Məhkəmə qərarları › İş №2(102)-3232/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3232/2021

19.08.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3232/2021 19.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 və X qarşı iş üzrə QƏRARİ Açar sözlər: mirasın qəbul edilməsi müddətinin üzürsüz ötürülməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, İddiaçı və vəkili Vəkil2, Cavabdeh1 və vəkili X8 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-384/2021 nömrəli iş üzrə 25 yanvar 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 1 9 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarından görünür ki, X ünvanında yerləşən, ümumi sahəsi 109,7 kv.m olan fərdi yaşayış evi paylı mülkiyyət hüququ ilə ¾ hissədə X3, ¼ hissədə isə X məxsusdur.

2. Həmçinin iş materiallarından görünür ki, X4 04 mart 2018-ci il tarixdə vəfat etmişdir.

3. Bundan başqa iş materialları ilə müəyyən edilir ki, 29 mart 2011-ci il tarixli vəsiyyətnamə ilə X4 bütün əmlakını adları həmin vəsiyyətnamədə göstərilən uşaqlarına vəsiyyət edib və oğlu X bütün əmlakdakı paydan məhrum etmişdir. Bundan sonra 28 fevral 2018-ci il tarixli vəsiyyətnamə ilə X5 bütün əmlakını ölümündən sonra qızı İddiaçı vəsiyyət etmişdir.

4. Bununla yanaşı iş materialları ilə müəyyən edilir ki, X2 04 mart 2018-ci il tarixdə ölümündən sonra ondan miras qalan yeganə əmlak olan mübahisəli evdə yalnız cavabdeh faktiki olaraq yaşamış və mirası faktiki olaraq qəbul etmişdir.

5. Eyni zamanda iş materiallarından görünür ki, X 22 may 2018-ci il tarixdə, İddiaçı isə 05.03.2019-cu il tarixdə miras əmlakın qəbulu və vərəsəlik şəhadətnaməsinin verilməsi barədə ərizə ilə müraciət etmişlər.

6. Həmçinin iş materialları ilə müəyyən olunur ki, İddiaçı qardaşı Cavabdeh1lə aralarında miras əmlakla bağlı mübahisə olduğundan vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilməsini xahiş etmişdir. Bu əsasla X 29 mart 2019-cu il tarixli qərarı ilə notariat hərəkətinin aparılmasından imtina edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsin də icraat

7. İddiaçı cavabdehlər Cavabdeh1 və X qarşı vərəsəlik hüququnun tanınması, mirasdan pay hüququnun müəyyən edilməsi və vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi tələblərinə dair iddia ilə məhkəməyə müraciət edərək, mərhum anası X1 miras qalmış X ünvanında yerləşən, ümumi sahəsi 109,7 kv.m olan fərdi yaşayış evinin üzərində vərəsəlik hüququnun tanınması, mirasdan onun 13/14 hissə ilə pay hüququnun müəyyən edilməsi və bu barədə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Sonradan İddiaçı iddianın həcminin artırılması barədə məhkəməyə ərizə ilə müraciət edərək mirasın qəbulu müddətini üzürlü hesab edilərək 05 mart 2019-cu il tarixədək uzadılmış hesab edilməsi, mərhum anası X1 miras qalmış X ünvanında yerləşən, ümumi sahəs i 109,7 kv.m olan fərdi yaşayış evinin üzərində vərəsəlik hüququnun tanınması, mirasdan onun 13/14 hissə ilə pay hüququnun müəyyən edilməsi və bu barədə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X ünvanında yerləşən, ümumi sahəsi 109,7 kv.m olan fərdi yaşayış evi paylı mülkiyyət hüququ ilə ¾ hissədə mərhum X3, ¼ hissədə isə Cavabdeh1 məxsusdur. 04.03.2018-ci il tarixdə vəfat etmiş X4 ölümündən bir müddət öncə vəsiyyətnamə tərtib edərək ölən günədək bütün əmlakını İddiaçı vəsiyyət etmişdir. İddiaçı ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün X müraciət etmiş, vərəsələr arasında mübahisə olduğu əsas gətirilərək ərizənin təmin olunmasından imtina edilmişdir. Həmçinin bildir mişdir ki, üzrlü səbəbdən müddəti ötürmüşdür. Belə ki, anası rəhmətə getdikdən sonra o, dərin psixoloji stress keçirmiş, yaranan gərgin stress səbəbindən dolayı mütəmadi olaraq həkim nəzarətində saxlanılmışdır. Digər tərəfdən, yas mərasiminin keçirilməsi ilə əlaqədar olaraq yaranan qarışıqlıq səbəbindən müvafiq prosessual addımları atmaq mümkün olmamışdır.

10. Abşeron Rayon Məhkəməsinin 14 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim C.İ.Səfiyeva) İddiaçı X ünvanında yerləşən, ümumi sahəsi 109,7 kv.m olan fərdi yaşayış evinin üzərində vərəsəlik hüququnun tanınması, mirasdan onun 13/14 hissə ilə pay hüququnun müəyyən edilməsi və bu barədə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə tələbinin təmin edilməməsi qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnam əni onunla əsaslandırmışdır ki, iddiaçı miras əmlakı faktiki qəbul etməmiş və qanunla müəyyən edilən müddətdə mirasın qəbul edilməsi müddətini ötürməklə Notariat kontoruna müraciət etmişdir.

12. İddia tələbinin mirasın qəbulu müddətininin ötürülməsinin üzürlü hesab edilərək 05 mart 2019-cu il tarixədək uzadılmış hesab edilməsi hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, üzürlü səbəb məsələsi hər bir konkret halda məqamlar nəzərə alınmaqla fərdi qaydada həll edilir. Konkret halda, tərəflərin izahatlarından müəyyən edilir ki, iddiaçı ali təhsilli şəxsdir, işləyir, onun miras açılan vaxtdan mirasın qəbulu üçün müraciət etmək imkanını məhdudlaşdıran hər hansı hal məhkəmə baxışında müəyyən edilməmişdir. Qaldı ki, mirasqoyanın vəfatı ilə bağlı iddiaçının dərin psixoloji sarsıntı keçirməsi və daim həkim nəzarətində olması barədə dəlilinə bu barədə iddiaçı tərəfindən məhkəməyə hər hansı sənəd təqdim edilməmişdir, onun izahatı isə formal mülahizələrdən ibarətdir.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1248-ci, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir.

15. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-384/2021 nömrəli iş üzrə 25 yanvar 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – G.Tağızadə (sədrlik edən və məruzəçi), L.Məmmədova və T.Quliyev) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin iş üzrə 14 sentyabr 2020-ci il tarixli 2(012)-1764/2020 saylı qətnam əsi dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçı mirası nə qanunla müəyyən edilmiş müddətdə, nə də faktiki sahiblik etməklə qəbul etmədiyindən, habelə mirası qəbul etmə müddəti üzürsüz səbəbdən ötürüldüyündən iddia tələbinin əsassız və təmin edilə bilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

17. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

18. Kassasiya şikayət i onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Cavabdeh Cavabdeh1 kassasiya şikayətinə qarşı yazılı etiraz verərək kassasiya şikayətinin təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

20. İddiaçı və vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər.

21. Cavabdeh1 və vəkili izahat verərək kassasiya şikayətini n təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

22. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə üçüncü şəxslər və cavabdeh X hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə üçüncü şəxslərin və cavabdeh X iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri

23. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

24. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

25. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

26. Hazırkı kassasiya şikayətində iş üzrə iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə

27. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. (maddə 1133.1)

28. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. (maddə 1133.2)

29. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. (maddə 1151.1)

30. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. (maddə1243.1)

31. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. (maddə 1243.2)

32. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul ed ə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. (maddə 1246)

33. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. (maddə 1248.1) Mülki Prossesual Məcəllə

34. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)

35. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)

36. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)

37. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəl diyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)

38. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)

39. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfi ndən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

41. Belə ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

42. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

43. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-384/2021 nömrəli iş üzrə 25 yanvar 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar