Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3107/2025 09.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı «X3 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (məruzəçi), Babayev Zəki Baba oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, iddiaçı “X3 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 avqust 2025-ci il tarixli 2(103)5001/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin binasında 09 oktyabr 2025-ci il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. İddiaçı «X3 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı zərərin ödənilməsi tələbinə dair iddia qaldıraraq, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 20880,58 ABŞ dolları pul vəsaitinin ödənilməsinin gecikdirilməsi nəticəsində dəymiş zərərin əvəzi kimi ümumilikdə cəmi 9247,58 ABŞ dolları borcun və ödənilmiş dövlət rüsumu 137.16 manat iddiaçı “X3 Azərbaycan” QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Cavabdeh2 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3889.98 manat və ödənilmiş dövlət rüsumu olan 58.90 manat pulun «X3 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətindən tutularaq Cavabdeh2 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-3009/2025 nömrəli mülki iş üzrə xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçı «X3 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə qarşılıqlı iddia ərizəsinin geri qaytarılması qərara alınmışdır.
4. Cavabdeh şikayətlə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-3009/2025 nömrəli mülki iş üzrə xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilib qarşılıqlı iddianın icraata götürülməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir.
5. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-3009/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilmiş, Cavabdeh2 qarşılıqlı iddia ərizəsi məhkəmənin icraatına qəbul edilərək tələbə ilk iddia ilə birlikdə baxılması qərara alınmışdır.
6. İddiaçı «X3 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyəti şikayətlə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-3009/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 avqust 2025-ci il tarixli 2(103)-5001/2025 nömrəli qərardadı ilə şikayət qeyri-mümkün hesab edilmişdir.
8. Məhkəmə öz mövqeyini belə əsaslandırmışdır ki, qarşılıqlı iddia ərizəsinin icraata götürülməsi qərardadından şikayət verilməsi mülki-prosesual qanunverici likdə nəzərdə tutulmamışdır. Həmçinin, cavabdeh tərəfindən qarşılıqlı iddia ərizəsinin verilməsi işin sonrakı hərəkətlərinə hər hansı bir maneə yaratmamaqla yanaşı, tam əksinə ilk və qarşılıqlı iddia ərizəsinin bir icraatda baxılması işin mahiyyəti üzrə daha hərtərəfli və obyektiv araşdırılması və yekunlaşması üçün şərait yaratmaqdadır. Kollegiya qeyd etmişdir ki, qərardaddan şikayətin verilə bilməməsi sonda qeyd edilməsə də, bu hal şikayətin verilməsinin mümkün olması kimi qiymətləndirilə bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
9. İddiaçı “X3 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(103)-5001/2025 saylı qərardadının ləğv edilməsi və iddiaçı «X3 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinin verdi yi şikayətinin mümkün hesab edilməklə mahiyyəti üzrə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
10. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 395, 395.1, 395.1.1, 395.1.2, 395.2-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, apellyasiya məhkəməsi prosessual qanunvericiliyin imperativ tələblərinin pozulması ilə qarşılıqlı iddianı məhkəmənin icraatına qəbul etmişdir. Belə ki, Mülki Prosessual Məcəllənin 155.3cü maddəsində nəzərdə tutulmuş “qarşılıqlı iddia ərizəsi məhkəmə tərəfindən qəbul edilərkən iddia ərizəsinin verilməsi üçün nəzərdə tutulmuş ümumi qaydaları əsasında icraata götürülməsi” müddəasına da istinad ed ərək, iddia ərizəsinin icraata qəbulu şərtləri ilə tam eyniləşdirmişdir. Halbuki, iddia və qarşılıqlı iddia ərizələrinin verilməsi və icraata qəbulu ilə bağlı ümumi qaydalar olsa da, qarşılıqlı iddianın verilməsi və icraata qəbulu ilə bağlı fərqli şərtlər də mövcuddur.
11. Belə ki, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 7, 8 və 10-cu, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyasının 6-cı maddəsinin məzmununa görə iddiaçı və cavabdeh eyni həcmdə məhkəmə müdafiəsi hüququna malikdirlər. Bu iddiaçı ilə yanaşı cavabdehin də bərabər hüquqlu tərəf kimi mülki prosesdə öz hüquqlarını müdafiə etmək imkanlarının olması anlamına gəlir. Oxşar müddəa Mülki Prosessual Məcəllədə də nəzərdə tutulmuşdur. Məcəllənin 50.5-ci maddəsinə görə, tərəflər prosessual hüquqlardan bəra bər istifadə edirlər və bərabər prosessual vəzifələr daşıyırlar. Məhkəmə, cavabdeh tərəfindən verilmiş “qarşılıqlı iddia”nın ilkin iddia ilə hər hansı qarşılıqlı əlaqəsinin olmadığının fərqinə varmadan, “qarşılıqlı iddia”nın “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə təqdim edilmədiyi səbəbindən iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasının 127-ci, Mülki Prosessual Məcəlləsinin 9.1ci maddəsi, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 7, 8 və 10-cu və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyasının 6-cı maddəsi ilə təsbit edilmiş tərəflərin bərabərliyi hüquqlarının pozulmasına səbəb olan qərardad qəbul etmişdir.
12. Kassasiya şikayətinə etiraz verilməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 13. 395.1-ci m addəsinə əsasən işdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından aşağıdakı hallarda şikayət verə bilərlər: 395.1.1. bu Məcəllədə göstərilən hallarda; 395.1.2. məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda.
14. Maddə 395.2. Birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər.
15. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
16. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərə findən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
17. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
18. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, mübahisələndirilən qərardad qəbul edilərkən hər hansı prosessual pozuntuya yol verilmədiyindən kassasiya şikayəti təmin edilməməlidir.
19. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hüquq və azadlıqların məhkəmə təminatını əks etdirir. Bu maddədə təsbit olunmuş h ər kəsin məhkəmə müdafiə hüququnun həyata keçirilməsi mövcud qanunvericiliklə müəyyən olunur. Ədalət mühakiməsinin müvafiq məhkəmə tərəfindən qüvvədə olan hüquqi prosedurlar üzrə məhkəmə müdafiə hüququ (ədalətli məhkəmə araşdırılması hüququ) məcburi təmin edilməklə həyata keçirilməsi qanunun aliliyi baxımından mühüm şərtlərdən biridir (X.İ.Qasımovun şikayəti üzrə Konstitusiya Məhkəməsinin 13 dekabr 2005-ci il tarixli qərarı).
20. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsi barədə birinci instansiya məhkəmənin qərardadından verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir.
21. Məhkəmə aktlarından şikayət vermək hüququnun təmin olunması ədalətli məhkəmə araşdırmasının bir hissəsi olsa da, məhkəmə müd afiəsi hüququ prosessual qanunvericiliklə müəyyən edilmiş normalar və şərtlər əsasında həyata keçirilir. MPM-nin 395-ci maddəsində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilən qərardadların mübahisələndirilməsinin 2 əsası nəzərdə tutulmuşdur: qərardaddan şikayət verilməsinin mümkünlüyünün MPM-də nəzərdə tutulması, qərardadın işin sonrakı hərəkətinə mane olması.
22. Apellyasiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsi barədə qərardad işin sonrakı hərəkətinə maneə olmadığından və MPM-də bu qərardaddan şikayət verilməsi nəzərdə tutulmadığından şikayətə apellyasiya qaydasında baxılması mümkün hesab edilə bilməz.
23. Kassasiya şikayətinin dəlillərinə ümumilikdə qiymət verən kollegiya qeyd edir ki, qarşılıqlı iddia ərizəsinin icraata q əbul edilməsi iddiaçının məhkəmə müdafiəsi hüququnun məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz.
24. Qarşılıqlı iddia ərizəsinin prosessual normaların tələbləri pozulmaqla icraata qəbul edildiyinə dair iddiaçının dəlilləri ilə bağlı kollegiya qeyd edir ki, MPM-nin 395.2-ci maddəsinə əsasən şikayət verilməsi mümkün olmayan qərardadlar qəbul edilərkən yol verilmiş prosessual pozuntular işə mahiyyəti üzrə baxıldıqdan sonra qətnamədən verilən apellyasiya şikayətinin məzmununda qeyd edilə bilər.
25. Kollegiya qeyd edilənlərə əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5001/2025 nömrəli, 29 avqust 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
26. Azərbaycan Respublikası MPM-in 402, 416-417, 419, 421-ci m addələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı «X3 Azərbaycan» QSC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5001/2025 nömrəli, 29 avqust 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.