Məhkəmə qərarları › İş №2(102)-3010/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3010/2024

23.10.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3010/2024 23.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı ilk, Cavabdeh İddiaçı qarşı qarşılıqlı tələblər barədə iş üzrə QƏRARİ (Açar sözlər: mənzilə istifadə hüququna kompensasiya ödənilmədən xitam verilməsi, mənzilə istifadə hüququnun tanınması, mənzilə köçürmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair qarşılıqlı iddialar barədə mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2993/2024 nömrəli, 17 may 2024-cü il tarixli qətnaməsindən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 23 oktyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.1994-cü il tarixli Qeydiyyat Vəsiqəsinə əsasən Bakı şəhəri, Naxçıvanski küçəsindəki 48 nömrəli evin 82 nömrəli mənzili (bundan sonra – mübahisəli mənzil) İddiaçı mülkiyyətindədir. Mübahisəli mənzilə dair Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış isə İddiaçı adına xx.xx.2023-cü il ta rixdə alınmışdır.

2. Cavabdeh İddiaçı oğlu - X9 ilə xx.xx.2007-ci il tarixdə rəsmi qaydada nikaha daxil olmuşlar. Birgə nikahlarından xx.xx.2008-ci il təvəllüdlü X6 anadan olmuşdur.

3. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1463/2014 nömrəli, xx.xx.2014cü il tarixli qətnaməsi ilə X9 ilə Ələkbərova (Cəfərova) Lamiyə Zakir qızı arasında xx.xx.2007-ci il tarixdə bağlanmış nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X2 anası Ələkbərova (Cəfərova) Lamiyə Zakir qızının yanında qalması, X3 xx.xx.2014-cü il tarixdən başlayaraq, xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay aylıq qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında alimentin tutularaq Ələkbərova (Cəfərova) Lamiyə Zakir qızına verilməsi qət edilmişdir.

4. Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2023-cü il tarixli arayışa əsasən Cavabdeh və X6 mübahisəli mənzildə qeydiyyatdadırlar. 5. 88 saylı MKİS tərəfindən verilmiş 560 nömrəli, xx.xx.2023-cü il tarixli arayışa əsasən Cavabdeh mübahisəli mənzildə qeydiyyatda olmasına baxmayaraq, uzun müddətdir yaşamır və yaşamamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh və onunla birlikdə yetkinlik yaşına çatmayan uşağı X2 mübahisəli mənzilinə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı işin yuxarıda qeyd edilən faktiki halları na istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdeh 2014-cü ildən mübahisəli mənzildə olan bütün əşyalarını götürüb atasının evinə, ünvan 1 ünvanına köçmüş və bu günə kimi də orada yaşamışdır. Ona məxsus heç bir əşya onun mənzilində qalmamışdır. Cavabdehin onun mülkiyyətində olan mənzildə pasport qeydiyyatında qalması səbəbindən yaşayış sahəsinə sahiblik, istifadə və sərəncam vermək hüquqları məhdudlaşdırılmışdır.

8. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və övladı X2 cavabdeh İddiaçı mülkiyyətində olan mübahisəli yaşayış sahəsinə istifadə hüquqlarının tanınması və həmin mənzilə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, o, İddiaçı oğlu X9 ilə nikahlarını xx.xx.2007-cı il tarixdə rəsmi qaydada qeyd etdirməklə ailə qurmuşlar. Ailə qurarkən elə həmin tarixdə ünvan 4anına köçərək X9 ilə birlikdə orada yaşamağa başlamışdır. Mənzilə öz cehiz əşyalarını, o cümlədən bahalı mebellərini də yerləşdirmişdir. ünvan 4anında olan mənzili X9 "xxxx" MTK-dan nikahdan əvvəlki tarixdə ilkin ödəniş etməklə kredit yolu ilə almışdır. Ailə qurduqdan sonra mənzilin aylıq ödənişini onunla birlikdə ödəmişdir. Həmin mənzil özəlləşdirilmədiyinə görə o, daimi olaraq yaşayış yeri üzrə İddiaçı mülkiyyətində olan mübahisəli mənzilə qeydiyyata alınmışdır. Nikahları pozulsa da, ünvan 4anında yaşamaqda davam etmişdir. Çünki həmin evin aylıq ödənişlərini Ələkbərov Xəyal ilə birlikdə etmişlər. Ona görə də boşansalar da, qayınatası və qayınanası ona demişdilər kı, “bu ev sənindir ”. Bir müddət yuxarıda qeyd etdiyi ünvanda yaşadıqdan sonra keçmiş qayınatası X4 ona demişdir ki, oğlu Xəyalın problemləri olduğundan yaşadığı ev satılmalıdır. Lakin o, evin satılmasına razı olmamışdır. Qayınatası və qayınanası ona demişlər ki, “sən narahat olma, sənə ev alacağıq”. O, da onlara inanmışdır. Evin satılması üçün o, razılıq verərək evdən çıxmışdır. Onlar demişlər ki, “səni və nəvəmizi ev alanadək başqa bir evə - X1 mülkiyyətində olan ünvan 3 ünvanına köçürdəcəyik”. Bütün ev əşyaları, mebelləri ilə birlikdə həmin ünvandakı evə köçmüşdür. ünvan 4anından köçərkən yalnız 7000 ABŞ dolları məbləğinə aldığı cehiz, mətbəx mebeli orada qalmışdır. Yəni mənzili mətbəx mebeli ilə birlikdə satmışlar. Boşandıqdan sonra X7 qarşı mənzil və avtomobillərin bölgüsünə dair iddia qaldırmaq istəmiş, iddia ərizəsini də hazırlamışdır. Lakin həm Xəyal Ələkbərov, həm də onun anası İddiaçı və atası Niyazi Ələkbərov yenə də ona söz verdilər ki, “məhkəməyə müraciət etmə, sənə ev alacağıq”. Bir neçə il onlarla birlikdə ünvan 3 ünvanındakı evdə yaşamışdır. Lakin hələ də ona mənzil alınmamışdır. Onlarla artıq birgə yaşamaq mümkün olmadığını gördükdə qayınatası və mülkiyyətçi qayınanası onu ev əşyaları, mebelləri ilə birlikdə qeydiyyatda olduğu mübahisəli mənzilə köçürtmüşlər. Həmin mənzildə mülkiyyətçi və onun ailə üzvləri, o cümlədən keçmiş həyat yoldaşı, uşağının atası X9 da olmaqla onlarla uzun müddət mənzilin bütün yaşayış sahələrindən və ümumi istifadə yerlərindən istifadə edərək, son dövrlərə kimi uşağı ilə birlikdə orada yaşamışdır. Lakin keçmiş qayınanası və qayınatası ona verdikləri sözə əməl etməmişlər. Onlar hər gün ona deyirmişlər ki, çıx get atanın evinə. Qayınatası və qayınanası onu evdən məcburi şəkildə çıxartmışlar. Müvəqqəti olaraq yaşamaq üçün atasının yaşadığı evə gəlmişdir. Amma onun başqa yaşamağa yeri və evi olmamışdır. Ona görə də o, uzun müddət uşağı ilə birlikdə yaşadığı və istifadə hüququ əldə etdiyi mübahisəli mənzilə köçürülməlidir. O, 2007-ci ildən həmin mənzildə daimi qeydiyyatdadır. Uşağının atası, keçmiş həyat yoldaşı X9 da həmin mənzilin istifadəçisi olmaqla həmin ünvanda daimi qeydiyyatdadır. Cavabdehlə aralarında nikah müqaviləsi bağlanmamışdır.

10. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X8 ilk iddianı müdafiə edərək, qarşılıqlı iddianı qəbul etməyərək, ilk iddianın məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, ünvan 5 ünvanın da yerləşən mənzili iddiaçı oğluna 2006-cı ildə almışdır, yəni mənzil birgə nikah dövründə əldə olunmamışdır. 2018-ci ildə isə həmin mənzil satılmışdır və mənzil birgə nikahda əldə olunmadığı üçün Cavabdeh iddiaçının oğluna qarşı 2014-cü ildə məhkəməyə boşanma ərizəsi verərkən, əmlakın bölgüsü barədə iddia ərizəsi verməmişdir. Mübahisəli mənzil isə 1994-cü ildən iddiaçının şəxsi mülkiyyətində olmuşdur. X5 qeydiyyatı mübahisəli mənzilə olduğu üçün iddiaçının xəbəri və icazəsi olmadan həmin mənzilə pasport qeydiyyatına saldırmışdır. Cavabdeh mübahisəli mənzildə heç bir gün də olsa yaşamamasını qonşular da təsdiq edə bilər. Mənzil həmişə kirayəyə verilmişdir. İddiaçıya məxsus mənzildə heç bir əşya əvvəldən bu günə qədər olmamışdır. Cavabdeh 2007-ci ildə ailə qurduqdan sonra ünvan 5 ünvanında yerləşən mənzilə köçmüş və bütün cehiz əşyalarını da həmin mənzilə yerləşdirmişdir. 2014-cü ildə isə oğlu ilə boşandıqdan sonra cehiz əşyalarını da götürüb atasının evinə ünvan 1 ünvanına köçmüşdür və bu günə kimi də orada yaşamışdır.

11. Məhkəmə iclasında Cavabdeh vəkili və nümayəndəsi ilkin iddianı qəbul etməyərək, qarşılıqlı iddianı müdafiə edərək, qarşılıqlı iddianın məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, "xxxx" MTK-dan alınmış evin ödənişini birgə nikah dövründə Lamiyə ilə Xəyal ediblər. Onun orda payı olmuş, lakin onun payını verməmişlər. Xəyalın probleminə görə mənzil satılmışdır. İddiaçı mülkiyyətində olan mübahisəli mənzildə isə yaxın zamanlara kimi yaşamışdır, sadəcə onu yola verməmiş, evdən çıxarmışlar, o, da qalmağa başqa yeri olmadığı üçün atasının ev inə getmişdir. Qonşular bunu təsdiq edə bilərlər, lakin heç biri gəlib məhkəmədə qonşu ilə üz-üzə durmaq istəməmişdir.

12. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(007)-271/2024 nömrəli iş üzrə 18 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakim Ülkər Yusifova) ilk iddia tələbinin təmin edilməsi, Cavabdeh və onunla birlikdə yetkinlik yaşına çatmayan uşağı X2 mübahisəli mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət edilmişdir.

13. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, ilk iddia tələbi təmin edilməli, Cavabdeh və onunla birlikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən Cavabdeh yanında saxlanılmış yetkinlik yaşına çatmayan uşağı X2 mübahisəli mənzilə ist ifadə hüquqları itirilmiş hesab edilməlidir. Belə ki, işin müəyyən olunmuş və mübahisələndirilməyən hallarına əsasən İddiaçı oğlu X9 ilə Cavabdeh xx.xx.2007-ci il tarixdə rəsmi nikaha daxil olaraq X7 məxsus olmuş ünvan 6 ünvanında yerləşən 36 saylı mənzildə yaşamağa başlamışlar. X9 ilə Cavabdeh nikahı xx.xx.2014-cü il tarixdə pozulmuşdur.

14. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh bir müddət ünvan 7 ünvanında yaşadıqdan sonra keçmiş qayınanası və qayınatası tərəfindən qeydiyyatda olduğu mübahisəli mənzilə köçürüldüyünü, xeyli müddət, yəni yaxın zamanlaradək həmin mənzildə yaşadığını iddia etsə də, məhkəmə araşdırması zamanı qeyd olunan hallar öz təsdiqini tapmamışdır. Belə ki, Cavabdeh izahatı sübutlarla yanaşı yoxlanılmalıdır ki, onun tərəfindən də belə bir sübut təqdim edilməmişdir. Əksinə i lk iddia üzrə iddiaçının nümayəndəsi tərəfindən təqdim olunmuş arayışdan müəyyən olunmuşdur ki, Cavabdeh mübahisəli mənzildə qeydiyyatda olsa da, heç vaxt həmin mənzildə yaşamamışdır. Belə olan halda isə Cavabdeh qeyd olunan mənzilə istifadə hüququ yaranmamış olur.

15. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh X9 ilə nikahı pozulduqdan sonra sonuncunun valideynləri İddiaçı və N.C.Ələkbərov tərəfindən mübahisəli mənzilə köçürülməsi barədə arqumenti inandırıcı olmamışdır.

16. Eyni zamanda, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh mübahisəli mənzildən istifadə hüququ barədə onunla mənzilin sahibi İddiaçı arasında notariat qaydasında təsdiq edilmiş yazılı razılaşma bağlanmamış, Cavabdeh mənzildən istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir.

17. Beləliklə, məhkəmənin qətnaməsinə əsasən yetkinlik yaşına çatmayan X6 anası Cavabdeh yanında saxlanıldığından Cəbrayıl Ələkbərovun yaşayış yeri anasının yaşayış yeri sayılır. Beləliklə, cavabdehlə birlikdə mənzildə formal olaraq qeydiyyatda olan uşağın da iddiaçıya məxsus mənzildən istifadə hüququ itirilmiş hesab olunmalıdır.

18. Qarşılıqlı iddia tələbi üzrə Cavabdeh tələbində qeyd etdiyi dəlillərini, yəni mübahisəli mənzildə son dövrlərədək təxminən il yarım öncə yaşamasını və həmin mənzilə istifadə hüququnun yaranmasını sübut edə bilməmişdir. İş materialları və tərəflərin izahatı ilə də müəyyən olunmuşdur ki, Cavabdeh ilə X5 nikahı xx.xx.2014-cü il tarixli qətnamə ilə pozulmuşdur. Lakin göründüyü kimi Cavabdeh ilk iddia üzrə iddiaçı məhkəməyə müraciət edənədək məhkəməyə müraciət etməmişdir. Yalnız ilk iddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbi ilə müraciət etdikdən sonra qarşılıqlı iddia tələbi ilə müraciət etmişdir.

19. Bundan başqa uzun müddət ərzində hazırkı tələblə məhkəməyə müraciət etmədiyindən məhkəmə belə qənaətə gəlmişdir ki, Cavabdeh yaşayış sahəsinə olan ehtiyacı aradan qalxmışdır.

20. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27, 228-ci, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddələrinə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin şərh edilməsinə dair» 27 iyul 2001-ci il tarixli və «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» 27 may 2008ci il tarixli Qərarlarına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

21. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, ilk iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun mübahisəli mənzilə istifadə hüququ yaranmışdır. O, öz uşağı ilə birlikdə uzun müddət mübahisə olunan mənzildə yaşamışlar. Mənzildən son zamanlar məcbur qalıb çıxmışdır. Onun mənzilə ehtiyacım olmuşdur. Məhkəməyə müstəqil olaraq bu iddia ilə müraciət etməməyi o demək deyildir ki, onun mənzil sahəsinə olan ehtiyacı aradan qalxmışdır. O, nikaha girəndən bəri, yəni 2007-ci ildən hal-hazıra kimi, yəni 16 ildən çoxdur ki, qeyd edilən mənzildə qeydiyyatda olmuşdur. Sonra da mənzilə köçərək orada yaşamışdır.

23. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-2993/2024 nömrəli mülki iş üzrə 17 may 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Namiq Cəfərov (sədrlik edən və məruzəçi), İkram Şirinov və Elşən Kazımov) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, yeni qətnamə çıxarılmaqla ilk iddia tələbinin qismən təmin olunması, Cavabdeh və onun uşağı X2 mübahisəli mənzildən istifadə hüququnun olmadığının müəyyən edilməsi, ilk iddianın qalan hissəsinin tə min edilməməsi, Cavabdeh qarşılıqlı iddiasının təmin edilməməsi, hazırkı qətnamənin Cavabdeh və onun uşağı X2 mübahisəli mənzildən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin göstərişinə uyğun olaraq qeydiyyatdan çıxarılması üçün əsas olması qət edilmişdir.

24. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, keçmiş gəlinin həmin mənzildə yaşayıb-yaşamamasının mübahisənin düzgün həlli üçün əhəmiyyəti olmamışdır, çünki mənzildə yaşadığı halda da onun və uşağının mənzilə istifadə hüququ yaranmamışdır. Belə ki, mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsi tətbiq edilməlidir. Həmin maddənin 1-ci cümləsində qeyd olunmuşdur ki, “Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla b irgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər”. Göründüyü kimi “ailə üzvləri” deyiləndə ər, arvad, valideynlər və uşaqlar nəzərdə tutulmuşdur. Cavabdeh və onun uşağı Cəbrayıl Ələkbərov mülkiyyətçinin ailə üzvləri deyillər.

25. Həmin maddənin 2-ci cümləsində qeyd olunmuşdur ki, “Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər”. Göründüyü kimi, bu ixtiyar mülkiyyətçinin ailə üzvünə məxsus olmuşdur. Cavabdeh mülkiyyətçinin ailə üzvü olmadığına görə öz uşağı Cəbrayıl Ələkbərovu mənzilə köçürə bilməz.

26. Həmin maddənin 3-cü cümləsində qeyd olunmuşdur ki, “Digər ailə üzvlərinin (ərin, arvadın) köç ürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir”. Bu zaman “digər ailə üzvləri” deyiləndə mülkiyyətçinin ailə üzvü deyil, mülkiyyətçinin ailə üzvünün (məs., mülkiyyətçinin oğlunun) ailə üzvü (arvadı) nəzərdə tutulur. Lakin razılıq notariat qaydasında olmalıdır. Belə ki, Konstitusiya Məhkəməsinin xx.xx.2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin “mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı qaydada bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Cavabdeh mənzilə köçürülməyə dair notariat qaydasında razılaşma olmamışdır.

27. Beləliklə, qətnamə həm ilk iddiaya, həm də qarşılıqlı iddiaya aid hissədə ləğv edilməlidir. İlk iddiaya aid hissədə qətnamə ona görə ləğv edilməlidir ki, hər hansı hüququn itirilməsinin qət olunması üçün əvvəlcə həmin hüququn yarandığı müəyyən edilməlidir, çünki mövcud olmayan hüquq itirilə bilməz. İddianın əsası nəzərdə alınmaqla istifadə hüququnun mövcud olmadığı qət edilməldir. Qarşılıqlı iddiaya aid hissədə qətnamə ona görə ləğv olunmalıdır ki, mənzilə köçürülmə barədə tələbin təmin edilməsi istifadə hüququ itirildiyinə görə deyil, istifadə hüququ yaranmadığına görə mümkün deyil. 28. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə görə, şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən yaşayış yer i üzrə qeydiyyatdan çıxarılır. İstifadə hüququnun olmadığının müəyyən edilməsi barədə qətnamə həmin müddəanın məqsədi baxımından istifadə hüququna xitam verilməsi barədə qətnaməyə bərabər tutulur və qeydiyyatdan çıxarılmaya əsas verir. Bu əsasın qətnamənin nəticə hissəsində yazılması qeydiyyat məsələsi ilə məşğul olan dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin aidiyyəti şəxslərə izah edilməsidir. Əgər müvafiq dövlət orqanı şəxsi qeydiyyatdan çıxarmaqdan imtina edərsə həmin orqana qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırıla bilər.

29. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

30. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, ilk iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

31. Şikayət onunla əsaslandırılmışdır ki, nikah münasibətləri pozulduqdan sonra da Cavabdeh mübahisəli mənzildə yaşaması o deməkdir ki, mülkiyyətçinin razılığı ilə o həmin mənzilə köçmüş və orada uzun müddət yaşamışdır. Hətta cavabdehin nümayəndəsi də məhkəmədə bildirmişdir ki, “biz Lamiyəni evdən qovmamışıq, onun atası gəlib onu evdən aparıb”. Bu da onu göstərmişdir ki, mülkiyyətçi Cavabdeh həmin mənzildə yaşamasına razı olmuşdur. İlk iddia üzrə iddiaçının “cavabdeh bu mənzildə yaşamamışdır” deməsi və buna dair başqa bir mötəbər sübut təqdim etməməsinə baxmayaraq, apellyasiya məhkəməsi öz mülahizəsinə əsasən qətnamə qəbul etmişdir.Apellyasiya məhkəməsi Cavabdeh uzun illər yaşadığı və istifadə etdiyi mənzildən istifadə hüququndan məhrum etmişdir. Məhkəmə iş üçün əhəmiyyət kəsb edən bütün halları obyektiv və hərtərəfli araşdırmamış, bununla da həmin hallara düzgün qiymət verməmiş və qanunvericiliyin normalarını düzgün tətbiq etməyərək, qanunsuz və əsassız qətnamə qəbul etmişdir.

32. Şikayət Azərbaycan Respublikası Konstitusiyasının 43-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 76, 77, 87, 88, 217-ci, “Yaşayış yeri və olduğu yer üzrə qeyd iyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddələrinə istinad edilərək əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

33. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

34. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsində n istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətini n yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

39. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

41. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardad ını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

42. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

43. Hazırkı kassasiya şikayətində qətnamə ilk iddianın təmin edilmiş, qarşılıqlı iddianın rədd olunmuş hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməs inin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

45. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin l əğvi üçün qanuni əsas ola bilməz.

46. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması na və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

47. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimlə yən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.

48. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 17 may 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar