 tərəfindən nisyə alqı-satqı sazişi əsasında tərtib edilmiş Akta əsasən, sahibkar İddiaçı yuxarıda göstərilən şəxslərin iştirakı ilə, toyuq cücəsi, ördək cücəsi, qaz cücəsi sayca 7.080 (baş) ədəd və nisyə saziş üzrə hər bir ədədin qiyməti 60 AZN olmaqla 1 iyul 2019-cu il tarixli müddətə alıcı Cavabdeh satmış, alıcının satıcıya 4.248 AZN borcu qalmışdır. 3. 24.04.2019-cu il tarixli satıcı İddiaçı, alıcı X3, şahid X2 və Bələdiyyənin nümayəndəsi X5 tərəfindən nisyə alqı-satqı sazişi əsasında tərtib edilmiş Akta görə, sahibkar İddiaçı yuxarıda göstərilən şəxslərin iştirakları ilə, toyuq cücəsi, ördək cücəsi, qaz cücəsini sayca 9.580 (baş) ədəd olmaqla nisyə saziş üzrə (hər bir ədədinin qiyməti 60 AZN) 1 avqust 2019-cu il tarixli müddətə alıcı Cavabdeh satmış, alıcının satıcıya 5.748 AZN borcu qalmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən aktlar əsasında götürülmüş toyuq cücələrinin cəmi dəyəri 9.996 manat məbləğdə pulun və 120 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1710/2022 nömrəli iş üzrə 23 noyabr 2022ci il tarixli qətnaməsi ilə (hakim Sərxan Səmədzadə) iddianın təmin edilməsi, cavabdehdən 9.996 manat borc pul və 120 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslarına görə, cavabdeh iddiaçıdan cücələri təhvil aldığından, həmin cücələrə görə iddiaçıya pulu qaytarmasını sübut edə bilməmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

7. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti vermişdir.

8. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-696/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən (hakimlər Almaz Süleymanova (sədrlik edən və məruzəçi) Səyyad Qafari və Gülnar Cabbarova) apellyasiya şikayəti təmin edilməmiş, Xaçmaz Rayon Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmı şdır.

9. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, tərəflər arasında nisyə alqı-satqı müqaviləsindən irəli gələn münasibətlər olmuş, iddiaçı cavabdehə iddia olunan 9.996 manat dəyərində cücə satmış, lakin cavabdeh alınmış məhsulun dəyərini ödəməmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə aralarında yazılı akt mövcuddur və o, akt əsasında verilmiş cücələrin pullarını tələb edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sözügedən aktı cavabdeh yox, cavabdehin oğlu imzalamışdır. Apellyasi icraatı zamanı izahat verən cavabdeh təsdiq etmişdir ki, iddiaçıdan malı (cücələri) o, özü və onun razılığı ilə oğlu gedib, alıb gətirmişdir. Oğlu onun razılığı olmadan iddiaçıdan mal alıb gətirə bilməzdi. Göründüyü kimi, cavabdehin mübahələndirdiyi akt üzrə göstərilmiş mal (cücələr) nəticə etibarı ilə gətirilib cavabdehə verilmişdir. Bu göstərilənlər işin mübahisəsiz halı olmaqla, həmin aktların olub- olmaması iddianın əsaslığı baxımından əhəmiyyətini aradan qaldırır. Belə ki, qeyd edildiyi kimi cücələrin cavabdeh tərəfindən qəbul edilməsi cavabdehin etirafına əsasən aşkardır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işin mübahisə doğuran halı həmin malın (cücələrin) dəyərinin ödənilməsi ilə bağlıdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin oğlunun vasitəsilə iddiaçıdan cücələri təhvil almasını etiraf etməsi iddiaçını bu hissədə sübutetmə yükündən azad edir. Artıq alqı-satqının predmeti olan cücələr cavabdeh tərəfindən təhvil alındığından, Cavabdeh alıcı olaraq, satıcının əşyaya görə pulunu ödəmək borcunu daşıyır. Belə olan halda, Cavabdeh cücələrə görə satıcı İddiaçı pul ödəməsi alıcı tərəfindən sübuta yetirilməlidir. Məhkəmə kollegiyasının fikrincə, hazırkı iş üzrə cavabdeh iddiaçıdan cücələri təhvil aldığından, həmin cücələrə görə iddiaçıya pulu qaytarmasını sübut edə bilməmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

10. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan cavabdeh ondan kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılması haqqında qərar qəbul edilməsini xahiş etmişdir.

11. Kassasiya şikayətinin dəlillərinə görə, cavabdehin iddiaçıya borcu yoxdur. Belə ki, iddiaçının tələb etdiyi pulları ona ödəmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

13. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə

60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; Maddə

129. Məhkəmə qərarları və onların icrası İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. 14. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə

6. Ədalətli məhkəmə araşdırması hüququ

1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Maddə

567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; Maddə 600.1. Alğı-s atqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; Maddə 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur.

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 106.1. İşdə iştir ak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

18. Kassasiya şikayətində qətnamənin ləğvi xahiş edildiyi üçün, apellyasiya instansiyasının yekun məhkəmə aktı şikayətdə irəli sürülən dəlillər üzrə tam yoxlanılır.

19. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yaz ılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmçinin, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellylasiya instansiyası məhkəməsinin qətnaməsinin tam yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

21. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları və apellyasiya şikayətinin dəlilləri üzrə lazımi araşdırma aparılmış, sübutetmə yükü düzgün bölüşdürülmüş, sübutlara hüquqi qiymət verilmişdir.

22. Kassasiya şikayətinə münasibətdə qeyd edilməlidir ki, şikayətin dəlilləri əsassızdır. Belə ki, işin aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilmiş hallarına görə, şifahi qaydada bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən təhvil aldığı cücələrin dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən cavabdeh onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıdığı üçün, müqavilə üzrə iddiaçıya olan borcunu ödəməlidir.

23. Şikayətin cavabdehin iddiaçıya borcunun olmaması, iddiaçının tələb etdiyi pulları ona ödəməsi barədə konkret dəlilinə gəldikdə isə, mülki mühakimə icraatına çəkişmə prinsipi hakimdir, çəkişmə prinsipinin ümumi cəhətləri ikidir: 1. məhkəmə özü sübutları toplamı r, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; 2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir.

24. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların qiymətləndirilməsindən asılıdır.

25. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir.

26. Konstitusiya Məhkəməsinin Plenumu da bir sıra qərarlarında qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kim i istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərar və sair).

27. Bu mənada, əgər cavabdeh iddia çının ondan tələb etdiyi müqavilə üzrə yaranmış pul öhdəliyini icra etdiyini irəli sürürsə, o halda öz etirazının əsası kimi istinad etdiyi halları sübut etmə yükü də onun üzərinə düşür.

28. Lakin cavabdehin öz etirazının əsası kimi istinad etdiyi halların təsdiq olunması məqsədilə konkret hüquqi fakta istinad etməsi və bununla bağlı hər hansı mötəbər sübut təqdim etməsi aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilməmişdir, sözügedən hal iş materialları ilə təkzib olunmur.

29. Beləliklə, mülki işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

30. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-696/2023 nömrəli iş üzrə 14 mart 2023-cü il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar