Məhkəmə qərarları › İş №2(102)-2992/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2992/2024

11.09.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2992/2024 11.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: işdən çıxarılma barədə əmrin ləğvi, işə bərpa, məcburi iş buraxmaya görə itirilmiş əməkhaqqının və dəymiş mənəvi ziyanın ödənilməsi,əmək müqaviləsinin müddətinin qurtarması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı “işdən çıxarılma barədə əmrin ləğvi, işə bərpa, məcburi iş buraxmaya görə itirilmiş əmək haqqının və dəymiş mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli 2(103)-1966/2024 nömrəli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və maraqlı şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutunun ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə 11 sentyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı (bundan sonra mətndə-iddiaçı) məxsus əmək kitabçasına əsasən, o, xx.xx.2021-ci il tarixdə Azərbaycan Milli Elmlər Akademiyasının (bundan sonra mətndəAMEA) Torpaqşünaslıq və Aqrokimya İnstitutunun icraçı direktoru vəzifəsinə təyin ed ilmişdir. 2. "Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi Cavabdeh adlandırılmış, Azərbaycan Milli Elmlər Akademiyasının Cavabdeh tabeliyinə verilən elmi müəssisə və təşkilatlarının, habelə digər qurumlarının siyahısı təsdiq edilmişdir. AMEAnın Torpaqşünaslıq və Aqrokimya İnstitutu Cavabdeh tabeliyinə verilmişdir.

3. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xx.xx.2023-cü il tarixli, 329/3-1- 800K/2023 saylı əmrinə əsasən İddiaçı ilə bağlanılmış xxxxxxx000500 nömrəli əmək müqaviləsinə "AR ƏM-nin 68.2 "b”- əmək müqaviləsinin müddətinin qurtarması maddəsinə əsasən xx.xx.2023-cü il tarixdən xit am verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: Birinci instansiya məhkəməsində icraat:

4. İddiaçı iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, onun Cavabdeh Torpaqşünaslıq və Aqrokimya İnstitutunun icraçı direktoru vəzifəsindən azad olunmasına dair xx.xx.2023-cü il tarixli, 3-29-/3-1-800K/2023 saylı əmək müqaviləsinə xitam verilməsi barədə Cavabdeh (bundan sonra “cavabdeh” və ya “Elm və Təhsil Nazirliyi”) əmrinin ləğv olunması, Nazirliyin Torpaqşünaslıq və Aqrokimya İnstitutunun icraçı direktoru vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxmasına görə əmək haqqının tam şəkildə birdəfəlik ödənilməsi, qanuni hüquqlarının pozulduğuna görə ona dəymiş mənəvi ziyanın əvəzi olaraq 50000 manat məbləğində pulun, eyni zamanda vəkil xidmətlərindən istifadə etməsi üçün ödədiyi 120 manat pulun və vəkilə etibarnamə vermək üçün Dövlət Notariusuna ödədiyi 17,25 manat pulun Cavabdehndən tutularaq ona ödənilməsinin barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2021-ci il tarixdə AMEA Rəyasət Heyətinin qərarına əsasən hazırda Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutunun icraçı direktoru vəzifəsinə təyin olunmuş, Elm və Təhsil Nazirinin xx.xx.2023-cü il tarixli, 3-29-13-1-800K/2023 saylı əmrinə əsasən heç bir qanuni əsas olmadan, tamamilə qanunsuz olaraq, xx.xx.2023-cü il tarixdən onun əmək müqaviləsinə xitam verilmiş və heç bir qanuni əsas olmadan vəzifəsindən azad olunmuşdur.

6. Elm və Təhsil Nazirliyi xx.xx.2022-ci il tarixdə öz tabeliyində olan elmi müəssisə, təşkilat və qurumlara ünva nladığı məktubda bildirmişdir ki, "Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Fərmanı ilə elm sahəsində dövlət siyasətinin və tənzimlənməsinin həyata keçirilməsi, elmi müəssisə və təşkilatların elmi fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndiniməsi ilə bağlı səlahiyyətlər Elm və Təhsil Nazirliyinə həvalə edilmişdir. Ölkə Prezidentinin digər Fərmanı ilə AMEA-nın Cavabdeh tabeliyinə verilən elmi müəssisə və təşkilatlarının, habelə digər qurumlarının siyahısı təsdiq edilmişdir. Ümumilikdə, 37 müəssisə təşkilat və qurumlar üzrə səlahiyyətlərin icrası Nazirliyə həvalə edilmişdir. Bu müəssisə, təşkilat və qurumlarda müddətli əmək müqaviləsi ilə çalışan r əhbər heyət ilə hazırda qüvvədə olan Nizamnamə və Əsasnamələrə uyğun olaraq müqavilə müddətinin 2023-cü ilin yanvar ayının 31-dək uzadılması, eyni zamanda, elmi müəssisə təşkilat və qurumların fəaliyyətində vakant saxlanması fasilələr yarada biləcək vəzifələr (maliyyə-təsərrüfat) istisna olmaqla, digər vəzifələr üzrə işə qəbulun müvəqqəti dayandırılması, xüsusi zərurət olduğu halda 2023cü ilin yanvar ayının 31-dək müddətli əmək müqaviləsi ilə təyinatın aparılması məqsədəmüvafiq hesab edilir". Lakin 31 yanvaradək əsasnamələr təsdiq olunmadığından bu müddət iyun ayınadək uzadılmışdır. Bu müddət ərzində də əsasnamələr təsdiq olunmadığından müqavilə müddətləri qeyri-müəyyən müddətədək uzadılmışdır. X6 Elm və Təhsil Nazirliyini də aldadaraq, xx.xx.2021-ci ildə AMEA Rəyasət Heyəti ilə iddiaçı arasında bağlanan müqavilənin, belə bir müqavilənin faktiki olmamasına baxmayaraq bitmə tarixə əsaslanaraq, həmin tarixdən iddiaçının işdən azad edilməsinə nail olmuşdur. Unutmuşlar ki, göstərilən əmək müqavilələri bütün rəhbər işçilər üçün Prezidentin fərmanından sonra qüvvədən düşmüş və elə bu səbəbdən yuxarıda sadalanan müddətlərədək əmək müqavilələri uzadılmışdır.

7. AMEA Rəyasət Heyəti ilə bağlanan və Prezident fərmanı ilə qüvvədən düşmüş və göstərilən səbəblərdən Elm və Təhsil Nazirliyi tərəfindən də qeyri-müəyyən müddətədək (Elm və Təhsil Nazirliyinin yanında "Elm və Ali Təhsil üzrə X3 Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2023-cü il tarixli Fərmanı ilə təsdiq olunmuşdur. Yəni əmək müqavilələrinin müddətləri faktiki xx.xx.2023-cü il tarixə kimi uzadılmışdır) uzadılan əmək m üqaviləsinə (xx.xx.2021-ci il) yenidən istinad edilərək iddiaçının işinə xitam verilməsi heç bir məntiqə sığmayan qanun pozuntusudur. Elm və Təhsil Nazirliyinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, R16902/02/11-24 saylı məktubunda qeyd olunmuşdur ki, "Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər” haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli, 1769 nömrəli Fərmanına əsasən elm sahəsində dövlət siyasətinin və tənzimlənmənin həyata keçirilməsi elmi müəssisə və təşkilatların elmi fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi ilə bağlı səlahiyyətlər Elm və Təhsil Nazirliyinə həvalə edilmiş, AMEA-nın bir sıra elmi müəssisə və təşkilatları Nazirliyin tabeliyinə verilmişdir. Eyni zamanda AMEA yenidən təşkil olunaraq öz fəaliyyətini müstəqil qurum olaraq davam etdirir. Qeyd olunanlara əsasən Nazirliyin yeni əsasnaməsinin və AMEA-nın yeni nizamnaməsinin hazırlandığını nəzərə alaraq, qaldırılan məsələyə adıçəkilən sənədlər təsdiq edildikdən sonra baxılmasını məqsədəmüvafiq hesab edirik”.

8. Elm və Təhsil Nazirliyinin Əsasnaməsi və Nazirliyin yanında Elm və Ali Təhsil üzrə X3 Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2023-cü il tarixli Fərmanına əsasən təsdiq olunmuşdur. Bu tarixdən sonra təsdiq edilmiş əsasnaməyə uyğun olaraq Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin strukturu formalaşdırılacaqdır. İddiaçının Elm və Təhsil Nazirliyi ilə heç bir əmək müqaviləsi olmadığından, (yeni əsasnamələr təsdiq olunmadığından) onun işdən azad olunmasına səbəb onun Elm və Təhsil Nazi rliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru Əlövsət Quliyevin cinayət əməllərini ifşa etməyə cəhd etməsi olmuşdur.

9. İddiaçı tələbinin hüquqi əsası kimi Əmək Məcəlləsinin 12, 68, 84, 195, 197, 292, 294, 296 və 300-cü maddələrinin müvafiq hissə və bəndlərinə istinad etmişdir.

10. Cavabdehin nümayəndəsi iddiaya etiraz edərək göstərib ki, əmr müqavilənin müddəti bitdiyi üçün verilmişdir, iddiaçıya qarşı qərarəzli yanaşma olmamışdır.

11. Nərimanov Rayon Məhkəməsinin 2(005)-3494/2023 nömrəli, 24 noyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilmiş, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə 68.2 "b”- əmək müqaviləsinin müddətinin qurtarması maddəsinə əsasən xitam verilməsi barədə 04 iyul 2023-cü il ta rixli, 3-29-/3-1-800K/2023 saylı əmrin ləğv edilməsi, İddiaçı əvvəlki vəzifəsinə bərpa edilməsi, Cavabdeh tərəfindən İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi, hüquqi yardım göstərilməsinə görə vəkilə ödənilmiş pulun əvəzi olaraq 120 manat və vəkilə etibarnamə verilməsi üçün ödənilmiş pulun əvəzi olaraq 17,25 manat məbləğində pulun cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyindən tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Ramin Quliyev).

12. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı xx.xx.2021-ci il tarixdə AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun icraçı direktoru vəzifəsinə təyin edilmiş, "Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi i lə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2022-ci il tarixli Fərmanı ilə elm sahəsində dövlət siyasətinin və tənzimlənməsinin həyata keçirilməsi, elmi müəssisə və təşkilatların fəaliyyətlərinin əlaqələndirilməsi və istiqamətləndirilməsi ilə bağlı səlahiyyətlər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə həvalə olunmuşdur. Həmin Fərmanla təsdiq olunmuş “Azərbaycan Milli Elmlər Akademiyasının Cavabdeh tabeliyinə verilən elmi müəssisə və təşkilatlarının, habelə digər qurumlarının Siyahısı”nın 1.23-cü maddəsində Torpaqşünaslıq və Aqrokimya İnstitutu da göstərilmişdir. Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsini 68-ci maddəsinin ikinci hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir.

13. Birinci instansiya məhkəməsi iş materiallarına əsasən onu da müəyyən etmişdir ki, Elm və Təhsil Nazirliyi tərəfindən xx.xx.2022-ci il tarixdə öz tabeliyində olan elmi müəssisə, təşkilat və qurumlara ünvanlanan məktuba görə Elm və Təhsil Nazirliyinin tərkibinə verilən müəssisə, təşkilat və digər qurumlarda müddətli əmək müqaviləsi ilə çalışan rəhbər heyət ilə qüvvədə olan Nizamnamə və Əsasnamələrə uyğun olaraq müqavilə müddətinin 2023-cü ilin yanvar ayının 31-dək uzadılması məqədəmüvafiq hesab edilir. Lakin bu müddətədək əsasnamələr təsdiq olunmadığına görə bu müddət iyun ayına qədər uzadılmış və yenə bu müddət ərzində də əsasnamə və nizamnamələr təsdiq olunmamışdır.

14. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən hesab etmişdir ki, iddiaçı AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun icraçı direktoru vəzifəsini icra etdiyi müddətdə qüvvədə olan əmək müqaviləsinə xitam verilməsi Torpaqşünaslıq və X4 və Təhsil Nazirliyinin tabeliyinə verilməsi "Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2022-ci il tarixli Fərmanı ilə əlaqədar olaraq Nizamnamə və Əsasnamələrin təsdiq edilməsi prosesi yekunlaşdırılmadığı üçün Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilə bilməz. Cavabdehin iddiaçı ilə bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b” bəndinə əsasən xitam verilməsi səlahiyyətinə malik olması üçün iddiaçının əmək müqaviləsinə xitam verildiyi xx.xx.2023-cü il tarixdə Elm və Təhsil Nazirliyinin Əsasnaməsi və Cavabdeh yanında “Elm və Ali Təhsil üzrə X3” təsdiq edilməli idi.

15. Birinci instansiya məhkəməsi qeyd edilənlərə əsasən belə nəticəyə gəlmişdir ki, işə bərpa hissəsində iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir.

16. Birinci instansiya məhkəməsinin mövqeyinə görə hüquqi yardıma görə vəkilə ödənilmiş 120 manat, eləcə də vəkilə etibarnamə verilməsi üçün ödənilmiş 17,25 manat pulun cavabdehdən tutulması hissəsində də iddia tələbi əsaslıdır. Çünki iş materiallarına əsasən iddiaçı tərəfindən ona hüquqi yardım göstərilməsi üçün “Yusifbəyli və Partnyorları” vəkil bürosunun hesabına 120 manat məbləğində pul köçürülmüş, vəkilə etibarnamə verilməsi üçün 17,25 manat məbləğində ödəniş edilmişdir.

17. Birinci instansiya məhkəməsi iddia tələbinin mənəvi zərər hissəsinə münasibətdə isə qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkətləri və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirinin olmasını təsdiq edən hər hansı mötəbər sübut təqdim olunmamışdır. Buna görə də iddia tələbi mənəvi zərər hissədə təmin olunmamalıdır..

18. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Əmək Məcəlləsinin 45, 68, 73, 76cı, Mülki Prosessual Məcəllənin 77.1-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına və "Mənəvi zərərin ödənilməsi barədə qanunvericili yin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

19. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddia tələbini rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı 2022-ci ilin aprel-may aylarından başlayaraq institut daxilində öz vəzifə səlahiyyətlərinə aid olmayan məsələrlə məşğul olmuş, fəaliyyətindəki nöqsanların aradan qaldırılması və kollektivlə normal rəftar etməsi ondan tələb olunmuşdur. İddiaçı dəfələrlə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, fəaliyyətindəki nöqsanları aradan qaldırmaq əvəzinə, institutun normal işini pozmaqda davam etmişdir. İddiaçı tabeçilik prinsiplərinə əməl etməmiş, üzərinə qoyulan vəzifələrin yerinə yetirilməsindən nümayişkarənə şəkildə imtina etmişdir. Onun bu hərəkətləri İnstitutun normal fəaliyyətinə mənfi təsir etmişdir. İddiaçının qanunsuz hərəkətləri barədə 16 may 2022-ci il tarixdə AMEA prezidenti vəzifəsini icra edən akademik Arif Həşimova məlumat verilmiş, iddiaçının tutduğu vəzifədər azad edilməsi xahiş edilməklə və tərtib olunmuş sənədlər baxılması üçün A.Həşimova göndərilmişdir. AMEA tərəfindən onun barəsində heç bir tədbir görülməmiş, tərtib olunmuş sənədlər müzakirəyə belə çıxarılmamışdır. Bu da İnstitutun imicinə böyük zərbə vurmuşdur. AMEA prezidenti vəzifəsini icra edən akademik Arif Həşimov iddiaçı barəsində tədbir görmək əvəzinə iddiaçı ilə AMEA arasında bağlanmış əmək müqavi ləsinin müddəti bitən gün iddiaçıya əmək məzuniyyəti verilməsi barədə sərəncam vermiş və sərəncamda işə çıxma vaxtı olaraq 02 sentyabr 2022-ci il tarix göstərilmişdir. İddiaçı məzuniyyətdən sonra işə çıxmamış, bu barədə sənədlər tərtib olunaraq AMEA rəhbərliyinə göndərilmişdir. İddiaçının qanunsuz hərəkətləri barədə İnstitutun baş direktoru Əlövsət Quliyev tərəfindən AMEA rəhbərliyinə müraciətlər olmuş, işə çıxmadığına və əmək müqaviləsinin uzadılıbuzadılmaması barədə müqavilənin olub-olmaması barədə məlumatsız olduğu üçün Baş Direktor iddiaçıya əmək haqqı verilməsini dayandırmış və bu barədə AMEA rəhbərliyinə məlumat verilmişdir. Sonra AMEA rəhbərliyinin göstərişinə əsasən iddiaçının əmək haqqı ödənilmişdir. İddiaçının əmək intizamını pozması ilə bağlı Torpaqşünaslıq və X2 Təşkilatının qə rarı da olmuşdur. 03 oktyabr 2022-ci il tarixdə AMEA Rəyasət Heyəti aparatının Hüquq şöbəsinin müdiri Vəkil1 İnstitutun baş direktoruna ünvanladığı məktubda qeyd edilmişdir ki, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun icraçı direktoru olan iddiaçı arasında 06 iyul 2022-ci il tarixində 2 ay müddətində bağlanmış əmək müqaviləsinin bitmə tarixi 06 sentyabr 2022-ci il tarixi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 28 iyul 2022-ci il tarixli 1769 nömrəli Fərmanına əsasən Torpaqşünaslıq və X5 və Təhsil Nazirliyinin tabeliyinə verilmiş və Azərbaycan Respubluikası Nazirlər Kabinetinin 30 sentyabr 2022-ci il tarixli, 374 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Mill Elmlər Akadeniyyasının sturukturunun siyahısında Torpaqşünaslıq və Aqrokimya İnstitutunun adının olmaması səbəbl ərindən İnstitutun baş direktoru və icraçı direktoru ilə bağlı əmək münasibətlərinə baxılması AMEA rəhbərliyinin səlahiyyətləri xaricində olmuşdur. Hazırda Torpaqşünaslıq və Aqrokimya İnstitutunun rəhbər vəzifəli şəxsləri ilə əlaqədar əmək münasibətləri ilə bağlı məsələlər Elm və Təhsi Nazirliyinin səlahiyyətlərinə daxildir. Bundan sonra İnstitutun Baş direktoru Əlövsət Quliyev tərəfindən iddiaçının qanunsuz hərəkətləri barədə mütəmadi olaraq Elm və Təhsil Nazirliyi məlumatlandırılmışdır. İddiaçı uzun müddətdir işə gəlməyib, gələndə də bir neçə saatlığa gəlib- gedib, işə gəlmədiyini gizlətmək məqsədi ilə “turniket”dən keçməyib, bu tələbə əhəmiyyət belə verməyib, ona irad tutanda isə, heç kimi saymadığını nümayişkarənə şəkildə bildirib, bu da kollektivdə mənfi qarşılanıb. Məhkəmə işə baxa rkən Torpaqşünaslıq və Aqrokimya İnstitutunu işdə iştirak etməyə cəlb etməli idi. Lakin məhkəmə bunu etməmişdir. Qətnamə bilavasitə Torpaqşünaslıq və Aqrokimya İnstitutunun hüquq və vəzifələrinə toxunur. Çünki icraçı direktorun vəzifəyə təyin olunması Baş direktorun təqdimatı əsasında həyata keçirilir. İcraçı direktorun işə bərpa olunması birbaşa Torpaqşünaslıq və Aqrokimya İnstitutunun hüquqlarına toxunur. Əmək müqaviləsinin müddətinin qurtarması əsasına görə əmək müqaviləsinə xitam verilə bilər. Göründüyü kimi iddiaçıyla bağlanmış əmək müqaviləsinin müddəti 06 iyul 2023-cü il tarixdə başa çatmışdır. Azərbaycan Respublikası Prezidentinin 28 iyul 2022-ci il tarixli 1769 nömrəli Fərmanına əsasən Torpaqşünaslıq və X5 və Təhsil Nazirliyinin tabeliyinə verilmişdir. Həmin vaxtdan da AMEA Torpaq şünaslıq və Aqrokimya İnstitutunun idarə edilməsi Elm və Təhsil Nazirliyinin səlahiyyətinə verilmişdir.

21. Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu da apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddia tələbini rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

22. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. İddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinin müddətinin başa çatmasını nəzərə alaraq, Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutunun icraçı direktorunun əmək müqaviləsinə xx.xx.2023-cü il tarixli, 329-/3-1-800K/2023 saylı əmri ilə xitam verilmişdir. İşə baxan məhkəmə hesab etmişdir ki, Torpaqşünaslıq və X1 təsdiq edilmədiyindən icraçı direktorun ə mək müqaviləsinə xitam verilə bilməzdi. Mhkəmənin bu mövqeyi hüquqi əsası olmayan formal mülahizələrə əsaslanmışdır. Qanunlar, fərmanlar və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda onların rəsmi dərc edildiyi gündən qüvvəyə minir. Qeyd edilən qanunun tələbinə uyğun olaraq, xx.xx.2022-ci il tarixli, 1769 saylı Fərman dərc edildiyi gündən orada qeyd edilən səlahiyyətlər Elm və Təhsil Nazirliyinə verilmişdir. Lakin məhkəmə qətnamədə qeyd etmişdir ki, əmr İnstitutun Nizamnaməsi təsdiq edilmədən verildiyindən Elm və Təhsil Nazirliyinin iddiaçının əmək müqaviləsinə xitam verilməsi qanunsuz olmuşdur.

23. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1966/2024 saylı, 1 may 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3494/2023 nömrəli, 24 noyabr 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. (hakimlər Sabit Bəhrəmzadə (sədrlik edən və məruzəçi), Elnur Həsənov, Xumar Mərdanova)

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyin razılaşaraq qeyd etmişdir ki, iddiaçı AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda icraçı direktoru vəzifəsində işləmiş, Azərbaycan Respublikasının Prezidentinin müvafiq fərmanı ilə Torpaqşünaslıq və X5 və Təhsil Nazirliyinin tabeliyinə keçdikdən sonra, sonuncu tərəfindən əsassız olaraq iddiaçı ilə həmin orqan arasında hər hansı bir əmək müqaviləsi bağlanılmadan, iddiaçı ilə AMEA-nın Rəyasət Heyəti arasında bağlanan 06 iyul 2021-ci il tarixli əmək müqaviləsinə xitam verilmişdir. Halbuki bütün əmək müqavilələri, eyni zamanda iddiaçı AMEA-nın Rəyasət Heyəti arasında bağlanan 06 iyul 2021-ci il tarixli əmək müqaviləsi "Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2022-ci il tarixli Fərmanı ilə qüvvədən düşmüşdür. Bu səbəbdən Fərmanda əmək müqavilələrinin müddətinin Elm və Təhsil Nazirliyinin Əsasnaməsi təsdiq edilənədək uzadılması göstərilmişdir. Lakin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Əsasnaməsi 24 iyul 2023-cü il tarixdə təsdiq edilməsinə baxmayaraq Nazirliyin iddiaçı ilə əmək müqaviləsinə xitam verərkən 06 iyul 2021-ci il tarixli əmək müqaviləsinə istinad etməsi əsassız olmuşdur. El m və Təhsil Nazirliyi iddiaçıya münasibətdə iddiaçıyla əmək müqaviləsinə artıq onun işəgötürəni olmayan şəxs olaraq onlar tərəfindən xitam verilmişdir.

25. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, Əmək Məcəlləsinin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri sırasındadır (Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin “b” bəndi). Mülki dövriyyə iştirakçıları arasında mövcud olan bir sıra digər münasibətlərdən fərqli olaraq əmək hüquq münasibətləri üçün tərəflər arasında tabeçilik, işəgötürənin işçiyə nisbətən daha güclü tərəf kimi çıxış etməsi xarakterikdir. İşəgötürən işçi ilə əmək münasibətlərinin rəsmiləşdirilməsi və onlara xitam verilməsinin qanunvericiliyin tələblərinə cid di riayət olunmaqla həyata keçirilməsini təmin etmək vəzifəsi daşıdığı üçün konkret işin hallarından asılı olaraq bununla bağlı sübutları təqdim etmək vəzifəsi də işəgötürənin üzərinə qoyula bilər. Bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 iyul 2011-ci il tarixli qərarında ifadə olunmuş belə bir hüquqi mövqeyi diqqətəlayiqdir ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilatisərəncamverici səlahiyyətlərə malik olur. Təsadüfi deyildir ki, MPM-in 77.2-ci maddəsi dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməs i barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsini bu aktı qəbul etmiş orqanların üzərinə qoyur.

26. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Əmək Məcəlləsinin 45.1, 45.4, 45.5, 47, 63.1, 63.2, 68, 73, 300-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 77.2-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: a) Kassasiya şikayətinin dəlilləri

27. Cavabdeh Elm və Təhsil Nazirliyi kassasiya şikayəti verərək, apelyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

28. Cavabdeh kassasiya şikayətini belə əsaslandırmışdır ki, iddiaçı ilə AMEA-nın Rəyasət Heyəti arasında xx.xx.2021-ci il tarixdə əmək müqaviləsi bağlanmışdır. Əmək müqaviləsi iki ay müddətinə bağlanılmışdır. Bu müddət ərzində tərəflərin əmək münasibətləri davam etdiyindən əmək müqaviləsi hər dəfə iki ay müddətinə uzadılmışdır. İddiaçının mütəmadi olaraq əmək intizamını pozması barədə İnstitutun direktorunun təqdimatı Nazirliyə daxil olmuş, araşdırılmış və əmək müqaviləsinin müddətinin bitməsi ilə bağlı onun əmək müqaviləsinə xitam verilmişdir. Lakin bu, apellyasiya instansiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır. İşə baxan məhkəmə qərar qəbul edərkən, Əmək Məcəlləsini və digər normativ-hüquqi aktların tətbiqində yanlışlığa yol vermiş və maddi hüquq normalarını düzgün tətbiq etməmişdir.

29. Maraqlı şəxs Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu kassasiya şikayətini belə əsaslandırmışdır ki, iddiaçının 2022-ci ilin may ayından etibarən əmək intizamını pozması barədə Əlövsəy Quliyev tərəfindən AMEA-nın Rəyasət Heyətinə mütəmadi olaraq müraciətlər edilmiş və pozuntuları təsdiq edən sənədlər müraciətlərə əlavə olunmuşdur. AMEA-nın Rəyasət Heyətinin rəhbərliyi sərəncam əsasında iddiaçıya əmək müqaviləsinin müddətinin bitdiyi gün əmək məzuniyyəti vermiş və eyni zamanda İnstitutun baş direktorunun məlumatı olmadan iddiaçı ilə xx.xx.2022-ci il tarixdə iki ay müddətinə əmək müqaviləsi bağlamışdır (hansı ki, əmək müqaviləsinin bağlanması üçün Baş Direktorun təqdimatı zəruri idi). Əmək müqaviləsinin müddətinin bitməsi 06 sentyabr 2022-ci il tarix göstərilmişdir. Bundan sonra iddiaçı mütəmadi olaraq əmək intizamını pozmuş, bu barədə Baş Direktor tərəfindən AMEA rəhbərliyinə və Elm və Təhsil Nazirliyinə müraciətlər olunmuşdur. Bütün bunlardan sonra iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin tələblərinə əsasən xitam verilmişdir. Məhkəmə qətnamədə qeyd etmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli, “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərmanı ilə qüvvədən düşmüşdür. Məhkəmənin bu yanaşması Əmək Məcəlləsinin müddəaları ilə ziddiyyət təşkil edir. Digər tərəfdən məhkəmə qətnamədə bu Fərmana istinad edərək bildirir ki, Fərmanda Nazirliyin yeni Əsasnaməsinin hazırlanması barədə tapşırıq verilmişdir. Nə qədər ki, Nazirliyin yeni Əsasnaməsi təsdiq edilməmişdir, o halda iddiaçı ilə bağlı əmək müqaviləsinə xitam verilə bilməzdi. Qeyd edilməlidir ki, yeni Əsasnamənin hazırlanması barədə tapşırıq Nazirliyin tabeliyində yeni yaranan Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin fəaliyyəti ilə bağlı olmuşdur. Məhkəmənin bu yanaşmasının hüquqi əsası yoxdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

30. İddiaçı kassasiya şikayətinə etiraz vermişdir.

31. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh və maraqlı şəxs tərəfindən verilən kassasiya şikayətləri mahiyyət etibarı ilə demək olar ki, eyni məzmundadır. Sadəcə fərqli görünsün deyə, yazılışda “Maddi hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi və düzgün tərtib edilməməsinə dair dəlillər” əvvələ keçirilmiş və heç bir məntiqə sığmayan əlavələr edilmişdir. Cavabdeh və maraqlı şəxsin öz vəkilləri vasitəsilə verilən kassasiya şikayətləri tamamilə əsassız olduğundan təmin olunmamalıdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 45 (1). Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Maddə 47 (“f”). Tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Maddə 63 (1). Müəssisənin mülkiyyətçisi dəyişdikdə bu maddənin 2ci hissəsində göstərilən işçilərdən başqa qalan bütün işçilərlə əvvəlki mülkiyyətçi arasında bağlanmış əmək müqavilələri və onların şərtləri yeni mülkiyyətçi tərəfindən qüvvədə saxlanılır. Bu işçilərin əmək müqavilələri müəyyən edilmiş qaydalara əməl edilməklə bu Məcəllənin 70, 73 və 75-ci maddələrində nəzərdə tutu lan müvafiq əsaslarla ləğv edilə bilər. Maddə 63 (2). Yeni mülkiyyətçi tərəfindən müəssisənin işəgötürəninin (rəhbərinin), onun müavinlərinin, baş mühasibin və bilavasitə idarəetmə funksiyasını yerinə yetirən digər struktur bölmələrin rəhbərlərinin əmək müqavilələrinə mülkiyyətçinin dəyişməsi ilə əlaqədar bu Məcəllənin 68-ci maddəsinin “ç” bəndi ilə xitam verilə və ya bu Məcəllənin 56cı maddəsində nəzərdə tutulan qaydada onların əmək müqavilələrinin şərtləri dəyişdirilə bilər. Maddə 68 (2) “b” bəndi. Əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. Maddə 73 (1). Müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Maddə 300 (1). Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmu ş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellya siya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Mad di və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

32. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı in stansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

33. Kassasiya şikayətlərində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi xahiş edilsə də, şikayətin dəlilləri və məzmunundan görünür ki, qətnamə iddianın təmin edilən hissəsində mübahisələndirilib. Bu baxımdan, kollegiya qətnaməni iddianın təmin edilən hissəsində yoxlayır.

34. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kolleg iyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçı ilə bağlanılmış əmək xitam verilməsi barədə əmrin ləğv edilməsi, hüquqi yardım göstərilməsinə görə vəkilə ödənilmiş pulun, vəkilə etibarnamə verilməsi üçün notariusa ödənilmiş pulun əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində düzgün nəticəyə gəlmişdir. Həmin hissədə hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunub və bu tələblər üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları baş verməyib. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin sözügedən hissələrdə ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

36. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin həmin hissə ilə bağlı dəlil lərinə münasibətdə qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəflərin təqdim etdikləri sübutları ətraflı araşdırmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verməklə əmrin ləğv edilməli olması barədə yuxarıda göstərilən qənaətə gəlmişdir.

37. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin əmrin ləğv edilməsi hissəsində gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və bu hissədə əlavə araşdırma aparmağa lüzum görmür. Həmin hissədə apellyasiya instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşmayan kassatorların kassasiya şikayətləri əsasız olduğu üçün təmin olunmamalı, qətnamə qeyd edilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

38. Bununla belə, məhkəmə kollegiyası hesab edi r ki, apellyasiya instansiyası məhkəməsi əmrin ləğv edilməsi barədə düzgün nəticəyə gəlsə də, iddiaçının əvvəlki vəzifəsinə bərpa olunması və ona məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələblərinə aid hissələrdə gəldiyi nəticə qismən əsaslı olmuş, həmin hissələrdə maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol vermişdir. Bu isə, Mülki Prosessual Məcəllənin 417.1.4 və 417.2-ci maddələrinin mənasına görə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və iş üzrə müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməsi üçün əsasdır.

38. Məhkəmə kollegiyası iddiaçının əvvəlki vəzifəsinə bərpa olunması və ona məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələblərinə aid hissələrdə apelyasiya məhkəməsinin gəldiyi nəticə ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İ-İV hissələrinə görə, əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.

39. Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsində isə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati təlabatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi əmək qanunverc iliyinin vəzifələri və prinsipləri sırasında təsbit edilib.

40. Əmək münasibətləri dedikdə – əmək qanunverciliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əmək haqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə Əmək Məcəlləsinin prinsiplərinə əsaslanan münasibətlər başa düşülür. (Əmək Məcəlləsinin 3-cü maddəsinin 4-1-ci hissəsi)

41. Qeyd edilməlidir ki, əmək hüququ şəxslərin heç bir ayrı-seçkilik olmadan sərbəs qaydada ə mək münasibətlərini yaratmaq imkanını ehtiva edir.

42. Əmək Məcəlləsinin 73-cü maddəsinə görə müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir.

43. Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri də əmək müqaviləsinin müddətinin qurtarmasıdır. Bu əsas üzrə əmək müqaviləsinə xitam verilməsi üçün iki şərtin olması zəruridir: birincisi, əmək müqaviləsinin müddətinin qurtarması; ikincisi, müddətli əmək müqaviləsinə xitam verilməsi barədə tərəflərdən birinin təşəbbüsü.

44. Əmək qanunvericiliyində təsbit olunmuş prinsiplərə görə, bunun üçün işçi ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin çıxarılması və bu barədə işçiyə məlumat verilməsi kifayətdir, işəgötürənin əlavə bir tələb irəli sürməs inə və ya əsaslandırma aparmasına gərək yoxdur.

45. Göründüyü kimi, hazırkı halda cavabdehin qeyd olunan maddənin tələbinə əsasən, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə müddətin bitməsinə görə xitam vermək hüququ olub, lakin müqavilə müddətinin bitdiyi vaxt müvafiq Əsasnamə təsdiq edilmədiyi halda iddiaçı ilə əmək müqaviləsinə xitam verib ki, bu da əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi üçün əsas olmuşdur.

46. Belə olan halda Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinin tələblərinə görə, əmək mübahisəsini həll edən məhkəmə, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin əvvəlki vəzifəsinə bərpa olunması barədə qətnamə çıxarmalıdır. Lakin hazırkı halda işə mahiyyəti üzrə baxan məhkəmələr iddiaçını əvvəlki vəzifəsinə bərpa etməklə bərabər, ona m əcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi barədə qətnamə qəbul etmişlər ki, bu yanaşma iddiaçının pozulmuş hüquqlarının bərpası baxımından mütənasiblik prinsipini aşmaqla, onun haqqı çatmayanları əldə etməsinə və nəticədə işəgötürənin hüquqlarının əsassız pozulmasına gətirib çıxarır.

47. Belə ki, hər hansı hüquq pozuntusuna görə nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin yol verilmiş pozuntunun xarakterinə, ağırlığına və digər vacib xüsusiyyətlərinə mütənasib olması hüququn hamılıqla qəbul edilmiş ümumi prinsiplərindən biridir. Bu prinsipdən çıxış edərək qeyd olunmalıdır ki, məhkəmə qaydasında hüquqlar yalnız pozulduğu hədlərdə bərpa edilə bilər. Həmin hədlərin aşılması bir tərəf üçün əsassız əlverişli nəticələr yaratmaqla, qarşı tərəfin hüquqlarının pozulması deməkdir.

48. Əmək hüquq münasibətləri baxımından da işçi və ya işəgötürən tərəfindən yol verilmiş əmək hüquq pozuntularına görə tətbiq edilən məsuliyyət tədbirləri mütənasiblik təşkil etməlidir. Təsadüfi deyildir ki, əmək qanunvericiliyində işçinin yol verdiyi pozuntunun xarakterindən, ağırlığından asılı olaraq fərqli intizam tənbeh tədbirləri nəzərədə tutulub (Əmək Məcəlləsinin 186-cı maddəsi).

49. Hazırkı işdə işə baxan məhkəmələr iddiaçının əvvəlki vəzifəsinə bərpa olunması və ona məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi barədə qətnamə çıxarmaları qeyd olunan prinsipin tələblərinə zidd olmaqla, Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinin düzgün tətbiq olunmaması deməkdir.

50. Belə ki, Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinin mənasına görə əgər, işəgötürən əmək müqaviləsini n 73-cü maddəsində nəzərdə tutulan ləğv edilmə əsaslarını pozaraq, işçi ilə əmək münasibətinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə, ilk növbədə iddia ərizəsini və işin faktiki hallarını araşdırmaqla və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin əvvəlki vəzifəsinə bərpa olunması barədə qətnamə çıxarmalıdır.

51. Qeyd edilən normada “məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin əvvəlki vəzifəsinə bərpa olunması” ifadəsi mütləq olaraq işçinin mübahisəyə baxılarkən artıq müddətin bitməsindən asılı olmayaraq yeni müddətə işə bərpa edilməsi və bərpa edilənədək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsini ehtiva etmir. Çünki bu məsələ elə həmin normanın özündə belə, iddia ərizəsindən və işin faktik hallarından asılı edilmişdir. Bu da o deməkdir ki, mübahisəni həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdırmaqla işçinin hansı müddətə bərpa edilməli olmasını müəəyn etyməlidir.

52. Hazırki işin müəyyən edilən hallarına görə cavabdeh iddiaçı ilə bağlanmış əmək müqaviləsinə müddətin bitməsinə görə xitam vermək barədə iradəsini açıq şəkildə ifadə edib və bu barədə müvafiq əmr imzalayıb.

53. Bir halda ki, işəgötürən işçi ilə bağladığı əmək münasibətini davam etdirməmək barədə iradəsini ifadə edib və bu iradə ifadəsi əlavə heç bir şərtdən asılı olmadan müqaviləyə xitam verilməsi üçün yetərlidir, bu zaman işçinin onun iradəsinə zidd olaraq əmək müqaviləsinin müddəti bitdiyi halda yeni tarixlə işə bərpa olunması, onunla yeni əmək müqaviləsi bağlanması və bu tarixədək olan bütün müddət üçün məcburi iş buraxm aya görə əmək haqqı tutulması düzgün yanaşma deyil və bu yanaşma açıq-aşkar qeyri-mütənasib olmaqla, iddiaçının haqqı çatmayanları əldə etməsinə və nəticədə işəgötürənin ağır iqtisadi sanksiyaya məruz qalmasına səbəb olur.

54. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, Elm və Təhsil Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi tarixə kimi vaxt nəzərə alınmaqla iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Nazirlik tərəfindən ən geci xitam verilməsi 24 iyul 2023-cü il ola bilərdi, lakin Nazirlik iddiaçının əmək müqaviləsinə 06 iyul 2023-cü ildə xitam vermişdir. Başqa sözlə, iddiaçı ilə əmək müqaviləsinə müddətin bitməsi əsası ilə xitam verilməsi ən geci Əsasnamənin təsdiq edildiyi gün həyata keçiriləcəkdi. İddiaçı özü də iddia ərizəsində əmək müqaviləsinə 24 iyul 2023-cü ildən tez xitam veri lməsinin düzgün olmamasını bildirməklə, faktiki olaraq onunla bağlanmış əmək müqaviləsinin 24 iyul 2023-cü ilədək davam etməli olmasını qəbul etmişdir.

55. Belə olan halda, Əsasnamənin təsdiq edildiyi 24 iyul 2023-cü il tarixində cavabdehin iddiaçının əmək müqaviləsinə müddətin bitməsinə görə xitam vermək hüququ olub. Cavabdehin iddiaçı ilə əmək münasibətlərini davam etdirmək kimi iradə ifadəsi də olmayıb. Ən azı iddiaçı ilə əmək münasibətlərinə xitam verilməsi barədə 06 iyul 2023-cü il tarixli əmr cavabdehin belə bir iradə ifadəsinin olmadığını, əksinə, əmək münasibətlərinin davam etməsində onun marağının olmamasını göstərir.

56. Buna görə də iddiaçı 06 iyul 2023-cü il tarixdən 24 iyul 2023-cü il tarixədək (həmin gün də daxil olmaqla) işə bərpa edilməklə, ona yalnız həmin müddət üçün məcb uri iş buraxmaya görə əmək haqqı ödənilməlidir.

57. Əks yanaşma yuxarıda da qeyd olunduğu kimi, işəgötürənin hüquqlarının pozulması deməkdir. Yəni, Nazirliyin Əsasnaməsi təsdiq edildiyi vaxta qədər cavabdeh tərəfindən iddiaçının əmək müqaviləsinə 06 iyul 2023-cü il tarixində xitam verilməsəydi belə, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin davam edəcəyi ən uzun müddət həmin Əsasnamənin təsdiq edildiyi vaxta qədər, yəni 24 iyul 2023-cü ilədək davam edəcəkdi və həmin müddətin sonunda cavabdeh əlavə heç bir əsaslandırma aparmaqdan qanunvericiliyin ona verdiyi hüquqdan istifadə edərək, əmək müqaviləsinə xitam verəcəkdi.

58. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayətləri qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçının əv vəlki vəzifəsinə bərpa edilməsi, cavabdeh tərəfindən iddiaçıya məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi hissəsində ləğv edilməlil, iddia həmin hissədə qismən təmin olunmalı, iddiaçı 06 iyul 2023-cü il tarixdən 24 iyul 2023-cü il tarixədək (həmin gün də daxil olmaqla) işə bərpa olunmuş hesab edilməklə həmin müddət üçün ona məcburi işburaxmaya görə əmək haqqı ödənilməli, qətnamə mübahisələndirlən qalan hissədə dəyişdirilmədən saxlanmalıdır.

59. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayətləri qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1966/2024 nömrəli, 01 may 2024-cü il tarixli qətnaməsi İddiaçı əvvəlki vəzifəsinə bərpa edilməsi, Cavabdeh tərəfindən İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi hissəsində ləğv edilsin. İddia həmin hissədə qismən təmin edilsin. İddiaçı 06 iyul 2023-cü il tarixdən 24 iyul 2023-cü il tarixədək (həmin gün də daxil olmaqla) işə bərpa olunmuş hesab edilməklə həmin müddət üçün ona məcburi işburaxmaya görə əmək haqqı ödənilsin. Qətnamə mübahisələndirlən qalan hissədə dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar