Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3218/2023 27.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı X1 Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi, qızıl-zinət və cehiz əşyalarının qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, iddiaçı X1 Cavabdeh qarşı əmlak tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-423/2023 nömrəli mülki iş üzrə 08 may 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 27 sentyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. X3 ilə Cavabdeh xx.xx.2011-ci ildə rəsmi nikaha daxil olmuşlar, birgə nikahdan iki övladları doğulmuşdur.
2. Uşaqlardan birinin sağlamlıq imkanları məhduddur və buna görə ödənilməli olan aylıq sosial müavinət və ona qulluğa görə Azərbaycan Respublikası Prezidentinin təqaüdü, cəmi 200 manat xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək atası Cavabdeh ödənilmişdir.
3. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə tərəflərin nikahları pozulmuş, uşaqlar ananın yanında saxlanılmış və onların hər biri üçün cavabdehdən ayda 170 manat məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdə qalmış 11000 manat məbləğində əşyaların, himayəsində olan sağlamlıq imkanları məhdud övladı X4 təyin olunmuş müavinət məbləğindən cavabdehdə qalan 2096 manat pulun alınaraq ona qaytarılması və 30 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı işin yuxarıda qeyd olunan faktiki hallarından çıxış etməklə tələbini belə əsaslandırmışdır ki, onlar boşanana qədər bütün cehiz və qızıl-zinət əşyaları cavabdehin mənzilində qalmışdır. Cavabdeh cehiz əşyalarının əksər hissəsini qaytarmış, lakin digər hissəsini qaytarmaqdan imtina edir. Qaytarılmayan əşyaları bunlardır: 800 manat dəyərində "Toshiba' markalı noutbuk-kompüter, 650 manat dəyərində "LG" (ekranın diaqonalı 107 sm) markalı tel evizor. Bununla yanaşı, valideynləri tərəfindən ona nikaha daxil olanadək alınmış, habelə qohumları tərəfindən hədiyyə şəklində verilmiş cəmi 9550 manat dəyərində qızıl-zinət əşyaları, o cümlədən 5000 manat dəyərində 750 əyarlı 1 komplekt qızıl (üzük, qolbaq, sırğa, sep, kulon), 1000 manat dəyərində 750 əyarlı qızıl üzük, 700 manat dəyərində 585 əyarlı 5 cüt qızıl sırğa, 150 manat dəyərində 585 əyarlı qızıl üzük, 500 manat dəyərində 585 əyarlı 3 ədəd qızıl sep, 350 manat dəyərində 585 əyarlı qızıl kulon, 350 manat dəyərində 750 əyarlı qızıl qolbaq, 1000 manat dəyərində 1 ədəd onluq qızıl, 1500 manat dəyərində 750 əyarlı 1 cüt brilyant qaşlı sırğa. Həmçinin övladları Xa sağlamlıq imkanları məhdud olduğuna görə təyin olunmuş ayda 208 manat məbləğində müavinəti cavabdeh uşağın deyil, öz ehtiy aclarına sərf etmişdir. Belə ki, o, müavinətin alınması üçün “Kapitalbank" tərəfindən onun adına verilmiş plastik kartı faktiki nikah münasibətlərinə son qoyulduğu 2020-ci ilin yanvar ayından ona versə də, həmin pulu ala bilmir. Çünki cavabdehin bankla əldə etdiyi razılığa əsasən, həmin pul onun hansısa kreditinin ödənilməsinə tutulur. Cavabdeh indiyə kimi həmin müavinətdən uşağa cəmi 2 dəfəyə 400 manat pul vermişdir, yəni 1 ildə verilən 2496 manat məbləğində müavinət pulundan 400 manat vermiş, qalan 2096 manat pulu öz ehtiyaclarına xərcləmişdir. Cavabdeh ona məxsus olan əşyaları könüllü qaytarmaması, habelə himayəsində olan sağlamlıq imkanları məhdud uşaqları X təyin olunmuş müavinət pulunu alaraq xəstə uşağına verməməsi hüquqlarını pozur, ona ziyan vurur, ona görə də həmin əşyaların, pul un məhkəmə qaydasında məcburi qaytarılması barədə qətnamə çıxarılmalıdır. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 4 və 34.1-cü maddələrinə istinad etmişdir.
6. Cavabdeh iddiaya etiraz ünvanlayaraq, həmçinin məhkəmə iclasında göstərmişdir ki, onlar ailə qurduqdan sonra ilk 4 ayı onun valideynlərinin yanında, qalan vaxtını isə boşananadək iddiaçının valideynlərinə məxsus evdə qalmışlar. İddia ərizəsində göstərilən bütün əşyaların hamısı həmin evdədir. O, iddiaçıya qızıl-zinət əşyalarının hədiyyə olunduğunu təkzib etmir. Lakin həmin qızıl-zinət əşyalarının onlarda qalmasını rədd edir. Uşaq üçün ayrılan müavinətə gəldikdə, o, uşağın xəstəliyi üçün bankdan kredit götürmüşdür və onun müalicəsi üçün x arici ölkəyə aparmışdır. Daha sonra uşağın müalicəsi üçün götürdüyü kreditə görə borcu bank həmin pensiya kartından tutub. Pensiya kartını 2020-ci ilin yanvar ayında iddiaçıya vermişdir. 2014-cü ildə hər ikisinin razılığı ilə “Toshiba” markalı kompüter köhnəldiyi üçün hissə kimi dəyərləndirilib və 100 manat dəyərində satıb yerinə «Acer» markalı noutbuk kompüterini 450 manat ödəməklə almışdır. “LG” markalı televizor iddiaçının valideynləri tərəfindən nikaha daxil olduqdan sonra təxminən 550 manata alınmışdır.
7. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5, X7 və X6 ifadələrində iddiaçıya iddia ərizəsində göstərilən adda və sayda cehiz əşyalarının verildiyini, nişan və toy mərasimində iddiaçıya iddia ərizəsində göstərilən qızıl-zinət əşyalarının hədiyyə edildiyini, lakin həmin qızıl-zinə t əşyalarının cavabdehdə saxlanıldığını bildirmişlər.
8. X11 əlavə olaraq ifadəsində bildirmişdir ki, uşağın müalicəsini o, qarşılayıb. Cavabdeh isə uşağa kəsilmiş müavinəti mənimsəyib.
9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-1385/2023 nömrəli iş üzrə 17 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim T.Xəlilova) iddia qismən təmin edilərək, 800 manat dəyərində "Toshiba” markalı noutbuk-kompüter, 650 manat dəyərində "LG" (ekranın diaqonalı 107 sm) markalı televizor, 5000 manat dəyərində 750 əyarlı 1 komplekt qızıl (üzük, qolbaq, sırğa, sep, kulon), 1000 manat dəyərində 750 əyarlı qızıl üzük, 700 manat dəyərində 585 əyarlı 5 cüt qızıl sırğa, 150 manat dəyərində 585 əyarlı qızıl üzük, 500 manat dəyərində 585 əyarlı 3 ədəd qızıl sep, 350 manat dəyərində 585 əyarlı qızıl kulon, 350 manat dəyərində 750 əyarlı qızıl qolbaq, 1000 manat dəyərində 1 ədəd onluq qızıl, 1500 manat dəyərində 750 əyarlı 1 cüt brilyant qaşlı sırğa və 2000 (iki min) manat pul Cavabdeh alınaraq iddiaçı X2 verilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, məhkəmədə tədqiq olunmuş sübutlarla - şahid ifadələri, təqdim edilmiş fotoşəkillərlə iddia ərizəsində tələb olunan cehiz əşyaları, qızıl-zinət əşyalarının iddiaçıya hədiyyə olunduğu və hal-hazırda cavabdehdə olduğu və onun tərəfindən qaytarılmadığı təsdiq edilmişdir. Cavabdeh iddia ərizəsində göstərilən adda və sayda əşyaların mövcud olduğunu, yalnız onda olmadığını bildirsə də, bunu təsdiq edə biləcək heç bir süb ut növünü məhkəməyə təqdim etməmişdir. Buna görə də məhkəmə hesab etmişdir ki, iddia cehiz və qızıl-zinət əşyalarının tələbi hissəsində əsaslıdır və təmin edilməlidir.
11. Məhkəmə iddiaçının pul tələbinə aid hissədə gəldiyi nəticə ilə bağlı isə qeyd etmişdir ki, işə əlavə olunmuş materiallardan müəyyən edilir ki, tərəflər 30 sentyabr 2020ci il tarixdə məhkəmə qərarına əsasən boşansalar da, onlar arasında faktiki nikah münasibətlərinə 2019-cu ilin dekabr ayının 19-dan xitam verilmişdir və tərəflərin uşaqları həmin tarixdən hal-hazıradək iddiaçının himayəsindədir. Odur ki, uşağın müalicəsi üçün ayrılmış və cavabdeh tərəfindən həmin dövrdə (xx.xx.2020-xx.xx.2021) götürülmüş 2400 manat məbləğində vəsaitdən iddiaçının verdiyi izahata görə ödənilmiş 400 manat çıxılmaqla qalan 2000 manat cavabdeh dən alınaraq iddiaçıya ödənilməlidir. İddia qalan 96 manat məbləğində müavinət pulunun tələbi hissəsində rədd edilməlidir.
12. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 34.1, 34.2-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci, 78.1, 14.2-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı tərəf qızılların cavabdeh tərəfindən götürülməsini sübut edə bilməmişdir. Belə ki, məhkəməyə təqdim edilmiş toy şəkillərindən görünü r ki, qızıllar iddiaçıda olmuşdur. Evləndikdən sonra iştirak etdikləri toylara aid şəkillərlə iddiaçının ona hədiyyə verilmiş qızıllara sahiblik etməsi sübut olunur. 2019-cu ilin dekabr ayının təxminən 23-ündə evi tərk etmiş, bütün paltarları və şəxsi əşyaları onda qalmış, səhəri gün gedib əşyalarını götürmək istəmiş, lakin iddiaçı onu evə buraxmamışdır. Belə olan halda həmin evdən qızıl götürüb çıxa bilməsi mümkünsüzdür. Uşağının əlilliyinə görə ödənilmiş müavinəti 2019-cu ilin dekabrın ayının təxminən 23-nə qədər xərcləmişlər. Birgə nikah dövründə xərclənmiş pulların yenidən ondan alınması qanunsuzdur.
15. Apellyasiya icraatı gedişində keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə daxil olmuş xx.xx.2023-cü il tarixli, 9/706 nömrəli ekspert rəyinə əsasən, iddia ərizəsində adları sada lanan qızıl-zinət əşyalarının nəzəri qaydada hazırki orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 11.220 manat müəyyən edilmişdir. Zərgərlik məmulatlarının üzərində olan brilyant qaşların qiymətini müəyyən etmək üçün həmin brilyant qaşlara baxış keçirmədən onların keyfiyyətini müəyyən etmək mümkün olmamış, bu səbəbdən brilyant qaşlar üzrə qiymətləndirmə aparmaq da mümkün olmamışdır.
16. İddiaçı məhkəmə iclasında verdiyi izahatında apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, tərəflər toydan sonra 4-5 ay kirayədə yaşamış, daha sonra isə ayrılana qədər iddiaçının atasına məxsus Nərimanov rayonu ərazisində yerləşən evdə yaşamışlar. Qızıl-zinət əşyaları cavabdehin anasında saxlanılırdı.
17. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəm əsi) 2(103)-423/2023 nömrəli iş üzrə 08 may 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – M.Rüstəmli (sədrlik edən və məruzəçi), A.İsgəndərov və V.Sadıqov) apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi “qızıl-zinət və digər əşyalarının Cavabdeh alınaraq iddiaçı X2 verilməsi” hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia tələbi həmin hissədə təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
18. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi haqlı olaraq uşağın müalicəsi üçün ayrılmış və cavabdeh tərəfindən xx.xx.2020-xx.xx.2021 illərdə götürülmüş 2.400 manat məbləğində vəsaitdən 400 manat çıxılmaqla qalan 2.000 manat cavabdehdən alınara q iddiaçıya ödənilməsi nəticəsinə gəlmişdir. Cavabdehin uşağı müalicəsi üçün xarici ölkəyə aparması, bunun üçün bankdan kredit götürməsi valideyn olaraq üzərinə düşən öhdəliklərin yerinə yetirilməsi ilə bağlı olmuşdur və həmin kredit borcunun ödənilməsi heç bir halda dövlətin uşağa qayğı olaraq göstərdiyi maddi yardıma yönəldilə bilməz.
19. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qızıl-zinət və digər əşyaların cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, mülki-prosessual qanunvericiliyin sübutetmə ilə bağlı normalarına əsasən baxılan iş üzrə iddia tələbinin təmin olunması üçün iddiaçının tələb etdiyi əşyaların cavabdehin qanunsuz sahibliyində olduğunu sübut etmək yükü iddiaçının üzərinə düşür. Hazırkı işdə iddiaçının tələb etdiyi əşyaların mövcudluğu cavabdehin izahatları ilə təsdiq olunur. Lakin həmin əşyaların cavabdehin qanunsuz sahibliyində olduğu iş materialları ilə təsdiq olunmur. Belə ki, iddiaçının özünün birinci instansiya məhkəməsində və nümayəndəsinin apellyasiya baxışı zamanı bildirdiklərinə əsasən, nikah bağlandıqdan sonra tərəflər bir neçə ay kirayə tutduqları evdə yaşamış, daha sonra iddiaçının atasına məxsus Nərimanov rayonunda yerləşən evdə yaşamışlar. Tələb edilən qızıl-zinət əşyaları isə cavabdehin anasında Yasamal rayonunda yerləşən mənzildə olub.
20. Məhkəmə kollegiyası hesab etmişdir ki, tərəflər iddiaçının atasına məxsus evdə yaşadığı halda, nikahda olduqları 10 ilə yaxın müddət ərzində iddiaçıya məxsus qızılzinət əşyalarının cavabdehin valideynlərinin evində saxlanılması inandırıcı de yil. Qızılzinət əşyaları adətən qadında olur, onun tərəfindən saxlanılır. İddiaçı tərəfin bildirdiklərindən belə çıxır ki, o, həmin əşyalardan istifadə etmək üçün hər dəfə cavabdehlərin valideynlərinin evinə getmiş, istifadə etdikdən sonra həmin əşyaları həmin evə qaytarmışdır.
21. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsi qızıl-zinət əşyaları ilə bağlı iddia tələbini təmin edərkən həmçinin iddiaçının əmilərinin və atasının şahid kimi verdikləri ifadələrinə istinad etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının əmiləri ailədən kənar yaşadıqlarından həmin halı konkret olaraq görmələri və hadisələri birbaşa izləmələri mümkün deyil.
22. Həmçinin, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş ödəniş sənədlərindən və cavabdehin təqdim etdiyi etirazla bağlı “mülahizələrində” müəyyən edilir ki, iddiaçının atası Rusiya Federasiyasında yaşayır, çünki onun tərəfindən həmin ölkədən mütəmadi olaraq cavabdehə pul göndərilirdi. Məhkəmə iclasında da müəyyən olunmuşdur ki, iddiaçının atası hal-hazırda da Rusiyada yaşayır. Belə olan halda, onun şahid kimi iddiaçıya məxsus qızıl-zinət əşyalarının cavabdehin anasının evində saxlanılmasını təsdiq etməsi inandırıcı deyil. Həmçinin iddiaçı ona məxsus “Toshiba” markalı noutbuk və “LG” markalı televizorun cavabdehin qanunsuz sahibliyində olması ilə bağlı da hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
23. İddiaçı (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətn aməsinin ləğv edilməsini, iddianın tam təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
24. İddiaçı kassasiya şikayətini belə əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh nikaha daxil olduqdan sonra ilk ayları cavabdehin valideynlərinin yanında qalsalar da, sonradan iddiaçının valideyninə məxsus evdə yaşamışlar. Lakin toy mərasimində iddiaçıya cavabdeh tərəfindən hədiyyə olunan qızıl-zinət əşyaları və iddiaçının cehiz əşyaları cavabdehin yaşadığı evdə qalmışdır. Belə ki, cavabdeh iddiaçıdan tərəfindən qızıl-zinət əşyalarının itirilməməsi, eyni zamanda iddiaçının valideynlərinə məxsus evdə yaşasalar da, evdə az olduqlarından, iddiaçının xəstə övladını hər gün həkimlərə, terapiyalara aparması, cavabdehin işdə olması səbəbi ilə qızıl-zinət əşyalarının oğurlanmaması bəhanəsi ilə əşyaları iddiaçıdan götürülərək onun valideynlərinə məxsus evdə saxlanılmasını istəmişdir. Cavabdeh qeyd edilən halı təkzib edən hər hansı bir əsası apellyasiya instansiyası məhkəməsində gətirməmişdir və bu xüsusat apellyasiya instansiyası məhkəməsi tərəfindən nəzərə alınmamışdır.
25. Həmçinin şikayətinin əsası kimi qeyd etmişdir ki, qızıl-zinət əşyalarının “adətən qadında olması” faktının mənbəyi qətnamədə izah olunmamışdır. Məhkəmə qanunvericiliklə nəzərdə tutulmuş sübut növlərindən olan şahid ifadələrinə də fərziyyə ilə münasibət bildirmiş, şahidlərin tərəflərdən ayrı yaşadıqlarını, iddiaçının xaricdə yaşaması əsasını gətirərək tərəflərin yaşadıqlarını birbaşa izləmələrinin mümkün olmamasına istinad etmişdir. Halbuki, həmin şahidlər iddiaçının əmiləri və atasıdır ki, eyni toy mərasimlər ində iştirak ediblər və iddiaçının hər dəfə qızıl əşyalarını cavabdehin valideynlərinin evindən götürüb toy və digər mərasimlərə taxmasının şahidi olublar. Yəni, məhkəmə qızıl-zinət əşyalarının adətən qadında olması adətini şahid ifadələrindən üstün tutaraq həmin əşyaların cavabdehdə olmaması nəticəsinə gəlmişdir. Belə ki, məhkəmə adətlərə, fərziyyələrə deyil, iş materiallarında olan sübutlara əsaslanmaqla qətnamə qəbul etməli idi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayətinə qarşı Cavabdeh tərəfindən etiraz daxil olmuşdur. Cavabdeh etirazında apellyasiya şikayəti ilə eyni əsaslardan çıxış etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
27. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
28. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi
29. Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə 407.2. Kassasiya şikayətində işin hal larının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
34. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
35. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
36. Apellyasiya instansiyası məhkəməsinin aktı iddiaçının şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
38. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, iddiaçı qızıl zinət əşyalarının onda olmaması barədə nə birinci, nə də apelyasiya instansiyası məhkəməsinə heç bir sübut təqdim etməmişdir.
39. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbay can Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri).
40. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
41. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçıların birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
42. Azərbaycan Respublikasının MPM-in 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiy mətləndirilməlidir.
43. Sadalanan hüquq normalarına görə birgə nikah dövründə hədiyyə kimi əldə olunmuş əmlakları və cehiz əmlakları digər şəxsdən məhkəmə qaydasında tələb edən şəxs həmin əmlakların mövcudluğunu və göstərilən dəyərdə olduğunu, əşyaların onun mülkiyyətində olduğunu və hazırda özgəsinin qanunsuz sahibliyində qaldığını sübuta yetirməlidir. Yalnız mübahisəli əşyaların mövcudluğunun, iddiaçıya məxsusluğunun və müvafiq dəyərdə olduğunun sübuta yetirilməsi, yaxud cavabdeh tərəfindən mübahisələndirilməməsi belə iddiaların təmin olunması üçün birmənalı əsas deyildir.
44. Bu baxımdan oxşar işlər üzrə birgə yaşadıqları evdən gedərkən mübahisəli əşyaları özü ilə aparmadığını və əşyaların cavabdehdə qaldığını sübut etmə yükü də iddiaçının üzərinə düşür. Baxılan işin hallarından asılı o laraq məhkəmə iddiaçının evdən getmə şəraitini nəzərə almaqla, tələb olunan əşyaların cavabdeh tərəfdə qaldığı barədə qənaətə gələ, yaxud əşyaların aparıldığını sübut etmək yükünü cavabdeh tərəfin üzərinə qoya bilər. Lakin bunun üçün iddiaçı ilk növbədə həqiqətən də birgə yaşadıqları evi mübahisəli əmlakları özü ilə aparmaq imkanı olmadan tərk etdiyini sübuta yetirməli, yaxud cavabdeh tərəf bu halı mübahisələndirməməildir. Qeyd olunan hallarla bağlı işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi qəbul oluna bilər ki, həmin izahatlar işdə olan digər sübutlarla təsdiqlənmiş olsun.
45. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiy ası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
46. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdi rilmədən saxlanılmalıdır.
47. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-423/2023 nömrəli mülki iş üzrə 08 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.