Məhkəmə qərarları › İş №2(102)-3126/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3126/2023

13.09.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3126/2023 13.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Şəki Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinə iş üzrə QƏRARİ (Açar sözlər: işdən azad edilmə barədə əmrin ləğvi, işə bərpa, əmək vəzifələrinin kobud şəkildə pozulması əsasları) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əliyev Zaur Əli oğlu və X7 ibarət tərkibdə, İddiaçı cavabdeh Şəki Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinə işdən azad edilmə barədə əmrin ləğv edilməsi və işə bərpa tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-471/2023 nömrəli, 11 aprel 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 13 sentyabr 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra – iddiaçı) 01 mart 2010-cu il tarixdə Şəki Mərkəzi Rayon Xəstəxanasının (bundan sonra – cavabdeh və ya Xəstəxana) Kadrlar (İnsan Resursları) şöbəsinin müdiri vəzifəsinə təyin edilmiş, 03 avqust 2022-ci il tarixli, 1320 nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra – Əmək Məcəlləsi) 59-cu maddəsinə əsasən həmin tarixdən İnsan Resursları şöbəsinə kadrlar üzrə mütəxəssis vəzifəsinə keçirilmişdir. 2. 22 sentyabr 2022-ci il tarixli, 1715 nömrəli əmrlə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 2 3 sentyabr 2022ci il tarixdən xitam verilmiş, əmrin əsas kimi X9 12 sentyabr 2022-ci il tarixli, 2 saylı protokolu, X19 X6 14 sentyabr 2022-ci il tarixli, 21 saylı protokolu və Ümumi şöbənin müdiri Q.A.X17 İnsan Resursları şöbəsinin fəaliyyətinin qiymətləndirilməsinə aid monitorinq arayışı göstərilmişdir.

3. Xəstəxananın 12 sentyabr 2022-ci il tarixli Tibbi şura yığıncağının 2 saylı protokolundan çıxarışa əsasən, yığıncaqda iddiaçının əmək fəaliyyəti dövründə mövcud olan nöqsan və çatışmazlıqlar müzakirə olunmuş, İnsan Resursları şöbəsinin müdiri kimi fəaliyyəti dövründə bir çox ciddi nöqsanlara yol verdiyinə görə iddiaçı ilə hazırda tutduğu kadr üzrə mütəxəssis vəzifəsinə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi qərara alınmışdır.

4. Xəstəxananın müdriyyəti tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi məsələsinə münasibət bildirilməsi üçün 13 sentyabr 2022-ci il tarixli məktubla X19 X8 müraciət olunmuş, adı çəkilən Şuranın iddiaçının da iştirak etdiyi 14 sentyabr 2022-ci il tarixli, 21 saylı iclas protokoluna əsasən, Heyət üzvləri belə qərara alıblar ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi ilə bağlanmış əmək müqaviləsinin həmin əsasla ləğv edilməsi işəgötürən tərəfindən tənzimlənir. Rəhbərliyin işçi haqqında verdiyi hər hansı qərara etiraz etmirlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2022-ci i l tarixli, 1715 saylı əmrin ləğv edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə İnsan Resursları şöbəsində kadrlar üzrə mütəxəssis vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı işin yuxarıda sadalanan faktiki hallarına istinadla tələbini onunla əsaslandırılmışdır ki, işlədiyi müddətdə heç vaxt nöqsana yol verməmiş, həmişə iş yoldaşlarının və rəhbərliyin rəğbətini qazanmışdır. X2 direktor təyin ediləndən sonra ona qarşı qərəzli münasibət nümayiş etdirərək, son vaxtlar ciddi nöqsanlara yol verdiyini bildirmiş, o da öz növbəsində heç bir nöqsana yol vermədiyini, özbaşına heç bir iş yerinə yetirmədiyini, yerinə yetirdiyi işləri birbaşa keçmiş rəhbərliyin göstərişləri və tələbləri əsasında icra etdiyini direktorun nəzərinə çatdırmışdır. Buna baxmayaraq, xx.xx.2022-ci il tarixli, 1715 saylı əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş və tutduğu vəzifədən azad edilmişdir. Hesab edir ki, əmr qanunun tələbləri pozulmaqla verilmişdir. Belə ki, əmr Əmək Məcəlləsinin 84cü maddəsinin 1-ci hissəsinin tələbləri ilə uzlaşmır, onunla bağlanan əmək müqaviləsinə qanunvericilikdə nəzərdə tutulmayan əsasla xitam verilmiş, onun qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu, öhdəliklərini yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması təsdiqini tapmamış, habelə qanunvericilikdə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl edilməmiş, əmrdə əmək müqaviləsinə xit am verilməsi üçün qeyd edilən əsas Əmək Məcəlləsinin 70-ci maddəsində təsbit edilməmiş, əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmamışdır.

7. Cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, iddiaçı 1987-ci ildə Şəki Tibb Məktəbini oxumaqla, orta-tibbi təhsil almışdır. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə X10 şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir. Halbuki, təlimatların tələblərinə əsasən qeyd olunan vəzifəyə təyin olunan şəxs ali təhsilli olmalıdır. Yeni rəhbərlik təyin edildikdən sonra müvafiq araşdırmalar aparılmış, işlərində nöqsanlara yol vermiş əməkdaşlara müvafiq xəbərdarlıqlar edilmiş, həmçinin iddiaçıya təhsilinin həmin vəzifədə işləməsinə uyğun olmadığı bildirilmiş, başqa işə keçirilməsi təklif edi lmişdir. O, isə müəssisə rəhbərliyinin təklifini qəbul etməmiş, belə olacağı təqdirdə məhkəməyə müraciət edəcəyini bildirmişdir. Rəhbər vəzifəyə keçənlər ancaq TƏBİB-nin rəhbərliyinin imtahanından sonra vəzifəyə təyin oluna bilərlər. Qarşı tərəf isə heç bir imtahan verməmiş, yoxlama zamanı onun ali təhsili və savadı olmadığına görə müəssisəyə ziyan vurduğu müəyyən edilmişdir. Belə ki, iddiaçı tərəfindən ayrı-ayrı əməkdaşların adına işlənilmiş əmək qabiliyyətinin olmaması vərəqələrində əməkdaşların ümumi stajında yanlışlığa yol vermiş, bunun nəticəsində də müəssisəyə ziyan dəymişdir. Belə əmək qabiliyyətinin olmaması vərəqələrindən biri X3 adına işlənərək, onun onun stajı 7 il 3 ay əvəzinə 13 il 3 ay kimi qeyd edilmişdir. Belə olan halda, sosial məzuniyyətə olduğu üçün işçiyə qazancının 60% əvəzinə 100%-i miqdarında ödəniş edilmiş, nəticədə müəssisəyə 162,89 manat ziyan dəymişdir.

8. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında verdiyi izahatında iddianı müdafiə edərək, cavabdehin nümayəndəsinin izahatına münasibətdə həmçinin bildirmişdir ki, qarşı tərəf qeyd etmişdir ki, onlara Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məktub daxil olmuşdur ki, bütün şöbə müdirlərinin həm ali təhsili, həm də 5 il iş təcrübələrinin olması zəruridir. Lakin Dövlət Sığorta Agentliyinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, şöbə müdirlərinin hamısının ali təhsilli və 5 il iş təcrübələrinin olmasının zəruri olduğu qeyd edilməmişdir, əksinə məktubun 3-cü vərəqəsinin qeyd hissəsindən isə görünür ki, daha öncə bu vəzifələrdə çalışan işçilərin işdən azad edilməsinə hər hansı bir zərurə t yoxdur. Lakin rəhbərlik bunu nəzərə almamışdır.

9. Cavabdeh tərəfindən təqdim verilmiş Xəstəxananın Maliyyə şöbəsinin Hesabatlıq bölməsinin xx.xx.2022-ci il tarixli mühasibatlıq arayışına əsasən, İnsan resursları şöbəsinin sabiq kadrlar üzrə mütəxəssisi olmuş iddiaçı tərəfindən sığorta olunan, Poliklinika şöbəsinin həkim-endokrinoloqu X4 təqdim etdiyi xx.xx.2022-ci il tarixli, SN00007 seriyalı, ******* nömrəli xəstəlik vərəqəsinin “Kadrlar şöbəsi tərəfindən əmək kitabçasına əsasən doldurulur” bölməsində onun əmək qabiliyyətini itirdiyi günədək sığorta stajı 7 il 3 ay yerinə 13 il 3 ay göstərildiyi üçün sığorta olunana 12 iş günü üçün sığorta edənin - Xəstəxananın vəsaiti hesabına 244,20 manat yerinə 407,09 manat hesablanıb ödənilmişdir. Gəlir vergisi çıxıldıqdan sonra onun kart hesabına 210,01 manat yerinə 350,10 manat vəsait köçürülmüşdür. Nəticədə dövlət büdcəsinə 22,80 manat (56,99-34,19) gəlir vergisi və sığorta olunana 140,09 manat (350,10-280,08) müavinət (cəmi 162,89 manat) artıq ödənilmişdir. Bununla da, müəssisəyə 162,89 manat məbləğində maddi ziyan vurulmuşdur. Bundan əlavə, Nazirlər Kabinetinin müvafiq qərarı ilə dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin X21 ilə müəyyən edilmiş aylıq tarif vəzifə maaşlarının məbləği 2022-ci il yanvarın 1-dən artırılsa da, bunların İnsan resursları şöbəsində kadrlar üzrə mütəxəssis vəzifəsində çalışan işçilərin, o cümlədən iddiaçının təqsiri ucbatından Nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək müqaviləsi bildirişi” altsisteminə vaxtında daxil edilməsi təmin edilmədiyinə görə, sığor ta olunanlara qalan günlər üçün məcburi dövlət sosial sığorta haqları (DSMF-nin) hesabına müavinət ödənilməmişdir və ya gecikdirilməklə ödənilmişdir.

10. Şəki Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e2(075)-210/2023 nömrəli, 16 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakim Pərviz Hacıyev) iddia rədd olunmuşdur.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı tərəfindən X3 adına işlənilmiş Seriya SN 00007, ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsində onun sosial sığorta stajı 7 il 3 ay əvəzinə 13 il 3 ay kimi qeyd edilməklə, sosial məzuniyyətə olduğu üçün qazancının 60% əvəzinə 100%-i miqdarında ödəniş edilmiş, bununla da, işçi tərəfindən işəgötürənə, yəni cavabdehə 162,89 manat ziyan dəymişdir. Bu səbəbdən də, iddi açının işdən azad edilməsinə dair xx.xx.2022-ci il tarixli, 1715 saylı əmri qanunvericiliyin tələbləri gözlənilməklə verilmişdir.

12. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.2, 2.3, 3.2, 3.3, 68.1, 68.2, 70, 72, 71.2, 83.1, 300.1-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.3, 217.4-cü maddələrinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığorta edənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında” Əsasnamənin 6, 7, 62-ci hissələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmaqla, həmçinin göstərilmişdir ki, məhkəmə maddi hüquq normalarının tələblərini pozaraq, yalnız cavabdehin mövqeyini üstün tutmaqla kifayətlənmişdir. Halbuki, iş materiallarında işəgötürənin qanuni mənafeyinə ciddi xələl gəlməsini təsdiq edən heç bir sübut yoxdur. İşəgötürən iddiaçıya qarşı qərəzli olduğuna görə Lamiyyə Mustafayevaya sosial məzuniyyətə olduğu üçün qazancının 60% əvəzinə 100%-i miqdarında ödəniş edilməsini, bununla da işçi tərəfindən ona 162,89 manat ziyan dəyməsini bəhanə edərək, mübahisələndirilən əmri vermişdir. Fərz edilsə belə ki, iddiaçı tərəfindən cavabdehə 162,89 manat ziyan dəyib, bu hal ən pis halda iddiaçıya töhmət verilməsi üçün əsas ola bilərdi. Cavabdeh tərəfindən iddiaçıya xəbərdarlıq, töhmət, şiddətli töhmət verilmədən, məhz əmək müqaviləsinə xitam verilməsi barədə əmr verilməsi əsaslandırılmadığı halda məhkəmə əmri qanuni hesab etmişdir. Bundan başqa, onunla bağlanmış əmək müqaviləsinin ləğvinə razılığı X19 X6 yığıncağı deyil, Həmkarlar ittifaqı üzvlərinin Ümumi yığıncağı verməli idi.

15. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-471/2023 nömrəli, 11 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – E.Hüseynov (sədrlik edən və məruzəçi), G.Cavadova və V.Məlikov) apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən s axlanılmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, iddiaçı işəgötürənə maddi ziyan vurduğunu etiraf etsə də, əvvəllər rəhbərlik etdiyi, sonradan isə kadrlar üzrə mütəxəssis kimi fəaliyyət göstərdiyi şöbədə baş vermiş nöqsanlara görə cavabdehlik daşımadığını bildirmişdir. Halbuki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X15 sədr müavininin Nazirliyin yanında X16 Xidmətinə ünvanladığı xidməti məktubda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli 189 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin v ə əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığorta edənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin 28-ci hissəsindən aydın olduğu kimi, vəzifə (tarif) maaşı yekun müavinət məbləğinin müəyyən olunmasında əsas amillərdən biridir.

17. Aylıq vəzifə maaşının düzgün daxil edilməməsi Xəstəxana tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin müvafiq altsisteminə göndərilən əksər müavinət sənədlərində müşahidə olunmaqdadır. Belə ki, Xəstəxana tərəfindən xx.xx.2022-ci ildən cari tarixədək əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı göndərilmiş 145 haqq-hesab cədvəlinin 68-i, başqa sözlə 46,9%-i aylıq vəzifə maaşının düzgün daxil edilməməsi səbəbindən geri qaytarılmışdı r. Bundan əlavə, qeyd olunan dövrdə Xəstəxana tərəfindən MEİS-in müvafiq altsisteminə məcburi dövlət sosial sığortası hesabına ödənilən 5 müavinət növü (əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət, hamiləliyə və doğuma görə müavinət, uşağın anadan olmasına görə birdəfəlik müavinət, qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatana qədər uşağa qulluqla əlaqədar müavinət, dəfn üçün müavinət) üzrə ümumilikdə 357 haqq-hesab cədvəli göndərilmiş, bunlardan yalnız 159 cədvəlin, başqa sözlə 44,5%-nin düzgün formada tərtib edildiyi müəyyən olunmuş, emal olunaraq ödənişə göndərilmişdir (və ya təsdiq edilib, ödənişə göndərilmə mərhələsindədir). Digər haqqhesab cədvəlləri isə yol verilən uyğunsuzluqlar qeyd edilməklə geri qaytarılmışdır.

18. Göründüyü kimi, xidməti məktubda qeyd olunan çox saylı nöqsan və pozuntular 2022-ci ildə baş vermişdir və iş materialları ilə müəyyən edilir ki, MEİS-ə aylıq vəzifə maaşlarının daxil edilməsinə İnsan Resursları şöbəsi birbaşa məsuldur.

19. Qeyd olunmalıdır ki, işçiyə Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsində nəzərdə tutulan intizam tənbehlərinin tətbiqi ilə bağlı cavabdeh diskresion səlahiyyətə malikdir. İşəgötürənin bu hallarda malik olduğu diskresion səlahiyyəti əmək qanunvericiliyinin hüdudları çərçivəsində və həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə düzgün həyata keçirib-keçirmədiyi yoxlanmalı, xüsusilə də hazırkı mübahisəyə münasibətdə diskresion səlahiyyətlərin məhz bu qaydada həyata keçirilməsini zəruri edən şərtlərin mövcud olub-olmadığı və bununla bağlı işəgötürənin öz əmrini əsaslandırmasında istinad etdiyi halların Əmək Məcəlləsinin 10, 70, 71, 72 və 186-cı maddələrinin müddəaları baxımından mövcud olub-olmadığı məhkəmə tərəfindən araşdırılmalıdır.

20. İddiaçının işində yol verdiyi nöqsan və pozuntularla bağlı məsələ Xəstəxananın Tibbi şura yığıncağının gündəliyinə salınmış, geniş və hərtərəfli müzakirə edilərək müvafiq qərar qəbul edilmişdir. Bu baxımdan iddiaçının işdən azad edilməsinə dair xx.xx.2022-ci il tarixli, 1715 saylı əmri verilərkən qanunvericiliyin tələblərinə riayət edilmişdir.

21. Bundan başqa, iddiaçı qeyd edir ki, onunla bağlanmış əmək müqaviləsinin ləğvinə razılığı X19 X6 yığıncağı deyil, Həmkarlar ittifaqı üzvlərinin Ümumi yığıncağı verməlidir. X1 33-34-cü bəndlərinə görə, Şura (komitə) - ərazi həmkarlar İttifaqının daimi fəaliyyət göstərən rəhbər оrqanı seçkili kоllеgial оrqanı olmaqla bir sıra funksiyaları, o cümlədən işəgötürən və оnun nümayəndələri tərəfindən əmək qanunvеriciliyinə və digər nоrmativ hüquqi aktlara əməl оlunmasına nəzarəti həyata kеçirir. Rəyasət Hеyəti (icrakоm) - Şuranın (kоmitənin) iclaslararası dövründə ərazi təşkilatının kоllеgial оrqanı olmaqla bir sıra funksiyalarla yanaşı, həmçinin ərazi təşkilatının kоmitə (şura) iclaslarını çağırır, gündəlikdəki məsələlərə və оnların kеçirilmə vaхtına dair təkliflər vеrir, həmkarlar İttifaqı оrqanlarının qərarlarının yеrinə yеtirilməsini təşkil və оna nəzarət еdir. Belə olan halda, X19 X12 iddiaçının əmək müqaviləsinə xitam verilməsinə münasibət bildirməkdə səlahiyyətli olmuşdur.

22. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Konstitusiyanın 71, Əmək Məcəllə sinin 2, 3, 10, 68, 70, 72, 71, 80, 186-cı maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

23. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

24. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmaqla, əlavə olaraq göstərilmişdir ki, xx.xx.2022-ci ildən cari tarixədək MEİS-in altsisteminə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı göndərilmiş 145 haqq-hesab cədvəlinin və məcburi dövlət sosial sığortası hesabına ödənilən 5 müavinət növü üzrə ümumilikdə 357 haqq-hesab cədvəlinin iddiaçıya heç bir aidiyyəti olmamış, ümumiyyətlə həmin dövrdə iddiaçı qeyd edilən cədvəllərin tərtibatı və göndərilməsi ilə bağlı məsul şəxs olmamışdır. Həmin cədvəllər xəstəxananın başqa işçiləri tərəfindən tərtib edilərək göndərilmişdir. Ümumiyyətlə, iş materiallarında işəgötürənin qanuni mənafeyinə məhz iddiaçı tərəfindən ciddi xələl gəlməsini təsdiq edən heç bir sübut yoxdur. İşə baxmış məhkəmələr isə yalnız cavabdehin iddia ərizəsinə qarşı etirazında göstərilənləri və həqiqəti əks etdirməyən öz fərziyyələrini əsas hesab edərək, müvafiq maddi hüquq normalarının dispozisiyası baxımından heç bir araşdırma aparmadan tələbin təmin olunmaması haqqında qətnamələr qəbul etmişlər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Cavabdeh kassasiya şikayətinə etiraz təqdim edərək apelyasiya instansiyası məhkəməsinin qətnaməs inin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

26. Etiraz iddia ərizəsinə etiraz, birinci instansiya məhkəməsinin və apelyasiya instansiyası məhkəməsinin qətnamələri ilə oxşar məzmunda əsaslandırılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

27. Maddə 70 (ç bəndi). İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilə bilər.

28. Maddə 71 (2-ci hissə). Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

29. Maddə 71 (3-cü hissə). İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

30. Maddə

72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması;

31. Maddə 80 (1-ci hissə). Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqını n üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.

32. Maddə 83 (1-ci hissə). Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.

33. Maddə 83 (2-ci hissə). Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən im zalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.

34. Maddə 186 (1-ci hissə) İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.

35. Maddə 186 (2-ci hissə). İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək.

36. Maddə 186 (3-cü hissə) İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır.

37. Maddə 300 (1-ci hissə). Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini d ə nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

40. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

41. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

42. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki h alların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

44. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

45. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tər əfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

46. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsi aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticə lənən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

48. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.

49. Kollegiya, həmçinin bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

50. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir k i, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

51. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-471/2023 nömrəli, 11 aprel 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar