Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3002/2025 10.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: maddi və mənəvi zərərin ödənilməsi, ekspert rəyinin qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 iyun 2025-ci il tarixli, 2(103)2760/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkə məsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. “BMW 528İ” minik markalı, **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobili İddiaçı mülkiyyətində olmaqla, elektrik sisteminə olan nasazlıqla bağlı 24 fevral 2023-cü il tarixdə Cavabdeh tərəfindən təmir olunmuşdur. 2. 25 fevral 2023-cü il tarixdə saat 00 radələrində park olunduğu yerdə yanğın baş vermiş və nəticədə avtomobil yararsız hala düşmüşdür.
3. Həmin faktla bağlı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq idarəsində araşdırma aparılmış və 17 avqust 2023-cü il tarixli qərarla Cavabdeh əməlində Azərbaycan Respublikası CM-in 225.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi olmadığı üçün barəsində cinayət təqibinin başlanması rədd edilmişdir.
4. Araşdırma zamanı alınmış Məhkəmə Ekspertiza Mərkəzinin 28 aprel 2023-cü il tarixli rəyinə əsasən 2012-ci il buraxılışlı, “BMW 528İ” minik markalı, **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobilin təyinatı üzrə istifadəyə yararlı (normal) vəziyyətdə orta bazar qiyməti nəzəri qaydada təxminən 30000,00 manat müəyyən olunmuşdur.
5. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 21 iyul 2023-cü il tarixli məhkəmə yanğın-texniki rəyinə əsasən “BMW” markalı, **-VN-*** dövlət qeydiyyat nişanlı minik avtomobilində yanğın izlərinin nisbi analizinə və inkişaf dinamikasına görə müəyyən edilmişdir ki, yanğının mənbəyi, avtomobilin mühərrik bölməsində, avtomobillə üzbəüz dayandıqda sol tərəfdə salona yaxın sahədə yaranmışdır. Avtomobildə hadisədən əvvəl elektrik enerjisi itkisi kimi nasazlığın olduğunu, hadisədən bir neçə saat əvvəl usta tərəfindən həmin nasazlığın müəyyən edilərək, yəni qidalandırıcı modulun dəyişdirildiyini, dəyişdirildikdən sonra avtomobil hərəkətdə olarkən, onun cihazlar panelində nasazlığın olması barədə müəyyən məlumatverici siqnalların işə düşməsi kimi halların baş verməsini və həmin modulun baxış zamanı mütəxəssis tərəfindən müəyyən edildiyi kimi avtomobilin mühərrik bölməsində (elektron pompanı, valvetronik sistemi və digər elektrik vericilərini) elektrik enerjisi ilə qidalandırdığını, həmçinin istintaq tərəfindən müəyyən edildiyi kimi qeyd olunan dəyişdirilmiş qidalandırıcı modulun əvvəllər işlənmiş olduğunu nəzərə aldıqda, yanğın həmin qidalandırıcı modulda yaranmış hansısa elektrik qəza halının yaranmasından baş verməsi üçün xarakterikdir. Belə olan halda, b aş vermiş hadisə ilə əlaqədar, “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın (YTQ № 012001) 6.5 bəndinin göstərilən tələbləri pozulmuşdur. “BMW” markalı, **-VN-*** dövlət qeydiyyat nişanlı minik avtomobilində yaranmış nasazlığın aradan qaldırılması üçün yanğına səbəb ola bilən nasazlığı olan elektrik qurğusundan (qidalandırıcı moduldan) istifadə etdiyinə görə, “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın (YTQ № 01-2001) 6.5 bəndinin tələbləri avtomobilə həmin modul qidalandırıcısını quraşdırmış şəxs (usta) tərəfindən pozulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən 30.000 manat avtomobilə dəyən zərərlə bağlı, 1.626,50 m anat evə dəyən zərərlə bağlı, 3.000 manat taksi və digər nəqliyyat xərcləri ilə bağlı, 1.500 manat məhkəməyədək işlərin görülməsi, danışıqların aparılması, mütəxəssis rəyinin alınması və digər sübutların toplanması ilə bağlı, 1.900 manat məhkəmədə hüquqlarının müdafiəsinin həyata keçirilməsi ilə bağlı, 250 manat avtomobil üçün ehtiyat hissənin alınması ilə bağlı və 208,50 manat dövlət rüsumu olmaqla, cəmi 38.485 manat məbləğində vurulmuş maddi zərərə görə pulun və mənəvi zərərin əvəzi olaraq 5.000 manat məbləğində pulun, ümumilikdə 43.485 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə cavabdeh iddiaçıya münasibətdə mülki hüquq pozuntusu (delikt) törətmişdir. Bu fakt iş üzrə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat İstintaq İdarəsi tərəfindən araşdırma aparılarkən keçirilmiş məhkəmə yanğın-texniki ekspertizası ilə müəyyən olunmuşdur. “BMW” markalı avtomobillərin ölkə üzrə rəsmi təmir servisi olan "xxxx" MMM-ya iddiaçıya məxsus nəqliyyat vasitəsində dəyişdirilmiş DME blokunun yerinə köhnə (işlənmiş) blokun quraşdırılmasına marka tərəfindən icazə verilib-verilməməsini öyrənmək üçün sorğu verilmişdir. Sorğuya verilmiş cavabda qeyd olunmuşdur ki, “BMW” markalı avtomobildə DME blokunun işlənmiş blokla dəyişdirilməsinə “BMW” istehsalçısı tərəfindən icazə verilmir. Eyni zamanda bu blokunun nasazlığı elektrik itkisinə səbəb ola bilər, hansı ki, yanğının baş vermə səbəblərindən biri də elektrik itkisidir. Bu faktda təsdiq edir ki, marka nın rəsmi servisinin sorğuya verdiyi rəsmi cavabda təsdiq edir ki, avtomobilə cavabdeh tərəfindən işlənmiş DME blokunun quraşdırılması bu sahədə mövcud normativlərə uyğun deyil, qadağandır, marka buna icazə vermir. Cavabdehin məhz bu təqsirli hərəkəti nəticəsində işlənmiş DME blokunda olan nasazlığa görə maşında göstəricilər panelində bəzi xəbərdarlıq işıqları yanmış, bu da nasazlığın olduğunu bildirmiş, maşın təmir olunan günün gecəsi blokun yerləşdiyi hissədən alışaraq yanmışdır. Bu faktlar əlavə olaraq bir neçə hadisə şahidinin ifadəsi ilə də təsdiq edilmişdir.
8. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə yanğın texniki ekspertizası üzrə Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 14 noyabr 2024-cü il tarixli rəyinə əsasən iş materiallarında olan məlumatlara və ba xışla müəyyən edilmiş faktiki hallara əsaslanaraq, hadisənin baş vermə vaxtını və şəraitini, avtomobilin mühərrikinin söndürülmüş vəziyyətdə olduğunu, avtomobilin saxlanıldığı yerdə hər hansı istilik mənbəyinin olmadığını, yanğın izlərinin avtomobilin qabaq və arxa tərəfdən alt hissədə daha dərin olduğunu, elektrik qurğuları üzərində elektrik təbiətli qəza halı üçün xarakterik izlər aşkar edilmədiyini, dəyişdirilmiş qidalandırıcı modulun yerləşdiyi hissədə yanğının inkişaf etmədiyini, yanğının inkişaf dinamikasını və intensiv xarakterini nəzərə almaqla belə nəticəyə gəlmək olar ki, “BMW F10 528i” markalı, **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobildə baş vermiş yanğın, kənar alışdırıcı mənbənin təsirindən yaranması üçün xarakterikdir. “BMW F10 528i” markalı, **-VN-*** dövlət qeydiyyat niş anlı avtomobildə baş vermiş yanğın, kənar alışdırıcı mənbənin təsirindən yaranması üçün xarakterik olduğuna görə baş vermiş hadisə ilə əlaqədar yanğın təhlükəsizliyinə dair hansı qaydaların tələblərinin pozulmasına dair sual üzrə tədqiqat aparılmadı.
9. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 yanvar 2025-ci il tarixli, e-2(011)88/2025 nömrəli qətnaməsi ilə (hakim Ş.Əliyev) iddia rədd edilmişdir.
10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırkı mübahisə mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklərlə bağlıdır, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün törədilmiş əməlin hüquqa zidd olması; əməlin təqsirli olaraq törədilməsi; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması və zərər ilə hüquqa zidd əməl arasınd a səbəbli əlaqənin olması tələb olunur və qanunla başqa hal nəzərdə tutulmayıbsa, mülki hüquq pozuntusunun olduğunu sübutetmə yükü bu pozuntunun olduğunu iddia edən tərəfin üzərinə düşür.
11. Baxılan iş üzrə isə iddiaçı, cavabdehin nəqliyyat vasitəsini təmir edərkən təqsirli surətdə texniki təhlükəsizlik qaydalarının tələblərini pozduğu və təmiri qüsurlu apardığı, nəqliyyat vasitəsində baş vermiş yanğının məhz cavabdehin dəyişdirdiyi ehtiyat hissəsindən və ya onda baş vermiş nasazlıqdan qaynaqlanması hallarına dair sübutetmə vəzifəsi daşıyır, lakin o, bu hallara dair mötəbər, əsaslı şübhədən kənar hər hansı sübutu məhkəməyə təqdim etməmiş, belə hallar məhkəmə tərəfindən də müəyyən edilməmişdir. Əksinə, cavabdeh tərəfindən elektrik itkisinin aradan qaldırılması məqsədilə avtomobildə elekt rik naqillərinin keçiriciliyinin yoxlanılması və qidalandırıcı modulun dəyişdirilməsi işi həyata keçirilmiş, həmin dövrdə cavabdeh tərəfindən digər təmir işləri görülməmiş, dəyişdirilmiş qidalandırıcı modulun istifadə edilmiş digər qidalandırıcı modulla əvəzləşdirilməsi iddiaçının öz razılığı ilə həyata keçirilmiş, yanğın hadisəsi əvəzləşdirilmiş modulun olduğu hissədən başlamamış və hadisə nəticəsində sözügedən modul zədələnməmiş, təmirdən hadisəyə qədər xeyli vaxt keçmiş, avtomobil dayandıqdan sonra onun elektrik sistemi tam sönmüş və hadisə bundan bir müddət sonra baş vermiş, bundan başqa avtomobilin hadisəyə qədər hər hansı başqa yerdə təmir edilməsi də istisna deyildir ki, bütün bunlar da baş vermiş hadisə ilə cavabdehin əməli arasında səbəbli əlaqənin olmasını şübhə altına alır.
12. Məhkəmə, həmçinin qeyd etmişdir ki, mübahisələndirilən qidalandırıcı modul iddiaçının ixtiyarında olduğundan və baş vermiş hadisə həmin hissəyə hər hansı bir təsir göstərmədiyindən iddiaçıda ona dair rəylərin müstəqil əldə edilməsi imkanı olduğu halda bu imkandan istifadə edilmədiyi bir vəziyyətdə, “ehtiyat hissənin yararsız olması və bununla da hadisənin bilavasitə ondan qaynaqlanması, xüsusilə də bunda cavabdehin təqsirli olması” barədə dəlillər, iddia tələbinin təmin olunması üçün yetərli hesab edilə bilməz.
13. Məhkəmə, ekspertiza rəyləri ilə bağlı qeyd etmişdir ki, həmin rəylər sübut kimi qəbul edilməli və digər sübutlarla birlikdə qiymətləndirilməlidir. 21 iyul 2023-cü il tarixli ekspert rəyində yanğının baş verməsi “qidalandırıcı modul”la əlaqələndirilsə də, həmin modulun qüsurluluğ una (nasazlıq) dair əlamətlərinin göstərilməməsi, onun nəticələrini şübhə altına alır. Məhkəmə, 14 noyabr 2024-cü il tarixli rəyə münasibətdə də eyni nəticəyə gəlmişdir. Belə ki, həmin rəydə hadisənin baş verməsi səbəbi kimi kənar təsir göstərilsə də, bu təsirin avtomobilə münasibətdə hansı tərəfdən və ya haradan baş verməsi göstərilməmişdir. Bununla belə, məhkəmə ekspert rəyləri üzrə bir sıra faktiki halları (yanğının əhatə dairəsi; quraşdırılmış ehtiyat hissəsinin hazırkı vəziyyəti və s.) nəzərə almışdır.
14. Məhkəmə, iş üzrə şahid ifadələrinə münasibətdə qeyd etmişdir ki, əvvəla, həmin ifadələr nəqliyyat vasitəsinin yanması anına dair halları əks etdirməklə yanğının baş vermə faktını təsdiq etsə də, həmin yanğının məhz qidalandırıcı moduldan və ya onda olan hər hansı nöqsandan yaranması nı, nəqliyyat vasitəsinin ancaq cavabdehə məxsus servisdə təmir olunmasını, cavabdehin təqsirli davranışa yol verməsinə dair halları təsdiq etmir, ikincisi, hadisənin təxminən iki il əvvəl baş verməsi nəzərə alındıqda şahid ifadələrinin hadisənin bütün təfərrüatlarını əks etdirməsi ehtimalı real deyildir.
15. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1, 14.2, 16.1, 21.2, 1096.1, 1097.1-ci, Mülki Prosessual Məcəllənin 4.1, 14.2, 77.1, 82, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
16. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Apellyasiya instansiyası məhk əməsi tərəfindən mütəxəssis qismində "xxxx" MMM-də 01 aprel 2017-ci il tarixdən texniki xidmət mərkəzinin baş mühəndisi vəzifəsində işləyən X2 dindirilərkən izahatında bildirmişdir ki, qidanlandırıcı modul, mühərrikin elektronika ilə bağlı olan elementlərinin işlək vəziyyətdə olmasını təmin edir. Verilmiş suallara cavab olaraq mütəxəssis göstərmişdir ki, qidalandırıcı blok, mühərrikin komponentlərini qidalandırır. Qidanlandırıcı modul, sadəcə olaraq enerjini bölür. Qidalandırıcı blokun bir girişi vardır, bir neçə çıxışları ilə də enerjini bölür. Enerji şamlara qidanlandırıcı moduldan getmir. Şamlara enerji idarəedici moduldan gedir. Sadəcə olaraq idarəedici modul da qidalandırıcı moduldan qidalanır. Motordakı bütün qidalandırmanı qidalandırıcı modul həyata keçirir. DME idarəedici modul d eməkdir o qidalandırıcı modul deyil. Şəkildə iddiaçının vəkili tərəfindən ona göstərilən detal qidalandırıcı moduldur. Qidalandırıcı blokun dəyişdirilməsi yanğına səbəb ola bilməz. Hal-hazıradək belə bir halla rastlaşmamışdır. Əgər iş qaydasında icra edilibsə yanğın baş verməsinə əsas yoxdur. Yəni, əgər qidalandırıcı blokun içərisinə müdaxilə olunmadan, bütövlüklə dəyişdirilibsə, yanğın ola bilməz. Elə yerlər var ki, qidalandırıcı blokun içərisinə də müdaxilə edirlər, təmir edirlər. Qidanlandırıcı blok, plastik materialdandır içərisində qoruyucular mövcuddur. Qidalandırıcı blokun içərisindəki qoruyuculardan biri belə yansa bloku bütöv dəyişirlər. Qidanlandırıcı blok ya işlədilmiş ya da təzə olur. Qidalandırıcı blok detal olduğu üçün orijinal olmur. DME idarəedici blok deməkdir, qidalandırı cı blok demək deyildir. DME mühərrikin elektron komponentlərini idarə edir. Qidalandırıcı modul başqa, idarəedici modul başqa hissədir və onlarların yerləşmə yerləri də fərqlidir. Göstərilən şəkildəki hissə qidalandırıcı blokdur, DME deyildir. Hər bir naqilin qoruyusu (predoxraniteli) vardır. Qorucuların iki növü vardır biri bildiyimiz adi və barıtlı qoruyucular. Naqillərdən hər hansındasa qısaqapanma olarsa sözügedən naqilə görə akkumulyatorun içərisində partlama baş tutacaqdır. Qidalandırıcı blokun içindəki naqillərin də həmçinin qoruyucuları mövcuddur. Oradan komponentlərə çıxan naqillərdə qoruculudur. Komponentlər isə çoxdur: farsunka, pompa və sairə. Əgər qidalandırıcı modulun daxilindəki naqillərdə bir problem olarsa həmin an qoruyucular atırlar. Yəni kənar komponentlərdə olan proble mlər qidalandırıcı bloka gəlmir, elə kənarda baş verir. Sözügedən qısaqapanma nəticəsində avtomobilin diaqnostikasında “Səhv” göstərəcəkdir və hansısa komponent işləməyəcəkdir. Ümumiyyətlə M20 mühərrikli avtomobillərdə bu problemlər tez rastlanılandır. Dediyi kimi, əgər qidalandırıcı blokun daxilinə müdaxilə olmayıbsa, yəni paykalanıb və sairə nəsə edilməyibsə, qidalandırıcı modulda problem ola bilməz. Ola bilər ki, avtomobilin elə bir komponentində problem olsun ki, hansı ki, avtomobilin işə düşməsinə maneə olmasın. Əgər cərəyan gedirsə, benzin varsa və hər hansısa kənar komponentdə problem varsa məsələn elektroventilyator, o vaxt avtomobil işə düşəcəkdir. Lakin daha sonra avtomobildə başqa problemlər ola bilər qızma və sairə. Ola bilər başqa avtomobillərin hissələri üçün stend mövcud ols un. Lakin, “BMW” avtomobillərinin özü elə stenddir. “BMW” avtomobillərinin hansısa hissəsinin başqa avtomobilə taxılıb yoxlanılması qadağandır. Qidalandırıcı blokda olan və ya ona gələn naqillərdən hansındasa problem olarsa qızmaya səbəb olması ehtimal ola bilər. Bir daha qeyd edib ki, qidalandırıcı modul paylayıcı rolunu oynayır. İstehsalçı “BMW” avtomobilinə işlənmiş detalı qoymağı birmənalı olaraq qadağa edir. Bakıda “BMW”-də alışmaların daha çox pompaya görə olur ki, pompanın relesi atmır. Pompa işləyə-işləyə qalır. Bu da naqillərdə qızmaya görə olur, qidalandırıcı bloka görə yox. Avtomobil söndükdən sonra da pompa işləyir ki, soyutsun. Soyuyandan sonra o da dayanır. Lakin elə halda alışmaya səbəb ola bilir.
18. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 iyun 2025-ci il tari xli, 2(103)-2760/2025 nömrəli qətnaməsi ilə (hakim S.Bəhrəmzadənin sədrliyi və məruzəsi ilə, hakimlər V.Sadıqov və X.Mərdanova) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 yanvar 2025-ci il tarixli, e-2(011)88/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
19. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsi göstərmişdir ki, işin faktiki hallarına əsasən “BMW” markalı, **-VN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi iddiaçının mülkiyyətində olmuşdur, həmin avtomobildə yaranmış nasazlıq (elektrik itkisinin olması) ilə bağlı iddiaçı onu 24 fevral 2023-cü il tarixdə cavabdehə məxsus olan avtomobil təmiri müəssisəsinə gətirmiş, 24 fevral 2023 və 25 fevral 2023-cü il tarixlərində - iki gün ərzində avtomobilin elektrik naqillərinin yoxlaması həyata keçirilmiş, cavabdeh tərəfindən avtomobilin üzərində olan “qidalandırıcı modul” iddiaçının razılığı ilə qismən istifadə edilmiş markalı “qidalandırıcı modul”la əvəz edilmiş, onun üzərindən çıxarılmış həmin ehtiyat hissəsi isə iddiaçının özünə verilmişdir, bundan sonra 26 fevral 2023-cü il tarixdə təxminən saat 00:10 radələrində avtomobildə yanğın baş vermiş, yanğın hadisəsi bilavasitə dəyişdirilmiş ehtiyat hissəsinin özündə baş verməmiş, iddiaçı nəqliyyat vasitəsinin yanmasına cavabdehin dəyişdirdiyi ehtiyat hissəsinin səbəb olduğunu, cavabdehin onu dəyişərkən texniki normativlərə əməl etmədiyini bildirir və öz tələbini təsdiq edəcək sübutlar kimi istintaqdakı ekspert rəyini və şahid ifadələrini irəli sürür, cavabdeh isə iddi a tələbini qəbul etmir, onun tərəfindən gördüyü işin keyfiyyətli olduğunu bildirir, baş vermiş hadisəni başqa bir səbəbdən ola bilməsi ilə əlaqələndirmişdir.
20. Göründüyü kimi, nəqliyyat vasitəsinin təmirində cavabdehin hər hansı nöqsana yol verməsi, təmirin texniki təhlükəsizlik qaydalarına uyğun olmaması, cavabdeh tərəfindən iddiaçıya zərər vurulması halları, cavabdehlərin apardığı təmir ilə yanğın arasında səbəbli əlaqənin olması halları məhkəmə tərəfindən müəyyən olunmamışdır.
21. Mübahisə mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklərlə bağlıdır, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün törədilmiş əməlin hüquqa zidd olması; əməlin təqsirli olaraq törədilməsi; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması və zə rər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması tələb olunur və qanunla başqa hal nəzərdə tutulmayıbsa, mülki hüquq pozuntusunun olduğunu sübutetmə yükü bu pozuntunun olduğunu iddia edən tərəfin üzərinə düşür. Baxılan iş üzrə isə iddiaçı, cavabdehin nəqliyyat vasitəsini təmir edərkən təqsirli surətdə texniki təhlükəsizlik qaydalarının tələblərini pozduğu və təmiri qüsurlu apardığı, nəqliyyat vasitəsində baş vermiş yanğının məhz cavabdehin dəyişdirdiyi ehtiyat hissəsindən və ya onda baş vermiş nasazlıqdan qaynaqlanması hallarına dair sübutetmə vəzifəsi daşıyır, lakin o, bu hallara dair mötəbər, əsaslı şübhədən kənar hər hansı sübutu məhkəməyə təqdim etməmiş, belə hallar məhkəmə tərəfindən də müəyyən edilməmişdir. Əksinə, işin müəyyən olunmuş hallarından görünür ki, cavabdeh tərəfi ndən elektrik itkisinin aradan qaldırılması məqsədilə avtomobildə elektrik naqillərinin keçiriciliyinin yoxlanılması və qidalandırıcı modulun dəyişdirilməsi işi həyata keçirilmiş, həmin dövrdə cavabdeh tərəfindən digər təmir işləri görülməmiş, dəyişdirilmiş qidalandırıcı modulun istifadə edilmiş digər qidalandırıcı modulla əvəzləşdirilməsi iddiaçının öz razılığı ilə həyata keçirilmiş, yanğın hadisəsi əvəzləşdirilmiş modulun olduğu hissədən başlamamış və hadisə nəticəsində sözügedən modul zədələnməmiş, təmirdən hadisəyə qədər xeyli vaxt keçmiş, avtomobil dayandıqdan sonra onun elektrik sistemi tam sönmüş və hadisə bundan bir müddət sonra baş vermişdir.
22. İşdə olan ekspert rəyində də hadisənin baş vermə vaxtını və şəraitini, avtomobilin mühərrikinin söndürülmüş vəziyyətdə olduğunu, avtomob ilin saxlanıldığı yerdə hər hansı istilik mənbəyinin olmadığını, yanğın izlərinin avtomobilin qabaq və arxa tərəfdən alt hissədə daha dərin olduğunu, elektrik qurğuları üzərində elektrik təbiətli qəza halı üçün xarakterik izlər aşkar edilmədiyini, dəyişdirilmiş qidalandırıcı modulun yerləşdiyi hissədə yanğının inkişaf etmədiyini, yanğının inkişaf dinamikasını və intensiv xarakterini nəzərə almaqla kənar alışdırıcı mənbənin təsirindən yaranması üçün xarakterik olması müəyyən edilmişdir. O cümlədən, məhkəmə araşdırması zamanı işin faktiki hallarını əsasən dəyişdirilən detalın iddiaçı tərəfin qeyd etdiyi detal deyil, məhz qidalandırıcı blok olması müəyyən edilmişdir. Bundan əlavə, iddiaçının əvvəldə avtomobilin motorunun belə işlənmiş motorla əvəz etməsini (həmin usta tərəfindən), hazırkı det alın da işlənmiş olmasını bilməməsi barədə dəlili əsassızdır. Belə ki, yeni detal alınması ilə bağlı da hər hansı bir danışıq olduğu təsdiqini tapmamışdır.
23. Apellyasiya iclasında mütəxəssis qismində dindirilmiş "xxxx" MMM-də 01 aprel 2017-ci il tarixdən texniki xidmət mərkəzinin baş mühəndisi vəzifəsində işləyən X2 da bildirmişdir ki, qidanlandırıcı modul, mühərrikin elektronika ilə bağlı olan elementlərinin işlək vəziyyətdə olmasını təmin edir. Sadəcə olaraq idarəedici modul da qidalandırıcı moduldan qidalanır. Motordakı bütün qidalandırmanı qidalandırıcı modul həyata keçirir. DME idarəedici modul deməkdir. Qidalandırıcı blokun dəyişdirilməsi yanğına səbəb ola bilməz. Əgər iş qaydasında icra edilibsə yanğın baş verməsinə əsas yoxdur. DME mühərrikin elektron komponentlərini idarə edir. Qidalandırıcı modul başqa, idarəedici modul başqa hissədir və onlarların yerləşmə yerləri də fərqlidir. Göstərilən şəkildəki hissə qidalandırıcı blokdur, DME deyildir. Hər bir naqilin qoruyusu (predoxraniteli) vardır. Qorucuların iki növü vardır biri bildiyimiz adi və barıtlı qoruyucular. Naqillərdən hər hansındasa qısaqapanma olarsa sözügedən naqilə görə akkumulyatorun içərisində partlama baş tutacaqdır. Qidalandırıcı blokun içindəki naqillərin də həmçinin qoruyucuları mövcuddur.
24. Başqa sözlə, mübahisələndirilən qidalandırıcı modul iddiaçının ixtiyarında olduğundan və baş vermiş hadisə həmin hissəyə hər hansı bir təsir göstərmədiyindən iddiaçıda ona dair rəylərin müstəqil əldə edilməsi imkanı olduğu halda bu imkandan istifadə edilmədiyi bir vəziyyətdə, “ehtiyat hissənin yararsız olma sı və bununla da hadisənin bilavasitə ondan qaynaqlanması, xüsusilə də bunda cavabdehin təqsirli olması” barədə dəlillər, iddia tələbinin təmin olunması üçün yetərli hesab edilə bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
25. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 iyun 2025-ci il tarixli, 2(103)-2760/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 1096.1. 1097-ci, Mülki Prosessual Məcəllənin 14, 88, 102.1, 102.2, 102.3-cü maddələrinin tələbləri pozulmuşdur. Belə ki, hazırkı iş üzrə cavabdeh iddiaçıya münasibətdə mülki hüquq pozuntusu (delikt) t örətmişdir. Bu fakt iş üzrə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat İstintaq İdarəsi tərəfindən araşdırma aparılarkən keçirilmiş məhkəmə yanğın-texniki ekspertizası ilə müəyyən olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi yanğın-texniki ekspertizası əsasında verilmiş 21 iyul 2023-cü il tarixli ekspertiza rəyini sübut kimi tanıyaraq cavabdeh tərəfindən iddiaçıya zərərin vurulduğunu qəbul etməmiş, əksinə bu rəyi nəzərə almayaraq iddiaçının bu rəyə əsaslanan iddiasını təsdiq edən sübutların onun tərəfindən məhkəməyə təqdim edilmədiyi, sadəcə səsləndirilən fikrin “şübhə” olduğu qənaətinə gəlmişdir. İş üzrə keçirilmiş 02 iyun 2025-ci il tarixli məhkəmə iclasına “BMW” markalı avtomobillərin ölkə üzrə rəsmi təmir servisi olan "xxxx" MMM-dan mütəxəssis dəvət olunmuşdur. Bütü n məhkəmə proseslərində olduğu kimi həmin iclasın da audio-video yazısı qeydə alınmışdır. İclas zamanı iddiaçı "xxxx" MMM-nın baş mühəndisi vəzifəsində işləyən X1 “yanan nəqliyyat vasitəsinə quraşdırılmış qidalandırıcı blokun işləməməsi avtomobildə naqillərin qızmasına səbəb ola bilərmi?” sualı ünvanlamış, hətta, daha sonra hakim özü də əlavə olaraq soruşmuşdur ki, “bu hal qısaqapanmaya səbəb ola bilərmi?”, mütəxəssis tərəfindən birmənalı “ola bilər” deyə cavablandırılmışdır. Daha sonra verdiyi “bu qidalandırıcı bloku işlənmiş (öncədən istifadə olunmuş) qidalandırıcı blokla dəyişdirmək mümkündürmü, icazə verilirmi?” sualına cavab olaraq isə mütəxəssis tərəfindən bildirmişdir ki, “Xeyr, BMW istehsalçısı tərəfindən buna icazə verilmir”. Cavabdeh proses zamanı verdiyi izahatında da bildirmişd ir ki, avtomobilə qoyduğu detal qidalandırıcı modul olmuşdur. Həmin detalın da işlənmiş olması iddiaçı tərəfindən bilinmiş, onun yanında zəng edib hər zaman detallar aldıqları yerdən gətirilməsini istəmişdir. Qiymətlərdən də müəyyən edilə bilir ki, detal işlənmişdir. Daha sonra yenidən "xxxx" MMM-ə sorğu ünvanlayaraq nəqliyyat vasitəsinin dəyişdirilmiş detalı olan qidalandırıcı blokun dəyişdirilməsi ilə bağlı bir neçə sual ünvanlanmış və "xxxx" MMM-nın 19 avqust 2025-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, nəinki “BMW”, hətta bütün avtomobil və qeyri-avtomobil brendlərinin ciddi təmiri ancaq rəsmi servis və ya məhz bu sahədə mütəxəssisləşmiş və bunu təsdiq edən sertifikatı olan servis mərkəzlərində keçirilə bilər. Qidalandırıcı blok dəyişdirilməsi ciddi təmir işlərindən sayılır. Hər h ansısa elektrik modulların, blokların və s. işlənmişinin yer dəyişilməsinə və təkrar istifadəsinə tərəfimizdən qəti qadağandır və tətbiq edilmir. Avtomobildə olan bütün növ elektriklə əlaqəsi olan modullar, bloklar və s. avadanlıqların nasazlıqları avtomobilin işləməsində tək sizin qeyd etdiyiniz elektrik itkisi deyil, onunla bərabər və ya onsuz müxtəlif və çoxsaylı nöqsanlara səbəb ola bilər. Mütəxəssisin suallara verdiyi cavab, cavabdehin izahatını və "xxxx" MMM-ə ünvanlanan sorğudakı suallara verilmiş cavabların qarşılıqlı təhlili göstərir ki, avtomobilə cavabdeh tərəfindən işlənmiş qidalandırıcı blok quraşdırılmışdır və işlənmiş qidalandırıcı blokun həmin nəqliyyat vasitəsinə quraşdırılması bu sahədə mövcud normativlərə uyğun deyil, qadağandır, avtomobil istehsalçısı buna icazə vermi r. Cavabdehin məhz bu təqsirli hərəkəti nəticəsində işlənmiş qidalandırıcı blokda olan nasazlığa görə maşında göstəricilər panelində bəzi xəbərdarlıq işıqları yanmış, bu da nasazlığın olduğunu bildirmiş, maşın təmir olunan günün gecəsi blokun yerləşdiyi hissədən alışaraq yanmışdır. Bu faktlar əlavə olaraq bir neçə hadisə şahidinin ifadəsi ilə də təsdiq edilmişdir. Bütün bunlar cavabdeh tərəfindən iddiaçıya zərərin vurulmasını təsdiq etsə də, məhkəmə bu faktı təsdiq edən sübutların təqdim edilməməsi əsası ilə iddianı əsassız olaraq rədd etmişdir. Apellyasiya instansiyası məhkəməsi işi tam, obyektiv və hərtərəfli araşdırmamış, qanunvericiliyin tələblərinin cavabdeh tərəfindən pozulmasına göz yummuş, üstəlik özü də müvafiq normaların tələblərini pozmuşdur. Belə ki, iş üzrə iki fərqli ekspert rəyi varkən, hansı ki, bu ekspert rəyləri bilavasitə baş vermiş yanğına nəyin səbəb olması ilə bağlı olduğuna görə işin həlli üçün olduqca önəmli olsa da, məhkəmə rəylərin fərqliliyinə görə yeni ekspertiza təyin etməli və ya ekspertləri məhkəmə iclasına dəvət edərək onlara suallar verərək həqiqəti müəyyən etməyə yönələn prosessual hərəkətlər etməli idi. Məhkəmə isə nəinki öz təşəbbüsü ilə belə prosessual hərəkətlər etməyə cəhd etmiş, bu hərəkətlərin (təkrar ekspertiza) təmin edilməsi ilə əlaqədar verdiyi vəsatəti rədd edərək obyektiv həqiqətin müəyyən edilməsi üçün lazımi şəraiti yaratmamışdır. Məhkəmə prosesində iştirak edən mütəxəssisin verdiyi rəy birinci ekspertiza rəyinin sübut kimi mötəbərliyini təsdiq etdiyi halda, məhkəmə əsassız olaraq istintaq orqanının araşdırılması çərçivəsində aparılmış birinci ekspertizanın rəyinə məhəl qoymadan, yalnız ikinci ekspertizanı nəzərə alıb və üçüncü ekspertizanı təyin etməkdən imtina etmişdir. 2-ci ekspertin rəyində tədqiqat metodu göstərilməmiş və ya elmi əsaslandırılmamış, həmçinin kifayət qədər aydın olmadığına, əlavə suallar doğurduğuna görə məhkəmə əlavə ekspertiza təyin etməli olduğu halda, iddiaçının vəsatətlərini təmin etməmişdir.
27. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
28. Kassasiya şikayətlərinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:
29. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiya sı məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
30. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən bütövlüklə mübahisələndirildiyindən, hazırkı kassasiya baxışının predmetini kassasiya şikayətinin dəli llərinə uyğun olaraq apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
31. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (de likt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə öd ənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəy yən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 407.2-ci maddəsinə əsa sən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntu su hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
34. Be lə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətlərinin dəlillərinə uyğun araşdırmalar aparılmış, o cümlədən iş üzrə mütəxəssis cəlb etmiş, səlahiyyətləri çərçivəsində işdə olan sübutlara müfəssəl və dəqiq hüquqi qiymət verilməklə, yuxarıda qeyd olunan nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə razılaşır.
35. İddiaçının kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, mülki qanunvericiliyə görə ziyan tələbinin təmin olunması üçün cavabdehin təqsirli hərəkət və ya hərəkətsizlikləri ilə baş verən nəticə arasında səbəbli əlaqənin olması müəyyən olunmalıdır.
36. Belə ki, Mülki Məcəllənin 21-ci maddəsinin tələblərinə görə yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normal arını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 aprel 2021-ci il tarixli qərarı).
37. Hazırki işdə iddiaçının avtomobilində baş vermiş yanğının cavabdehin etdiyi təmirlə səbəbli əlaqədə olması halı işin faktiki hallarını araşdıran məhkəmələr tərəfindən müəyyən olunmamışdır.
38. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
39. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, sübutların (o cümlədən ekspert rəylərinin) mahiyyətinə qiymətin verilməsi, işin hallarının düzgün müəyyən edilməməsi kassasi ya icraatının baxış predmeti ola bilməz. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
40. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
41. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 iyun 2025-ci il tarixli, 2(103)-2760/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.