Məhkəmə qərarları › İş №2(102)-2988/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2988/2021

26.04.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2988/2021 26.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək müqaviləsinin bağlanma anı, müddətli və müddətsiz əmək müqaviləsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçının vəkili Vəkil, Cavabdehin vəkili X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-8594/2020 nömrəli iş 27 noyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 26 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh MMC-nin (bundan sonra – cavabdeh və ya MMC) Satış Departamentində satış üzrə nümayəndə vəzifəsində işləyib. Cavabdeh 316/K nömrəli əmri ilə iddiaçı ilə olan əmək müqaviləsini ləğv etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh 316/K saylı əmrin qəbul edilməsinin əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndini göstərmişdir (əmək müqaviləsinin müddətinin qurtarması). Halbuki, tərəflər arasında bağlanmış 01.04.2019-cu il tarixli əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə görə müddətsiz sayılır. Tərəflər arasında bağlanmış əmək müqaviləsində əmək müqaviləsi müddətli qeyd olunsa da, müqavilənin hansı müddətədək bağlandığı göstərilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı göstərmişdir ki, onunla əmək müqaviləsi bağlanarkən ona müqavilənin bir surəti verilməmişdir. Əmək müqaviləsinin surətini o, məhkəmə prosesi başlanandan sonra vəkili vasitəsi ilə cavabdehin işçisi - Yasər adlı şəxsdən almışdır. Cavabdehin nümayəndəsi X1 məhkəməyə sənədləri təqdim edəndən sonra ona aydın olmuşdur ki, onda olan müqavilə ilə cavabdeh tərəfindən təqdim olunmuş mü qavilə arasında ciddi uyğunsuzluq var. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında göstərmişdir ki, iddiaçının dəlilləri əsassızdır. Belə ki, onunla əmək müqaviləsi ilkin olaraq 3 ay müddətinə: 01.04.2019-cu il tarixdən 01.07.2019-cu il tarixədək bağlanmış və sonradan müqavilənin müddəti hər üç ay avtomatik olaraq uzadılmışdır. Müqavilə avtomatik olaraq uzadılarkən iddiaçı ilə yenidən hər hansı müqavilənin bağlanmasına və ya onun xəbərdar edilməsinə ehtiyac yox idi. Müqavilə bağlanılarkən müvafiq məlumatlar mərkəzləşdirilmiş elektron informasiya sisteminə yerləşdirilmiş və həmin sistemdən çıxarışdan görünür ki, müqavilə müddətlidir və 01.04.2019-cu il tarixdən 01.07.2019-cu il tarixədək bağlanılmışdır. İddiaçının təqdim etdiyi əmrdən çıxarışda tarix olaraq 03.06.2020-c i il göstərilmişdir. Bu texniki səhvdir və işəgötürən tərəfindən düzəldilib. İddiaçıda müqavilənin hansı müddətə bağlanmılması göstərilməyən əmək müqaviləsinin olmasına gəldikdə, ola bilsin ki, müqavilə iddiaçının özü tərəfindən saxtalaşdırılıb və ya bu da texniki səhvdir, lakin əsas odur ki, doğru məlumatlar sistemə yerləşdirilmişdir. İddiaçıya müqavilə bağlanarkən müqavilənin bir nüsxəsinin verilib-verilməməsi barədə məlumatı yoxdur. Amma hər bir halda müqavilənin bir nüsxəsini tələb etmək işçinin özünün vəzifəsi idi. İddiaçı cavabdeh şirkətdə Satış üzrə nümayəndə vəzifəsində işləyib və onun iş funksiyaları daimi xarakter daşımayıb və ona görə də, onunla müddətsiz əmək müqaviləsinin bağlanması üçün heç bir əsas yox idi. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin (hakim Nigar Nəbizadə) 28 a vqust 2020ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsinin İ hissəsinə, Əmək Məcəlləsinin 83.2, 44, 45-ci maddələrinə, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dаir” Azərbаycаn Respublikаsı Konstitusiyа Məhkəməsinin Plenumunun 15 iyul 2011-ci il tаrixli qərаrına istinad edərək gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəməyə eyni gündə iki fərqli əmək müqaviləsi təqdim edilmiş: iddiaçı tərəfindən təqdim edilmiş əmək müqaviləsinin surətində yalnız kompyuter vasitəsilə çap olunmuş məlumatlar, cavabdeh tərəfindən təqdim olunmuş eyni müqavilənin MMC tərəfindən təsdiq olunmuş surətində isə əlyazma ilə icra edilmiş əlavə məlumatlar da mövcuddur. İddiaçı tərəfi ndən təqdim edilmiş əmək müqaviləsində müqavilənin müddətli olması qeyd olunsa da, müqavilənin hansı müddətə bağlanması qeyd olunmamışdır. Cavabdeh tərəfindən təqdim olunmuş nüsxədə isə əlyazma ilə müqavilənin 01.04.2019-cu il tarixdən 01.07.2019-cu il tarixədək 3 ay müddətinə bağlanması göstərilmişdir. Eyni zamanda iddiaçıda olan və onun tərəfindən məhkəməyə təqdim edilən Cavabdeh MMC-nin 316/K saylı əmrdən çıxarışının əsli 03.06.2020-ci il tarixli (07.07.2020-ci il tarixdə tərtib edilmiş), cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş eyni çıxarışın əsli isə 03.07.2020-ci il tarixlidir (10.08.2020-ci il tarixdə tərtib edilmiş). Məhkəmə hesab etmişdir ki, tərəflər arasında bağlanmış Əmək müqaviləsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada MMC-nin qanuni təmsilçisi X6 tərəfindən imzalansa da, iddiaçının əmək müqaviləsinə xitam verilməsinə dair 03 iyul 2020-ci il tarixli, 316/K saylı əmri əmrdən çıxarışdan vəzifəsi aydın olmayan Araz Əliyev tərəfindən imzanın qabağından xətt çəkilməklə imzalanmışdır. Halbuki, həmin şəxsin əmək müqaviləsinə xitam verilməsinə dair əmri təkbaşına imzalamağa səlahiyyətli olub-olmaması məsələsi kənara qoyulsa belə, sənədi “əvəzinə” sözünü yazmaqla və ya vəzifənin adının qabağına xətt çəkməklə imzalamaq qanunvericiliklə qadağan edilib. Bundan başqa məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş əmək müqaviləsinin surətindən görünür ki, həmin əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməyib. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi əvvəl həmin müqavilənin iddiaçı tərəfindən saxtalaşdırılmasını iddia etdi, sonra isə ehtimal etdi ki, əmək müqaviləsində məlumatların tam qeyd olunmaması texniki səhvdir və hər bir halda məlumatlar mərkəzləşdirilmiş elektron informasiya sisteminə vaxtında və düzgün formada yerləşdirilmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin dəlilləri ilə razılaşmayaraq qeyd etmişdir ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş əmək müqaviləsinin nüsxəsində əlavə məlumatların əlyazma ilə boş bəndlərə yazılması, müqavilədə qeyd olunan digər, mübahisə doğurmayan məlumatların isə hər iki müqavilədə kompyuter vasitəsilə yazılması və identik olması, məhkəmədə cavabdeh tərəfindən təqdim olunmuş nüsxənin həqiqiliyində şübhə yaradır. İddiaçının müqaviləni saxtalaşdırmaq kimi niyyəti olsa idi, müqavilədə müqavilənin müddətli bağlanması bəndində də müəyyən dəyişikliklər edə bilə rdi. Bununla yanaşı məhkəmə cavabdeh MMC-nin nümayəndəsinin işçinin onunla əmək müqaviləsi bağlanarkən müqavilənin bir nüsxəsini alıb-almamasının işəgötürənin deyil, işçinin vəzifəsi olması barədə dəlilləri ilə də razılaşmayaraq qeyd etmişdir ki, Əmək Məcəlləsinin 44-cü maddəsinə əsasən, əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. İşəgötürən işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olaraq eyni zamanda təşkilati-sərəncamverici səlahiyyətlərə malik olduğundan, əmək müqaviləsi bağlanarkən və müqaviləyə xitam verilərkən qanunvericilikdə nəzərdə tutulmuş qaydaların gözlənilməsi üçün işçiyə nisbətən daha çox məsuliyyət daşıyır. Cavabdeh qətnamədən apelly asiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Namiq Cəfərov - sədrlik edən və məruzəçi, Emin Mehdiyev, Elmira Nağıyeva) 27 noyabr 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, əmək müqaviləsinin işçidə olan nüsxəsi öz hüquqi əhəmiyyətinə görə həmin müqavilənin işəgötürəndə olan nüsxəsindən geri qalmır. Belə ki, əmək müqaviləsinin iki nüsxədən az olmayaraq tərtib olunması və onun bir nüsxəsinin işçidə saxlanılması qanunun göstərişidir (Əmək Məcəlləsi, maddə 44, hissə 3). Apellyasiya şikayətinin dəlillərinə qiymət verən məhkəmə qeyd etmişdir ki, müqavilənin iddiaçıda olan nüsxəsinin kserosurət olması mübahisənin həllində onun əhəmiyyətini azaltmır. Belə ki, Mülki-Prosessual Məcəllənin 89.2-ci maddəsində qeyd olunub: “Faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun”. Bu maddədə sair üsulla deyiləndə surətçıxaran aparatın köməyi ilə əldə edilmiş material da nəzərdə tutulur. Müqavilənin iddiaçıda olan nüsxəsinin kserosurəti üzərində onun saxtalığına işarə edən heç bir əlamət yoxdur. Müqavilənin müvafiq vərəqində (müddət göstərilən vərəqində) imzanın kserosurəti də əks olunub. Bu səbəbdə də apellyasiya instansiyası məh kəməsi onun həqiqi (yəni müqavilənin surətçıxaran aparat vasitəsilə əldə edilmiş əksi) hesab etmiş və yazılı sübut kimi qəbul etmişdir. İddiaçı müqavilənin nüsxəsininin (kserosurətini) ona cavabdeh tərəfindən təqdim edildiyini qeyd etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, əgər cavabdeh əmək müqaviləsinin orijinal nüsxəsini iddiaçıya təqdim etdiyini sübut edərsə, belə halda məhkəmə iddiaçının təqdim etdiyi kserosurəti sübut kimi qəbul etməyə bilər. Belə ki, bu kimi mübahisələrdə əmək müqaviləsinin orijinal nüsxəsinin işçiyə təqdim edildiyini sübut etmə vəzifəsi işəgötürənin üzərinə düşür. Çünki, o, iqtisadi baxımdan daha güclü tərəf olmaqla təşkilati-sərəncamverici səlahiyyətə malikdir. Əmək müqaviləsinin bir nüsxəsinin işçidə saxlanılması barədə qanunun göstərişi (Əm ək Məcəlləsi, maddə 44, hissə 3) öz mahiyyətinə görə həm də işəgötürənin üzərinə müqavilənin nüsxəsini işçiyə təqdim etmək vəzifəsi qoyur. Lakin cavabdeh əmək müqaviləsinin orijinal nüsxəsini iddiaçıya təqdim etdiyini təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. Deməli, işəgötürən həmin kserosurəti əmək müqaviləsinin nüsxəsi kimi işçiyə təqdim edib. Apellyasiya instansiyası məhkəməsi həmçinin hesab etmişdir ki, əmək müqaviləsinin işçidə olan nüsxəsi ilə işəgötürəndə olan nüsxəsinin arasında ziddiyyət yarandıqda işçidə olan nüsxəyə üstünlük verilməlidir. Belə ki, birinci, əmək hüququ konstitusion hüquqdur, ziddiyyət konstitusion hüququn xeyrinə həll olunmalıdır. İkinci, əmək müqaviləsinin ləğv edilməsi əmək münasibətlərində işçiyə ən ağır maddi-mənəvi məhrumiyyət yaradan tədbirdir, ziddi yyət əmək müqaviləsinin ləğvi ilə bağlı olduğuna görə işçinin xeyrinə həll olunmalıdır. Üçüncü, işçi ilə müqayisədə işəgötürən iqtisadi baxımdan daha güclü tərəf olmaqla təşkilati-sərəncamverici səlahiyyətə malikdir, belə ziddiyyətin yaranmamasına görə məsuliyyət daşıyır, ona görə də ziddiyyət işəgötürənin əleyhinə həll olunmalıdır. Qeyd edilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, əmək müqaviləsi müddətli olmadığından müddətin qurtarmasına görə onun ləğv edilməsi qanunsuz olub. Ona görə də Əmək Məcəlləsinin 300-cü maddəsinin göstərişinə əsasən birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, m əhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh (vəkil X4) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsi haqqında məlumatlar 01.04.2019-cu il tarixində, yəni iddiaçı ilə əmək müqaviləsi bağland ığı gün elektron informasiya sisteminə daxil edilmişdir ki, bu məlumatlarda hər hansı bir dəyişiklik edilməsi Cavabdeh MMC-nin iradəsindən asılı deyil və qeyri-mümkündür. Məhkəməyə təqdim edilmiş “Əmək müqaviləsinin bağlanması ilə bağlı X5”ndən də aydın olur ki, 01.04.2019-cu il tarixində yerləşdirilmiş müvafiq məlumatlarda iddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddəti 3 ay müəyyən edilmişdir. Lakin işə baxan apellyasiya instansiyası məhkəməsi bu kimi təkzib edilməsi mümkün olmayan halları nəzərə almamış və yalnız iddiaçı tərəfindən məhkəınəyə təqdim edilmiş və ksero-surətdən ibarət olan əmək müqaviləsinə istinad etməyi daha doğru hesab etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdehin vəkili X4 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. İddiaçının vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə

44. Əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. Maddə

45. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdir sə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Maddə 83.2 Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 407.2 Sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məh kəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri bağlı məhkəmə kollegiyası qeyd edir ki, əmək müqaviləsi ndə onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Baxılan işdə əmək müqaviləsinin işçidə olan nüsxəsi imzalanıb, sadə yazılı müqavilə isə imzalandığın andan bağlanmış sayılır (Mülki Məcəllə, maddə 407.2). Müqavilə imzalanarkən onun məzmununda müddət olmayıb, deməli, müqavilə müddət göstərilmədən bağlanıb. Müqavilənin bağlanma anı ilə onun qüvvəyə minmə anı eyniləşdirilməli deyil. Belə ki, əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi elektron informasiya sistemində qeydiyyatdan asılı edilib (Əmək Məcəlləsi, maddə 49, hissə 1), lakin bağlanma anı qeydiyyatdan asılı deyil, müqavilə imzalandığı andan bağlanmış sayılır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişd irilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-8594/2020 nömrəli iş 27 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar