Məhkəmə qərarları › İş №2(102)-3157/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3157/2019

14.05.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3157/2019 14.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı nümayəndəsi, vəkili xxx oğlu, Cavabdeh və vəkili X1 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 noyabr 2018-ci il tarixli, 2(103)-12129/2018 saylı qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili xxx oğlunun kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 14 sentyabr 2018-ci il tarixli, 2 (004)-4241/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim S.B.Mehrəliyev) İddiaçı Cavabdeh qarşı “borca görə 77.950 manat, ona hesablanmış faizə görə 29.231 manat, cəmi 107.211 manat pul tələbinə dair” iddiası qismən təmin edilərək, cavabdehdən borca görə 77.950 manat, ona hesablanmış faizə görə 19.487,5 manat, cəmi 97.464,5 manat pulun tutulub iddiaçıya ödənilməsi və qalan hissədə iddia ərizəsinin rədd edilməsi qət olunmuşdur. Cavabdehin nümayəndəsi və vəkili Toğrul Babayev qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 noyabr 2018-ci il tarixli, 2(103)-12129/2018 saylı qətnaməsi ilə (hakimlər T.S.Səmədov sədrlik edən, məruzəçi, İ.S.Şirinov və E.C.Kazımov) apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 14 sentyabr 2018-ci il tarixli qətnaməsi qismən- iddia ərizəsinin təmin edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə də iddia ərizəsinin rədd edilməsi qət olunmuşdur. İddiaçının nümayəndəsi və vəkili xxx qətnamədən kassasiya şikayəti vermişlər. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdehə qarşı “borca görə 77.950 manat, ona hesablanmış faizə görə 29.231 manat, cəmi 107.211 manat pul tələbinə dair” iddia qaldırmış və tələblərini onunla əsaslandırmışdır ki, tikinti şirkəti var və 2014-cü ildən Bakı şəhərində ev tikir. Cavabdehlə razılığa gəlmişlər ki, Abşeron rayonu, xxx kəndində torpaq sahəsi alıb ev tiksinlər. Həmin il Abşeron rayonu, xxx kəndində 0,06 ha torpaq sahəsi almışlar. Torpaq sahəsinin alınmasına 28.000 manat pul vermişlər. Torpaq sahəsi cavabdehin adına rəsmiləşdir ilmiş və 29 noyabr 2014-cü il tarixli “hüquqların dövlət qeydiyyatı haqqında” Çıxarışa əsasən torpaq sahəsi mülkiyyət hüququ üzrə onun adına qeydə alındı. Bundan sonra torpaq sahəsini hər biri 0,03 ha olmaqla iki yerə bölüb orada ev tikmiş və evlərə çəkilən xərclər onun tərəfindən ödənilmişdir. Ümumilikdə torpaq sahəsinə və evlərin tikintisinə və təmirinə cəmi 105.000 manat pul xərcləmişdir. Həmin pulun 27.050 manatını cavabdeh, qalan 77.950 manatını isə evlərin tikintisinə, təmirinə və tikinti materiallarının alınmasına görə ustalara o, ödəmişdir. İnşa edilən evlər qaz və elektrik xətləri ilə təmin edilməklə evlərdən biri onun, digəri isə cavabdehin adına rəsmiləşdirilmişdir. Lakin cavabdeh evlərə çəkilən xərci, yəni 77.950 manat pul vəsaitini ona ödəməmişdir. Hazırda cavabdeh hər iki e vi satsa da, ona çatan pulu ödəməkdən yayınır. Razılaşmaya görə öhdəliyinin son icra tarixi 01 may 2015-ci il olsa da, cavabdeh qanunsuz olaraq 2 il 6 ay müddət ərzində ona çatan 77.950 manat pul vəsaitini özündə saxlamaqla, qaytarmaqdan imtina etdiyi üçün bank faiz uçot dərəcəsi üzrə ona əlavə olaraq 29.231 manat faiz ödəməlidir. Ona görə də iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutları düzgün hüquqi qiymət verməmişdir. Kassasiya ş ikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia ərizəsinin qismən təmin edilərək, cavabdehdən borca görə 77.950 manat, ona hesablanmış faizə görə 19.487,50 manat, cəmi 97.464,5 manat pulun tutulub ona ödənilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunmuşdur. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili XX kassasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat vermişdir. Cavabdeh, nümayəndəsi və vəkili XX məhkəmə iclasında kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatlarında kassasiya şikayətinin təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini qismən iddia ərizəsinin təmin edilməsi hissəsində ləğv edib, həmin hissədə də iddia ərizəsini rədd edərkən, birinci instansiya məhkəməsinin işin müəyyən edilmiş faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlməsinə, tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün iddiaçının məhkəməyə heç bir sübut təqdim etməməsinə, həmçinin məhkəməyə təqdim etdiyi “sübutlar”ın pul tələbinə dair iddia ərizəsinin təmin edilməsi üçün əsas kimi qəbul oluna bilməməsinə, cavabdehdən 77.950 manat pul iddia etsə də, iddiaçının hansı sübutlara əsasən bu nəticəyə gəldiyini məhkəmə iclasında əsaslandıra bilməməsinə, cavabdehin ona həqiqətən borcunun olmasının hər hansı mötəbər sübutlarla, o cümlədən şahid ifadələri ilə təsdiq edilməməsinə, iddia tələbini qəbul etməyən cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsini tələbin etirafı kimi qiymətləndirməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə g əlməməsinə istinad etmiş və hüquqi mövqeyini Azərbaycan Respublikası MPM-nin 76.1, 77.1, 191.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Belə ki, hazırda iddiaçı torpaq sahəsi alıb orada ev tikib satmaqla gəlir əldə etmək məqsədi ilə cavabdehlə razılığa gəlidyini, bu məqsədlə sonuncunun adına Abşeron rayonu, XX kəndində 0,06 ha torpaq sahəsi alıdığını, həmin torpaq sahəsinin alınmasına 28.000 manat pul verdiyini, torpaq sahəsi ni 0,03 ha olmaqla iki yerə bölüb orada iki evin tikintisinə, tikinti materiallarının alınmasına, təmirinə, eləcə də həmin işləri görən ustalara cəmi 105.000 manat pul ödədiyini, hər iki evə qaz, elektrik xətləri çəkilməklə evlərdən birinin onun, digərinin isə cavabdehin adına rəsmiləşdirildiyini, həmin pul vəsaitinin 27.050 manat hissəsini cavabdeh ona ödəsə də, qalan 77.950 manat hissəsini bu günədək ona ödəmədiyini və sonradan cavabdehin hər iki evi öz adına rəsmiləşdirərək satdığını iddia edir. İşdən görünür ki, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə çoxsaylı tikinti materiallarının satın alınmasını dair qaimə faktura sənədlərinin, bu barədə ayrıca tərtib edilmiş dəftərin (bloknotun), eləcə də hər iki evə qaz, elektrik xətlərinin çəkilməsi və ab unəçi kodunun açılmasına dair sənədlərin əslini, cavabdehin və nümayəndəsi Toğrul Babayevin izahatlarını təqdim etmişdir (İ cild, iş vərəq 28-33, 35-38, 54, 59-70, 71, 73, 77, 109, 124; İİ cild, iş vərəq-15). Cavabdeh isə iddiaçıdan pul almadığını, onu 2002-ci ildən tanıdığını, torpaq sahəsinin satın alınması və evlərin tikintisinə iddiaçının heç bir vəsait xərcləmədiyini, evlərin tikintisinə 2014-cü ilin axırlarında başladığını, iddiaçının bilavasitə onun ödədiyi vəsait hesabına tikinti materiallarını satın aldığını və tikintini yarımçıq vəziyyətdə təhvil verdiyini, tikintiyə xərcləri bilavasitə özünün çəkdiyini, bunun üçün bankdan kredit götürdüyünü, prorab kimi evi 2014-cü ildə 3 aya tikdiyini, 0,06 ha torpaq sahəsini 27.500 manata öz vəsaiti hesabına satın aldığını, iki evin tikintisin ə görə iddiaçı ilə razılığa gəlsə də, sonuncunun onu soyduğunu görüb pulunu vermədiyini, onun da işi atıb getdiyini, qalan tikinti işlərini başqa ustalar vasitəsi ilə həyata keçirdiyini, işləri çox olduğu və işdən çıxa bilmədiyi üçün evlərə qaz çəkilişi ilə əlaqədar olaraq şəxsiyyət vəsiqəsini iddiaçıya verdiyini və vaxtaşırı icra edilməli olan öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddətinin 3 il olduğunu göstərib, iddia tələbinə etiraz etmişdir. İşdən görünür ki, cavabdeh etirazının əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə Abşeron rayonu, XX kəndində yerləşən 0,06 ha torpaq sahəsinin mülkiyyət hüququ üzrə adına qeydə alınmasına dair 29 noyabr 2014-cü il tarixli Çıxarışın, Abşeron rayonu, xxx kəndi, M.Maqomayev küçəsi, 0,03 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 96,5 kv.metr olan 20 “A” saylı fərdi yaşayış evinin adına qeydə alınmasına dair 15 avqust 2017-ci il tarixli Çıxarışın, “Torpaq sahəsinin plan və ölçüsünə dair” 29 noyabr 2014-cü il tarixli sənədin və sair surətlərini təqdim etmişdir (İ cild, iş vərəq 5-7, 64-66). İşin mübahisə olunmayan hallarından görünür ki, Abşeron rayonu, xxx kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə cavabdehin adına qeydə alınmış və bu barədə sonuncunun adına hüquqların dövlət qeydiyyatı haqqında Çıxarış verilmişdir. Bundan sonra 0,06 ha torpaq sahəsi hər biri 0,03 ha olmaqla iki hissəyə ayrılaraq orada iki ev tikilmiş və 15 avqust 2017-ci il tarixli Çıxarışa əsasən evlərdən biri, yəni Abşeron rayonu, xxx kəndində, 0,03 ha torpaq sahəsində yer ləşən, ümumi sahəsi 96,5 kv.metr olan 20 “A” saylı fərdi yaşayış evi mülkiyyət hüququ üzrə cavabdehin adına qeydə alınıb. Bundan başqa işdə, digər evlə bağlı heç bir mötəbər yazılı sübut yoxdur və işdə iştirak edən şəxslərin izahatlarına görə hər iki evi cavabdeh sonradan satmışdır. Göründüyü kimi tərəflər arasında podrat hüquqi münasibətlərin əmələ gəlməsi işin mübahisə olunmayan halıdır və cavabdeh özüdə izahatında bu faktı inkar etməmişdir. Apellyasiya instansiyası məhkəməsi çoxsaylı tikinti materiallarının satın alınamasına dair işə əlavə edilmiş qaimə faktura sənədlərinin, eləcə də çəkilmiş xərclərə dair qeydiyyatın aparılmasını özündə ehtiva edən dəftərin (bloknotun) mötəbərliliyini işə əlavə edilmiş digər sübutlarla, o cümlədən işdə iştirak edən şəxslərin izahatları ilə müqayisəli ş əkildə tədqiq edib yoxlamadan, zərurət yarandığı halda iddiaçının məhkəmə iclasında iştirakını təmin edib onun bilavasitə həmin sübutlara, həmçinin cavabdehin etirazına münasibətini öyrənmədən, 0,06 ha torpaq sahəsi satın alınarkən pulun kimin tərəfindən ödənilməsini aydınlaşdırmaq üçün satıcının, eləcə də hər iki evdə tikinti, təmir işləri görmüş ustaların şahid qismində dindirilmələri üçün məhkəmə iclasına dəvət edilmələrini tərəflərə təklif etmədən, işə əlavə edilmiş sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermədən, əksinə, həmin sübutları şübhə altına alaraq, onları “sübutlar” hesab edərək, torpaq sahəsinin satın alınması, orada iki evin inşa edilməsi və təmirinə iddiaçının hər hansı vəsait xərcləməməsi qənaətinə gəlmişdir. Halbuki, cavabdeh özü də izahatında iddiaçını 2002-ci ildən tanıdığını, hər iki evin tikintisinə görə onunla razılığa gəldiyini, lakin onu soyduğu üçün iddiaçıya pul vermədiyini və nəticədə iddiaçının işi atıb getdiyini və qalan işləri digər ustalar vasitəsi ilə həyata keçirdiyini inkar etməmişdir. Kassasiya instansiyası məhkəməsi ilk öncə qeyd edir ki, sübutlara obyektiv baxılması dedikdə, məhkəmə tərəfindən subyektiv mülahizələrə yol vermədən sübutun məzmununu təşkil edən dəlillərin və faktların qiymətləndirilməsi başa düşülür. Obyektivlik ilk növbədə sübutun məzmununda olan dəlillərin və faktların həqiqi və mötəbər olduğunu yoxlamağı tələb edir. Sübut o, halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Sübutun mötəbərliyinə şübhələr mövcud olduğu halda məhkəmə müxtəlif üsullarla həmin şübhələri aydınlaşdırmağa çalışmalı, bunun üçün işdə iştirak edən şəxslərə əlavə sübut təqdim edilməsini təklif etməli, zəruri olduqda mövcud sübutu yenidən araşdırmalıdır. Sübutların məzmunundakı məlumatlarla bağlı şübhələrin aradan qaldırılmasının ən etibarlı üsullardan biri isə, müxtəlif sübutların müqayisəli təhlil edilməsidir. Apellyasiya instansiyası məhkəməsi qətnamədə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinin, 127-ci maddəsinin İİ bəndinin, Vİİ bəndinin, eləcə də MPM-nin 8.1, 9.1, 9.3, 76.1, 77.1, 87, 217.1, 217.3, 218.1-ci maddələrinin tələblərinə istinad edib iddia tələblərini əsassız hesab etsə də, həmin maddələrin tələblərindən irəli gələn vəzifələrini yerinə yetirib mülki mühakimə icraatının əsas vəzifəsi sayılan həqiqətin müəyyən edilməsini təmin etməmişdir. Belə ki, cavabdeh izahatında evin tikintisinə 2014-cü ilin axırlarında başladığını, iddiaçının onun ödədiyi vəsait hesabına tikinti materialları aldığını, lakin sonuncu evi yarımçıq vəziyyətdə təhvil verdiyi üçün bankdan kredit götürüb tikinti işlərini öz vəsaiti hesabına tamamladığını və prorab kimi evi 2014-cü ildə 3 aya tikdiyini, iddiaçının onu soyduğunu görüb pulunu vermədiyini, onun da işi atıb getdiyini, qalan işləri başqa ustalar vasitəsi ilə başa çatdırdığını göstərib iddia tələbinə etiraz etsə də, etirazının əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir mötəbər yazılı sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 1 4.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan prosessual normaların mənasına görə, iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Əksinə, işdən, iddiaçının nümayəndəsi xxxun izahatından görünür ki, 18 may 2015-ci il tarixdə iddiaçı həm öz adından, həm də cavabdehin adından “X5” M MC-nə yazılı ərizə ilə müraciət edərək, Abşeron rayonu, xxx kəndində yerləşən onlara məxsus olan hər iki evin qazlaşdırılmasına və abunə kodunun açılmasına köməklik göstərilməsini xahiş etmişdir. Bundan sonra müvafiq sənədlər toplanılmaqla hər iki ev təbii qazla təmin edilmişdir. Eləcə də işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən olunur ki, məhz iddiaçının müraciətinə əsasən hər iki evə elektrik xətləri çəkilmişdir. Apellyasiya instansiyası məhkəməsi cavabdehin izahatları arasındakı ziddiyyətlərə, yəni onun bir tərəfdən hər iki evi 2014-cü ildə 3 ay müddətində öz vəsaiti hesabına tikib başa çatdırdığını qeyd etdiyi halda, digər tərəfdən münasibətləri pozulduqdan sonra onun hər iki evə qaz, elektrik xətləri çəkilməsi üçün 18 may 2015-ci il tarixdə iddiaçıya öz şəxsiyyət vəsiqəsini, eyni zamanda hər iki evin sənədlərini verməsi ilə bağlı izahatlarına aydınlıq gətirmədən, işdə iştirak edən şəxslərin izahatlarını işə əlavə edilmiş digər sübutlarla yanaşı yoxlayıb qiymətləndirmədən, iddaçının həmin evlərdə nə vaxt, hansı məbləğdə işlər görməsini dəqiqləşdirib görülmüş işlərə çəkilmiş xərcləri müəyyən etmək üçün iş üzrə müvafiq ekspertiza təyin edib rəylar almadan və ümumiyyətlə cavabdehin iddiaçıya hansı məbləğdə pul ödəməsini araşdırmadan, iddia tələbinin bütövlükdə əsassız olması barədə səhv nəticəyə gəlmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllə nin 106.3-cü maddəsində göstərilir ki, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Göründüyü kimi iddiaçının tələbini əsaslandırdığı faktları, yəni hər iki evdə tikinti işləri aparması, orada müəyyən işlər görməsi və soyulduğunu əsas tutub cavabdehin ona gördüyü işlərə görə həqiqətən pul ödəməməsi və sair faktları cavabdeh, həmçinin evlərə çəkdiyi xərclərə görə cavabdehin ona cəmi 27.050 manat pul ödəməsi faktını isə iddiaçı inkar etmir. Bu baxımdan kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlilləri ilə qismən razılaşıb hesab edir ki, tərəflər arasında podrat müqaviləsindən irəli gələn öhdəlik hüquqi münasibətləri yarandığı üçün iddia tələbinin əsaslılığına aşağıda sadal anan maddələrin tələblərinə uyğun olaraq hüquqi qiymət verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləndirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləndirildiyi hesab olunur. Şərtləndirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Həmin Məcəllənin 759.1-ci maddəsinə görə, sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 769-cu maddəsində göstərilir ki, əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Apellyasiya instansiyası məhkəməsi iddiaçının podrat müqaviləsindən irəli gələn işləri tam icra edib-etməməsini, cavabdehin iddiaçıya həmin müqavilə üzrə razılaşdırılmış muzdu tam məbləğdə ödəyib-ödəməməsini, muzdun miqdarı barədə tərəflər arasında hər hansı razılaşmanın olub-olmamasını və sair aydınlaşdırmadan, yalnız cavabdehin gətirdiyi arqumentləri əsas tutub birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib, iddia tələbini mübahisələndirilən hissədə rədd etmişdir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsində göstərilir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki hallarını, sadalanan maddi, prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı və işə yenidən apellyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli, mübahisəyə maddi, prosessual hüquq normalarının düzgün tətbiq edilməsi təmin edilməklə, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün hüquqi qiymət verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: İ ddiaçı nümayəndəsi və vəkili xxx oğlunun kassasiya şikayəti qismən təmin edilsin, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 noyabr 2018-ci il tarixli, 2(103)-12129/2018 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar