Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3096/2024 26.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh2 qarşı “mənzildən çıxarılma, mənzilin təhvil verilməsi, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kirayə müqaviləsi, yaşayış sahəsindən istifadə hüququ, yaşayış sahəsindən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 may 2024-cü il tarixli, 2(103)2984/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. ünvan 1 ünvanın yerləşən 2 otaqlı mənzilin dəyəri İddiaçı tərəfindən "xxxx" MMC-yə ödənilməklə, istifadə və sahibliyinə verilmişdir. 2. 05 aprel 2022-ci il tarixli kirayə müqaviləsi ilə İddiaçı həmin mənzili Cavabdeh2 istifadəsinə vermiş, kirayə müqaviləsinin müddəti 01 iyun 2022-ci ilə qədər, aylıq kirayə haqqı isə 300 manat müəyyən olunmuşdur.
3. Bağlanmış kirayə müqaviləsinin müddəti 01 iyun 2022-ci il tarixdə bitməsinə baxmayaraq Cavabdeh2 həmin ünvanda yaşamağa davam etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ailə üzvləri ilə birlikdə iddiaçıya məxsus ünvan 2 ünvanlı yeni tikili binanın 76 kv.m. olan iki otaqlı mənzildən məcburi qaydada çıxarılması və iddiaçıya təhvil verilməsi, cavabdehin mənzildə yaşadığı müddət ərzində, yəni 01 iyul 2022-ci il tarixindən hər ay 300 manat olmaqla məhkəmə qərarının icra olunduğu günə hesablanmış məbləğin və vurulmuş mənəvi ziyana görə 3000 manat məbləğində pulun Cavabdeh2 tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 15 sentyabr 2021-ci ilin tarixində ünvan 2 ünvanlı yeni tikili binanın 76 kv.m. olan iki otaqlı mənzili "xxxx" MMC-dən 95000 manat məbləği ödəyərək, tam təmirli mənzil qiymətinə almışdır. İddiaçı müqavilə üzrə öhdəliklərini tam şəkildə yerinə yetirərək mənzilin dəyərini icraçıya ödəsə də, mənzilin təhvil verilməsi məsələsi öz həllini tapmamışdır. Belə ki, iddiaçı mənzili alarkən mənzildə Cavabdeh2 öz ailəsi ilə birlikdə yaşamışdır. İddiaçı cavabdehdən mənzili boşaldaraq təhvil verməsini tələb etsə də, cavabdeh ondan 10 gün möhlət istəmiş, iddiaçı da möhlət vermişdir. Daha sonra, cavabdeh ev tapa bilmədiyini bəhanə edərək iddiaçıdan vaxtı bir ayadək uzatmağını xahiş etmişdir. İddiaçı narazılığını bildirsə də, yenidən ona vaxt vermişdir. Sonra, cavabdeh binanın tikintisi ilə məşğul olan "xxxx" MMC-nin ona borcunun olduğunu, həmin borc ödənilməyəcəyi təqdirdə evi boşaltmayacağını bildirmişdir. Şirkətin rəhbərliyinə müraciət edildikdə ona məsələnin qaydaya qoyulduğu bildirilsə də, iddi açı satın aldığı mənzili təhvil ala bilməmişdir. Mütəmadi təkidlər etdikdən sonra, 05 aprel 2022-ci il tarixində cavabdehlə kirayə müqaviləsi bağlayaraq notarial təsdiq etdirmişdir ki, münasibətləri rəsmi qaydasına düşsün. Kirayə müqaviləsi üzrə cavabdeh evdə qaldığı müddətdə hər ay üçün iddiaçıya 300 manat məbləğində pul ödəməlidir. Lakin, yenə də cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliklərdən yayınaraq müqavilə müddətinin bitməsindən sonrakı müddətdə belə kirayə pulunu iddiaçıya ödəməmişdir.
6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli, 2(011)4746/2023 nömrəli qətnaməsi ilə (hakim Ş.İ.Əliyev) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh2 ailə üzvləri ilə birlikdə ünvan 2 ünvanındakı mənzildən çıxarılması və mənzilin onun tərəfindən İddiaçı təhvil verilməs i, Cavabdeh2 01 iyul 2022-ci il tarixdən məhkəmə qətnaməsi icra olunduğu tarixədək vurulmuş maddi ziyana görə hər ay üçün 300 manatın, vurulmuş mənəvi zərərə görə 200 manatın, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 82 manatın alınaraq İddiaçı verilməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsinin mövqeyini belə əsaslandırmışdır ki, mübahisəli mənzilə iddiaçının istifadə və sahiblik hüququ vardır. Tərəflər arasında 05 aprel 2022-ci il tarixdə kirayə müqaviləsi bağlanmış, kirayə müqaviləsinin müddəti 01 iyun 2022-ci ilə qədər müəyyən edilmiş, həmin müqavilə əsasında aylıq kirayə haqqı 300 manat nəzərdə tutulmuşdur. Bağlanmış kirayə müqaviləsinin müddətinin bitməsinə və iddiaçının tələbinə baxmayaraq kirayəçi həmin ünvanda yaşamağa davam edir. Bununla belə, cavabdehin həmin mənzild ən istifadəsinə və sahibliyinə əsas verən hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddiaçı pozulmuş hüquqlarının bərpası ilə bağlı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.
8. Birinci instansiya məhkəməsi iddia tələbinin “cavabdehin mənzildən çıxarılması” hissəsinə münasibətdə qeyd etmişdir ki, mübahisəli mənzil iddiaçıya məxsus olduğundan və kirayə müqaviləsinin müddəti bitdiyindən, cavabdehin isə mənzilə dair hər hansı bir hüququ məhkəmə tərəfindən müəyyən olunmadığından cavabdeh ailə üzvləri ilə bilikdə həmin mənzildən çıxarılmalı və mənzil onun tərəfindən iddiaçıya təhvil verilməlidir.
9. Məhkəmə, iddia tələbinin “vurulmuş maddi ziyanın ödənilməsi” hissəsinə münasibətdə qeyd etmişdir ki, mənzil 01 iyul 2022-ci il tarixdən cavabdehin qa nunsuz istifadəsində olduğundan və bu müddət ərzində iddiaçı öz əmlakına istifadə və sahiblik hüququnu həyata keçirə bilmədiyindən, bununla da adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlərdən məhrum olduğundan həmin tarixdən məhkəmə qətnaməsinin icra olunduğu tarixədək hər ay üçün 300 manat məbləğində pul hesablanmaqla iddiaçıya ödənilməldir.
10. Məhkəmə, iddia tələbinin mənəvi zərərin əvəzinin ödənilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, cavabdehin qanunsuz hərəkəti nəticəsində iddiaçı öz mənzilinə köçə bilməmiş, həmin mənzildən istifadə edə bilməmiş, mənzilinin qanunsuz istifadədən azad olunması üçün müəyyən hərəkətlər etməli olmuşdur ki, bu da mənəvi zərərin yaranması üçün əsasdır. Belə olan halda, məhkəmə hesab etmişdir ki, iddiaçıya dəymiş mənəvi zərərin əvəzi qismind ə kompensasiya tələb etməkdə haqlı olmuşdur. Məhkəmə, mənəvi zərərə görə tutulmalı olmalı kompensasiya məbləğinə münasibətdə isə zərərin qəsdən törədilmiş əməl nəticəsində yaranmasını və cavabdehin yaranmış problemi həll etməklə bağlı hər hansı tədbir görməməsini, iddiaçıya məxsus mənzildən qəsdən çıxmamasını və digər diqqətəlayiq halları nəzərə alaraq, həmin məbləği 200 manat həddində müəyyən edilməsini məqsədə müvafiq hesab etmişdir.
11. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 152.2, 152.3, 164.1, 164.2, 381.1, 675, 689.1, 697.1, 697.2, 1096.1, 1096.2-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 106.1 107, 119.1, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
12. Cavabdeh2 apell yasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 may 2024-cü il tarixli, 2(103)-2984/2024 nömrəli qətnaməsi ilə (hakim F.F.Babayevin sədrliyi və məruzəsi ilə, hakimlə C.C.Musayevadan və G.T.Axundovadan ibarət tərkibdə) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli, 2(011)-4746/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
14. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşan apellyasiya məhkəməsi qeyd etmişdir ki, konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəin ki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilm əsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir.
15. Apellyasiya kollegiyası qeyd etmişdir ki, hazırkı iş üzrə mübahisəli mənzil iddiaçıya məxsus olmaqla dəyəri onun tərəfindən tam ödənilmiş, əsaslarla həmin mənzillə bağlı mülkiyyət hüququ və ondan irəli gələn digər hüquqlarını həyata keçirməsi ilə bağlı qanunvericiliklə ona qarşı hər hansı məhdudlaşdırılma nəzərdə tutulmamışdır. Lakin buna baxmayaraq həmin məhdudlaşdırılma hazırkı iş üzrə cavabdeh tərəfindən həyata keçirilmişdir. Belə ki, tərəflər arasında kirayə müqaviləsi bağlanılaraq müddəti 01 iyun 2022-ci ilə qədər müəyyən edilmiş, həmin müqavilə əsasında aylıq kirayə haqqı 300 manat nəzərdə tutulmuşdur. Bağlanmış kirayə müqaviləsinin müddəti 01 iyun 2022-ci il tarixdə bitməsinə və iddiaçının müqavilənin tərəfi ol araq bu müddətdən sonra müqaviləni davam etdirməməklə bağlı niyyətini cavabdehə dəfələrə bildirməsinə baxmayaraq cavabdeh mübahisəli mənzili tərk etməmiş, iddiaçının qanunla qorunan mənafelərini pozmuşdur.
16. Apellyasiya məhkəməsi cavabdehin öz ailə üzvləri ilə birlikdə mübahisəli mənzili özbaşına zəbt edib orada yaşamasını, mənzildən istifadə ilə bağlı ona qanuni əsas verən kirayə müqaviləsinin müddətinin bitməsinə və müqavilə tərəfinin bu münasibətləri davam etdirmək istəməməsinə baxmayaraq mənzili tərk etməməsini iddiaçının mülkiyyət hüququna qəsd kimi qiymətləndirərək hesab etmişdir ki, mülkiyyət hüququnun qorunması və bərpa edilməsi, mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunsuz hərəkətlərin qarşısının alınması üçün cavabdehin həmin əmlakdan qanunsuz istifadəsinə son qoyulmalı, cavabdeh mübahisəli mənzildən çıxarılmalıdır.
17. Apellyasiya kollegiyası iddia tələbinin “vurulmuş maddi ziyanın ödənilməsi” hissəsinə münasibətdə qeyd etmişdir ki, mənzil 01 iyun 2022-ci il tarixdən cavabdehin qanunsuz istifadəsində olduğundan və bu müddət ərzində iddiaçı öz əmlakına istifadə və sahiblik hüququnu həyata keçirə bilmədiyindən, bununla da adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlərdən məhrum olduğundan tərəflər arasında bağlanmış kirayə müqaviləsinin də şərtlərinə müvafiq olaraq 01 iyul 2022-ci il tarixdən məhkəmə qətnaməsinin icra olunduğu tarixədək (mənzildən çıxanadək) hər ay üçün 300 manat məbləğində pul hesablanmaqla iddiaçıya ödənilməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi haqlı olmuşdur.
18. Məhkəmə cavabdehin iddia tələbinin və q ətnamənin konkret olmaması, əgər tutulacaqsa, ümumi və konkret məbləğin qətnamə ilə müəyyənləşdirilməli olduğu və hər ay müəyyən məbləğdə pulun ödənilməsinin əsassız olduğu ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, Mülki Prosessual Məcəllənin 220.6-cı maddəsinə əsasən məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir. Hazırkı iş üzrə iddiaçının hüquqlarının pozulması davam edən münasibətlər çərçivəsindədir və iddiaçının hüququnun pozuntusunun başlanma tarixi məlum olsa da, bu pozuntunun bitəcəyi və qəbul edilən qətnamənin cavabdeh tərəfindən nə zaman icra ediləcəyi məlum olmamışdır. Mübahisəli mənzil 01 iyul 2022-ci il tarixdən cav abdehin qanunsuz istifadəsində olduğundan iddiaçının həmin tarixdən qanunsuz istifadəyə son qoyulacağı tarixədək ona dəymiş zərərin ödənilməsini tələb etmək hüququ mövcuddur. Həmçinin, mülki qanunvericiliyə əsasən bir icra vərəqəsinin maksimum icra edilmə müddəti 30 il təşkil edir və hazırkı iş üzrə cavabdehin də qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini 30 il müddətində icra etməyəcəyini fərz etsək, iddiaçının hüquqları həmin müddət ərzində davamlı pozulmuş olacaq və ona zərərin dəyməsi həmin müddət boyunca ardıcıl davam edəcəkdir. Bu zaman da iddiaçının hər müəyyən dövrdən bir ona dəymiş zərərin tələb edilməsi ilə bağlı məhkəmədə iddia qaldırması prosessual qənaət prinsiplərinə tamamilə zidd olacaqdır. Buna görə də kollegiya hesab etmişdir ki, iddiaçıya dəyəcək zərərin məbləği ilə bağlı öncədən müəyyənləşdirilmənin aparılması qeyrimümkün olduğundan cavabdehin apellyasiya şikayətinin dəlilləri həmin hissədə də əsassız hesab edilməlidir.
19. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, artıq iddiaçının mübahisəli mənzilə dair tam mülkiyyət hüququnun olması, cavabdehin həmin mənzilə dair sahiblik və istifadəni həyata keçirmək üçün heç bir qanuni əsasının olmaması səbəbindən birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri
20. Cavabdeh2 kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 may 2024-c ü il tarixli, 2(103)-2984/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 25, 43, 60-cı, Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı, Mənzil Məcəlləsinin 5.1, 5.3-cü, Mülki Məcəllənin 337, 339.6, 346.1, 354-cü, Mülki Prosessual Məcəllənin 8, 9, 13.7, 14, 220.6-cı maddələri pozulmuşdur.
22. Belə ki, məhkəmələr cavabdehin bərabərlik, məhkəmə müdafiəsi, ədalətli məhkəmə araşdırması hüququnu pozmuş, tərəflərə bərabər münasibət bildirməmiş, yalnız iddiaçının iddia ərizəsində istinad etdiyi hallara əsaslanmış, iş materiallarında olan sübutlara - xüsusən cavabdehin çıxarılması tələb olu nan mənzildə mövcudluğunun qanuniliyinə düzgün hüquqi qiymət verməmiş, bununla da ədalətli olmayan qətnamə qəbul etmişdir. Hazırkı şərtlər daxilində digər heç bir yerdə yaşamaq imkanı olmayan cavabdehin mənzildən çıxarılması qanunsuzdur. İddiaçının iddia ərizəsinin mahiyyətindən və məhkəmədə verdiyi izahatlardan belə aydın olmuşdur ki, iddiaçı cavabdehlə notarial qaydada kirayə müqaviləsi bağlamaqda əsl niyyəti mənzili cavabdehin istifadəsinə vermək yox, həmin şəxsin qısa zaman ərzində mənzildən çıxarmaq üçün hüquqi zəmin yaratmaq olmuşdur. İddiaçı cavabdehlə kirayə müqaviləsi bağlamaqla, 1 il vaxt verməyi öhdəsinə götürmüşdür. Lakin cavabdehin hüquqi savadının olmaması və müstəqil olaraq öz hüquqlarını həyata keçirə bilməməsi səbəbindən qeyd olunan müqavilənin şərtləri ilə tanış olmadan i mza etmişdir. Bütün bu hallar kirayə müqaviləsinin etibarlı əqd olmamasını təsdiq etmişdir. Həmçinin, birinci instansiya məhkəməsinin qətnaməsi qeyri-müəyyən olmuş, apellyasiya məhkəməsi isə qətnaməni dəyişdirilmədən saxlamışdır.
23. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
24. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:
25. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düz gün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
26. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən kassasiya baxışının hədlərini həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
27. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tə rəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
28. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. 689.1-ci maddəsinə əsasən kirayə müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət bitdikdə xitam verilir. 697.1-ci maddəsinə əsasən kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. 697.2-ci maddəsinə əsasən əgər kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra kirayəçi kirayəyə götürdüyü əşyanı qaytarmırsa, kirayəyə verən kompensasiya olaraq əşyanın saxlandığı müddət üçün müəyyənləşdirilmiş kirayə haqqının verilməsini tələb edə bilər; otaqların kirayəsi üzrə hüquq münasibətlərində bunun əvəzinə kompensasiya kimi o, həmin ərazidə bu cür otaqların kirayəsi üçün adətən tutulan məbləğdə kirayə haqqı verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ da istisna edilmir. Lakin yaşayış otaqlarını kirayəyə verən digər zərərin əvəzinin ödənilməsini yalnız o halda tələb edə bilər ki, əşya kirayəçinin cavabdeh olduğu halların nəticəsində qaytarılmasın; zərərin əvəzi yalnız həmin şəraitdə haqqədalətin tələb etdiyi dərəcədə ödənilir. Əgər kirayəçi ləğvetməyə dair bildiriş verərsə, bu müddəa tətbiq edilmir.
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkə məsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
31. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarına və cavabdehin apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilmiş və məhkəmə gəlinən nəticə ilə tam razılaşır.
32. M əhkəmə kollegiyası qeyd edir ki, cavabdehin mübahisəli mənzildən istifadə hüququnun mövcud olmasına dair əsaslar işin məhkəmələr tərəfindən araşdırılması zamanı müəyyən olunmamışdır.
33. Cavabdeh tərəflər arasında bağlanmış müqavilənin etibarsız olmasını qeyd etsə də, əslində dəlili kirayə müqaviləsinin müddəti ilə bağlıdır. Belə ki, o, iddiaçı ilə müqavilənin 1 illik bağlanması barədə razılaşdıqlarını iddia edir.
34. Məhkəmə kollegiyası kassasiya şikayətinin bu dəlili üzrə ilk olaraq qeyd edir ki, cavabdeh iddiaçı ilə belə razılaşmasının olmasını təsdiq edən hər hansı sübutu işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim etməmişdir.
35. Digər tərəfdən, onun bu dəlilinin əsaslı olub-olmaması hazırkı halda əhəmiyyətsizdir. Belə ki, onun dediyinin əsaslı olması fərz olunsa belə, müqavil ənin müddəti 05 aprel 2023-cü il tarixdə bitməli idi ki, iddia verilən tarixdə (09 iyun 2023-cü il) cavabdehin mənzildən çıxarılması tələbi əsaslı olmuşdur.
36. Prosessual hüquq normalarının pozulmasına dair kassasiya şikayətinin dəlili isə Mülki Prosessual Məcəllənin 418.3-cü maddəsinə görə qətnamənin ləğvi üçün əsas ola bilməz. Belə ki, kassasiya şikayətinin həmin dəlili qətnamənin maddi ziyanın ödənilməsi hissəsində qeyri-müəyyən olunması ilə bağlıdır.
37. İlk olaraq apellyasiya məhkəməsi cavabdehin eyni dəlilinə Mülki Prosessual Məcəlləsinin 220.6-cı maddəsinə əsasən düzgün hüquqi qiymət vermişdir ki, məhkəmə kollegiyası həmin dəyərləndirmə ilə razılaşır.
38. Digər tərəfdən, iş materiallarından müəyyən olunur ki, cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayə ti vermək üçün prosessual müddəti ötürdüyü üçün həmin qətnamə icraya yönəldilmiş və Xətai rayon İcra Şöbəsinin icra məmuru tərəfindən tərtib olunmuş 21 fevral 2024-cü il tarixli akta əsasən qətnamə icra olunmaqla, cavabdeh mənzildən çıxarılmışdır. Bununla da, maddi ziyanın son ödəmə tarixi ilə bağlı qeyri-müəyyənlik aradan qalxmışdır.
39. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən sa xlanılmalıdır.
40. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 may 2024-cü il tarixli, 2(103)-2984/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.