Məhkəmə qərarları › İş №2(102)-3079/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3079/2024

23.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3079/2024 23.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pulun tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh qarşı “pulun ödənilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-293/2024 nömrəli, 8 may 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" MMC ilə İddiaçı ar asında bağlanmış 21 iyul 2010-cu il tarixli müqaviləyə əsasən MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində inşa ediləcək yaşayış binasının 4-cü giriş, 8-ci mərtəbəsində yerləşən 2 otaqlı, ümumi sahəsi 81 kv.metr olan 384 saylı mənzilin (bundan sonra – mübahisəli mənzil) İddiaçı təhvil verilməsi nəzərdə tutulmuşdur. 2. "xxxx" MMC tərəfindən verilmiş maliyyə arayışına əsasən həmin mənzilin pay dəyəri payçı İddiaçı tərəfindən tam ödənilmiş, MMC-yə borcu qalmamışdır. İddiaçı tərəfindən X2 verilmiş 21 aprel 2019-cu il tarixli etibarnamə ilə İddiaçı bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi və s. Zolfi Bakhshaliyə etibar etmişdir. Etibarnamə 10 il müddətinə verilmişdir.

3. İddiaçı "xxxx" MMC-yə ünvanladığı, notarial qaydada təsdi q edilmiş xx.xx.2019cu il tarixli, **********765 nömrəli ərizədə göstərilmişdir ki, o, 384 saylı mənzilə dair "xxxx" MMC ilə bağladığı 21 iyul 2010-cu il tarixli müqavilənin pozulması ilə əlaqədar qanunvericiliyə və MMC-nin nizamnaməsinə uyğun tədbir görülməsini xahiş etmiş, həmin mənzilə dair müqavilə pozulduqdan sonra mənzilin digər şəxsin adına rəsmiləşdirilməsinə etirazının, bununla bağlı iddia və tələbinin olmadığını göstərmişdir.

4. DƏDRX tərəfindən verilmiş çıxarışa əsasən Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Əsəd Əhmədov küçəsində yerləşən yaşayış binasının 4-cü giriş, ümumi sahəsi 71,5 kv.metr, ev 24B, 384 saylı mənzil Zolfi Bakhshalinin adına xüsusi mülkiyyət hüququ ilə tam pay olmaqla 17 iyun 2020-ci il tarixdə **********8 qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır.

5. Maraqlı şəxs MTK-nın İddiaçı ünvanladığı xx.xx.2021-ci il tarixli məktubda göstərilir ki, sözügedən 384 saylı mənzil İddiaçı yazdığı və notarial qaydada təsdiq olunmuş ərizəyə əsasən xx.xx.2020-ci il tarixdə Zolfi Bakhshalinin adına rəsmiləşdirilmişdir.

6. Maraqlı şəxs MTK tərəfindən İddiaçı ünvanlanmış 07 iyul 2022-ci il tarixli, 79 saylı məktubda Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Ə.Əhmədov küçəsi, ev 24B-də yerləşən 2 otaqlı, ümumi sahəsi 81 kv.metr olan 384 saylı mənzilin dəyəri olan 40000 ABŞ dolları (yəni keçimş məzənnə ilə 31200 manat) onun tərəfindən tam ödənildiyi, həmin mənzilin onun tərəfindən təmir etdirildiyi göstərilmişdir.

7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 avqust 2021-ci il tarixli, 2(004)3301/2021 saylı qətnaməsi ilə İddiaçı Maraqlı şəxs MTK-nın Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov (Talıblı) küçəsində inşa edilən 24 B saylı çoxmənzilli yaşayış binasının 4cü blok, 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 81 kv.metr olan 2 otaqlı 384 saylı mənzilin Zolfi Bakhshalinin adına rəsmiləşdirilməsi hərəkətinin qanunsuz hesab edilərək ləğv edilməsi və mənzilin iddiaçının adına rəsmiləşdirilməsi, iddiaçının kooperativ üzvlüyü və payını ödəməsi barədə arayışın verilməsi vəzifəsinin Maraqlı şəxs MTK-nın üzərinə qoyulması, iddiaçıya məxsus 384 saylı mənzilin X5 məxsus həmin ünvanda yerləşən 385 saylı mənzillə dəyişdirilməsinin tanınması və bu barədə sənədləşmənin aparılması vəzifəsinin cavabdehlərin üzərinə qoyulması, ********* qeydiyyat nömrəli, 17 iyun 2020-ci il tarixli çıxarışın ləğv edilməsi, Maraqlı şəxs MTK-nın 12 mart 2020-c i il tarixli, 06 saylı protokolun və həmin tarixli “borcun olmamasına dair” arayışın ləğv edilməsi barədə iddiası təmin edilməmişdir. Həmin mülki iş materiallarında olan Maraqlı şəxs MTK-nın İddiaçı ünvanladığı xx.xx.2021-ci il tarixli məktubun surətindən müəyyən edilmişdir ki, sözügedən 384 saylı mənzil İddiaçı yazdığı və notarial qaydada təsdiq olunmuş ərizəyə əsasən xx.xx.2020-ci il tarixdə Zolfi Bakhshalinin adına rəsmiləşdirilmişdir. DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinin cavab məktubundan müəyyən edilmişdir ki, Maraqlı şəxs MTK tərəfindən inşa edilmiş sözügedən binanın 384 saylı mənzili Zolfi Bakhshalinin, 385 saylı mənzili X3 adlarına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətlərindədir. Maraqlı şəxs MTK üzvlərinin ümumi iclasının 06 nömrəli, 12 mart 2020-ci il tarixli protokolun dan çıxarışdan görünür ki, Zolfi Bakhshali Maraqlı şəxs MTK-ya üzv qəbul edilmiş və ona MTK-nın sözügedən binasında 384 saylı mənzilin verilməsi qərara alınmışır. Mübahisəli mənzil Zolfi Bakhshalinin mülkiyyətindədir.

8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 aprel 2022-ci il tarixli, 2(004)1771/2022 saylı qətnaməsinə əsasən, X4 ünvan 4 ünvanında yerləşən 384 saylı mənzildən əşyaları ilə birlikdə çıxarılması və həmin mənzilin boşaldılaraq Zolfi Bakhshaliyə təhvil verilməsi qərara alınmışdır.

9. Maraqlı şəxs MTK tərəfindən verilmiş 15 noyabr 2022-ci il tarixli, 346 saylı məktubda göstərilmişdir ki, İddiaçı ilə "xxxx" MMC arasında MMC-nin Bakı şəhəri, Yasamal rayonu, Yeni ünvan 5 ünvanda inşa etdiyi binanın 5-ci giriş, 16-cı mərtəbəsində yerləşən 2 otaqlı 528 saylı mənzilə dair xx.xx.2006 -cı ildə müqavilə bağlanmışdır. İddiaçı 21 iyul 2010-cu il tarixli ərizəsi əsasında (artıq ödəmə nəzərə alınmaqla) 528 saylı mənzil həmin binanın 4-cü giriş 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 81 kv.metr olan 2 otaqlı 384 saylı mənzillə əvəzləşdirilərək yeni müqavilə əsasında onun adına rəsmiləşdirilmişdir. 384 saylı mənzilin dəyəri İddiaçı tərəfindən tam ödənildiyindən ona bu barədə maliyyə arayışı verilmişdir. Zolfi Bakhshali tərəfindən xx.xx.2020-ci il tarixli müqavilə üçün "xxxx" MMC-yə pul vəsaiti ödənilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Ə.Əhmədov küçəsi, ev 24B saylı yaşayış binasının 4-cü giriş, 8-ci mərtəbəsində yerləşən 81,4 kv.metr sahəli 384 saylı iki otaqlı mənzil üçün "xxxx" MMC-nin hüquqi varisi Maraqlı şəxs MTK-ya ödədiyi 40.000 ABŞ dolları (31.200 manat) və həmin mənzilin təmiri üçün çəkdiyi 27.739,55 manatın və 2 il əldən çıxmış faydaya görə 6.041,3 manat, cəmi 64.980,85 manatın, habelə vəkil xərci kimi 211 manatın Zolfi Bakhshalidən tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

11. İddia onunla əsaslandırmışdır ki, İddiaçı ilə "xxxx" MMC-nin hüquqi varisi Maraqlı şəxs MTK arasında 21 iyul 2010-cu il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Əsəd Əhmədov küçəsində inşa edilən binanın 4-cü giriş, 8-ci mərtəbəsində yerləşən 81 kv.metr sahəsi olan 384 saylı mənzilə dair kooperativ mənziltikinti haqqında müqavilə bağlanmışdır. Mənzilin dəyəri iddiaçı tərəfindən xarici valyuta ilə 40000 ABŞ dolları (31200 manat) tam ödənilmişdir. Bundan sonra iddiaçı 27739,55 manat xərc çəkib təmir etdirdiyi həmin mənzildə 2011-ci ildən 2014-cü ilədək yaşamışdır. 2014-cü ildə həmin mənzili qonşusu X4 385 saylı mənzilinə üzərində 10000 manat ödəməklə dəyişdirmişdir. A.Qafarov ailəsi ilə yaşadığı 384 saylı mənzili xx.xx.2019-cu il tarixli ərizə əsasında Cəmiyyətin nizamnaməsinə uyğun olaraq digər şəxsin adına rəsmiləşdirilməsinə dair notarial qaydada ərizə vermişdir. Maraqlı şəxs MTK-nın 12 mart 2020-ci il tarixli, 06 saylı protokoluna əsasən 17 iyun 2020-ci il tarixdə Zolfi Bakhshali həmin mənzilə dair pul ödəmədən ********* saylı çıxarış almışdır. 384 saylı mənzil üçün iddiaçının ödədiyi 40000 ABŞ dolları (31200 manat) və təmir xərcini bugünədək Maraqlı şəxs MTK, Zolfi Bakhshali iddiaçıya qaytarmamışdır. İddiaçı 384 saylı mənzilin Zolfi Bakhshalinin adına keçməsini 2021-ci ilin sonunda bilmişdir.

12. Cavabdehin nümayəndəsi Vəkil2 iddia ərizəsinə yazılı etirazında bildirmişdir ki, işin əsl mahiyyəti ondan ibarətdir ki, iddiaçı cavabdehin işçisi olmuş və cavabdeh İran İslam Respublikasının vətəndaşı olduğu üçün özünə və ailəsinə aid olan daşınmaz əmalkaların bir neçəsini etibarını qazandığı iddiaçının adına almış, eyni zamanda iddiaçının adından etibarnamə almışdır. Hazırki iddia ərizəsində göstərilən 384 saylı mənzillə bağlı müqavilə də bunlardan biridir. Hətta, həmin müqavilə bağlananda 21 iyul 2010-cu il tarixdə müqaviləyə iddiaçı deyil, cavabdeh özü imza atmış, ödənişlərin əksər hissəsini cavabdeh şəxsən, qa lan az hissəsini isə tapşırığı ilə şirkətinin hesabından çıxarılmaqla işçilər tərəfindən ödənilmişdir. İddiaçı cavabdehin etibarını itirdiyi andan, yəni şirkətdən külli miqdarda pul mənimsədiyini bildiyi andan cavabdeh formal olaraq iddiaçının adında olan əmlakların hamısını iddiaçının könüllü razılığı əsasında öz adına və ailəsinin adına rəsmiləşdirmişdir. Eyni zamanda, iddiaçı 26 dekabr 2019-cu il tarixli ərizəsi əsasında Cəmiyyətin nizamnaməsinə uyğun olaraq adına olan müqavilənin pozulmasına, digər şəxsin adına rəsmiləşdirilməsinə dair notarial qaydada ərizə vermişdir ki, həmin ərizədə də gələcəkdə həmin mənzillə bağlı hər hansı iddia və tələbinin olmayacağına dair öhdəlik götürmüşdür, bununla da iddiaçının mübahisəli mənzilə dair müqaviləsi pozulmuş, bütün hüquqları itirilmişdir. Bund an əlavə, iddiaçı Yasamal Rayon Məhkəməsində cavabdeh olaraq Zolfi Bakhshaliyə qarşı Maraqlı şəxs MTK-nın sözügedən 384 saylı mənzilinin cavabdeh Z.Bakhshalinin adına rəsmiləşdirməsi hərəkətinin qanunsuz hesab edilərək ləğv edilməsi və mənzilin iddiaçının adına rəsmiləşdirilməsi, iddiaçının kooperativ üzvlüyü və payını ödəməsi barədə arayışın verilməsi vəzifəsinin Maraqlı şəxs MTK-nın üzərinə qoyulması, iddiaçıya məxsus 384 saylı mənzilin X5 məxsus 385 saylı mənzillə dəyişdirilməsinin tanınması və bu barədə sənədləşmənin aparılması vəzifəsinin cavabdehlərin üzərinə qoyulması, ********* qeydiyyat nömrəli, 17 iyun 2020-ci il tarixli çıxarışın ləğv edilməsi, Maraqlı şəxs MTK-nın 12 mart 2020-ci il tarixli, 06 saylı protokolunun və həmin tarixli “borcun olmamasına dair” arayışın ləğv edilməsi barədə iddiası təmin edilməmişdir. İddiaçı ilə cavabdeh arasında hər hansı müqavilə öhdəliyi mövcud deyildir. Mənzilin təmiri ilə bağlı xərcin ödənilməsi tələbi də əsassızdır. Belə ki, 384 saylı mənzillə bağlı müqaviləyə 21 iyul 2010-cu il tarixdə cavabdeh şəxsən imza atmış, ödənişlərin əksər hissəsini şəxsən ödəmiş, təmirin bütün xərclərini də özü çəkmişdir.

13. Məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi X6 izahatında göstərib ki, iddiaçı qonşusu ilə öz aralarında razılaşaraq mənzilləri dəyişdirmişlər. Sonradan isə cavabdeh ərizə təqdim edərək sözügedən mənzili öz adına rəsmiləşdirmişdir. Maraqlı şəxs MTK-da olan ödəniş qəbzlərindəki imzalar iddiaçıya məxsusdur. İddianın təmin və ya rədd edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxır.

14. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 d ekabr 2022-ci il tarixli, 2(001)4970/22 nömrəli qətnaməsi ilə (hakim E.Mustafayev) iddia rədd edilmişdir.

15. Məhkəmə belə qənaətə gəlmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 aprel 2022-ci il tarixli, 2(004)-1771/2022 saylı qətnaməsinə əsasən, X4 ünvan 4 ünvanında yerləşən 384 saylı mənzildən əşyaları ilə birlikdə çıxarılması və həmin mənzilin boşaldılaraq Zolfi Bakhshaliyə təhvil verilməsi qərara alınmış və bu qətnamə hazırda qüvvədədir. Bu baxımdan hazırkı halda iddiaçının vicdanlı sahib olması istisna edilir. Digər tərəfdən, tərəflər arasında pul öhdəliklərinin mövcud olması da müəyyən edilmir. Belə ki, sübutetmə yükü baxımından mübahisəli mənzilin təmirinə çəkilən xərclərin məhz cavabdehdən tutulmalı olduğu, bir sözlə, tələbin hüquqi və faktiki əsaslarını sübuta yetirmək və zifəsi iddiaçının üzərinə düşür. İşin məhkəmə araşdırması ilə tərəflər arasında mübahisəli mənzillə bağlı hər hansı müqavilənin mövcudluğu müəyyən edilməməklə yanaşı, iddiaçı tərəfindən tələbinin əsaslı olmasına dair heç bir mötəbər sübut da təqdim olunmamışdır. İş üzrə şahid qismində dindirilən şəxslər isə tərəflər arasında hər hansı öhdəliyin yaranması barədə heç bir ifadə verməmişlər, yalnız mənzilin təmirinə dair fikirilərini söyləmişlər.

16. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.7, 445.7-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin l əğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixli ərizənin verilməsində məqsəd 384 saylı mənzilə dair müqavilənin ləğvindən sonra Aslan Qafarovdan almış olduğu 385 saylı mənzilə dair yeni müqavilə bağlanması olmuşdur. Həmin ərizədə mənzilin cavabdeh Zolfi Bakhshaliyə verilməsi nəzərdə tutulmamışdır. Lakin "xxxx" MMC-yə **********765 nömrəli ərizə verilməsinə baxmayaraq, MMC ilə İddiaçı arasında bağlanmış müqavilə ləğv olunmamış və bununla bağlı məhkəməyə hər hansı sübut təqdim olunmamışdır. "xxxx" MMC ilə iddiaçı arasında bağlanmış müqavilə qüvvədə olmasında baxmayaraq Zolfi Bakhshali MTK-ya üzv qəbul edilərkən ona başqa mənzil deyil, məhz iddiçının mənzili verilmiş dir. Bu səbəbdən də hazırkı iddia tələbi ilə məhkəməyə müraciət olunmuşdur. Zolfi Bakhshalinin arvadı Azərbaycan Respublikasının vətəndaşıdır. Cavabdeh öz əmlaklarını onun adına da ala bilərdi. Başqa ölkə vətəndaşlarının Azərbaycan Respublikasının ərazisində öz adlarına mənzil əldə etmələrinə dair heç bir məhdudiyyət qoyulmamışdır. İddiaçı ilə MTK arasında bağlanmış müqaviləyə Zolfi Bakhshali tərəfindən də imza edilməsinə münasibətdə qeyd edir ki, həmin müqavilə cavabdehlər tərəfindən skaner olunmuş və skaner variantına Zolfi Bakhshali tərəfindən imza edilmişdir. Zolfi Bakhshali tərəfindən məhkəməyə təqdim olunmuş müqavilə nüsxəsində müqavilənin ilinə düzəliş edilmiş, müqavilədə iddiaçının imzası silinsə də, cavabdeh MTK tərəfindən məhkəməyə təqdim olunmuş müqavilə nüsxəsində iddiaçının im zası saxlanılmış, müqavilənin ili göstərilməmiş, üstəlik həmin müqaviləyə sonradan Zolfi Bakhshali tərəfindən də imza edilmişdir. Bu da onu göstərir ki, cavabdehlər iddiaçının əmlakını ələ keçirmək üçün əlbir olaraq saxtakarlığa əl atmışlar. Cavabdehlər arasında bağlanmış 384 saylı xx.xx.2020-ci il tarixli müqavilədə mənzilin dəyəri qeyd olunmasa da, təqdim olunmuş maliyyə arayışından görünür ki, Zolfi Bakhshali onunla 384 saylı xx.xx.2020-ci il tarixli müqavilə bağlanıldıqdan sonra mənzilin dəyərini ödəmişdir. Belə olan halda cavabdeh MTK iddiaçının ödəmiş olduğu 40.000 ABŞ dollarını iddiaçıya qaytarmalı idi. 2010-cu ildə həmin mənzilin dəyəri 40.000 ABŞ dolları (hazırki məzənnə ilə 68000 manat) olduğu halda, on ildən sonra həmin mənzilin təmirli vəziyyətdə digər şəxsə 43700 manata ucuz q iymətə satılması da ağlabatan deyil. Nədənsə sonuncu protokoldan çıxarış və maliyyə arayışı cavabdehlər tərəfindən məhkəməyə təqdim edilməmişdir.

19. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər - Akif İsgəndərov (sədrlik edən və məruzəçi), Vahid Sadıqov və Məhəmməd Rüstəmli) 2(103)-293/2024 nömrəli, 8 may 2024-cü il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin çıxarılması, iddianın qismən təmin olunması, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Ə.Əhmədov küçəsi, ev 24B saylı yaşayış binasının 4-cü giriş, 8-ci mərtəbəsində yerləşən 81,4 kv.metr sahəli 384 saylı iki otaqlı mənzilin təmir xərcinin əvəzi kimi 27.739,55 manat pulun cavabdeh X1 tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.

20. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işdə olan Maraqlı şəxs MTK tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Ə.Əhmədov küçəsi, ev 24B-də yerləşən 2 otaqlı, ümumi sahəsi 81 kv.metr olan 384 saylı mənzilin dəyəri Zolfi Bakhshali tərəfindən tam ödənilmiş, MTK-ya borcu yoxdur.

21. İddiaçının mübahisəli mənzilə görə ödədiyi pay haqqının ödənilməsi tələbinə münasibətdə iddiaçının məhkəmə müdafiəsi hüququna malik olması mübahisəsizdir. İşə baxan məhkəmənin vəzifəsi ilk növbədə cavabdeh kimi göstərilən şəxsin iddia üzrə cavab verməli şəxs olub-olmadığını müəyyən etməkdən ibarətdir. Hazırkı halda cava bdeh Zolfi Bakhshali müqavilə məbləğinin, yəni kooperativ pay haqqının qaytarılması hissəsində tələbə cavab verməli şəxs deyil. Belə ki, mənzil tikintisi haqqında müqavilə iddiaçı ilə MTK arasında bağlanmışdır, iddiaçı mənzilin dəyərini məhz MTK-ya ödəmişdir və MTK da bunu təsdiq edir. Cavabdeh Zolfi Bakhshali həmin müqavilədə tərəf deyil və üzərinə hər hansı öhdəlik götürməmişdir.

22. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə İddiaçı mübahisəli mənzilə görə ödədiyi pay haqqının qaytarılmasını Zolfi Bakhshalidən deyil, Maraqlı şəxs MTK-dan tələb edə bilər. Maraqlı şəxs MTK isə hazırkı işdə cavabdeh deyildir. İddianın ikinci hissəsi, yəni mənzilin təmirinə sərf olunan vəsaitin tutulması ilə bağlı hissədə isə kollegiyanın mövqeyi fərqli olmaqla aşağıdakılardan ibarətdir. Maraqlı şəxs MTK tərəfindən İddiaçı ünvanlanmış 07 iyul 2022-ci il tarixli, 79 saylı məktubda mənzilin iddiaçı tərəfindən təmir edildiyi göstərilmişdir. Bu hal birinci instansiya məhkəməsində şahid kimi dindirilmiş şəxslərin ifadələri ilə də təsdiq olunur.

23. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə cavabdeh Zolfi Bakhshali İddiaçı mübahisəli mənzilin təmirinə çəkdiyi xərc hesabına qanuni əsas və ya müqavilə əsası olmadan varlanmışdır və iddiaçı təmirə sərf etdiyi pulu cavabdehdən geri tələb edə bilər.

24. İddiaçı mənzilin təmirinə 27.739,55 manat vəsait sərf etdiyini bildirir və bunun təsdiqi kimi “X8 və Ekspertiza Mərkəzi” MMC-nin 28 iyun 2022-ci il tarixli, 141 saylı mütəxəssis rəyinə istinad edir. Həmin rəydə mənzildə aparılmış təmir-tikinti işlərinin dəyərinin təqribən 27.739,55 manat məbləğində olduğu müəyyən edilmişdir.

25. Apellyasiya baxışı zamanı mübahisəli mənzilin təmirinə çəkilmiş xərcin məbləğinin dəqiq müəyyən olunması və apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməsini təmin etmək məqsədilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspert və iddiaçı təyin olunan vaxtda mübahisəli ünvana getsələr də, tədqiqat obyektinin qapısı bağlı olduğundan, cavabdeh tərəfindən mənzilə baxış keçirilməsinə şərait yaradılmadığından ekspertizanın keçirilməsi mümkün olmamışdır.

26. Apellyasiya instansiyası məhkəməsi cavabdehin mübahisəli mənzili baxış keçirilməsi üçün ekspertə təqdim etmədiyini, ekspertiza keçirilməsinə şərait yaratmadığını və MPM-in 97.5-ci maddəsinin tələblərini nəzərə alaraq belə qənaətə gəlmişdir ki, mübahisəli mənzil in təmirinə 27.739,55 manat vəsait xərclənməsi faktı təsdiq olunmuş sayılmalı və həmin məbləğ təmir xərcinin əvəzi kimi cavabdehdən tutulub iddiaçıya ödənilməlidir.

27. İddianın əldən çıxmış faydaya görə 6.041,3 manat pul tələbinə münasibətdə apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, həmin hissədə iddiaçı tələbini əsaslandıran sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dair əsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir.

28. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 157.7, 445.7-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

29. Cavabdeh Bakhshali Zolfi (Vəkil5) kassasiya şikayəti verərək qətnamənin iddianın təmin edildiyi hissədə ləğv edilərək iddia tələblərinin tam olaraq rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

30. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, maddi hüquq normaları məhkəmə tərəfindən düzgün tətbiq edilməmişdir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı tərəfindən sözügedən mənzilə dair müqavilənin pozulması və mənzilin "xxxx" MMC-yə qaytarılmasına dair 2009-cu ildə ərizə v ermişdir. Yəni, həmin ərizə ilə iddiaçı tərəf mənzilə olan bütün hüquqlarından imtina edərək mənzili əldə edilmiş vəziyyətdə deyil, məhz mövcud vəziyyətdə MMC-yə geri qaytarmışdır. Mənzilə dair isə daha sonra 2020-ci ildə cavabdeh Zolfi Bakhshali ilə müvafiq sənədləşmə aparılmışdır. Yəni iddiaçının özü iddia etdiyi kimi, təmir etdiyi mənzili MMC-yə qaytardığı təqdirdə, həmin mənzilin təmir xərcinin cavabdeh Zolfi Bakhshalidən tələb etməsi heç də məntiqli deyildir. İddiaçı mənzili mövcud vəziyyətdə cavabdeh Zolfi Bakhshaliyə deyil MMC-yə təhvil vermişdir. Tələb də məhz sonuncuya yönəldilməli idi. Bu əsasla cavabdeh tərəf apellyasiya məhkəməsinin əsassız varlanmaya dair tətbiq etdiyi maddi hüquq normalarının düzgün tətbiq edilmədiyini hesab edir. Həmçinin məhkəmə tərəfindən mübahisəli mənz ilin təmirinə çəkilmiş xərcin məbləğinin dəqiq müəyyən olunması və apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməsini təmin etmək məqsədilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspert və iddiaçı təyin olunan vaxtda mübahisəli ünvana getsələr də, tədqiqat obyektinin qapısı bağlı olduğundan, cavabdeh tərəfindən mənzilə baxış keçirilməsinə şərait yaradılmadığından ekspertizanın keçirilməsinin mümkün olmadığı qənaətinə gəlmişdir. Apellyasiya instansiya məhkəməsi tərəfindən müvafiq məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsinə dair xx.xx.2023-cü il tarixli məhkəmə qəradadı qəbul edilərkən mənzil artıq 3cü şəxsin mülkiyyətində idi. Bu barədə məlumat tərəfindən məhkəməyə də, ekspertə də, iddiaçı tərəfə də bildirilmişdir. Lakin məhkəmə bununla bağlı h eç bir araşdırma aparmamış, mənzilin mövcud hüquqi vəziyyəti barədə müvafiq qeydiyyat orqanından lazımi məlumatları almamışdır. Nəticədə mənzil mülkiyyətində olmadığından, ekspertin baxışı üçün şərait yaratmamağı fiziki cəhətdən mümkün olmadığı halda, məhkəmə yanlış olaraq bunu ekspertizanın keçirilməsinə maneə kimi qiymətləndirmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

31. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

32. Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər.

33. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

38. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

39. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

41. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4- cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

42. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

43. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşd ırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

44. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi ü çün əsas yoxdur.

46. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

47. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları əsasında iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər apelyasiya şikayətinin əsas ını təşkil edirdi və apellyasiya məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

48. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.

49. Kassatorun apelyasiya instansiyası məhkəməsində işə baxılarkən mənzilin başqa şəxsin mülkiyyətində olması barədə dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, əvvəla cavabdeh bu barədə sübut təqdim etməmişdir. Əksinə, cavabdehin nümayəndəsi apelyasiya instansiyası məhkəməsinin 08 may 2024-cü il tarixli iclasında bildirmişdir ki, mə nzili Aslan Qafarovdan təhvil alıblar. Bundan başqa, hətta cavabdeh mənzili başqasına satmış olsa belə, iddiaçının mənzildə etmiş təmir nəticəsində ayrılması mümkün olmayan yaxşılaşdırmalardan varlanmış olur. Çünki bu yaxşılaşdırmalar mənzilin qiymətinin artmasına səbəb olur və mənzil həmin yaxşılaşdırmalarla birlikdə satılır.

50. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

51. Kassasiya kollegiyası qeyd edir ki, kassasiya şikayətlərində qeyd edilən dəlillər əsas etibarilə işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhə miyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına, qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması barədə dəlillərdir ki, kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya icraatı müstəsna olaraq hüquqi məsələlərə baxmaqla məhdudlaşır.

52. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-293/2024 nömrəli, 8 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar