Məhkəmə qərarları › İş №2(102)-3089/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3089/2024

23.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3089/2024 23.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müqavilədən irəli gələn öhdəliklərin icrası, iddia müddətinin tətbiqi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, iddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Cavabdeh qarşı iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3042/2024 nömrəli, 22 may 2024-cü il tarixli qətnaməsindən iddiaçı Azərbaycan Respublikasının Elm və Təhsil nazirliyi tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na uyğun olaraq Elm və Təhsil Nazirliyi ilə Cavabdeh arasında xx.xx.2015-ci ildə müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə görə iddiaçı tərəf cavabdehin “X1”da İqtisadiyyat ixtisası üzrə 2015-ci ildən 2018-ci ilə kimi tədrisini təşkil etməyi, cavabdeh isə həmin müddət ərzində təhsilini müvəffəqiyyətlə başa çatdırmaq öhdəliyini götürmüşdür.

2. Cavabdeh akademik müvəffəqiyyətsizlik səbəbindən təhsilini tamamlamadığı və iddiaçı ilə imzaladığı müqavilə öhdəliklərini yerinə yetirmədiyi üçün Təhsil Nazirliyinin xx.xx.2016-cı il tarixli 714 №-li əmri i lə Dövlət Proqramından xaric edilmişdir.

3. Hazırkı iddia ərizəsi 31 yanvar 2024-cü il tarixdə verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 27.761,13 manatın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdeh iddiaçı ilə bağlanmış müqavilənin şərtlərini pozmuşdur. Belə ki, bağlanmış müqavilənin 2.3.6-cı bəndinə əsasən tədris müəssisəsinin təyin etdiyi müddət ərzində seçdiyi ixtisas üzrə tədris planlarını və tədris proqramlarının yerinə yetirilməs i təqaüdçünün əsas öhdəliyi kimi qəbul edilmişdir. Həmçinin həmin müqavilənin 5.2-ci bəndində qeyd edilmişdir ki, təhsil alan üzrsüz hesab edilən səbəblərə görə Təhsil Proqramından çıxarıldıqda iddiaçı tərəfindən onun təhsilinə çəkilmiş bütün xərcləri iddiaçıya 2 aydan gec olmayaraq qaytarmalıdır və müqavilənin 2.2.4-cü bəndinə əsasən iddiaçının bunu cavabdehdən tələb etmək hüququ vardır. İddiaçı tərəfindən cavabdehə bağlanmış müqavilə öhdəliklərinin yerinə yetirilməsi, yəni ona ödənilmiş təhsil xərclərini geri ödəməsi barədə dəfələrlə rəsmi qaydada müraciət edilsə də, cavabdeh ödəmədən yayınmışdır.

6. Cavabdeh məhkəməyə iddia müddətinin tətbiqi edilməsi barədə ərizə təqdim edərək bildirmişdir ki, Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il müəyyə n edilmişdir. Hazırkı iddia tələbi üzrə iddiaçı ilə cavabdeh arasında müqavilə münasibətləri mövcud olmuş və müqavilədə hər hansı bir icra müddəti müəyyən eidlməmişdir. İddia müddəti müqaviləyə rəsmi olaraq xitam verilən xx.xx.2016-cı il tarixdən başlandığına görə müqavilə tələbi ilə bağlı üç illik müddət ötmüşdür.

7. Binəqədi Rayon Məhkəməsinin e-2(001)-2017/2024 nömrəli, 11 mart 2024cü il tarixli qətnaməsi ilə (hakim F.Hətəmzadə) iddia təmin edilməmişdir.

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçının hazırkı iddia tələbi üzrə iddia müddətinin axımı iddiaçının hüququnun pozulduğunu bildiyi vaxtdan, yəni 3-cü bənddə qeyd edilmiş əmrin tarixindən hesablanmalıdır. Hazırkı vəziyyətdə müqavilədən irəli gələn öhdəliklər üzrə iddia müddətinin axımı xx.xx.2 016-cı il tarixindən başlanmasına baxmayaraq iddiaçı bu növ müqavilələr üzrə müəyyən edilmiş 3 illik tələb etmə müddəti ərzində öhdəliyin icrasını tələb etmə hüququndan istifadə etməmiş və hüquqi nəticə etibarı ilə iddia müddətini ötürmüşdür.

9. Məhkəmə mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1, 373.2, 373.3, 375.2, 377.1, 377.2, 377.3, 380.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, iddiaçı hes ab etmişdir ki, cavabdeh müqaviləyə uyğun olaraq onun təhsilinin təşkili ilə bağlı ödənilmiş vəsaiti geri qaytaracaqdır. Lakin vəsait qaytarılmadığından ona rəsmi şəkildə müraciət edilərək pulun qaytarılmasını tələb edilmişdir. Cavabdehə sonuncu müraciətdən sonra iddiaçı görmüşdür ki, qarşı tərəf iddiaçının müqavilə üzrə ödənilmiş xərclərin geri qaytarılması barədə tələb hüququnu pozur və cavabdehin ödənilmiş vəsaiti geri qaytarmaq məqsədi yoxdur. İddiaçı ondan sonra mübahisənin məhkəmə qaydasında həll edilməsini məqsədəuyğun hesab etmişdir. Məhkəmə müddətin tətbiqi ilə bağlı ərizəyə qiymət verərkən iddiaçıya qarşı öz qərəzini büruzə vermiş, ərizəni cavabdehin xeyrinə şərh etmişdir. Belə ki, məhkəmə iddia müddətini tətbiq edərkən iddiaçının cavabdehə ünvanladığı sonuncu müraciətinə (xx.xx. 2022-ci il tarixli xəbərdarlıq məktubu) hüquqi qiymət verməmiş, həmçinin cavabdehin dövlət proqramından xaric edildikdən sonra bir neçə il xarici dövlətdə yaşayaraq başqa təhsil müəssisəsində təhsilini davam etdirməsinə baxmayaraq, müddətin hesablanmasını cavabdehin Dövlət Proqramından xaric edilməsi barədə əmrin verildiyi tarixdən hesablamışdır. Nəticədə məhkəmə iş üzrə təqdim edilmiş sənədlərə hüquqi qiymət vermədiyi üçün yanlış maddi hüquq normalarını tətbiq etməklə qətnamə çıxarmışdır.

12. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3042/2024 nömrəli, 22 may 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər X.Sarıyev - sədrlik edən və məruzəçi, F.Abdıyev və F.Qasımov) apellyasiya şikayəti təmin edilmədən birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, iddiaçı əmrin verildiyi tarixdə yəni, xx.xx.2016-cı il tarixində artıq öz hüququnun pozulduğunu bildiyindən müddətin axımı da həmin tarixdən hesablanmalıdır. Həmin əmrdə nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsi (M.Məmmədov), Maliyyə şöbəsi (R.Orucov) və Hüquq şöbəsinə (S.Kazımov) cavabdehlə iddiaçı arasında bağlanmış müqavilənin 5.2-ci bəndinə uyğun olaraq onun təhsilinin maliyyələşdirilməsi üçün istifadə edilmiş vəsaitin geri qaytarılması məqsədilə müvafiq tədbirlərin görülməsi əmr edilmiş və xx.xx.2016-cı il tarixindən cavabdehin maliyyələşdirilməsi dayandırılmışdır.

14. Kollegiya qeyd etmişdir ki, tərəflər aras ında bağlanmış müqaviləyə əsasən tərəflərin öhdəliklərini müəyyən edən müddət 2015-ci ildən 2018-ci ilə qədər olan tədris ilini əhatə etmişdir. Hətta 2018-ci ildən hesablandıqda belə iddiaçı 3 illik iddia müddətini ötürmüşdür. Bundan başqa iddiaçı hazırkı tələblə bağlı müvafiq subyektiv hüquqa malik olmuş və cavabdeh tərəfindən həmin hüququ pozulmuşdur. Bununla belə iddiaçı tərəfindən qanunla müəyyən edilmiş iddia müddəti heç bir üzrlü səbəblər olmadan ötürülmüşdür. Ona görə də hazırkı mübahisəyə cavabdehin iddia müddətinin tətbiqi barədə verdiyi ərizə əsasında iddia müddəti tətbiq edilməklə iddia tələbi düzgün olaraq rədd edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

15. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instan siyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

16. Şikayət apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

18. Maddə

372. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

19. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

20. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübah isə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

21. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

22. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Resp ublikasının Mülki Prosessual Məcəlləsi

23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

26. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

27. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.\ Kassasiya baxışının hədləri

28. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qi ymətləndirilməməlidir.

29. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmə lərinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

32. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.

33. Bununla yanaşı, məhkəmə kollegi yası aşağıdakıları qeyd etməyi zəruri sayır.

34. İşin hallarından göründüyü kimi tərəflər arasında yaranmış münasibətlər xaricdə təhsil almaqla bağlı bağlanmış müqavilə əsasında yaranmış öhdəlik münasibətləridir və apellyasiya instansiyası məhkəməsi işin hallarını araşdıraraq cavabdehin iddiaçı ilə razılaşması üzrə öhdəliyini icra etmədiyini müəyyən etmiş, lakin iddia müddəti keçdiyinə görə iddianı təmin etməmişdir.

35. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, müqavilə öhdəlikləri üzrə tələblər iddia müddətlərinə tabe tutulur.

36. İddia müddəti institutunun əhəmiyyəti ümumən onda ifadə olunur ki, iddia müddəti mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüqu q münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.

37. Dövlər Proqramı üzrə təhsil münasibətləri də həyata keçirilməsi müddətlərlə müəyyən edilən müqav ilə öhdəliklərdir. Bu öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur.

38. Yuxarıda qeyd olunduğu kimi, şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür.

39. Apellyasiya instansiyası məhkəməsi işin hallarını bu baxımdan araşdıraraq qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən tərəflərin öhdəliklərini müəyyən edən müddət 2015-ci ildən 2018-ci ilə qədər olan tədris ilini əhatə etmişdir. Hətta 2018-ci ildən hesablandıqda belə iddiaçı 3 illik iddia müddətini ötürmüşdür.

40. Məhkəmə kollegiya sı apelyasiya instansiyası məhkəməsinin iddia müddətinin ötürülməsi barədə dəlilləri ilə razılaşır. Kassator iddia müddəti ilə bağlı fərqli nəticəyə gəlməyə əsas verən hər hansı sübut rəqdim etməmişdir. Kassasiya şikayətində iddia müddətləri ilə bağlı hüquq normaları, iddia müddətlərinin tənzilmlənməsi ilə bağlı Konstitusiya Məhkəməsinin qərarları əsasında formalaşmış məhkəmə təcrübəsi yanlış təfsir edilir.

41. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

42. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 41 6, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3042/2024 nömrəli, 22 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar