Məhkəmə qərarları › İş №2(102)-3205/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3205/2022

14.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3205/2022 14.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borc pulun qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 25 yanvar 2022-ci il tarixli, 2(106)-187/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən kassasiya şikayətinə 14 iyun 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Tərəflər arasında borc münasibətləri olmuş, iddiaçı borc vaxtında ödənilmədiyinə görə cavabdehin barəsində Xətai rayon Polis İdarəsinə şikayət etmişdir. Həmin şikayət ərizəsi üzrə araşdırma aparılanda Cavabdeh xx.xx.2020-ci il tarixdə verdiyi ifadəsində İddiaçı 2017-ci ildə 4000 manat aldığını, qalan məbləği isə M adlı şəxsdən aldığını, bu barədə onunla müqavilə bağlandığını etiraf etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 9000 manat borc, öhdəliyin gecikdirilməsi nəticəsində yaranmış 900 manat pul və 30 manat dövlət rüsumu olmaqla, cəmi 9931 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında borc mübahisəsi yaranmışdır. Cavabdeh iddiaçıya 9000 manat məbləğində borcu vardır. Bu faktı cavabdeh xx.xx.2020-ci il tarixli dindirmə protokolunda etiraf etmişdir. Odur ki, iddianın təmin edilməsini xahiş etmişdir.

4. Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-292/2021 nömrəli, 10 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakim Q.Hacıyev) iddia təmin edilmişdir.

5. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, sübutetmə vəzifəsi üzərinə düşən iddiaçı cavabdehə ümumilikdə 9000 manat məbləğində pul verməsini təsdiq edən kifayət qədər sübutlarını məhkəməyə təqdim etmişdir. Cavabdeh öhdəliklərini lazımınca yerinə yetirməmişdir, onun iddiaçı qarşısında icra edilməmiş borc öhdəlikləri vardır.

6. Məhkəmə ö z mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3, 445.7, 1097.1, 1114.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

7. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi iddia müddətinin ötürülməsi ilə əlaqədar olaraq, iddia tələbinin 4000 manat hissəsində iddia müddətinin tətbiq edilməsi və həmin hissədə iddiaya baxılmasından imtina edilməsini xahiş etmişdir.

8. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-187/2022 nömrəli, 25 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Əsədov (sədrlik edən və məruzəçi), S.Mayılov və N.Mirzəyev) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin qismən təmin edilməsi, cavabdehdən 4000 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir.

9. Məhkəmə kollegiyası qeyd etmişdir ki, tərəflər arasında, nəinki borc müqaviləsinin şərtlərinə əməl edilməklə yazılı müqavilə, ümumiyyətlə hər-hansı başqa yazılı razılaşma olmamışdır. Birinci instansiya məhkəməsi tərəflər arasında icra edilməmiş borc münasibətlərinin olduğuna, bununla yanaşı zərərin ödənilməsi ilə bağlı müddəalara əsaslanmışdır. Məhkəmə yalnız iddiaçının izahatına və kserosurəti iş materiallarına əlavə edilmiş polis bölməsində şahidi dindirmə protokoluna istinad etməklə iddianı əsaslı sayaraq təmin etmiş və iddia müddətinin ötürülməsinə də qiymət verməmişdir.

10. Kollegiya hesab etmişdir ki, iş üzrə yalnız iddiaç ının izahatı və təqdim edilmiş polisin şahidi dindirmə protokolunun kserosurəti tərəflərin arasında borc münasibətlərinin olmasını, onların arasında borc müqaviləsinin (razılaşmasının) bağlanmasını təsdiq edən etibarlı sübut hesab edilə bilməz. Tərəflərin arasında borc münasibətlərinin olması sübuta yetirilmir. Bununla belə, cavabdeh izahatında və apellyasiya baxışında məhkəmə iclasında təqdim etdiyi yazılı ərizəsində iddiaçıya 4000 manat borcu olduğunu etiraf etmişdir.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 739.1, 740.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

12. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qə tnaməsinin qismən, iddianın təmin edilməyən hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

13. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə tərəflər arasında yazılı müqavilənin olmamasını qeyd etmiş və bunun iddiadan imtina üçün əsas olduğunu vurğulamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 740.1-ci maddəsinə görə borc müqaviləsi tərəflərin razılaşması ilə yazılı və şifahi formada bağlana bilər. Həmçinin, 740.2-ci maddəyə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Lakin bu maddə özlüyündə iddiadan imtina üçün əsas hesab ilə bilməz, çünki Mülki Məcəllədə predmeti 3000 mana tdan çox olan şifahi borc müqaviləsinin etibarsızlığı haqqında hər hansı bir müddəa qeyd edilməmişdir. MM-in bir sıra maddələrində müqavilənin etibarsız sayılması üçün konkret şərtlər göstərilmişdir, buna nümunə olaraq 319-cu maddəni göstərmək olar. Lakin borc müqaviləsinin formasına münasibətdə MM-də müqaviləni birbaşa etibarsız edən hər hansısa bir norma yoxdur. Bundan əlavə cavabdeh bölmədə dindirilən zaman 9000 manat məbləğində borcu olduğunu etiraf etmiş və bu hal protokolda öz əksini tapmışdır.

14. Kassator qeyd etmişdir ki, MM-in 445.7-ci maddəsinə əsasən cavabdeh tərəfindən 9000 manat üçün illik 5 %, yəni 900 manat (9000x5%x2 il) məbləğində pul vəsaiti iddiaçıya ödənməlidir. Lakin məhkəmə çıxardığı qətnamədə gecikdirilmiş müddət üçün cavabdehdən pul məbləğinin tutulması məsələsinə ümumiyyətlə toxunmamışdır. Halbuki bu hal qanunvericiliklə müəyyən olunmuşdur və qanunvericiliyə uyğun olaraq gecikdirilmiş müddət üçün müəyyən faizdə əlavə pul məbləğinin ödənilməsi məhkəmə tərəfindən nəzərə alınmalı idi. Bu halın məhkəmə tərəfindən nəzərə alınmaması da bir daha qətnamənin qanuna düzgün əsaslanmamasını isbat etmişdir.

15. Kassator qeyd etmişdir ki, məhkəmə tərəfindən iddia müddətinin ötürülməsi bir cümlə ilə qeyd edilsə də bu hal məhkəmə tərəfindən əsalandırılmamışdır. Məhkəmə tərəfindən Mülki Məcəllənin 373.2 və 380-ci maddələri düzgün qiymətləndirilsə idi, iddia müddətinin ötürülməsi ilə bağlı hər hansı bir halın olmaması aşkar görünərdi.

16. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2, 380, 445.7, 740-cı, Azərbaycan Respublikası Mülki Prosessua l Məcəlləsinin 88, 191-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

18. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

19. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

20. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

21. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya in stansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

25. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri

26. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya ) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

27. Hazırkı kassasiya şikayətində qətnamə qismən mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı qismən yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

29. Məhkəmə kollegi yası qeyd edir ki, apellyasiya instansiyası tərəflər arasında yazılı borc müqaviləsinin olmamasını qeyd edərkən bu halı iddianın rədd edilməsi üçün əsas kimi nəzərdə tutmamış, müqavilənin etibarsız sayılması üçün əsas kimi qeyd etməmiş, cavabdehin etiraf etdiyi 4000 manatdan artıq hissəsi üzrə sübutların olmamasını əsaslandırmaq üçün bu hala istinad etmişdir.

30. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə işdə olan sübutların obyektiv qiymətləndirilməsinə əsaslanır. Cavabdeh polis tərəfindən aparılan təhqiqat zamanı verdiyi izahatında bəhs etdiyi məbləğin bir hissəsinin Maldığını, bu barədə aralarında müqavilə bağlandığını bildirmişdir.

31. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar ar aşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

32. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 25 yanvar 2022-ci il tarixli, 2(106)187/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar